Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1752/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3896/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan qızı Nilufərin saxlanması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 175 manat sabit pul məbləğinin və qızının tibbi xərcləri üçün əlavə olaraq aylıq 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 527/2015 saylı, 03 aprel 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuşdur. Bu nikahdan onların 2006-cı il təvəllüdlü Nilufər adlı uşaqları doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin qətnaməsi və 08 iyul 2015-ci il tarixli Beyləqan Rayon İcra Bölməsinin qərarına əsasən cavabdeh hər ay 80 manat sabit pul məbləğində aliment ödəməlidir. Qızı orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 175 manat olaraq artırılmışdır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3896/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 527/2015 saylı, 03 aprel 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 25 may 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, aimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilməsi və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində qeyd olunur ki, iddiaçının maddi vəziyyəti cavabdehin maddi vəziyyətindən yaxşıdır. Əgər hakim sübut araşdırmağa maraqlı olsa idi heç olmasa tək başına qız uşağı böyüdən ananın maddi vəziyyətinin hansı meyarlara əsasən cavabdehdən yaxşı olduğunu sübutlar əsasında qeyd edərdi. Belə bir sübut isə yoxdur. Bir daha qərəzli və ədalətsiz yanaşma öz təsdiqini tapır. Məhkəmə qətnaməsində qızının gözünün xəstə olmasına dair sübut təqdim etmədiyini əsas gətirərək 50 manat tibbi xərc hissəsində iddianı təmin etməmişdir. Halbuki tibbi xərc yalnız göz xəstəsi olan uşaqlar üçün deyil. İnsan ay ərzində hər hansı bir xəstəliyə tutulur və həmin xəstəliyin müalicəsi üçün tibbi xərcə ehtiyacı olur. Gələcəkdə baş verəcək xəstəliyə görə hər hansı bir sübut tələb etmək isə sadəcə ədalətsizlikdir. Qızının bütün qayğısını, ehtiyacını tamamilə tək başına çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Onun təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirdi ki, uşağın təhsili ilə bağlı hazırlıqlara yazdırmışdır, hazırki vəziyyətdə həmin ehtiyacları qarşılamağa maddi imkanı çatmır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, hal-hazırda heç bir yerdə işləmir, ikinci dəfə ailə həyatı qurmuşdur və yoldaşı da xəstədir. Özünün də səhhətində problemlər var, buna görə də iş tapanda da cəmi 4-5 saat işləyə bilir. Gündəlik qazancı 5-10 manat civarında olur. Hesab edir ki, hazırki vəziyyətdə apellyasiya şikayətinin təmin edilərək alimentin artırılmasına zərurət yoxdur. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 818468 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 25 may 2006-cı il tarixdə doğulmuşdur, bu barədə Beyləqan rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 23 iyul 2007-ci il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçı Əli qızıdır. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli, 2(020)-665/2009 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 25 may 2006-cı ildə anadan olmuş Nilufər Hüseynovanın atası olmasının müəyyən edilməsi, Cavabdeh hər ay 30 manat məbləğində pulun tutularaq yetkinlik yaşına çatmayan 25 may 2006-cı il təvəllüdlü Nilufərin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Məhkəmənin sorğusu əsasında əldə edilmiş Beyləqan Rayon Məhkəməsinin 03 iyun 2014-cü il tarixli, 2(020)-632/2014 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh ayda 70 (yetmiş) manat məbləğində pulun tutulub 25 may 2006-cı il tarixdə anadan olmuş Nilufər adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı verilməsi, alimentin artırılmasının başlanğıcının 06 may 2014-cü il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməsi qət edilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra Bölməsinin 08 iyul 2015-ci il tarixli qərarından görünür ki, Cavabdeh 26 may 2006-cı ildə anadan olmuş Nilufər adlı uşağının 18 yaşına çatana qədər onun saxlanması üçün Beyləqan rayonunun Milabad kəndində yaşayan İddiaçı nəfinə ödədiyi alimentin miqdarının artırılaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində müəyyən edilmiş, alimentin həmin məbləğdə tutulmasının başlanğıcının 05 mart 2015-ci il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatana kimi davam etdirilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 2(020)-527/2015 saylı, 03 aprel 2015-ci il tarixli qətnaməsindən 04 may 2015-ci il tarixli icra vərəqəsi verilmişdir. İş materiallarında olan Bakı Şəhər Baş Səhiyyə Mərkəzi 26 nömrəli Şəhər Poliklinikasının baş həkiminin 23 oktyabr 2021-ci il tarixli, 386 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 25 avqust 1972-ci il təvəllüdlü Cavabdeh həqiqətən 30 may 2019-cu il tarixdən “Şəkərli diabet tip İİ” diaqnozu ilə poliklinikada dispanser qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, **********4 nömrəli arayışından görünür ki, Cavabdeh (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Beyləqan Rayon Məhkəməsinin 03 iyun 2014- cü il tarixli qətnaməsi ilə hazırkı Cavabdeh hazırkı İddiaçı 26 may 2006-cı ildə doğulmuş Nilufər adlı uşağının atası olması müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 03 iyun 2014-cü il tarixli və 03 aprel 2015-ci il tarixli qətnamələrinə əsasən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq müvafiq olaraq əvvəlcə 70 manat, daha sonra 80 manat miqdarında müəyyən edilmişdir. Hazırda iddiaçı qeyd olunan alimentin miqdarının artırılaraq 175 manat miqdarında müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya ilk olaraq qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-527/2015 saylı, 03 aprel 2015ci il tarixli qətnaməsi ilə Cavabdeh 26 may 2006-cı ildə anadan olmuş Nilufər adlı uşağının 18 yaşına çatana qədər onun saxlanması üçün Beyləqan rayonunun Milabad kəndində yaşayan İddiaçı nəfinə ödədiyi alimentin miqdarının artırılaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində müəyyən edilmiş, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün artırılaraq 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı olması barədə düzgün nəticəyə gəlsə də, alimentin məbləğini müəyyən edərkən, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, cavabdehin maddi vəziyyətinin yaxşılaşması ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübutun təqdim olunmamasına istinad etməsi düzgün olmamışdır, belə ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə kollegiyası qeyd edir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-527/2015 saylı, 03 aprel 2015-ci il tarixli qətnaməsi ilə artırılmış alimentin məbləği hazırda əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması kim qəbul edilməsi yanlışdır, çünki uşağın iddiaçının himayəsində olmasını, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının məhz iddiaçı tərəfindən çəkildiyini nəzərə alınmaqla alimentin məbləği 150 manat müəyyən edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ailə vəziyyətində dəyişikliyin olması iş materialları ilə müəyyən edilməmişdir bununla belə məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə alimentin məbləğinin 150 manat müəyyən edilməsi cavabdehin də diqqətəlayiq başqa maraqları baxımından qəbul edilən olmalıdır çünki aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir Məhkəmə kollegiyası iddia tələbinin “tibbi xərcləri üçün əlavə olaraq aylıq 50 manat pulun cavabdehdən tutulması” hissəsində eləcə də bu barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddia tələbini rədd etmişdir, apellyasiya şikayətinin dəlilləri isə həmin hissədə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçının iddia tələbinin həmin hissəsinin qanuni əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir; həmin maddi hüquq normasına görə isə, “alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Bu mənada iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi xərcləri çəkdiyini sübut etməlidir. Bununla belə iddiaçı çəkdiyi xərclərə dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, apellyasiya şikayətinin qismən əsaslı olmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)-527/2015 saylı, 03 aprel 2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmaqla, 25 may 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavadehdən hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat məbləğində alimentin alınaraq iddiaçıya verilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Həmçinin qətnamə mübahisələndirilən qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3896/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi alimentin məbləğinin müəyyən edilmiş hissəsində dəyişdirilsin. 25 may 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün artırılmalı olan alimentin məbləği hər ay üçün 150 (bir yüz əlli) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: İkram Şirinov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1752/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1752/2022
02.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver