Məhkəmə qərarları › İş №2(103)-1772/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1772/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1772/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər X5, X2 və Cavabdeh3 Cəbrayıl oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-ti cavabdehlər X5, X2 və Fəhradov Tələt Cəbrayıl oğluna qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “Sədərək” firmasından müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, 589/14/PB/YF saylı kredit müqaviləsinə əsasən 48394.65 manat əsas borc, 39894.66 manat hesablanmış faiz, 63106.62 manat hesablanmış dəbbə pulu borcu olmaqla, cəmi 151395.93 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 ilə əvvəlki "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 589/14/PB/YF saylı kredit müqaviləsinə görə 24 ay müddətinə, illik 21 faizlə 150.000 manat kredit verilmişdir. Cavabdeh öhdəliklərini icra edə bilmədiyi üçün xx.xx.2016-cı il tarixində həmin müqaviləyə 1 saylı əlavə edilməklə, müqavilənin müddəti, faiz dərəcəsi və kreditin məbləği kapitallaşdırılmışdır. Müvafiq olaraq 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 1 saylı Əlavəyə əsasən cavabdehə 36 ay müddətinə, 23 faizlə 62.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi tərəflər arasında 08 sentyabr 2014-cü il tarixli, 589/14/PB/YF Girov müqaviləsi bağlanmışdır. Həmin girov müqaviləsinə də xx.xx.2016-cı il tarixli, 01 nömrəli Əlavə bağlanmışdır. Həmin Girov müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh1 “Sədərək” firması ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müvafiq müqavilələrə əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yol stansiyasının cənubunda, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində, Sədərək ticarət mərkəzində yerləşən, zona 1, sıra 9, korpus 7-də yerləşən 24 kv.m sahədən ibarət 141 saylı, 50 kv.m ibarət 139 saylı və 100 kv.m ibarət 134/136 saylı mağazaya olan hüquqlarını girov qoymuşdur. Həmçinin, cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə tərəflər arasında, "xxxx" ASC ilə “Sədərək” firması arasında xx.xx.2010-cu il tarixli Faktorinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 bəndinə, “Müqavilənin predmeti”nə əsasən Müştərinin “Sədərək” firmasının ayrı-ayrı fərdi sahibkarlara mal dövriyyəsinin artırılması üçün müvafiq məbləği faktorun (bank) borcluya kredit verməsi, bununla əlaqədar faktorun borclu ilə bağladığı ayrıca kredit müqaviləsinə müvafiq olaraq həmin məbləğin tələb və icrasını təmin etməkdən ibarətdir. xx.xx.2014-cü il tarixli, 589/14/PB/YF saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 48394.65 manat əsas, 39894.66 manat hesablanmış faiz, 63106.62 manat hesablanmış dəbbə pulu borcu olmaqla, cəmi 151395.93 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-170/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 29822,71 manat məbləğində kredit borcu və 2000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31822.71 manat məbləğində və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianı qismən təmin etməsi əsassızdır, belə ki, cavabdehə kredit müqaviləsinə görə 24 ay müddətinə, illik 21 faizlə 150.000 manat kredit verilmişdir. Cavabdeh öhdəliklərini icra edə bilmədiyi üçün xx.xx.2016-cı il tarixində həmin müqaviləyə 1 saylı əlavə edilməklə müqavilənin müddəti uzadılmaqla, faiz dərəcəsi aşağı salınmaqla və kreditin məbləği tərəflərin qarşılıqlı razılığı ilə kapitallaşdırılmışdır. Müvafiq olaraq, 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 1 saylı Əlavəyə əsasən cavabdehə 36 ay müddətinə, 23 faizlə 62.000 manat məbləğində kredit verilmişdir. Məhkəmə tərəfindən keçirilən məhkəmə mühasibatlıq ekspertizaları zamanı ekspertlər tərəfindən verilən rəylər arasında fərqliliklər olsa da, məhkəmə nədənsə əlavə məhkəmə-mühasibatləq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/3989 nömrəli rəyini əsas götürməklə cavabdehin 29.822 manat borcu olması qənaətinə gəlmişdir. Məhkəmə ekspert rəyləri arasında olan ziddiyyətə münasibət bildirməli, təkrar ekspertiza təyin edilərək borcun məbləği dəqiq müəyyən edilməli idi. Tərəflərindən təqdim edilən hesabdan çıxarış məlumatlarından da aydın görünür ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və dəqiq yerinə yetirilməmişdir. Odur ki, cavabdehin iddiaçıya olan əsas borcunun məbləğinin 29.822 manat olması və faiz borcunun ümumiyyətlə olmaması ilə bağlı hissədə məhkəmə qətnaməsi ilə razı deyillər. Ziddiyyətli ekspert rəyinə istinad etməklə məhkəmə Mülki Prosessual Məcəllənin və Mülki Məcəllənin tələblərini pozmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya nəzərə alır ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni mübahisələndirməmiş, iddiaçı isə iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti vermişdir. İş materiallarında olan "xxxx" ASC və X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 589/14/PB/YF №-li Kredit (Borc) Müqaviləsinə əsasən Bank sonuncuya 24 ay müddətinə, illik 21 faizlə 150.000 min manat məbləğində kredit vermişdir. İş materiallarında olan 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 1 saylı Əlavədən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə kreditin məbləği 62000, kreditin müddəti 36 ay, kreditin faizi dərəcəsi 23 faiz, hesablanmış ikiqat faiz dərəcəsi 46 faiz müəyyən edilmişdir. İş materiallarında olan 20 may 2018-ci il tarixli maliyyə arayışına görə, borcalan X3 Banka olan əsas borcu 48394.65 manat, faiz borcu 39894,66 manat, dəbbə borcu 63106.62 manat, cəmi borcu 151395.93 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehlər borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 30 noyabr 2020-ci il tarixli 9/4522 №-li rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli 589/14/PB/YF saylı kredit müqaviləsi üzrə X3 xx.xx.2016-cı il tarixə 58285.39 manat əsas, 951.99 manat faiz olmaqla, cəmi 59237.38 manat borcu vardır. İş materiallarında olan əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 23 iyul 2021-ci il tarixli 9/3989 №-li rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli 589/14/PB/YF saylı kredit müqaviləsi üzrə X3 27.01. 2020-ci il tarixə İddiaçı-yə olan borcu ümumilikdə və yalnız əsas borc kimi 29822,00 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi işin araşdırılan halları əsasında müəyyən etmişdir ki, cavabdeh X7 İddiaçı ilə kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımı qaydada icra etməyərək İddiaçı-yə ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də iddiaçının ona qarşı iddiası əsaslı hesab edilməli və ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə 29822,71 manat əsas borc və 2000 manat azaldılmış cərimə borcu cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini qismən əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında borc öhdəliklərinin olmasını düzgün müəyyən etsə də, bu borcun məbləğini müəyyən edərkən faktiki olaraq qüvvədən düşmüş kredit müqaviləsinə istinad etmiş, kredit müqaviləsinə edilmiş xx.xx.2016-cı il tarixli 1 saylı əlavə və dəyişiklikləri nəzərə almamışdır. Halbuki, X7 ilə İddiaçı arasında bağlanmış 08 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı Əlavə bağlanmış və həmin razılaşmaya əsasən cavabdehə 36 ay müddətinə, 23 faizlə 62.000 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsi iki dəfə məhkəməmühasibatlıq ekspertizası təyin etsə də, aydınlaşdırılması üçün ekspertiza qarşısında qoyulmuş suallar düzgün müəyyən edilmədiyindən, ekspertlər qeyd edilən razılaşmanın şərtlərini nəzərə almadan rəy vermiş, nəticədə həmin rəylərdə əks olunmuş borc məbləğləri işin həqiqi hallarına uyğun olmamışdır. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2022-ci il tarixli, 9/2026 saylı ekspert rəyindən görünür ki, cavabdeh X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 589/14/PB/YF saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə və dəyişikliyə və həmin kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən həmin razılaşma imzalandıqdan sonra cavabdeh tərəfindən ödənişlər nəzərə alınmaqla X3 xx.xx.2019-cu il tarixə (müddət bitdiyi tarixə) əsas borcu 49579,37 manat, faiz borcu 7138,45 manat, xx.xx.2020-ci il tarixə (müddət bitdikdən sonra illik 5 faiz hesablanmaqla) əsas borcu 49579,37 manat, faiz borcu 6947,95 manat müəyyən edilmişdir. Qeyd edilən ekspert rəyinin iş materiallarında olan və tərəflərin arasındakı kredit münasibətlərini əks etdirən müqavilə, ona əlavə və dəyişiklər barədə razılaşma və maliyyə sənədləri əsasında verilməsini nəzərə alaraq, məhkəmə kollegiyası sonuncu rəyi mötəbər sübut kimi qəbul edir. Mülki Məcəlləyə normalarına müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi və ona 1 №li əlavə və dəyişiklik üzrə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda həmin ödənişləri qismən yerinə yetirmişdir. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Baxılan iş üzrə tələbdən kənara çıxmaq üçün müstəsna hallar yoxdur. 19 aprel 2022-ci il tarixli, 9/2026 saylı ekspert rəyi ilə əsas borcun məbləği 49579,37 manat müəyyən etmişdir. İddia tələbindən isə görünür ki, iddiaçı cavabdehlərdən 48394,65 manat əsas borc tələb edir. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehdən tələb edilən əsas borc iddia tələbi həcmində tutulmalıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faiz borcuna aid hissədə Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı verilmiş ekspert rəyində cavabdehin xx.xx.2020-ci il tarixə olan faiz borcunun məbləği müəyyən edilərkən, müddət bitdikdən sonra illik 5% məbləğ də hesablanaraq ümumi faiz borcuna daxil edilmiş və faiz borcu ümumilikdə 6947,95 manat müəyyən edilmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, 6947,95 manat faiz borcu (illik 5%-lə hesablanmış borc da daxil olmaqla) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cərimə məbləğinə aid hissədə isə görünür ki, məhkəmə haqlı olaraq tənasübsüz surətdə yüksək olan 63106.62 manat məbləğində dəbbə pulunu azaldaraq 2000 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Göstərilənlərlə yanaşı kollegiya qeyd edir ki, iddia ərizəsində borcun X1 və “Sədərək” firmasından müştərək qaydada tutulması xahiş edilsə də, sonuncunun adı ərizədə cavabdehlər siyahısında göstərilməmiş, o, cavabdeh kimi işin baxılmasına cəlb edilməmişdir. Eləcə də, iddia ərizəsində Cavabdeh3 Cəbrayıl oğlu və X6 cavabdehlər kimi göstərilsələr də, onlara qarşı hər hansı tələb irəli sürülməmişdir. Bu səbəbdən kollegiya iddianın həmin şəxslərə münasibətdə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir və apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları qismən əsaslı hesab edir və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – əsas və faiz borcunun tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2014-cü il tarixli 589/14/PB/YF saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 №-li əlavə və dəyişikliyə və həmin kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən, əsas borc üzrə 48394,65 manat, faiz borcu üzrə 6947,95 manat (illik 5%lə hesablanmış borc da daxil olmaqla) tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci hesabına İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-dən 75 manat, cavabdeh X1 75 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar