Məhkəmə qərarları › İş №2(103)-1751/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1751/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1751/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2(008)-6084/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2022-ci il tarixli 6130***- *******02L nömrəli əsas kredit limiti razılaşmasından görünür ki, bank tərəfindən cavabdehə 120 ay müddətinə illik minimum 10 faiz, maksimum 29 faiz dərəcəsi ilə 50000 manat məbləğində kredit limiti açılmışdır.

2. 13 iyun 2022-ci il tarixli SMS razılaşmasından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 15% dərəcəsi ilə 28000 manat məbləğində kredit verilmişdir.

3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 6130622- 142332802L nömrəli 13 sentyabr 2023-cü il tarixli restrukturizasiya razılaşmasının 2-ci bəndindən görünür ki, kredit verən bu Razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış 13 iyun 2022-ci il tarixli Əlavə Razılaşmaya əsasən borcalana illik 16 faiz dərəcəsi ilə 36 ay müddətinə 13 iyun 2025-ci il tarixinədək 28000 AZN məbləğdə kredit (borc) vermişdir və bu Restrukturizasiya Razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit üzrə qalıq əsas borc 21432,41 manat, faiz borcu 815,19 manat və 0 manat cərimə borcu mövcuddur.

4. Həmin razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit (borc) üzrə faiz dərəcəsi 16 faiz və kreditin son icra müddəti xx.xx.2026-cı il müəyyən edilir.

5. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 7-dən gec olmayaraq 28 ay müddətinə hər ay 946,81 manat (sonuncu ay 946,69 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür.

6. 09 avqust 2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin 07 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 09 avqust 2024-cü il tarixinə banka 19318,85 manat əsas borc, 937,41 manat faiz borcu, 95,68 manat cərimə olmaqla, cəmi 20351,94 manat borcu vardır.

7. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 24 iyun 2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh 07 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 24 iyun 2024-cü il tarixə banka olan 19841,33 manat məbləğində borcunu ödəməsi tələb olunmuş, əks təqdirdə, borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh 19318,85 manat əsas kredit borcu, 937,41 manat kreditdən istifadəyə görə faiz borcu, 95,68 manat cərimə borcu olmaqla, cəmi 20351,94 manat borcun, həmçinin 151,06 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia 1-6-cı bəndlərində qeyd olunan işin halları ilə əsaslandırılmışdır.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e- 2(008)-6084/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq Cavabdeh 19318,85 manat əsas kredit borcu, 937,41 manat faiz borc, 95,68 manat cərimə olmaqla, cəmi 20351,94 manat borc və 151,06 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

11. Qətnamənin əsaslarına görə Cavabdeh İddiaçı ASC ilə bağladığı 13 iyun 2022ci il tarixli 6130***-*******02L nömrəli əsas kredit limiti razılaşmasının və 6130***-*******02L nömrəli 13 srntyabr 2023-cü il tarixli restrukturizasiya razılaşmasının şərtlərinə uyğun olaraq 13 iyun 2022-ci il tarixli SMS razılaşmasına əsasən üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427, 442, 448, 462, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayətin dəlillərinə görə, mübahisə ilə bağlı aparılan məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, kredit razılaşmasına əsasən iddiaçıdan götürdüyü 26510,56 manat ümümi borcdan razılaşma imzalanan günə onun 21432,41 manat məbləğində əsas, 815 manat faiz borcum yaranmış, həmin günədək onun tərəfindən iddiaçıya 5200 manat kredit borcumdan ödənilmişdir. İddiaçı kreditin son icra müddəti 09 mart 2026-cı il müəyyən edilmiş olsa da, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmadığı və aylıq ödənişləri cüzi gecikmələrlə ödədiyi və iddiaçının məhkəməyə müraciət edən günə yaranmış borcunun məbləgi cüzi olması müəyyən edildiyi halda, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi gələcəkdə bank qarşısında götürdüyü öhdəliklərin icrasını ağırlaşdırmaq, faiz dərəcəsini artırmaq məqsədi daşıması olmasına əhəmiyyət və düzgün hüquqi qiymət verməmişdir. Mülki iş üzrə çıxarılmış qətnamədən görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçı ilə arasında bağlanmış 6130***-*******02L saylı 13 sentyabr 2023-ci il tarixli kredit razılaşma müqaviləsinə əsasən iddiaçıdan götürdüyü 26510,56 manat ümümi borcdan razılaşma imzalanan günə onun 21432,41 manat məbləğində əsas, 815 manat faiz borcunun yaranması, həmin günədək onun tərəfindən iddiaçıya 5200 manat kredit borcundan ödədiyi və kreditin son icra müddəti 09 mart 2026-cı il müəyyən edildiyi halda, vaxtından 2 il əvvəl hazırkı iddia ilə müraciət etməsini əhəmiyyət verməmiş, cavabdehin mənafəyinə və maddi durumuna zidd olan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

17. İddiaçı (onun nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı da şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, iddiaçının məhkəməyə müraciət edən günə yaranmış borcunun məbləgi cüzi olması müəyyən edildiyi halda, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi gələcəkdə bank qarşısında götürdüyü öhdəliklərin icrasını ağırlaşdırmaq, faiz dərəcəsini artırmaq məqsədi daşıması olmasına əhəmiyyət və düzgün hüquqi qiymət verməmişdir

23. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, apellyator şikayətində bu hallarla bağlı heç bir əsaslandırma aparmamış, ümumi sözlərlə borc məbləğinin cüzi olmasını qeyd etmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə əsasən qeyd edir ki, sonuncu restrukturizasiya razılaqmasına əsasən müəyyən olunmuş ödəniş cədvəlinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu günə (20 avqust 2024-cü il) əsas borcun məbləği 15920,53 manat təşkil etməli olduğu halda, 19318,85 manat olmuşdur. Bu xüsusat cavabdehin borc məbləğinin cüzi olması ilə bağlı arqumentini təkzib edir və öhdəliyin icrasının cavabdeh tərəfindən dəfələrlə əhəmiyyətli dərəcədə pozulmasına sübutdur.

24. Şikayətdə digər dəlillər irəli sürülməmiş, heç bir əsaslandırma aparılmamış və ümumi sözlərlə məhkəmənin düzgün nəticəyə gəlmədiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin faiz (937,41 manat) və cərimə (65,68 manat) borcu ilə bağlı gəldiyi nəticəyə diqqət yetirdikdə də görünür ki, borcun əsassız hesablanması halı mövcud olmadığından və hesablamanın düzgün olmaması ilə bağlı heç bir arqument irəli sürülmədiyindən iş üzrə ekspertizanın keçirilməsinə də zərurət yoxdur.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2(008)- 6084/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2(008)- 6084/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar