Məhkəmə qərarları › İş №2(103)-1767/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1767/2022

03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1767/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “zərərin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21074” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin və mühərrikinin cavabdehin vəsaiti hesabına tam təmir edilərək istismara yararlı vəziyyətə gətirilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması və ya arxa alın şüşəsinin və mühərrikin tam təmir olunaraq əvvəlki istismara tam yararlı vəziyyətə salınması üçün tələb olunan vəsaitin, təxliyyə xərci olan 80 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən İddiaçı 26.10.2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 03.11.2021-ci il tarixli qərardadı ilə şikayətin elektron kabinet vasitəsilə verilmədiyi əsas göstərilməklə qeyri-mümkün hesab edilmiş, bundan sonra birinci instansiya məhkəməsinə müraciət edən İddiaçı qeyd olunan çatışmazlığı aradan qaldırdığını bildirməklə apellyasiya şikayəti üzrə prosessual müddətin bərpasını xahiş etmiş, məhkəmənin 24.12.2021-ci il tarixli qərardadı ilə onun həmin xahişi təmin olunmamışdır. İddiaçı sözügedən qərardaddan verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, mübahisələndirilən qərardad ləğv edilərək İddiaçı qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürməsi üzrlü hesab olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından görünür ki, 01 sentyabr 2021-ci il tarixli qətnamə İddiaçı 29.09.2021-ci il tarixdə çatdırılmış, onun ilk dəfə verdiyi apellyasiya şikayəti 26.10.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, həmin şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadı 17.11.2021-ci il tarixdə alan İddiaçı çatışmazlığı aradan qaldıraraq 21.11.2021-ci il tarixdə ikinci dəfə şikayətini məhkəməyə təqdim etmişdir. İddiaçı apellyasiya şikayətini ilk dəfə vaxtında vermiş olduğunu nəzərə almaqla kollegiya hesab edir ki, onun müvafiq çatışmazlığı aradan qaldırmaqla ikinci dəfə verdiyi şikayət üzrə buraxdığı prosessual müddətin bərpa olunması mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə apellyasiya qaydasında baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3667/2021 saylı iş üzrə 24 dekabr 2021-ci il tarixli qərardadı ləğv olunsun və həmin məhkəmənin 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayəti vermə müddəti üzrlü hesab edilərək bərpa olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar