Məhkəmə qərarları › İş №2(103)-1748/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1748/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1748/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5027/2021 saylı, 05 oktyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı açıq səhmdar cəmiyyəti pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehdən xeyrinə 8114.67 manat əsas borcun, 66.76 manat faiz borcunun, cəmi 8181.43 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5027/2021 saylı, 05 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ekspertiza təyin etmədən, borc məbləğini dəqiqləşdirmədən kor-koranə qeyd edilən qətnaməni çıxarmışdır. Belə ki, 13.000 manatdan artıq ödəniş etməyinə baxmayaraq borc hələ də azalmamış, 8181 manat da borcu qalmışdır. Halbuki götürdüyü məbləğ elə 7800 manat (10 000 ABŞ dolları) təşkil etdiyinə, 13.000 manatdan artıq ödəniş etməyinə baxmayaraq borcdan ümumiyyətlə silinməmişdir. Hesab edir ki, ekspertiza təyin edilməli, ekspert borcu hesabladıqdan sonra ona uyğun olaraq qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 01.11.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana restruktrizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə, 8115.17 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Buna görə də cavabdehdən 8114.67 manat əsas və 66.76 manat faiz borcu pul tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir. Eyni zamanda, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər nə qədər məhkəmə iclasında izahat verən cavabdeh iddianı qəbul etmədiyini bildirsə də o, qəbul etmişdir ki, 2019-cu il tarixli müqavilə üzrə heç bir ödəniş etməmişdir. Elə verilən kreditin məbləği (8115.17 manat) və ödənilməmiş borc məbləği (8114.67 manat) müqayisə edildikdə də görünür ki, həqiqətən müvafiq müqavilə üzrə borcalan tərəfindən demək olar ki, heç bir ödəniş edilməmişdir. Cavabdehin izahatında bildirdiyi “ayda 6-7 manat ödəyəcəyi deyilərək aldadılması”na münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, verilmiş kreditin ödənilməsi üçün 1 il güzəşt müddəti təyin edilmiş, bu müddət ərzində ödənişlərin 6-8 manat aralığında, bundan sonrakı 4 il müddətində isə 172.54 manat məbləğində ödənilməsi müəyyən edilmiş, müvafiq ödəniş qrafiki iş üzrə cavabdehin imzası ilə təsdiq edilmişdir. Cavabdeh isə müqavilə üzrə özünün də qəbul etdiyi kimi heç bir ödəniş etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin iddia tələbi ilə razılaşmamasına baxmayaraq, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini zəruri hesab etməmişdir. Çünki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə heç bir ödəniş edilməmişdirsə və bunu cavabdeh də qəbul edirsə, ödənilməmiş borcun hesablanması üçün ekspert rəyinə ehtiyac yoxdur. Bu baxımdan məhkəmə iddia tələbini əsaslı hesab edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mənzilə dair hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin bu hissədə də iddianı təmin etməklə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdehin şikayətində göstərdikləri dəlillərin hazırki iddianın faktiki əsasını təşkil edən kredit müqaviləsinə heç bir aidiyyəti yoxdur. Çünki, qeyd etdiyi ödənişlər hazırki iddia üzrə tələb edilən borcla yaxud kredit müqaviləsi ilə bağlı olmamışdır. Cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hallara, eləcə də apellyasiya şikayətində göstərdiklərinə dair heç bir sübut təqdim etməmişdir. Göstərdiyi bu halları sübut etmək yükü isə onun üzərinə düşür. İkincisi, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşlar. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil edir, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır.... Üçüncüsü, ekspertiza keçirilməli olması barədə dəlillər də əsassızdır. Çünki, bu barədə, yəni öhdəliklərini vaxtında və düzgün yerinə yetirməsinə dair heç bir sübut təqdim edilməmişdir. Buna görə də borcun düzgün olmadığını yalnız şikayət xatirinə səsləndirmək əsaslı ola və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə əsas ola bilməz. Başqa sözlə buna zərurət və əsas olması da işdən görünmür. Çünki, iddia tələbində göstərilən borcun məbləği işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsinə də əsas mövcud deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5027/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar