Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-175/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin (hazırki “xxxx” ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qəbul etdiyi 2(008)-2803/2019 saylı 10 iyul 2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 16 iyun 2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı 3-cü şəxs “xxxx” şirkəti cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12557.98 manat əsas borcun, 2734.14 manat məbləğində cərimə borcunun, 20 manat dövlət rüsumunun, cəmi 15312.12 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 27.05.2019-cu il tarixədək qüvvədə olan 185-LD/16 saylı 27.05.2016-cı il tarixli müqaviləyə əsasən damazlıq heyvanlar üzrə borc məbləği yaranmışdır. Həmin borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh tərəf iddianı qismən qəbul edərək ona istinad etmişdi ki, lizinqə verilmiş damazlıq heyvanların xəstədik nəticəsində tələf olması ilə bağlı ona sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunmuşdur ki, ona maddi ziyanın vurulmasına səbəb olmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2803/2019 saylı 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 12557.98 manat əsas borc, 200 manat məbləğində cərimə borcu, 20 manat dövlət rüsumu olmaqla, cəmi 12777.98 manat məbləğində pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 185- LD/16 saylı 27.05.2016-cı il tarixli müqaviləyə əsasən o, güzəştli şatış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərtilə dəyəri 47363.80 manat olan 30 baş damazlıq heyvanları icarəyə götürmüşdür. damazlıq heyvanların dəyərindən 23681.93 manat məbləğində ilkin ödəniş etmişdir. O, müqavilə üzrə 28.06.2018-ci il tarixədək 15071 manat ödəməli olduğu halda, cəmi 2513 manat məbləğində vəsait ödəmişdir. Müqavilə üzrə 28.06.2018-ci il tarixə olan borc 12557.98 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 2734.14 manat olmuşdur. Məhkəmə qətnaməsini əsaslandırarkən iş materiallarına istinad etməklə kifayətlənmişdir. Halbuki məhkəmə nəzərə almamışdır ki, hazırki borc iddiaçının hərəkətsizliyi nəticəsində yaranmış və lizinq alan lizinqə aldığı malın tələf olması səbəbindən ondan fayda götürmək imkanını itirmişdir. Lizinqə verilmiş bütün mallar sığortalı olmuş və sığorta müqaviləsinə əsasən faydalanan şəxs iş üzrə iddiaçı olmuşdur. Həmin müqavilənin şərtlərinə əsasən damazlıq heyvan tələf olduqda heyvanın dəyəri lizinq verənə ödənilməlidir. Məhkəmə qətnaməsi 3-cü şəxs “xxxx” şirkətinin nümayəndəsi tərəfindən verilmiş formal izahatlara uyğun əsaslandırılmış, yaranmış borcun faktiki səbəbləri araşdırılmadan düzgün olmayan qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən iş tam araşdırılmadan düzgün olmayan qənaətə gəlinərək maddi hüquq normaları düzgün tətbiq edilməmiş və düzgün olmayan qətnamə qəbul edilmişdir. Hazırki işə apellyasiya qaydasında son olaraq baxılması 16.06.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh və 3-cü şəxs “Günay Sığorta” ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə bildirişi digər cavabdeh X5 iş materiallarında olan ünvanına göndərilsə də, poçt zərfinin üzərindəki qeydə əsasən “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmışdır. İşdə iştirak edən iddiaçının nümayəndəsi hazırki işə cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehlər Cavabdeh, X5 və 3-cü şəxs “Günay Sığorta” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X7 apellyasıya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. 06.11.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Sabir Süleymanov apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə mübahisələndirilməmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 185-LD/16 saylı 27 may 2016-cı il tarixli müqaviləyə əsasən lizinq verən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən sonra və mavafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərtilə 3 il müddətinə lizinqə verir. Heyvanların 50%-li güzəştdən sonrakı manatla qiyməti 47363.8 manat müəyyən edilmişdir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərinin 23681.93 manat məbləğini əvvəlcədən Lizinqverənə ödəyir, qalan 23681.87 manat məbləği isə 2019-ci il tarixə kimi müəyyən edilmiş qrafik üzrə ödəməyi öhdəsinə götürür. İşdə olan Dövlət Baytarlıq Xidmətinin 01.05.2016-cı il tarixli aktından görünür ki, iddiaçı tərəfindən Avstriya Respublikasından satın alınıb gətirilən 30 baş xxxx cinsli damazlıq iri buynuqlu heyvanlar Abşeron rayonu, Mehdiabad qəsbəsi, ərazisində fəaliyyət göstərən Cavabdeh məxsus fermer təsərrüfatına təhvil verilmişdir. Karantin müddəti və heyvanların lizinqə verilməsi ilə bağlı sənədləşmə dövrü ərzində onların zoobaytar normaları tələblərinə uyğun qulluq edilməsini və heyvanların sağ-salamat saxlanılmasını sahibkar Cavabdeh öz üzərinə götürmüşdür. Həmin aktın tərtib edilməsində Fermer təsərrüfatının müdiri Cavabdeh iştirak etmişdir. İddiaçı ASC-nin 21.06.2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, cavabdehin lizinqə götürdüyü AT251802628, AT131495128, AT**********, AT069030628 və AT366358328 birka nömrəli 5 baş heyvanın tələf olmasına görə Sığorta Şirkəti tərəfindən 4850.86 manat məbləğində sığorta vəsaiti ödənilmiş, həmin vəsait cavabdehin lizinq borcuna yönəldilmişdir. AT635550728 birka nömrəli 1 baş heyvanın tələf olması barədə lizinq alan tərəfindən iddiaçı ASC-yə şifahi məlumat verildikdən sonra Cəmiyyət 3273.85 manat sığorta məbləğinin ödənilməsi üçün “xxxx“xxxx“xxxx“ ASC-nin ləğv olunması səbəbindən iddiaçının müraciəti cavabsız qalmışdır. AT560978822 və AT381963728 birka nömrəli 2 baş heyvanın tələf olması “xxxx” ASC tərəfindən araşdırıldıqdan sonra heyvanların baxımsızlıqda tələf olmaları səbəbindən sıöorta ödənişindən imtina edilmişdir. AT654507428 və AT194937828 birka nömrəli 2 baş heyvanın tələf olması “xxxx” ASC tərəfindən araşdırıldıqdan sonra sənədlər tələb edilmiş, həmin sənədlər Cavabdeh tərəfindən təqdim edilmədiyindən iddiaçının müraciəti cavabsız qalmışdır. AT582637828 və AT403810322 birka nömrəli 2 baş heyvanın tələf olması barədə lizinq alan tərəfindən iddiaçıya şifahi məlumat verildikdən sonra Cəmiyyət sığorta məbləğinin ödənilməsi üçün məktubla “xxxx” ASC-yə müraciət etmiş, damazlıq heyvanın tələf olmasını təsdiqləyən sənədlər Cavabdeh tərəfindən təqdim edilmədiyindən iddiaçının müraciəti cavabsız qalmışdır. Cavabdehin lizinqə götürdüyü tələf omuş 12 baş damazlıq heyvandan 5 baş heyvana görə 4850.86 manat məbləğində sığorta ödənişi təmin edilmiş, 2 baş heyvanın sığorta ödənişindən imtina edilmiş, 5 baş heyvanın tələf olması barədə iddiaçının Sığorta Şirkətinə müraciəti cavabsız qalmışdır. Sığorta ödənişindən imtina barədə cavabdehə ünvanlanmış ASC/Q-24 saylı 08.04.2019-cu il tarixli məktubdan görünür ki, Lizinqə götürülmüş AT132294928 birka nömrəli “xxxx” cinsli damazlıq heyvanının tələf olma hadisəsi “xxxx” ASC tərəfindən araşdırılmış, 07/SÖ-761 saylı 14.03.2019-cu il tarixli məktubla sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sığorta Şirkəti təsərrüfatda baytar həkimi olmadığından mütəmadi baytar müşahidələri və müayinələri olmamasını, laborator müayinələr edilməməsi səbəbindən dioqnozun düzgün qoyulmamasını, müvafiq müalicə tədbirləri aparılmaması, baytar-sanitariya tələblərinə yetərincə riayət olunmamasını və saxlanmabəslənmə zoogigiyenik qaydalara əməl olunmamasını imtinaya əsas səbəb kimi göstərilmişdir. Heyvanlarla bağlı baytar həkimlərin müşahidələri, dioqnozun təyini, düzgün müalicə tədbirlərinin aparılması barədə təsdiqedici sənədlərə malik olduğu təqdirdə həmin sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Heyvanların saxlanma-bəslənmə vəziyyəti barədə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ASC/Q-01 saylı 04.01.2019-cu il tarixli məktubdan görünür ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən 04.12.2018-ci il tarixdə Bakı şəhəri Novxanı qəsəbəsində AT381963728 birka nömrəli “xxxx” cinsli damazlıq heyvanla bağlı təsərrüfat monitorinq keçirilmişdir. Sığorta Şirkəti tərəfindən monitorinq zamanı aşkar edilmiş noqsanlar barədə 07/SÖ3146 saylı 07.12.2018-ci il tarixli məktubla iddiaçıya məlumat verilmiş və tələf olmuş heyvanın sığorta ödənişindən imtina edilmişdir. Cavabdeh monitorinq zamanı təsərrüfatda olmamışdır. Fermanın malabaxanı isə təsərrüfatda heyvanın tələf olmasından məlumatsız olduğunu bildirmişdir. Cins damazlıq heyvanların saxlanma-bəslənməsində baytarlıqsanitariya tələblərinin ciddi surətdə pozulduğu aşkar edilmişdir. Belə ki, heyvanların tövlədə bağlı və pis şəraitdə saxlanıldığı müşahidə edilmişdir. Heyvanların yemləndirilməsi isə birtərəfli aparılır (quru ot, saman, kəpək və qarğıdalı yarması). X2 arasında Profilaktik peyvənd haqqında 17 mart 2017-ci il tarixli aktından görünür ki, 15, 16 və 17 mart 2017-ci il tarixlərdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 511 baş iribuynuzlu heyvanlar arasında Dabaq AO Asiya-İ xəstəliyi əleyhinə peyvənd aparılmışdır. Fatmai Baytarlıq sahəsinin baytar məntəqəsinin əhatə etdiyi Mehdiabad kəndi heyvanları arasında Dabaq A/O xəstəliyə qarşı profilaktiki peyvəndləmənin siyahısından görünür ki, Cavabdeha məxsus 30 baş heyvanın peyvəndlənməsi aparılmışdır. X2 arasında Profilaktik peyvənd haqqında 18 fevral 2017-ci il tarixli aktdan görünür ki, 16, 17 və 18 fevral 2017-ci tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 711 baş iri buynuzlu heyvanlar və atlar arasında Qara yara xəstəliyi əleyhinə peyvənd aparılmışdır. Fatmai Baytarlıq sahəsinin baytar məntəqəsinin əhatə etdiyi Mehdiabad kəndi heyvanlar arasında Qara yara xəstəliyinə qarşı profilaktiki peyvəndləmənin siyahısından görünür ki, Cavabdeha məxsus 30 baş heyvanın peyvəndlənməsi aparılmışdır. X2 arasında Profilaktik peyvənd haqqında 21 aprel 2017-ci il tarixli akta əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 519 baş iribuynuzlu heyvan arasında Nodulyar Dermatit xəstəliyi əleyhinə peyvənd aparılmış, Cavabdeha məxsus 37 baş heyvan peyvəndlənmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Təsərrüfatının bildirişindən görünür ki, X3 dövlət hesabına aparılan profilaktiki peyvəndləmə və diaqnostik müayinələrin siyahısı ilə 07.08.2018-ci il tarixdə tanış olmuşdur. Dövlət Baytarlıq Xidmətinin Abşeron rayon Baytarlıq İdarəsi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 277/6b saylı 30 aprel 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh İddiaçı ASC-nin xətti ilə 30 baş iribuynuzlu cins heyvan almış, heyvanlardan 12 baş müxtəlif səbəblərdən tələf olmuşdur. Təsərrüfatda qara-yara, Dabaq, Nodulyar-Dermatit, leptosprioz xəstəliklərə qarşı peyvəndlər epizodik tədbirlər planı əsasında rayon baytarlıq idarəsi tərəfindən aparılır, digər tədbirlər isə sahibkar tərəfindən aparılmalıdır. Heyvanlar rasion əsasında yemlənməlidir. Təsərrüfatda baytarlıq sanitariya qaydalarına qismən əməl olunur, təsərrüfatın baytar həkimi yoxdur. İdarə tərəfindən sahibkarın öz vəsaiti hesabına görüləcək digər xəstəliklərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi barədə bildiriş verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X6 Xidməti Respublika Baytarlıq Laboratoriyasının 15 yanvar 2018-ci il tarixli 0057 saylı ekspertizasının nəticələrindən görünür ki, Mehdiabad kəndi X1 məxsus olan 19.01.2018-ci ildə bir baş inventar nömrəsi 4397 olan iribuynuzlu heyvanın patoloji materialı daxil olmuş, bakterioloji, toksikoloji, virusioloji müayinə edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, cavabdeh 30 baş cins damazlıq heyvanları lizinqə götürmüş, lakin rüblər üzrə ödənişlər vaxtında yerinə yetirilmədiyi üçün 01 iyun 2017-ci il tarixə Cəmiyyətə 10404.98 manat borcu yaranmış, bununla da müqavilənin müvafiq bəndləri pozulmuşdur. Alınmış damazlıq heyvanlara görə yaranmış 10404.98 manat borc məbləği 10 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə iddiaçı tərəfindən ASC/P-771 saylı 13.06.2018-ci il tarixli məktubla xəbərdarlıq edilmişdir. Lakin ötən müddət ərzində cavabdeh tərəfindən borc məbləği iddiaçıya ödənilməmişdir. İddiaçı tərəfindən tərtib edilb məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən müqaviləyə əsasən ödəniş qrafiki üzrə 28.06.2018-ci il tarixədək 15071.00 manat ödənilməli olduğu halda, 2513.02 manat ödəniş edilmişdir. Buna görə də cavabdehin göstərilən tarixə olan borcu 12557.98 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu 2734.14 manat təşkil edir. İşə birinci instansiya qaydasında baxan məhkəmə cavabdeh tərəfindən öhdəlik lazımınca icra olunmadığından ASC-nin lizinq müqaviləsi üzrə pul tələbinə dair iddiasnın əsaslı olub, onun qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu tərəflər arasında olan razılaşmadan irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin razılaşmadan yaranan borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məһkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi һissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748.9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Hazırki işdə cavabdeh ona lizinqə verilmiş damazlıq heyvanların xəstəlik nəticəsində tələf olması ilə bağlı sığorta şirkəti tərəfindən ona sığorta ödənişinin verilmədiyinə görə ona iddiaçı şirkət tərəfindən maddi ziyan vurulduğuna istinad etmiş və həmin ziyanla bağlı ayrıca iddia tələbi ilə iddiaçıya qarşı məhkəmədə iddia qaldırdığını bildirmişdir. Bununla bağlı hazırki mülki işin icraatı dayandırılmış, yekun məhkəmə qərarının qüvvəyə minməsi ilə bağlı icraat təzələnmişdir. Məlum olmuşdur ki, iddiaçı Cavabdeh “xxxx” ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun hərəkətsizliyi nəticəsində dəymiş zərərin əvəzi kimi 11828,28 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2-2(113)- 473/2020 saylı 11.03.2020-ci il tarixli qətnamə ilə iddia təmin edilməmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə məhkəmənin mövqeyini mübahisələndirən iddiaçı Cavabdeh hesab etmişdir ki, cavabdeh (lizinq şirkəti) sığorta müqaviləsi üzrə tərəf və faydalanan şəxs olmuş və iddiaçı tərəfindən sığorta hadisəsinə dair zəruri sənədlər ona təqdim edilmişdir. Lakin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq öz hüquq və vəzifələrini cavabdeh vicdanla həyata keçirməmişdir. Həmin iş üzrə məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, sığorta şirkəti tərəfindən lizinq verənə sığorta ödənişinin verilməsindən imtina olunduğundan iddiaçı və cavabdeh arasında bağlanmış “Sığorta haqqının ödənilməsi barədə” 27.05.2016-cı il tarixli müqavilənin tələblərinə uyğun olaraq cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır....Cavabdehin sığorta məbləğinin alınması üçün sığorta şirkətinə qarşı məhkəmə qaydasında iddia qaldırmaq hüququndan istifadə etməməsi mülki hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası bu qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız hesab edir və qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı hesab edir ki, iddiaçı lizinq şirkəti müqavilə münasibətləri əsasında yaranmış 12557.98 manat borcu cavabdehdən tələb etməkdə haqlı olmuş və onun bu iddiası düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. O ki qaldı cavabdehdən 2734,14 manat cərimə borcunun tutulması barədə tələbə, həmin cərimə məbləğini birinci instansiya məhkəməsinin azaldaraq 200 manat məbləğində müəyyən etməsi məqsədəmüvafiq hesab olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki işə apellyasiya qaydasında baxılarkən İddiaçı ASC onun hüquq varisi “xxxx” ASC ilə əvəz edilmişdir. Bu hal qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmadığı üçün Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı “xxxx” ASC hesab olunmaqla mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apelyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2803/2019 saylı 10 iyul 2019-cu il tarixli qətnaməsi iddiaçı “xxxx” ASC hesab olunmaqla mübahisələndirilən- iddianın təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2(103)-175/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-175/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver