Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1766/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş (Açar sözlər: «qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqının ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4363/2023 saylı, 04 dekabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat və **********40-10301 reyestr nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin 565 kv.metr olan hissəsini xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə görə Cavabdeh MMC-yə icarəyə verməyi, Cavabdeh MMC isə obyekti qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə aylıq icarə haqqı məbləği bu Müqavilənin 1.1 maddəsində göstərilən ünvanda yerləşən "İcarə sahəsində "İcarəçinin aylıq ticarət dövriyyəsinin 3.3 faizi miqdarında müəyyən edilir (ÖMV daxil).
2. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 861.6 kv. metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu ildə qeydə alınmışdır.
3. İcarəyə verən İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli bildirişlə, Cavabdeh MMC may və iyun ayının icarə haqqını ödəmədiyi səbəbindən, obyektin tam yararlı vəziyyətdə təhvil verilərək boşaldılması barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh məhdud məsuliyyətli cəmiyyətə qarşı cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və ödənilməmiş icarə haqqının iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək icarə müqaviləsinin ləğv edilməsi, qeyri yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiada göstərilib ki, icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti marketin rəsmi açlışından başlayır və 10 il müddətinə müəyyən edilir və həmin müqavilə xx.xx.2032-ci ilədək qüvvədədir. Həmin icarə müqaviləsinin 5.3.1-ci bəndinə əsasən icarəçi icarə haqqının hesablanması üçün satış dövriyyəsini təsdiq edən məlumatları ay bitdikdən sonra 15 gün ərzində İcarə verənə təqdim etməli idi. Həmin müqavilənin 5.3.3-cü maddəsinə əsasən İcarəçi icarə haqqını vaxtında və tam həcmdə ödəməlidir. Bundan başqa həmin müqavilənin 13.2-ci maddəsinə əsasən İcarəçi icarə haqqını 2 (iki) ay ardıcıl tam ödəmədikdə, icarəyə verən bu müqaviləni yazılı qaydada xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv edə bilər. Lakin cavabdeh İcarə müqaviləsinin tələblərini pozaraq üzərinə götürdüyü öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməmiş 2023-cü ilin mart və aprel ayları üçün icarə haqları istisna olmaqla, icarə haqqı məbləğləri hazırkı tarixədək ödənilməmişdir. Eyni zamanda icarə müddəti başladıqdan sonra Müqavilənin 5.3.1-ci maddəsində nəzərdə tutulan məlumatlar icarə verənə təqdim edilmədiyindən, icarə haqqı məbləğini hesablamaq mümkün olmamışdır. Bütün bu hallarla bağlı müqavilədə göstərilən qaydada və müddətdə cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmişdir. Bundan başqa müqavilədən irəli gələn hallarla bağlı müvafiq pretenziya qaydasında cavabdehə bildiriş ünvanlanmış, lakin heç bir nəticəsi olmamışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4363/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sənədlərlə təsdiq olundu ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 565 kv.metr olan hissəsini icarəyə verilməsi barədə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı 12000 manat icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh yaranmış icarə haqqı borcunun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən, iddiaçı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və icarə haqqı üzrə borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin sonradan Cavabdeh MMC İddiaçı olan 12000 manat borcunu tam olaraq ödəmiş və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən icarə haqqı tam ödənildiyindən icarə müqaviləsinin ləğv edilməsi, qeyri yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmədiyinə görə, tərəflər arasında bağlanılmış müqavilənin 13.2 bəndini pozduğuna görə, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh MMC apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edib göstərir ki, məhkəmə qətnaməsində cavabdehin təqdim etdiyi sübutları araşdırmamış və heç bir münasibət bildirmədən təhrif olunmuş qaydada qərar qəbul etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının pretenziya məktubuna cavab məktubu verilmiş və həmin məktub elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Həmin cavab məktubunda “icarəçi tərəfindən icarə haqqının ödənilməsi üçün dəfələrlə cəhd göstərilsə də, icarəyə verənin bank hesabında yaranmış texniki nasazlıq səbəbi ilə “Paşa Bank” tərəfindən ödənişin icra edilməsi mümkün olmadığı və nasazlığın aradan qaldırılması üçün tədbirlər görülməsi barədə bildirilmişdir”. Həmçinin, ödənişlə bağlı problemə dair sübutlar həm iddiaçıya, həm də məhkəmə prosesində məhkəməyə təqdim edilmişdir. Nədənsə məhkəmə bu sübutları araşdırmamış və hüquqi qiymət vermədən əsassız olaraq iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
11. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 7. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Lakin iddianın faktiki halları Mülki Məcəllənin və “İcarə haqqında” Qanunun icarə və kirayə münasibətlərini tənzimləyən müddəalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından haqlı sayılır.
20. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla birbaşa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
21. İddiaçı cavabdehlə notarial qaydada təsdiq olunaraq bağlanmış icarə müqaviləsinə əsasən öhdəliklər yerinə yetirilmədiyinə görə əvvəlcə icarə müqaviləsinin ləğvini, qeyri-yaşayış sahəsini cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və icarə haqqını tələb edib, sonradan isə icarə haqqı ödənildiyindən iddia tələbi azaldılmışdır. İcarə haqqının məbləği və digər mühüm şərtlər müqavilələrdə razılaşdırılmışdır. Müqavilənin hansısa şərtlərini tərəflər mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi hal xx.xx.2023-cü il tarixdə iddiaçının pretenziya məktubuna cavab məktubunda icarəçi tərəfindən icarə haqqının ödənilməsi üçün dəfələrlə cəhd göstərilsə də, icarəyə verənin bank hesabında yaranmış texniki nasazlıq səbəbi ilə “Paşa Bank” tərəfindən ödənişin icra edilməsi mümkün olmadığı və nasazlığın aradan qaldırılması üçün tədbirlər görülməsi barədə bildirilsə də bunun nəzərə alınmaması ilə bağlıdır. Başqa sözlə, cavabdeh bəyan edir ki, ödənişlə bağlı problemə dair sübutlar həm iddiaçıya, həm də məhkəmə prosesində məhkəməyə təqdim etsə də nədənsə məhkəmə bu sübutları araşdırmamış və hüquqi qiymət vermədən əsassız olaraq iddianı təmin etmişdir.
22. Şübhəsiz ki, bəyan edilən bu halı cavabdeh sübut etməlidir. Başqa sözlə, ən azından 2 aylıq icarə haqqını ödəməməsinin təqsiri olmadan baş verdiyin, yəni icarəyə verənin bank hesabında yaranmış texniki nasazlıq səbəbi ilə “Paşa Bank” tərəfindən ödənişin icra edilməsinin mümkün olmadığını sübut etmək yükü onun üzərinə düşdüyündən məhz cavabdeh bu halı sübuta yetirməlidir. Cavabdeh nəinki bu halı sübuta yetirmir, əksinə onun dəlilləri açıq-aşkar əsassız sayılır. Əvvəla ona görə ki, icarəyə verənin bank hesabında yaranmış texniki nasazlıq həqiqi olsa belə bunu aylarla davam etməsinə dair cavabdeh tərəfindən məhkəməyə heç bir rəsmi mötəbər sübut təqdim edilməmişdir. İkincisi, “Paşa Bank” tərəfindən ödənişin icra edilməsinin mümkün olmadığı aylarla davam etmiş olsa idi belə, yenədə cavabdehin icarə haqqını məhz bu səbəbdən nağd formada ödəməsinə hər hansı bir maneə yox idi. Ona görə də cavabdehin bu cür dəlillər göstərməsi özü hüquqdan sui-istifadə sayılır.
23. Bu cür vəziyyətdə cavabdehin gətirdiyi dəlil necə təsdiq oluna bilər. Əlbəttə ki, bu ritorik sual kimi səslənsə də, cavabdeh bu dəlilinin nə dərəcədə əhəmiyyətli və keçərli olmasını qabaqcadan özü üçün müəyyən etməli idi. Yəni, iddianın nə dərəcədə əsaslı olub-olmamasından asılı olmayaraq ilk növbədə icarə haqqının icarəyə verənin bank hesabında yaranmış texniki nasazlıq səbəbindən ödənilməməsi təsdiq olunmalı idi. Cavabdeh icarəçi kimi icarə müqaviləsi üzrə öhdəliyini icarəyə verənin bank hesabında yaranmış texniki nasazlıq səbəbindən lazımi qaydada 2 aydan artıq müddətdə icra edə bilməmişdirsə ən azından icarəyəverəndən yaxud bankdan bu barədə mötəbər sənəd almalı idi. Bu halda öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsas ola bilərdi. 24.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, icarə münasibətləri və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4363/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4363/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.