Məhkəmə qərarları › İş №2(103)-1752/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1752/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1752/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-695/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə “Ford Tranzit” markalı 99-OY 215 dövlət qeydiyyat nişanı maşına görə ödədiyi 7000 manat pulun, 5 ay 555 manatdan ödədiyi 2775 manatın, cavabdehə əldən ələ verdiyi 1110 manatın və maşının avadanlıqlarına xərclədiyi 3840 manatın və notarius müqaviləsinin bağlanmasına dair ödədiyi 92 manat rüsumun cəmi 14817 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-695/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia tələbi təmin edilməmiş, 50 (əlli) manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qərara alınmışdır.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz, əsassızdır. Belə ki, rayon məhkəməsinin qənaətinə görə cavabdeh ona satılan avtomobili almalı, lakin onun avatomobil üçün ödədiyi pulu ona qaytarmamalıdır. Maşının bütün sənədləri onun adına olub, rayon məhkəməsi maşına çəkilən xərcləri avtoməbilin onun 10 aya sahibliyində qalması ilə əvəzləşdirmişdir. Digər tərəfdən onun cavabdehə olan 6600 manat borcu ilə hazırkı tələbin bir əlaqəsi olmadığı halda borcla onun tələbini əvəzləşdirmişdir. Odur ki, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, o, maşın üçün 7000 manat ilkin, 5 ay 555 manatdan 2775 manat ödəmiş, satıcı onu aldatmış, avtomobil yararsız vəziyyətdə olmuş, maşının sükanında, dizelin nasosunda, beyin nasosunda problemlər olmuş, maşın onu dəfələrlə yolda qoymuş, məcburən maşını saz vəziyyətə gətirmək üçün 4.000 manata yaxın pul xərcləmiş, sonradan ödənişi edə bilmədiyindən, cavabdehlə öz aralarında həmin avtomobilin üçüncü şəxsə satılması ilə bağlı razılaşmış, lakin cavabdehin maşını almaq üçün gətirdiyi şəxs maşını yoxlama üçün sürmək adı ilə aparmış, sonra maşını gətiməmiş, onun ödədiyi pulu qaytarmaq istəmədiyi üçün cavabdehlə aralarında mübahisə olmuşdur. Maşın ona verilmədiyi üçün polisə şikayət etmiş, uzun get-gələ düşmüşdür, hazırda da maşının sənədlərinin əsli ondadır, polisə şikayətində maşınının qaytarılmasını istəsə də, hazırda maşınını istəmir, o maşını aldıqdan sonra maşının əsaslı təmiri üçün əlavə olaraq 3840 manat da xərc çəkmiş, 9775 manatdan əlavə əlbəəl də cavabdehə 1100 manat da vermişdir. Hazırda nə qədər ki, cavabdeh maşını geri almış və tərəflər arasındakı müqavilə ləğv edilmişdir, o da öz növbəsində maşına görə ödədiyi 7000 manat pulun, 5 ay 555 manatdan ödədiyi 2775 manatın, cavabdehə əldən ələ verdiyi 1110 manatın və maşının avadanlıqlarına xərclədiyi 3840 manatın və notarius müqaviləsinin bağlanmasına dair ödədiyi 92 manat rüsumun cəmi 14817 manatın tutularaq ona verilməsini xahiş edir.

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

7. Mülki iş materiallarında olan

8. AE seriyalı 015886 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsindən görünür ki, “X7” markalı 99OY215 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X2r.

9. ƏN-V 751004 nömrəli etbarnamənin surətindən görünür ki, X4 “X7” markalı 99OY215 dövlət nömrə nişanlı avtomobili xx.xx.2024-cü il tarixədək idarə etmək səlahiyyətini İddiaçı vermişdir.

10. Qəbzdən görünür ki, 524375*****2934 nömrəli kartdan 524375******2728 nömrəli karta 555 manat pul köçürülmüşdir.

11. 03 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185-ci maddəsində nəzərdə tutulan talama məqsədi omadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

12. 03 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda izahatı alınmış Cavabdeh izahatından görünür ki, 2021-ci il tarixdə o, Avropadan gətirdiyi “Ford Transit” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə sosial şəbəkədə elan yerləşdirmişdir. Bundan sonra İddiaçı adlı şəxs ona zəng edərək avtomobillə maraqlandığını və baxmaq istədiyini demişdir. Taleh Gəncə şəhərində yaşadığını demişdir. Bir neçə gün sonra Taleh Bakı şəhərinə gələrək ona məxsus həmin avtomobilə baxmışdır. Taleh avtomobili almaq üçün ilkin olaraq 7000 manat pul ödəyəcəyini, pulun qalan hissəsini kredit şəklində aylıq 555 manat olaraq ödəyəcəyini demişdir. O, Talehlə razılaşmış, 14 avqust 2021-ci il tarixdə Neftçilər metro stansiyasının yaxınlığında yerləşən Notariat kontorunda Talehdən 7000 manat pul almışdır. Taleh beş ay müddətində ona pul ödəmiş, sonra ona zəng edərək pulu ödəyə bilmədiyini, Talehə pul lazım olduğunu demişdir. O, Talehə kömək etmək məqsədi ilə tanışı Mahir Həmidovun adına “Bank of Baku” bankından 6600 manat kredit formasında pul götürüb Talehə vermişdir. Bir neçə ay sonra Taleh ona pulu qaytara bilmədiyi üçün o, Talehə avtomobili satmağın lazım olduğunu demişdir. O, Talehə avtomobili tanışı Mahir Həmidovun almaq istədiyini demişdir. O, Talehdən Bakı şəhərinə gəlməsini xahiş etmişdir. Bundan sonra Taleh Bakı şəhərinə gəlmiş, onlar Sabunçu rayonu Zabrat qəsəbəsində “Friend House” çay evində görüşmüşlər. Mahir Həmidov avtomobilə baxmaq istədiyini demiş və avtomobilin açarını Talehdən almışdır. Taleh ona avtomobilin satılması ilə bağlı sonuncuya 7500 manat pulun çatacağını demiş, o, isə avtomobilin gündəlik bazar qiymətini hesablayıb Talehə 2500 manat pulun çatacağını demişdir. Taleh onunla razılaşmamış, pulunu vermədiyi halda özünü öldürəcəyini demişdir. Bundan sonra o. Mahirə zəng edərək avtomobili satmayacağını, avtomobili dayandırmasını demişdir. O, oradan gedərək “Ford Transit” markalı avtomobilini idarə edib ərazidən uzaqlaşmışdır.

13. xx.xx.2021-ci il tarixli nəqliyat vasitəsinin ilkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “X7” markalı 99OY215 dövlət nömrə nişanlı avtomobili 20300 manata İddiaçı satmış, ilkin olaraq İddiaçı borcdan 7000 manat pulu ödəmiş, qalan 13000 manat pulu isə hər ay 555 manat ödəmək şərti ilə 24 ay müddətində Cavabdeh ödəyəcəkdir. Həmin müqavilənin 2.1-ci maddəsinə görə, 13300 manat pul ödənildikdən sonra satıcı həmin avtomobili alıcıya satmağı, alqı-satqı müqaviləsi bağlamağı, avtomobili alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə görə müavilə birtərəfli qaydada ləğv edilə bilməz. Müqavilənin 4.1-ci bəndinə görə, müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi barədə məsələlər, habelə tərəflər arasında mübahisələr onların qarşılıqlı razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasına həll edilir.

14. xx.xx.2022-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 6600 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək aylıq 550 manat ödəmək şərti ilə borc vermişdir.

15. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2024-cü il tarixli 3-16-16/2-9/1914/2024 -cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş iş matriallarında olan "xxxx" Gəncə Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı Ford Tranzit markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3810 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir.

16. Həmin rəydən görünür ki, dəyişilməli hissələr-iki ədəd yanacaq farsunkası üçün biri 150 manat olmaqla 300 manat, iki ədəd akkumlyator biri 75 manat olmaqla 150 manat, iki ədəd kondisioner trupkası biri 20 manat olmaqla 40 manat, bir kondisioner mühərriki 90 manat, ön aparıcı hissədə razvalni ftulka tyaqa nakoneçnik stupisa dəst 150 manat, bir ədəd beyin nasosu 400 manat, dizel nasosu bütöv dəst 800 manat, bir ədəd yan güzgüsünün nikel üzü 50 manat, bir ədəd salonun obşivkası 250 manat, dörd ədəd arxa və ön+ sağ-sol təkər-biri 80 manat olmaqla (əslində 320 manat olmalıdı rəydə 440 yazılıb)- 440 manat, dörd ədəd disk biri 35 manat olmaqla-140 manat, bir ədəd sükan mexanizminin gücləndiricisi- 250 manat, cəmi 3060 manat, təmir bərpa işləri-Dəmirçi (avtomobilin alt və salon hissəsində olan korroziyasının, polunun çürüklərinin bərpası)-400 manat, armatur -100 manat, rəngsaz -200 manat, frion qazı kond-50 manat-cəmi 750 manat.

17. Əl yazısı olan qəbzdən görünür ki, iddiaçının avtomobilə çəkdiyi xərcin məbləği 3840 manat hesablanmışdır. Tətbiq edilən maddi hüquq Mülki Məcəllə

18. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

19. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

20. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

21. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

22. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

23. 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

24. 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

25. 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

26. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

28. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

29. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

30. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

31. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

32. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

33. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

34. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

35. 647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

36. 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

37. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

38. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

46. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

49. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

50. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

51. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

54. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

55. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

56. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

57. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddaçının şikayətinə əsasən tam yoxlayır.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

60. Belə ki, rayon məhkəməsində aparılan araşdırmalarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “X7” markalı avtomobilin alqı-satqısı məqsədi ilə ilkin müqavilə bağlanmış, alıcı İddiaçı avtomobilin satıcısına ilkin olaraq 7000 manat daha sonra 12 ay müddətində hər ay 555 manat pul ödmək öhdəsinə götürmüşdür. Satıcı Cavabdeh isə sözügedən yük avtomobilini iddiaçını istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı sözügedən ilkin alqı-satqı müqaviləsi bağlandıqdan sonra 5 ay müddətinə hər ay satıcıya 555 manat ödəmiş olduğunu bildirmişdir. Cavabdeh satıcı isə iddiaçının ona yalnız 3 ayın pulun ödəmiş olduğu bildirsə də, 03 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatı alınan zaman iddiaçının ona 5 aylıq pulu ödəmiş olduğunu etiraf etmişdir.

61. Beləliklə məlum olur ki, iddiaçı avtomobilin ilkin alqı-satqısı müqaviləsi üzrə cavabdehə 7000 manat və 2775 manat məbləğində, cəmi 9775 manat pul ödəmişdir.

62. Rayon məhkəməsində cavabdeh izahatında avtomobilin onun atası X3 adına rəsmiləşdirilmiş olsa da, həmin avtomobilin ona məxsus olduğunu, alqı-satqının da onun tərəfindən edildiyini bildirmişdir.

63. İddiaçı qeyd edir ki, o, sonradan ödənişi edə bilmədiyindən, cavabdehlə öz aralarında həmin avtomobilin üçüncü şəxsə satılması ilə bağlı razılaşmış, lakin cavabdehin maşını almaq üçün gətirdiyi şəxs maşını yoxlama üçün sürmək adı ilə aparmış, sonra maşını gətiməmiş, onun ödədiyi pulu qaytarmaq istəmədiyi üçün cavabdehlə aralarında mübahisə olmuşdur. Maşın ona verilmədiyi üçün polisə şikayət etmiş, uzun get-gələ düşmüşdür, o əlavə olaraq maşını aldıqdan sonra maşının əsaslı təmirinə 3840 manat da xərc çəkmişdir, 9775 manatdan əlavə əlbəəl cavabdehə 1100 manat da vermişdir. Hazırda maşına görə ödədiyi 7000 manat pulun, 5 ay 555 manatdan ödədiyi 2775 manatın, cavabdehə əldən ələ verdiyi 1110 manatın və maşının avadanlıqlarına xərclədiyi 3840 manatın və notarius müqaviləsinin bağlanmasına dair ödədiyi 92 manat rüsumun cəmi 14817 manatın tutularaq ona verilməsini xahiş edir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddianın qanuni əsası tapılmalıdır.

65. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyat vasitəsinin ilkin alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh “X7” markalı 99OY215 dövlət nömrə nişanlı avtomobili 20300 manata İddiaçı satmış, ilkin olaraq İddiaçı borcdan 7000 manat pulu ödəmiş, qalan 13000 manat pulu isə hər ay 555 manat ödəmək şərti ilə 24 ay müddətində Cavabdeh ödəyəcəkdir. Həmin müqavilənin 2.1-ci maddəsinə görə, 13300 manat pul ödənildikdən sonra satıcı həmin avtomobili alıcıya satmağı, alqı-satqı müqaviləsi bağlamağı, avtomobili alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə görə müavilə birtərəfli qaydada ləğv edilə bilməz. Müqavilənin 4.1-ci bəndinə görə, müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi barədə məsələlər, habelə tərəflər arasında mübahisələr onların qarşılıqlı razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasına həll edilir.

66. MM-in 402.1-ci maddəsinə görə, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (402.2.).

67. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir (402.3).

68. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır (402.4.).

69. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir (402.5.).

70. Hazırkı halda tərəflər arasında xx.xx.2021-ci il tarixli notarial qaydada bağlanmış müqavilə nəqliyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi adlandırılsa da, o qanunda nəzərdə tutulan ilkin müqaviləyə uyğun gəlmir. Çünki ilkin müqavilədə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Hazırkı müqavilədə isə, avtomobil alqı-satqıdan sonra naturada iddiaçıya təhvil verilmiş, avtomobilin satış qiyməti 20300 manat müəyyən edilmiş, iddiaçı ilkin olaraq 7000 manat ödəmiş, qalan 13300 manatı isə hər ay 550 manat olmaqla 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, qeyd edilən müqavilə ilkin alqı-satqı adlandırılsa da, onun şərtləri qanunda nəzərdə tutulan ilkin müqaviləyə uyğun olmamışdır.

71. MM-in 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

72. Bu baxımdan, müəyyən olunur ki, həmin müqavilə avtomobilin satışına dair ilkin müqavilə yox, əşyanın alıcıya verildikdən onun hissə-hissə ödənilməsini nəzərdə tutan mahiyyət etibarı ilə nisyə alqı-satqı müqaviləsidir.

73. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

74. MM-in 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

75. MM-in 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

76. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2.).

77. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (600.4.).

78. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (600.5.).

79. MM-in 646.1-ci madəsinə görə, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

80. Həmin Məcəllənin 646.2-ci maddəsinə görə, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

81. MM-in 647-ci maddəsinə görə, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

82. Həmin Məcəllənin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

83. Göründüyü kimi, tərəflər arasında avtomobilin hissə-hissə ödəmə şərti ilə alqısatqısına dair notarial qaydada təsdiq edilmiş etibarlı müqavilə olmuşdur.

84. Daha sonra iddiaçı müqavilə üzrə beş ay ödəniş etsə də, sonradan qalan pulu ödəyə bilmədiyindən, tərəflər maşının üçüncü şəxsə satılması ilə bağlı öz aralarında şifahi qaydada razılığa gəlmişlər.

85. Demək ki, tərəflər müqaviləni qarşılıqlı şifahi razılıq əsasında ləğv etmişlər.

86. MM-in 421.1-ci maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

87. MM-in 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

88. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə görə, müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi barədə məsələlər, habelə tərəflər arasında mübahisələr onların qarşılıqlı razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir.

89. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

90. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz.

91. Göründüyü kimi, tərəflər müqavilədə onun qarşılıqlı razılıq əsasında ləğv edilməsinin mümkünlüyünü razılaşdırmışdır, həmçinin müqavilənin ləğvinin onunla eyni formada bağlanmasını müəyyən etmədiklərindən, müqavilənin şifahi razılıq əsasında ləğv edilməsi MM-in 421.1 və 423.1-ci maddələrinə əsasən düzgün olmuşdur.

92. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir.

93. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.

94. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.

95. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.

96. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

97. Həmin qərardakı hüquqi mövqeni nəzərdən keçirən, Kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış həmin müqavilə öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilə olduğundan, müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsi əslində müqavilədən imtinadır və onun bağlandığı andan, yəni müqaviləyə geriyə şamil olunan şəkildə (ex tunc) xitam verilməsi anlamına gəlir.

98. Bu baxımdan, avtomobilin hissəli ödəmə ilə alqı-satqısına dair müqavilədən tərəflərin imtina etməsi ona geriyə şamil olan şəkildə xitam verir, yəni qarşı tərəf avtomobili iddiaçıdan aldığı üçün iddiaçının avtomobil üçün ödədiyi məbləği tələb etmək hüququ vardır, iddia tələbi həmin hissədə əsaslıdır.

99. Hazırda iddiaçı avtomobil üçün ödəmiş olduğu 9775 manatı, maşına çəkdiyi 3840 manat xərci, cavabdehə əlbəəl verdiyi 1100 manatı, eyni zamanda notariusda müqavilə bağlanması üçün ödədiyi 92 manat rüsumu tələb edir.

100. Maşın üçün 9775 manat pul ödənildiyini müəyyən edən rayon məhkəməsi 6600 manat hissədə iddia tələbini həmin hissədə rədd edərkən tərəflər arasında olan xx.xx.2022-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilməli 6600 manat məbləği hazırkı tələbin 6600 manat hissəsi ilə əvəzləşdirmişdir. Qalan (9775- 6600=3115 manat) 3115 manat hissədə isə rayon məhkəməsi qeyd etmişdir ki, avtomobil 10 ay ərzində iddiaçının istifadəsində olmuşdur. Belə olan halda ilkin alqı satqı müqaviləsi üzrə iddiçının cavabdehə ödəmiş olduğu lakin geri qaytarılmamış 3114 manat olan pul vəsaiti avtomobilin iddiaçının istifadəsində olduğu 10 ayın aylıq ödəniş haqqına hesablanmalı iddia tələbi bu hissədə də təmin edilməməlidir.

101. Rayon məhkəməsinin həmin qənaəti ilə razılaşmayan Kollegiya qeyd edir ki, MM-in 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

102. MM-in 540.1-ci maddəsinə görə, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

103. Məcəllənin 540.2-ci maddəsinə görə, tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir.

104. Mülki iş materiallarında olan xx.xx.2022-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 6600 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək aylıq 550 manat ödəmək şərti ilə borc vermişdir.

105. Göründüyü kimi, həmin müqavilə borc münasibətləri ilə bağlıdır. Həmçinin cavabdehin öhdəliyin əvəzləşdirilməsi barədə qarşı tərəfə məlumat verməsi də müəyyən edilmir.

106. Eyni zamanda da MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda müəyyən olunur ki, hazırkı alqı-satqı müqaviləsindən imtinadan irəli gələn iddia üzrə 9775 manat tələbin 6600 manat hissəsinin tərəflər arasında bağlanmış xx.xx.2022-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə ödənilməli 6600 manat məbləğdə öhdəliklə əvəzləşdirilməsinə dair rayon məhkəməsinin qənaəti əsaslı olmamışdır.

107. Eyni zamanda, iddiaçının avtomobilə görə ödədiyi vəsaitin əvəzləşdirilməsindən sonra qalan 3114 manat hissəsini təmin etməyən rayon məhkəməsinin həmin hissəyə dair qənaəti də əsaslı olmamışdır. Rayon məhkəməsi 3114 manatın avtomobilin iddiaçını istifadəsində olduğu 10 ayın istifadə haqqına hesablamış, lakin bu qənaətini hər hansı qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin həmin nəticəsi əsaslandırılmamaqla yanaşı, həm də ədalətli deyildir. Çünki rayon məhkəsində keçirilmiş ekspertiza rəy ilə də iddiaçının az müddət ərzində cavabdehin geri aldığı avtomobilin təmirinə 3690 manat xərc çəkdiyi müəyyən edilmişdir.

108. İddiaçı hazırkı tələbində, maşın alındığı vaxtdan nasaz olduğundan onun əsaslı təmirinə 3840 manat məbləğində pul xərclədiyini bildirir və həmin xərci tələb edir.

109. Rayon məhkəməsi həmin hissədə iddia tələbini rədd edərkən qeyd edib ki, maşının avadanlıqlarına xərclədiyi 3840 manatın pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı maşının onun istifadəsində olduğu müddətdə maşının avadanlığlarına 3840 manat pul xərcləmiş olduğunu bunu təsdiq edəcək və xərcin çəkilməsini zəruri edəcək halları təsdiq edəcək sübut məhkəməyə təqdim edilməmişdir. Yegən sübut kimi təqdim edilmiş qüsur aktı isə maşına xərc çəkildiyi müddətdə deyildə, hətta maşının iddiaçının istifadəsindən aldığı iki ilə yaxın müddətdən sonra tərtb edilmiş olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz.

110. Rayon məhkəməsi bu hissədə sübut təqdim edilmədiyini bildirsə də, mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2024-cü il tarixli 3-16-16/2-9/1914/2024 -cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş iş matriallarında olan "xxxx" Gəncə Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı Ford Tranzit markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3810 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir.

111. Həmin rəydən görünür ki, dəyişilməli hissələr-iki ədəd yanacaq farsunkası üçün biri 150 manat olmaqla 300 manat, iki ədəd akkumlyator biri 75 manat olmaqla 150 manat, iki ədəd kondisioner trupkası biri 20 manat olmaqla 40 manat, bir kondisioner mühərriki 90 manat, ön aparıcı hissədə razvalni ftulka tyaqa nakoneçnik stupisa dəst 150 manat, bir ədəd beyin nasosu 400 manat, dizel nasosu bütöv dəst 800 manat, bir ədəd yan güzgüsünün nikel üzü 50 manat, bir ədəd salonun obşivkası 250 manat, dörd ədəd arxa və ön+ sağ-sol təkər-biri 80 manat olmaqla (əslində 320 manat olmalıdı rəydə 440 yazılıb)- 440 manat, dörd ədəd disk biri 35 manat olmaqla-140 manat, bir ədəd sükan mexanizminin gücləndiricisi- 250 manat, cəmi 3060 manat, təmir bərpa işləri-Dəmirçi (avtomobilin alt və salon hissəsində olan korroziyasının, polunun çürüklərinin bərpası)-400 manat, armatur -100 manat, rəngsaz -200 manat, frion qazı kond-50 manat-cəmi 750 manat.

112. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, qeyd edilən rəydə hesablamada səhvə yol verilmiş, dörd ədəd təkər hər biri 80 manat göstərilsə də, cəmi qiymət 320 manat olduğu halda, mexaniki səhvə yol verilməklə 440 manat qeyd edilmişdir. Bu da cəmi hesablamada səhvə gətirib çıxarmış, cəmi qiymət 3810 manat qeyd edilmiş, əslində isə, cəmi qiymət (440-320=120; 3810-120=3690) düzgün hesablama ilə 3690 manat qeyd edilməli idi. Odur ki, avtomobilin təmir bərpa xərci cəmi 3690 manat kimi qəbul edilir.

113. Beləliklə, iddiaçı avtomobilin təmiri üçün 3840 manat xərclədiyini bildirsə də, ekspert rəyi ilə həmin məbləğin cəmi 3690 manat olması müəyyən edilmişdir.

114. Kollegiya qeyd edir ki, avtomobilin 10 ay ərzində iddiaçının sahibliyində və istifadəsində olması müəyyən edilmişdir. Həmin müddətdə avtomobildən adi istifadə ilə bağlı xərclər ondan istifadə edən iddiaçı tərəfindən çəkilməli idi.

115. Bunula belə, ekspert rəyində avtomobil üçün çəkilən xərcləri nəzərdən keçirdikdə, məlum olur ki, dəyişilən hissələrdən- iki ədəd kondisioner trupkası biri 20 manat olmaqla 40 manat, ön aparıcı hissədə razvalni ftulka tyaqa nakoneçnik stupisa dəst -150 manat, bir ədəd yan güzgüsünün nikel üzü 50 manat, bir ədəd salonun obşivkası 250 manat, dörd ədəd arxa və ön+ sağ-sol təkər-biri 80 manat olmaqla 320 manat, təmir bərpa işlərindən armatur -100 manat, rəngsaz -200 manat, frion qazı kond-50 manat, yəni cəmi 1160 manat məhz avtomobildən adi istifadə ilə əlaqədar çəkilməli xərclər olmuşdur.

116. İddiaçı tərəfindən avtomobilə çəkilən qalan (3690-1160=2530) 2530 manat isə aid istifadə xərci olmayıb, maşının əsaslı təmiri ilə bağlı olmuşdur.

117. Bu baxımdan kollegiya hesab edir ki, nə qədər ki, avtomobil 10 ay iddiaçının istifadəsində olmuşdur, onda iddiaçının avtobobilin cari xərcindən əlavə onun təmirinə sərf etdiyi vəsait 2530 manat onun avtomobildən istifadə etdiyi müddətin əvəzi kimi qəbul edilərək əvəzləşdirlə bilər. Belə ki, (2530/10=253) hər ay üçün 253 manat hesablandıqda, bu həmin tip avtomobillərin aylıq icarə məbləğinə uyğun və ağlabatan hesab edilir.

118. Bu baxımdan, avtomobilin təmir xərci ilə bağlı tələb edilən 3840 manatdan, ekspert rəyi ilə təsdiq edilən 3690 manatın 1160 manatı avtomobildən adi istifadə xərci olduğundan həmin hissədə iddia tələbi təmin edilməməlidir. Çünki avtomobil iddiaçının 10 ay istifadəsində olub, avtomobildən adi istifadə xərclərini də o çəkməli omuşdur.

119. Qalan 2530 manata aid hissədə isə qeyd edilir ki, (2530/10=253) həmin avtomobillər üçün aylıq təxmini 253 manat icarə haqqı ağılabatan olduğundan, avtomobil də elə 10 ay iddiaçının istifadəsində olduğundan, məhz həmin 2530 manat avtomobilin təmir xərci də istifadəyə görə xərci hesab edilməklə, onunla əvəzləşdirilməli, odur ki, iddia tələbi həmin 2530 manat hissədə də təmin edilməməlidir.

120. Avtomobil üçün çəkilən xərc kimi tələb edilən 3840 manatın qalan (3840- 3690=150) 150 manat hissəsində isə sübut edilmədiyindən təmin edilməməlidir.

121. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehə əlbəbəl verildiyi qeyd edilən 1100 manat hissəsinə aid hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissədə MPM-in 77.1-ci maddəsinə görə sübut təqdim edilmədiyindən, rayon məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə düzgün qənaətə gəlmişdir, apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir.

122. İddia tələbinin 92 manat notariusda ödənilən rüsumun tutulması hissəsinə münasibətdə rayon məhkəməsi iddianı rədd edərkən alqı-satqı müqaviləsinin məhz iddiaçının ödənişləri ödəməməsi əsası ilə ləğv edilməsini qeyd etmişdir. Kollegiya qeyd edir ki, tərəflər hissəli ödəmə şərti ilə avtomobilin alqı-satqısına dair müqavilə bağlamış, daha sonra qarşılıqlı razılıq əsasında həmin müqaviləni ləğv etmişlər.

123. Mülki Məcəllənin 647-ci maddəsinə görə alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

124. Belə olan halda, tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlamış, daha sonra onu qarşılıqlı razılıq əsasında ləğv etmişlər, qanuna əsasən də alqı-satqı müqaviləsi bağlanan vaxt notariat qaydasında təsdiqlənməsi xərclərini alıcı çəkir, nə qədər ki, müqavilənin bağlanması və ləğv edilməsi iddiaçının da iradəsinə əsasən olmuşdur, odur ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

125. Beləliklə, avtomobil üçün iddiaçının cavabdehə 9775 manat ödədiyi müəyyən edildiyindən, hazırda avtomobilin alqı-satqı müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilməklə avtomobil- satıcı cavabdehə qaytarılsa da, iddiaçının ödədiyi məbləğ ona geri qaytarılmadığından, iddia tələbi həmin hissədə təmin edilməli, 9775 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

126. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

127. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, maddi və prosessual hüquqları pozulmaqla düzgün olmayan qətnamə qəbul edildiyindən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, avtomobil üçün ödənilən 9775 manat, 3840 manat avtomobilin təmir xərci, 92 manat notariat rüsumu hissədə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissələrdə qismən təmin edilərək, 9775 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi həmin qalan hissələrdə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərci cavabdehdən tutulmalıdır.

128. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

129. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-695/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, avtomobil üçün ödənilən 9775 manat, 3840 manat avtomobilin təmir xərci, 92 manat notariat rüsumu hissədə ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissələrdə qismən təmin edilsin. Cavabdeh 9775 (doqquz min yeddi yüz yetmiş beş) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi həmin qalan hissələrdə təmin edilməsin, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar