Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1747/2023 03.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Anar Ağayevin və Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 8.783,88 manat, faiz borcu kimi 2.250,03 manat, cəmi 11.033,91 manat tutulsun və tutma ipoteka predmeti olan, cavabdehə məxsus “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin məbləğdə borc tutulsun və tutma ipoteka predmeti olan avtomobilə yönəldilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia müddəti tətbiq edilməklə iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, birinci instansiya məhkəməsində işə baxılarkən ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməyib. Belə ki, iddia ərizəsində göstərilən ünvanda yaşamır, həmin mənzil satılıb, daimi yaşayış yeri yoxdur, müxtəlif ünvanlarda müvəqqəti yaşayır. 2015-ci ilədək kredit ödənişlərini yerinə yetirib, lakin sonradan maddi vəziyyətinə görə ödəniş edə bilməyib. Ona görə xx.xx.2015-ci ildə avtomobili bankın adını bilmədiyi əməkdaşının razılığı ilə X1, həmin tarixdə bu barədə etibarnamə verib. Bankın əməkdaşı isə ona deyib ki, bununla da onun banka olan borcu bağlanır. 2015-ci ildən sonra heç bir ödəniş etməyib, o cümlədən ötən müddətdə bank ondan ödəniş tələb etməyib. Hesab edir ki, iddia müddəti keçdiyinə görə iddia rədd olunmalıdır. İddiaçı izahatında istinad etdiyi etibarnamənin surətini apellyasiya şikayətinə əlavə edib, habelə apellyasiya icraatı zamanı keçirilən iclasda məhkəməyə təqdim edib. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Anar Ağayev apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. "xxxx" ASC (kredit verən) ilə cavabdehin (kredit alanın) arasında bağlanmış xx.xx.2012-ci il tarixli 133 nömrəli kredit müqaviləsinə əsasən 14.365 manat kredit verilib. Kredit 5 il müddətinə, yəni xx.xx.2017-ci ilədək verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 17 faiz müəyyən edilib. Kreditin qaytarılmasının təminatı kimi həmin bank ilə cavabdehin arasında eyni tarixli və eyni nömrəli ipoteka müqaviləsi bağlanıb, cavabdehə məxsus “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilib. Daha sonra tələb hüququ İddiaçı QSC-yə güzəşt edilib. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitdiyinə görə 3 illik iddia müddətinin axımı həmin tarixdən başlayıb və xx.xx.2020-cu ildə başa çatıb. İddia müddəti ərzində iddia müddətinin axımının kəsilməsi baş verməyib. İddia ərizəsi xx.xx.2022-ci ildə, yəni iddia müddəti bitdikdən 1 il 10 ay sonra verilib. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin tətbiqini xahiş edib. O, birinci instansiya məhkəməsində keçirilən iclasın vaxtı və yeri barədə xəbərdar edilmədiyinə görə iddia müddətinin tətbiqini apellyasiya icraatı zamanı tələb edib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, qətnamənin ləğv edilməli və iddia müddəti keçdiyinə görə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellysiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiası təmin edilməsin. Mühasibat ekspertizasının xərci olan 145 (yüz qırx beş) manat İddiaçı QSC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1747/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1747/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver