Məhkəmə qərarları › İş №2(103)-1751/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1751/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1751/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin və borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2023-ci il tarixli, e- 2(008)-5499/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2020-ci il tarixli. 04-858 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır.

2. “Təbii X2 pozulması haqqında” 28 fevral 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir. 3.“Təbii X2 pozulması haqqında” 29 mart 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir.

4. “Təbii X2 pozulması haqqında” 30 aprel 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir.

5. “Təbii X2 pozulması haqqında” 29 noyabr 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir.

6. “Təbii X2 pozulması haqqında” 30 dekabr 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir.

7. “Təbii X2 pozulması haqqında” 30 yanvar 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir

8. “Təbii X2 pozulması haqqında” 28 fevral 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir.

9. “Təbii X2 pozulması haqqında” 30 mart 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir.

10. Abonent saldosundan görünür ki Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə İddiaçınə ödənilməli olan ümumi borc 2863, 42 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2368,80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 494,62 manat və 48,64 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2912,06 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə abonent arasında 30 mart 3020-ci il tarixli 04-858 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana **********00099 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2 6.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 494,62 manat borcu qalmışdır.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2023-ci il tarixli, e-2(008)- 5499/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş aktlar üzrə yaranmış 795,6 manat məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 494,62 manat, cəmi 1290,22 manat və 32,9 manat ödənilmiş dövlət rüsumu əvəzi cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir.

14. Qətnamənin əsaslarına görə, tərtib edilmiş 2019-cu və 2020-ci ilin yalnız birinci aktlar, yəni 28 fevral 2019-cu il tarixli ******* №-li və 30 mart 2020-ci il tarixli ******* №-li aktlar üzrə hesablama aprılmalıdır, belə ki, məhkəmə hesab edir ki, digər aktlara əsas olmuş pozuntular artıq iddiaçının məsuliyyətsizliyi nəticəsində baş vermişdir. Məhkəmə hesab edir ki, hər iki akt üzrə hesablama səhv aparılmışdır. Belə ki, bütün avadınlıqlar üzrə 12 saat orta günlük iş rejimi götürülməlidir, yəni həmin akt əsasında 1476 kub metr qaza görə 147,6 manat zərər hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iki akt üzrə cavabdeh tərəfindən iddiaçıya 795,6 manat zərər dəymişdir (648 + 147,6) və iddia zərərin tutulması hissəsində qismən təmin edilməklə, cavabdehdən iddiaçının xeyrinə 795,6 manat zərər tutulmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 425.1, 442, 445.2.1, 448.1, 448.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, “X2” 5.1, 5.2, 5.3, 5.4, 5.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı İB qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Şikayətin dəlillərinə görə, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən akt tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri qanuni birləşmə birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyriqanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. İş materiallarından da məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarından ikisini tanımış, lakin həmin faktlarla bağlı tərtib edilmiş aktlar üzrə paylayıcının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. İstehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktları birinci instansiya məhkəməsi tərəfindən qəbul edildiyi üçün paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti ilə qətnamənin qismən –tələbinin rədd olunduğu hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddia üzrə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın təmin olunan hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddianın rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

28. Məhkəmə kollegiyası şikayətin İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktların cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut etməsi barədə dəlili ilə razılaşmır.

29. Belə ki, iddiaçının qanunsuz qoşulma faktınının təsdiqi kimi istinad etdiyi aktlardan müəyyən edilir ki, həmin aktlar cavabdeh tərəfindən imzalanmamış, aktların hazırlanmasına hal şahidləri cəlb edilməmiş, hər iki akt iddiaçının əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Həmçinin, iddiaçı “Qazdan istifadə Qaydaları”nın 6.5 və 6.7-ci bəndlərinin tələblərinə əməl etməyərək, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış, dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmişdir.

30. Belə olan halda, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə riayət edilmədən birtərəfli qaydada tərtib edilmiş aktlar mötəbər sübut kimi qəbul edilə bilməz.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aktlar tərtib olunarkən çəkilən fotoşəkillərin də qanunsuz qoşulma faktını təsdiq etməsi barədə dəlilləri ilə də razılaşmır.

32. Ona görə ki, həmin fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tətibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən müstəqil sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz.

33. Cavabdeh tərəfindən tərtib edilmiş müvafiq aktlar qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, iddiaçı tərəfindən imzalanmamış, aktların hazırlanmasına hal şahidləri cəlb edilməmiş, hər iki akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir.

34. Bundan başqa, iş materiallarında olan abonent saldosunu nəzərdən keçirərək görünür ki, aktların tərtib olunduğu dövrlərdən sonra sərfiyyatda artım olmamışdır. Qeyd olunan xüsusat qanuni tərəfdən əsas hesab olunmasa da, daxili inam baxımından tərtib olunmuş aktların düzgün olmadığı qənaətinə gəlməyə əsas verir.

35. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının əməkdaşları tərəfindən 2019-ci ilin beş ayı və 2020-ci ilin üçün ilk üç ayı üzrə aktlar tərtib edilmiş və zərər hesablanmışdır. Göründüyü kimi, iddiaçı həmin zaman qüvvədə olan Qaydaların 6.5-ci bəndində nəzərdə tutulan üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla adları çəkilən aktlar tərtib edib məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmə hesab edir ki, tərtib edilmiş 2019-cu və 2020-ci ilin yalnız birinci aktlar, yəni xx.xx.2019-cu il tarixli ******* №-li və xx.xx.2020-ci il tarixli ******* №-li aktlar üzrə hesablama aprılmalıdır, belə ki, digər aktlara əsas olmuş pozuntular artıq iddiaçının məsuliyyətsizliyi nəticəsində baş vermişdir.

36. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh adından imzalanmış ərizəyə də düzgün qiymət verərək qeyd etmişdir ki, ərizənin standart hissəsi çap formasında tərtib edilmiş, istehlakçıya aid məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi) tarix, abonentin kodu, icraçının adı və etiraf edilən məbləğ sonra əlyazma ilə əlavə edilmişdir. Ərizəyə əsasən cavabdeh 2862,58 manat borcunu etiraf etmiş və hissə - hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin ərizənin çap edilmiş hissəsində etiraf edilən borca aid hissə adi şriftlə, «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsi qalın şriftlə icra edilmişdir. Məhkəmə həmin ərizəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, istehlakçının düşünülmüş şəkildə həmin ərizəyə imza atıb o məbləğdə borcu etiraf etməsi inandırıcı deyil, həmin ərizədəki əlyazmaların, eyni zamanda borcun məbləğinin əvvəlcədən, yəni imzaya qədər əlavə edilməsi sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçının əməkdaşlarının niyyəti həmin ərizəyə imza atdıraraq abonentin qalın şriftlə icra edilmiş «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsinə diqqətini yönəltməkdən ibarət olmuşdur, çünki həmin hissəsinin digər hissələrdən ayrılmasının başqa açıqlaması yoxdur. Buna görə məhkəmə hesab etmişdir ki, həmir ərizə borcun etirafı kimi qəbul edilə bilməz.

37. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2023-ci il tarixli, e-2(008)- 5499/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 noyabr 2023-ci il tarixli, e-2(008)- 5499/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar