Məhkəmə qərarları › İş №2(103)-1770/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1770/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1770/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2895/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5.199,91 manat, faiz borcu üzrə 1.003,06 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 644,21 manat, cərimə borcu üzrə 4.835,23 manat, cəmi 11.682,41 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2020-ci il tarixdə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5.199,91 manat əsas, 1.003,06 manat müqavilə müddətində ödənilməmiş faiz, 168,45 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla ödənilməyən faiz borcu, 4.835,23 manat dəbbə pulu olmaqla ümumilikdə 11.206,60 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2895/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 0611.2014-cü il tarixli 120-xx.xx.2014-SM69 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5.199,91 manat əsas borc, 1.003,06 manat faiz borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 6302,97 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.332,97 (altı min üç yüz otuz iki manat doxsan yeddi qəpik) manat pulun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin - Cavabdeh1 qarşı qalan hissədə rədd edilməsi, iddia tələbinin - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilməsi, kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli 120-xx.xx.2014-SM69 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, cavabdehlərin İddiaçı ASC-yə olan 5199.91 manat əsas borc, 1003.06 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 168.40 manat faiz borcu və gecikdirilmiş vaxt üçün 4835.23 manat dəbbə pulu olmaqla, cəmi 11206.60 manat borcun tutulması, 30 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə olan 5199.91 manat əsas borc, 1003.06 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 168.40 manat faiz borcu və gecikdirilmiş vaxt üçün 4835.23 manat dəbbə pulu olmaqla, cəmi 11206.60 manat borcun tutulması, 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 5%-lə hesablanan məbləğə münasibətdə hüquqi əsas olmadan iddianı ümumiyyətlə təmin etməmiş, dəbbə pulu isə 100 manat həcmində saxlanılmışdır. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Yasamal rayon Məhkəməsi qərar qəbul edərkən AR Konstitusiya Məhkəməsi Plenumunun “AR MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarını nəzərə almamışdır. Göründüyü kimi, MM-in 449.1 -ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Məhkəmə qətnaməsində 5%-lə hesablanan məbləğə münasibətdə hüquqi əsas olmadan iddianın təmin edilməməsi isə tamamilə qeyri-dəqiq və hüquqi əsassızdır. Bundan başqa, məlumdur ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Lakin sözügedən mülki işə baxılarkən məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək dəbbə pulunu dəfələrlə azaltmışdır. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin 10.1 -ci maddəsinə əsasən Borcalan üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən dəbbə pulunun məbləği kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 20%-ni təşkil edir, yəni məhkəmə tərəfin öz razılığı ilə imzalanmış bu müqaviləyə əsasən iddia tələbinin həcminə uyğun olaraq, dəbbə borcunu ən azı 1274.28 AZN məbləğində təmin etməli idi. Cavabdeh xx.xx.2017-ci il tarixdən ödənişin məbləğini kəskin şəkildə azaltmış, daha sonra isə ümumiyyətlə ödənişlərdən yayınmışdır. Yasamal rayon məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi elan olunana qədər, yəni 1 il 6 aya yaxın bir müddətdə borcalan məsuliyyətsizlik göstərərək ödənişlərdən yayınmışdır. Məhkəmə bu hala diqqət verməmiş, borcalanın mənafelərindən çıxış etmişdir. Nəticədə cavabdehlər banka vurduqları maddi zərərə görə məsuliyyətdən azad edilmişdirlər. Bank iri məbləğdə vergi ödəyicisi olmaqla bərabər, mindən çox işçi saxlayır, kommunal xərclər ödəyir, bir sıra ictimai layihələr təşkil edir, bir sözlə böyük miqdarda pullar xərcləyir, hansı ki, həmin pullar əsasən komissiya, faiz və dəbbə pulundan formalaşır. Lakin Yasamal rayon məhkəməsinin məlum qətnaməsi borcalanlarda məsuliyyətsizlik hissi yaradır və bu hal barədə borcalanların ödənişdən yayınmasında adi hal kimi formalaşmasına şərait yaradır. Bu halın özü ümumilikdə bütün bank sisteminə böyük bir zərbə ola bilər. Yasamal rayon məhkəməsinin qətnaməsi ilə 4835.23 manat dəbbə pulunu 100 manat saxlamaqla dəbbə borcunu 2 %-dən də aşağı miqdarda - 48 dəfə azaltmaqla (10*100 faiz / 4835.23) saxlamışdır ki, bu da görünməmiş bir haldır. Hesab edirlər ki, bu halda məhkəmə işə qərəzli yanaşıb və heç bir əsas olmadan dəbbə pulunun həddindən artıq azaltmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin cavabdeh (zamin) Cavabdeh2 münasibətdə və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 168.40 manat faiz borcu və 4835.23 manat dəbbə pulunun təmin olunmaması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı qeyd edilən hissədə mübahisələndirmişdir. Cavabdeh isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2895/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120xx.xx.2014-SM69 nömrəli təminatlı kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 22%-lə 36 ay müddətinə 7.500 manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında xx.xx.2014- cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatdığına görə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən hüquq normalarından görünür ki, dəbbə pulu tərəflərin azad iradəsi əsasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi əsasında borclunun kreditora ödənilməli olan pul məbləği olmaqla öhdəliklərinin icrasının təmin edilməsinin üsullarından biridir. Belə ki, yaranmış öhdəliyin icrasının təmin edilməsi, həmin öhdəliklərin icrasının təmin edilməsi forması kimi çıxış edir. Bu da borclunun kreditor qarşısında götürmüş olduğu öhdəlikdən yayınmaması üçün əhəmiyyətlidir. Amma müəyyən edilmiş dəbbə pulu götürülmüş öhdəliyə münasib olmaqla öhdəliyin gələcəkdə də icrasına əhəmiyyəli dərəcədə maneə yaratmamalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, dəbbə pulu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı olsa da, borclunun hüquq və mənafelərinə zidd olaraq tənasübsüz surətdə yüksək həddə müəyyənləşdirilə bilməz. Hazırki mülki iş materiallarından müəyyən olunur ki, mövcud iddia tələbi qeyd edilən tələblərə cavab vermir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi dünyada baş vermiş iqtisadi böhranı, ölkədə baş vermiş manatın devalvasiyasını, həmçinin cavabdehin maliyyə vəziyyətini nəzərə almış və haqlı olaraq iddianı cərimə borcu hissəsində qismən təmin edərək cərimə borcunu 100 (bir yüz) manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddia tələbi - Cavabdeh1 qarşı “hesablanmış 4.735,23 manat dəbbə pulunun və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla ödənilməyən 168,45 manat faiz borcunun tutulması” hissəsində rədd edilməlidir. Çünki, cavabdehin borcun qaytarılmasını gecikdirməklə, ondan fayda götürməsi halı məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd edilən hallarla təkzib olunduğundan qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbinə münasibətdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2895/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2895/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar