Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1746/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin (ləğvedicisinin) nümayəndəsi X5, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi və mənzilin boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, Cavabdeh1 11 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 180 000 manat əsas, 58 661 manat faiz, 300 manat cərimə borcu olmaqla cəmi 238 961 manatın tutularaq İddiaçı ASC-nə ödənilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 125 saylı mənzilə tutma yönəldilməsi, mənzilin ilkin satış qiyməti 135 000 manat müəyyənləşdirilməkə açıq hərracdan satılması, mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin ən geci 1 ay ərzində boşaldılması, dövlət rüsumunun 29,50 manat hissəsinin Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada tutulub banka ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin işi tam araşdırmadığı, borcunun məbləğinin şişirdilmiş olduğuna və ödənişlərinin nəzərə alınmadığına əhəmiyyət vermədiyi, həmin məsələni aydınlaşdırmaq üçün ekspertiza təyin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 şikayətini müdafiə etməklə yanaşı, həyat yoldaşının ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırdığnı bildirməklə işin icraatının dayandırılmasını xahiş etmiş, iddiaçı bankın nümayəndəsi isə həm vəsatətin, həm də şikayətin əsassız olduğunu bildirmişdir. İşə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsin mübahisələndirdiyi həcmdə yoxlanılması təşkil edir. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, yuxarıda qeyd olunduğu kimi o, qətnaməni faktiki olaraq “11 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 180 000 manat əsas, 58 661 manat faiz, 300 manat cərimə borcu olmaqla cəmi 238 961 manatın ondan tutularaq İddiaçı ASC-nə ödənilməsi” hissəsində mübahisələndirmişdir və şikayətin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən iddia tələbinin təmin olunmayan hissəsi də hazırkı apellyasiya baxışında yoxlanılmır. Başqa sözlə qətnamənin, “Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 125 saylı mənzilə tutma yönəldilməsi, mənzilin ilkin satış qiyməti 135 000 manat müəyyənləşdirilməkə açıq hərracdan satılması, mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin ən geci 1 ay ərzində boşaldılması, dövlət rüsumunun 29,50 manat hissəsinin Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada tutulub banka ödənilməsi” ilə bağlı hissələri hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, bankla Cavabdeh1 arasında 11 may 2007-ci il tarixdə kredit müqaviləsi bağlanaraq Cavabdeh1 5 il müddətinə geri qaytarması şərtilə illik 7 faizlə 200 000 manat kredit verilmiş, Cavabdeh1 bu müqavilədən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bankla onun arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanaraq Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 125 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 müvafıq xəbərdarlıqlara baxmayaraq kredit ödənişlərini gecikdirmiş və bu səbəblə onun iddiaçı banka 180 000 manat əsas, 58 661 manat faiz, 3000 manat cərimə borcunun yarandığı hesablanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorun əsas və faiz borcunun düzgün hesablanmamış olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə isə iddiaçı bankın tələb etdiyi məbləğlərin düzgün hesablandığı müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya həmçinin hesab edir ki, işə baxan məhkəmə Cavabdeh1 tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 300 manat müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən kollegiyanın qənaətinə görə Cavabdeh1 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2019 saylı iş üzrə 20 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 11 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 180 000 manat əsas, 58 661 manat faiz, 300 manat cərimə borcu olmaqla cəmi 238 961 manatın tutularaq İddiaçı ASCnə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X3, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1746/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1746/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver