Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1758/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(010)-4784/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 03.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03.12.2018-ci il tarixdə onunla cavabdeh arasında Bakı şəhəri 40 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə 5000 manat borc vermiş, əvəzində isə cavabdeh aldığı borcu 03.06.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu günədək dəfələrlə şifahi xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(010)- 4784/2021 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın qismən, yəni 2500 manat hissədə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, onunla iddiaçı arasında həqiqətən 03.12.2018ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda kredit müqaviləsinin bağlanması, müqaviləyə əsasən ona 5000 manat məbləğində borc verilməsi, həmin pul vəsaitindən 2500 manat hissəsini ödəməsi (2018-ci ilin dekabr ayında 500 manat, 2019-cu ilin yanvar ayında 500 manat, 2019-cu ilin fevral ayında 500 manat, 2019-cu ilin mart ayında 500 manat, 2019-cu ilin aprel ayında 500 manat), bu barədə onda səs yazısının olması, hazırda 2500 manat borcunun qalması, iddianın 2500 manat hissədə təmin olunmalı olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh 5000 manat pulu aylıq 10 faiz olmaqla borc götürmüş və 5 ay ərzində iddiaçıya hər ay 500 manat faiz ödəmişdir. Cavabdeh iddiaçının qardaşı ilə telefon danışığı zamanı faiz almasını bildirmişdir. Lakin, səs yazısı gizli yolla əldə olunmuş, danışıq zamanı iddiaçıya səsinin yazılması bildirilməmişdir. Pulun verilməsi ilə bağlı başqa sübutları yoxdur. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, cavabdehə faizə pul verməmiş, müqavilədə pulun faizlə verilməsi qeyd olunmamışdır. Eyni zamanda, cavabdeh ona hər hansı pul vəsaiti ödəməmiş, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Onun səs yazasından məlumatı yoxdur, hesab edir ki, gizli yolla əldə edilmiş səs yazısı sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, cavabdeh icra icraatı zamanı icra məmuruna yazdığı 15 dekabr 2021-ci il tarixli izahatında ona qismən də olsa pul ödəməsini qeyd etməmiş, əksinə, icra sənədində göstərilən 5030 manat pulun ödənilməsi üçün ona möhlət verilməsini xahiş etmişdir. Əgər cavabdeh ona apellyasiya şikayətində göstərdiyi kimi, 2018-2019-cu illər ərzində hissə-hissə 2500 manat pul ödəmişdirsə, bu halı izahatında da qeyd edərdi. Hesab edir ki, cavabdeh əsassız apellyasiya şikayəti verməklə, işi süni yolla uzatmaq niyyətindədir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 03.12.2018-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinin bağlanması, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində borc verilməsi, borcun 03.06.2019-cu il tarixədək qaytarılmalı olması işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki tələbində qeyd edilən müqaviləyə əsaslanaraq, cavabdeh tərəfindən öhdəyin yerinə yetirilməməsini və s. göstərmiş, bu səbəbdən də 5000 manat borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh isə qeyd edilən müqavilənin mövcudluğunu (bağlanmasını) və müqaviləyə əsasən ona 5000 manat borc verilməsini mübahisələndirməmiş, etirazının əsası kimi 2500 manat ödəməsini, borcunun 2500 manat qalmasını, bu halların nəzərə alanmamasını göstərmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-in 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. MM-in 529.7-ci maddəsinin tələbinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Göründüyü kimi, qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. Cavabdeh isə, kredit müqaviləsi üzrə öhdəliyini qismən icra etməsini (hissə-hissə 2500 manat qaytarmasını) bildirsə də, bu istiqamətdə qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Cavabdeh apellyasiya şikayətində səs yazısının olmasını qeyd etmişdir. Bununla yanaşı, cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı bildirmişdir ki, həmin səs yazısı bilavasitə tərəflər arasında deyil, cavabdehin qardaşı ilə iddiaçı arasında baş vermiş, lakin iddiaçıya səsin yazılması bildirilməmiş, gizli aparılmışdır. İddiaçı isə bu halı qəbul etməmiş, həmçinin gizli yolla əldə olunmuş hər hansı sübutun tədqiq olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı ilkin olaraq bildirir ki, istinad olunan səs yazısı nə apellyasiya şikayətinə əlavə olunmamış, nədə ki, apellyasiya baxışı zamanı təqdim olunmamışdır. Bununla yanaşı, cavabdehin nümayəndəsinin də izahatından məlum olur ki, səs yazısı bilavasitə tərəflər arasında deyil, cavabdehin qardaşı ilə iddiaçı arasında gizli şəkildə (bu barədə əvvəlcədən iddiaçıya bildirilmədən) baş vermişdir. Halbuki, MPM-in 95.1 və 95.2-ci maddələrinin tələblərinə görə, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. MPM-in 76.3-cü maddəsinə görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qeyd edilməldiir ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Göründüyü kimi, qanunverici gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə olunmasını istisna etmişdir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarındakı (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) hüquqi mövqeyini də hazırkı mübahisəyə tətbiq etmək mümkün deyildir. Çünki, qeyd edilən işdə Konstitusiya Məhkəməsinin mövqeyinə görə - şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Göründüyü kimi, Konstitusiya Məhkəməsi məhz əqdin tərəfləri arasında müvafiq danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi mümkünlüyünü qeyd etmişdir ki, hazırki işdə də cavabdeh tərəf gizli yolla aparılmış danışığın əqdin tərəfləri arasında deyil, başqa şəxslə olmasını bildirmişdir. Belə olan halda isə cavabdehin istinad etdiyi sübut (başqa şəxslə aparılmış gizli danışıq) MPM-in 95.1, 95.2 və 76.3-cü maddələri baxımından mötəbər və qanuni sayıla, həmçinin etirazın əsasını təşkil edə bilməz. Bununla yanaşı, iddiaçı izahatında haqlı olaraq bildirmişdir ki, cavabdeh icra icraatı zamanı icra məmuruna yazdığı 15 dekabr 2021-ci il tarixli izahatında ona qismən də olsa pul ödəməsini qeyd etməmiş, əksinə icra sənədində göstərilən 5030 manat pulun ödənilməsi üçün ona möhlət verilməsini xahiş etmişdir. Əgər cavabdeh ona apellyasiya şikayətində göstərdiyi kimi 2018-2019-cu illər ərzində hissə-hissə 2500 manat pul ödəmişdirsə, bu halı izahatında da qeyd edərdi (iddiaçı müvafiq izahatı təqdim etmişdir). Beləliklə, işdə olan sübutlarla cavabdehin iddiaçıya kredit (borc) müqaviləsinə əsasən 5000 manat qaytarmalı olması müəyyən olunur. Çünki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikaytəinin dəlilləri kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onu əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(010)-4784/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(010)-4784/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1758/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1758/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver