Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1764/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2986/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “kredit borcunun qaytarılmasına dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onlardan ümumillikdə 6756,56 manat vəsaitin və 30,40 manat ödənilmiş dövlət rüsumunun “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxx” ASC- ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən ona 18 ay müddətinə, illik 27% dərəcəsi ilə, 15000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, iddiaçı ilə digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 MMC arasında xx xxxxxx 2017-ci il tarixli, 1001054/10953 və 1001054/00001 saylı 2 ədəd Zaminlik” müqavilələri bağlanmışdır. Həmin “zamin müqavilələrinin” 1.1-ci bəndlərinə əsasən borcalan Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək, zamin duranlar borcalan ilə birlikdə iddiaçı (bank) qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyən, onun şərtlərini pozan barcalan Cavabdeh1, xx xxxxxx 2019-cu il tarixə 5750,68 manat məbləğində əsas borcu, 1005,88 manat məbləğində faiz borcu olmaqla, cəmi 6.756,56 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə rəsmi qaydada xəbərdarlıq göndərilməsinə baxmayaraq, borc ödənilməmişdir. Ona görə də, həmin məbləğdə olan borcun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumun cavabdehlərdən “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2986/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada 5.750,68 manat əsas borc, 1005,88 manat faiz borcu olmaqla, cəmi 6.756,56 manat borcun və 30,40 manat dövlət rüsumunun “xxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2986/2019 nömrəli qətnaməsinin qismən, əsas borc və faiz borcunun müştərək qaydada Cavabdeh2 tutulması hissəsində ləğv edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, sözügedən qətnamə çıxarılarkən ona münasibətdə maddi və prosessual qanun normalarının tələbləri pozulduğundan, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadığından, nəticədə əsassız və qanunsuz qərar qəbul edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-2986/2019 saylı qətnaməsi qismən ləğv edilməlidir. Mübahisəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ilə bir müddət münasibətləri yaxşı olmuşdur. Həmin vaxtlar Cavabdeh1 inandığına görə onunla bir müddət birgə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh1 ilə münasibətləri yaxşı olduğuna və ona inandığına görə kredit götürərkən ona zamin durmuşdur. Cavabdeh1 həmin krediti şəxsi məqsədləri üçün götürmüşdür və bu barədə, yəni kreditin istehlak krediti növündə verilməsi onunla iddiaçı bank arasında bağlanmış kredit müqaviləsində də qeyd olunmuşdur. Lakin bir müddət sonra Cavabdeh1 birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar qanunsuz hərəkətlərini ifşa etdiyinə görə aralarında mübahisələr yaranmışdır və nəticədə onunla münasibətləri tamamilə pozulmuşdur. Bundan sonra Cavabdeh1 götürdüyü krediti bilərəkdən qaytarmayacağını, zaminlik müqaviləsi üzrə kredit borcunun qaytarılmasında müştərək qaydada öhdəlik götürdüyünü nəzərə alaraq kredit borcunun ondan alınmasına nail olacağını ona bildirmişdir. Mübahisəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ödəmə qabiliyyətinin olmasına baxmayaraq kredit borcunu ödəməkdən qəsdən yayındığını, Cavabdeh1 bir neçə kommersiya hüquqi şəxsinin təsisçisi olduğunu, il ərzində bir neçə dəfə səyahət və istirahət məqsədi ilə xarici ölkələrə səfərlər etdiyini, övladının illik təhsil haqqı 10000 manat olan litseydə təhsil aldığını bildirməyinə, göstərilən xüsusatların aydınlaşdırılması üçün aidiyyəti orqanlara sorğu göndərilməsi barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə vəsatəti təmin etməmiş, bununlada işin tam, hərtərəfli və obyektiv araşdırılması təmin etməmişdir. Qanunvericiliyin tələblərinə görə zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığı halda əsas borclu ilə birgə məsuliyyət daşıdığı nəzərdə tutulsa da, məhkəmənin vəzifəsinin ilk növbədə həqiqətin müəyyən edilməsi olduğuna görə yuxarıda qeyd olunan halların araşdırılması zəruridir. Cavabdeh1 keçirilmiş məhkəmə iclaslarında üzürlü səbəb olmadan iştirak etməməsi, ona qarşı irəli sürülmüş iddiaya qarşı hər hansı bir münasibət bildirməməsi onun aldığı krediti ödəməkdən qəsdən yayınmasını təsdiq edən əsas faktorlardan biridir. Belə olan halda, yəni əsas borclunun borcunu ödəməkdən qəsdən yayınması halında kreditorla yanaşı, yeganə xətası borcluya inanmaq olan zaminin hüquqlarının da kreditorun iddiası üzrə başlayan məhkəmə icraatında qorunması labüddür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini iş üzrə tərəflərdən yalnız Cavabdeh2 mübahisələndirir, digər tərəflər apelyasiya şikayəti verməmişdir. Həmçinin cavabdeh qətnaməni bütövlükdə deyil, qismənona aid olan hissədə mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli ******* saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, illik 27% dərəcəsi ilə, 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli ******* saylı qəbzdən görünür ki, Cavabdeh1 “xxxxxxxxxxxxxx” ASC-dən xx xxxxxx 2017-ci il tarixdə 15000 manat məbləğində vəsait götürmüşdür, İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli, 1001054/10953 və 1001054/00001 saylı “Zaminlik” müqavilələrindən görünür ki, borcalan Cavabdeh1 bankdan götürdüyü kreditin icrasını təmin etmək məqsədilə, iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC arasında xx xxxxxx 2017-ci il tarixli 1001054/10953 və 1001054/00001 saylı Zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndlərinə əsasən borcalan Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək, zamin duranlar borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 «xxxxxxxxxxxxxx» ASC-yə xx xxxxxx 2017-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 5750,68 manat məbləğində əsas borcu, 1005,88 manat məbləğində faiz borcu olmaqla, cəmi 6.756,56 manat məbləğində borcu yaranmışdır İş materiallarında olan«xxxxxxxxxxxxxx» ASC-nin xx xxxxxx 2019-cu iltarixli,17/08- 302 saylı, xx xxxxxxx 2019-cü il və xx.xx.2019-cu il tarixli bildirişlərdən (pretenziyalardan) görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxxxxxxx” MMC-yə yaranmış borcun ödəməsi tələb olunmuş və əks təqdirdə məsələnin məhkəmə yolu ilə həll ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli, AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx xxx 1983-cü il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdükləri öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişlər etməməklə, nəticədə kredit alan Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 5.750,68 manat əsas borcu, 1005,88 manat faiz borcu olmaqla, cəmi 6.756,56 manat ümumi borcu yaranmışdır. Ona görə də həmin məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Cavabdeh3" MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə, mülki qanunvericiliyin öhdəlik hüququ, borc, zaminlik müqaviləsi ilə bağlı normaları təhlil edilməlidir. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur. Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: birgə məsuliyyət və subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Zaminliyin xitamı əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Cavabdeh2 apelyasiya şikayətində qeyd etdiyi halların heç biri onun bağladığı zaminlik müqaviləsinin xitamına, yaxud bu müqavilə üzrə öhdəliyin icrasından azad olunmasına əsas vermir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Odur ki, MPM-nin 384-385-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə, MPM-nin 392, 393 və 405-ci maddələrinin tələblərinə və yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2986/2019 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1764/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1764/2020
13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver