Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1771/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5643/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.11.2020-ci il tarixli “Borcun etirafı haqqında qarşılıqlı razılaşma” aktına əsasən, Cavabdeh İddiaçı olan 4.143,14 (dörd min yüz qırx üç dollar, on dörd sent) ABŞ dolları, 4.375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində qalıq borcu (Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, 14.11.2020ci il tarixli “Borcun etirafı haqqında qarşılıqlı razılaşma” aktına əsasən, Cavabdeh İddiaçı olan 3.553,14 (üç min beş yüz əlli üç dollar on dörd sent) ABŞ dolları, 4.375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində qalıq borcu (Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıya 09.03.2016-cı il tarixdə 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində borcu vardır. Cavabdeh onun tanışıdır. Cavabdeh iddiaçıya 3 ay müddətinə, yəni 09.06.2016-cı il tarixinə kimi 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində borc pulu qaytaracağını bildirmişdir, lakin borc alan cavabdeh ona olan borcu müxtəlif bəhanələr gətirərək vaxtında qaytarmamış və bu günə kimi iddiaçı qarşısında olan öhdəliklərini yerinə yetirməmişdir. 14.11.2020-ci il tarixində tərəflər arasında "Borcun etirafı haqqında qarşılıqlı razılaşma" aktıl imzalanmışdır. Bu vaxt ərzində Cavabdeh tərəfindən cəmi 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti, 09 fevral 2021-ci il tarixində köçürmə yolu ilə 1000,00 (min) manat, 29.03.2021-ci il tarixində nəğd şəkildə 300,00 (üç yüz) manat, 17.05.2021-ci il tarixində nəğd şəkildə 700 (yeddi yüz) manat, 09.06.2021-ci il tarixində nəğd şəkildə 500,00 (beş yüz) manat, 02 avqust 2021-ci il tarixində 1000 (min) manat pul ödənilmişdir. Yaşamaq üçün lazım olan minimumları, işləməməsini, kiçik məvaciblə dolandığını nəzərə alınsa, tanışı Cavabdeh tərəfindən götürülmüş borc onu və ailə üzvlərini çox çətin vəziyyətə salmışdır. Hazırda işləməməsini və təsadüfi gəlirlərlə dolandığını nəzərə alınsa, Cavabdeh götürdüyü borcu qaytarmadığı üçün o çox ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən bu günə kimi yaranmış borcun bir hissəsi qaytarılmış və hazırda cavabdehin borcu 3553,14 (üç min beş yüz əlli üç dollan on dörd sent) ABŞ dolları, 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğindədir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5643/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3553,14 (üç min beş yüz əlli üç dollar on dörd sent) ABŞ dolları, 4375,00 (dörd min üç yüz yetmiş beş) avro (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dolları və Avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində vəsaitin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin ləğv olunması üçün ən ciddi əsas odur ki, məhkəmə işə baxarkən ciddi araşdırma aparmamışdır. İşə mahiyyəti üzrə baxan məhkəmə orqanı ədalətli və hərtərəfli məhkəmə araşdırması aparmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh olaraq heç bir borcunun olmaması müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı bərabərlik və çəkişmə prinsipi tam pozulmuşdur. Tərəflərin proses zamanı təqdim etdiyi sübutları nəzərə alması işin mahiyyəti üzrə həll olunması üçün vacibdir. Qətnamənin ləğv olunması üçün digər bir ciddi əsas odur ki, iddia ərizəsində bildirilən bütün məlumatlar səhvən və faktlara əsaslanmadan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, 14.11.2020-ci il tarixli "Borcun etirafı haqqında qarşılıqlı razılaşma"ya görə 09.03.2016-cu il tarixində Cavabdeh İddiaçı 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində borcunun olmasını etiraf etmişdir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən, Cavabdeh 5612,00 (beş min altı yüz on iki) ABŞ dolları və 4375,00 (dörd min üç yüz yetmiş beş) avro məbləğində borc pulu İddiaçı 31.12.2020-ci il tarixinə kimi İddiaçı tam ödəməyi öz öhdəsinə götürmüşdür. 09.02.2021-ci il tarixli pulun təhvil təslim aktına əsasən 1000 manat, 29.03.2021-ci il tarixli pulun təhvil təslim aktına əsasən 300 manat, 17.05.2021-ci il tarixli pulun təhvil təslim aktına əsasən 700 manat, 09.06.2021-ci il tarixli pulun təhvil təslim aktına əsasən 500 manat və 02.08.2021-ci il tarixli pulun təhvil təslim aktına əsasən 1000 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, 14.11.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə borcun qaytarılması Cavabdeh risk dairəsinə daxil olan öhdəlik olduğundan, iddiaçı həmin borcun qaytarılmasını cavabdehdən müvafiq olaraq tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh iddiaçıdan 5612 ABŞ dolları və 4375 avro məbləğində borc almış və borcunu qismən qaytarmışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, pul vəsaitinin cavabdeh tərəfindən qəbul edilməsi tərəflər arasında bağlanmış yazılı müqavilə və təhvil-təslim aktları ilə təsdiq olunur. Lakin, pul vəsaitinin tamamilə geri qaytarılması nə iş materialları, nə də apellyasiya şikayəti ilə sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən borc pul vəsaiti qəbul edilsə də, həmin pul vəsaiti iddiaçıya tam qaytarılması və ya ümumiyyətlə borcunun olmaması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5643/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1771/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1771/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver