Məhkəmə qərarları › İş №2(103)-1744/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1744/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1744/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 dekabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehdən 5.300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 73 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh 2021-ci ilin iyul ayının əvvəlində iddiaçıya müraciət edərək, iddiaçıdan 4.000 - 4.500 manat məbləğində borc istəmişdir. İddiaçı cavabdehə bildirmişdir ki, borc verməyə maddi imkanı yoxdur. Onda cavabdeh xahiş etmişdir ki, iddiaçı bankdan öz adına kredit götürüb ona versin, o isə krediti və hesablanacaq faizləri özü banka ödəyəcək. Cavabdeh bunu onunla izah etmişdir ki, banklarda “qara siyahıda” olduğu üçün banklardan kredit götürə bilmir. İddiaçı, cavabdehə inanaraq xx.xx.2021-ci il tarixdə cavabdehlə birlikdə "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən ofisinə gedərək, Bank ilə “Kredit müqaviləsi” bağlamış, öz adına Bankdan 4.500 manat məbləğində kredit götürərək, cavabdehə vermişdir. 2024-cü ilin yanvar ayının sonralarında Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə dəvət olunmuş iddiaçı bilmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əməl etməmiş, “kredit müqaviləsi” üzrə Banka heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, Bank, ümumilikdə 5.253,27 manat məbləğində borcun iddiaçıdan tutulması barədə notariat orqanından “icra qeydi” almış və icra qeydi icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmiş, borcun tutulması iddiaçının təqaüdünə yönəldilmişdir. Təxminən iki aydan sonra iddiaçı cavabdehi tapa bilmiş və yaranmış vəziyyətlə bağlı cavabdehə məlumat vermiş, öz iradlarını bildirərək, Banka olan borcun ödənilməsini tələb etmişdir. Cavabdeh vədlər verərək yaranmış 5.300 manat məbləğində borcu 5 ay müddətinə tam ödəyəcəyini bildirmiş və bununla bağlı iltizam yazaraq iddiaçıya vermişdir. Buna baxmayaraq cavabdeh vədinə əməl etməmiş, Banka olan borcu ödəməmişdir. Vəziyyətinin bu yerdə olmasını görmüş iddiaçı 2024-cü ilin aprel ayında şikayət ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət etmişdir. 22-ci PB-si tərəfindən aparılmış araşdırma zamanı cavabdehin izahatı alınmışdır. Cavabdeh izahatında etiraf etmişdir ki, iddiaçının dedikləri düzdür və o, evini sataraq borcunu ödəyəcək. Aparılmış araşdırmanın nəticəsində 22-ci PB-si tərəfindən xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya izah edilmişdir ki, onunla cavabdeh arasında yaranmış mübahisə mülki xarakterlidir və o, pulun tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 4.500 manat məbləğində borcun və 65 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, xx.xx.2024-cü il tarixdə polis orqanına yazmış olduğu ərizədə qeyd etmişdir ki, Bankdan götürdüyü 4.500 manat məbləğində pulu cavabdehə vermişdir. Buna görə də iddia qismən təmin olunmalı və cavabdehdən 5.300 manat deyil 4.500 manat tutularaq iddiaçıya ödənilməlidir. Bankdan götürülmüş 4.500 manat kredit məbləğinə hesablanmış faiz və cərimə məbləğləri nəticəsində hazırda Banka olan borc məbləğinin 800 manat artaraq, 5.300 manat olmasına iddiaçı özü məsuliyyət daşıyır. c) apellyasiya şikayəti barədə məlumat

5. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,50 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməmiş, iddia tam əsaslı olduğu halda maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışının hədləri barədə məlumat

7. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

8. İddiaçı isə qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, 4.500 manat məbləğində pulu cavabdehdən onun xeyrinə tutulması hissədə qətnaməni mübahisələndirmir. O, qətnamənin “iddianın qalan hissəsinin təmin edilməməsi barədə” hissəsini mübahisələndirir.

9. Bunları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələblərini nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki qeyd edilən prosessual normanın mənasına görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

10. İddiaçı apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

11. Apellyasiya baxışında iştirak edən cavabdeh şikayətə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, əgər ona 5-6 ay vaxt verilərsə o, iddiaçıya olan borcu tam ödəyə bilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

13. Belə ki, iş üzrə tərəflərin Məhkəməyə verdikləri izahatlardan məlum olur və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçının tanışı olan cavabdeh 2021-ci ilin iyul ayının əvvəlində iddiaçıya müraciət edərək, iddiaçıdan 4.000 - 4.500 manat məbləğində borc istəmişdir. İddiaçı, borc verməyə maddi imkanın olmadığını cavabdehə bildirdikdə, cavabdeh iddiaçıdan xahiş etmişdir ki, iddiaçı bankdan öz adına kredit götürüb ona versin, o isə krediti və hesablanacaq faizləri özü banka ödəyəcək. Cavabdeh iddiaçıya bunu onunla izah etmişdir ki, banklarda “qara siyahıda” olduğu üçün banklardan kredit götürə bilmir. İddiaçı, cavabdehə inanaraq xx.xx.2021-ci il tarixdə cavabdehlə birlikdə "xxxx" ASC-nin baş ofisinə gedərək, Bank ilə “Kredit müqaviləsi” bağlamış, öz adına Bankdan 4.500 manat məbləğində kredit götürərək, cavabdehə vermişdir. Buna baxmayaraq cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əməl etməmiş, “kredit müqaviləsi” üzrə Banka heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, Bank, ümumilikdə 5.253,27 manat məbləğində borcun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri 36 saylı Notariat Ofisindən “icra qeydi” almış və icra qeydi icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmiş, borcun tutulması iddiaçının təqaüdünə yönəldilmişdir.

14. Bakı Şəhəri 36 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş və icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmiş “icra qeydindən” görünür ki, kreditor olan "xxxx" ASC-yə münasibətdə borclu olan iddiaçıdan “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən kredit borcu olaraq 5.253,27 manat və dövlət rüsumu olaraq 25 manat məbləğində pul tutularaq "xxxx" ASCyə ödənilməlidir.

15. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, “icra qeydinin” icrası İcra Şöbəsi tərəfindən iddiaçının təqaüdünə yönəldilmişir. 2024-cü ilin mart ayında iddiaçı cavabdeh ilə görüşmüş və cavabdeh iltizam yazaraq bildirmişdir ki, yaranmış 5.300 manat məbləğində borcu 5 ay müddətinə tam ödəyəcək.

16. Sadə yazılı formada tərtib edilmiş xx.xx.2024-cü il tarixli iltizam apellyasiya baxışı zamanı cavabdehə təqdim edilmiş və o etiraf etmişdir ki, həmin iltizamı yazaraq iddiaçıya vermişdir.

17. Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, aparılmış araşdırma zamanı izahatı alınmış cavabdeh bildirmişdir ki, iddiaçı, "xxxx" ASC-dən kreditə aldığı 4.500 manat məbləğində pulu ona vermişdir. Razılığı görə Banka olan borcu və faizləri iddiaçı deyil, o özü Banka ödəməli idi. Lakin Banka olan borcu ödəyə bilməmişdir. O, evini sataraq borcunu ödəyəcək.

18. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi iş üzrə yuxarıda qeyd edilən nəticəyə gəlmiş, iş üzrə iddiaçı isə həmin nəticə ilə razılaşmayaraq Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən yuxarıda qeyd edilən məzmunda apellyasiya şikayəti vermişdir.

19. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığını apellyasiya baxışının predmeti olan hissədə və həmin qətnamənin həmin hissəsindən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (maddə 14.1.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.).

20. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ondan yardım istəməsi və onu inandırması səbəbindən "xxxx" ASC-dən 4.500 manat kredit götürərək cavabdehə vermişdir. Nəticədə bank qarşısında kredit öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən verilmiş vədin yerinə yetirilməməsi səbəbindən bankın müraciəti əsasında 36 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə icra qeydi verilmişdir. Həmin icra qeydi əsasında Nəsimi Rayon İcra Şöbəsi tərəfindən icraat başlanmış və icra sənədi üzrə borclu sayılan iddiaçıdan 25 manat məbləğində dövlət rüsumu olmaqla, 5.253,27 manat pulun ödənilməsi tələb edilmişdir.

21. Göründüyü kimi cavabdeh iddiaçının kredit öhdəliyi yükünü öz üzərinə götürməsinin təşəbbüskarı cavabdeh olmuş və özünü həmin kredit öhdəliyinin icra edilməsinin təminatçısı kimi təqdim edərək iddiaçını buna inandırmışdır. Cavabdehə verdiyi təminatı icra etməyəcəyi nəticəsində belə bir tələblə qarşılaşacağı əvvəlcədən məlum olmuşdur. cavabdeh verdiyi xx.xx.2024-cü il tarixli iltizamla da bu məsuliyyətini dərk edərək iddiaçıya olan 5.300 manat borcu 5 ay müddətinə qaytaracağını bildirmişdir.

22. Odur ki, iddiaçı iddia tələbinin tam təmin edilməsini tələb etməkdə haqlıdır. İddianın bir qisminin rədd edilməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi qənaət cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçının haqsız yerə xərc çəkməsinə səbəb olacaqdır. Qeyd edilənlər nəzərə alınaraq iddiaçının icra qeydinin icrası ilə əlaqədar çəkməli olduğu xərc ona dəymiş zərərin əvəzi olaraq cavabdehdən tutulmalıdır.

23. Belə olan halda Məhkəmə hesab edir ki, iddianın rədd edilməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə əsassız, apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. İddia tələbinin tam əsaslı olması qənaətinə gəlmiş Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi də cavabdehdən tam tutularaq iddiaçıya ödənilməlidir. g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbinin həmin hissəsi də təmin edilməlidir.

25. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

26. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumunun əvəzi MPM-in 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə həmçinin bildirir ki, apellyasiya baxışının predmeti olan hissədə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

28. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 dekabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi tam təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əlavə olaraq 800 (səkkiz yüz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi əlavə olaraq 8 (səkkiz) manat məbləğində pul tutulsun. Müəyyən edilsin ki, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 dekabr 2024-cü il tarixli qətnamənin qalan hissəsi, yəni Cavabdeh 4.500 (dörd min beş yüz manat) manat məbləğində borc və 65 (altmış beş) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Müəyyən edilsin ki, Cavabdeh İddiaçı xeyrinə ümumilikdə tutulmalı olan məbləğ 5.300 (beş min üç yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 73 (yetmiş üç) manat təşkil edir. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar