Məhkəmə qərarları › İş №2(103)-1773/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1773/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1773/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin İddiaçı Cavabdeh qarşı; ilkin iddia ərizəsi üzrə Cavabdeh İddiaçı qarşı tələblər üzrə QƏTNAMƏSİ (Açar sözlər: alqı-satqı müqaviləsinə xitam verilməsi və pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1526/2022 saylı 15 noyabr 2022ci il tarixli qətnaməsindən ilkin iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş BA seriyalı 114556 nömrəli dövlət qeydiyyat şəhadətnaməsi əsasında mülkiyyətçi - Cavabdeh məxsus 27.000 manat dəyərində 2008-ci il buraxılışlı, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü ilədək aylıq 736 manat ödəmək şərti ilə İddiaçı nisyə satılmışdır.

2. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər müqaviləni imzaladıqdan sonra və o notarial qaydada təsdiq olunduğu anda əldə edən (İddiaçı) 500 manat mülkiyyətçiyə (Cavabdeh) ödəyir. Qalan 26.500 manatı isə İddiaçı hər ay 736,11 manat ödəmək şərti ilə xx.xx.2024-cü ilədək ödəməyi öz öhdəsinə götürür. Ödəniş notariusun bankda olan depozit hesabı vasitəsilə aparılır. İlkin 3 ay ərzində ödəniş həyata keçirilməzsə mülkiyyətçi tərəfindən müqaviləyə məhkəmə qaydası ilə xitam verilə bilər.

3. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən avtomobili mülkiyyətçidən qəbul edərkən əldə edən avtomobilin texniki sazlığını, görünüşün zədəsiz və qüsursuz olmasını və əla vəziyyətdə olduğuna dair sertifikatlaşdırma sənədinin uyğunluğunu yoxlama hüququna malikdir. Avtomobilin qəbulu zamanı və bundan sonra 3 gün müddət ərzində mülkiyyətçi öz mülahizəsini və ya mümkün olan iddialarını əldə edənə yazılı formada təqdim edə bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İlkin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.000 manat məbləğində pul vəsaitinin və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun, ümumilikdə 3060 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış və “Toyota Prius” minik markalı avtomobili xx.xx.2024-cü il tarixədək aylıq 736 manat ödəmək şərti ilə almışdır. Müqavilə üzrə ödənişləri vaxtında həyata keçirsə də, ona məlum olmayan səbəblərdən cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnaməni ləğv etmiş və bu səbəbdən müxtəlif vaxtlarda Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən o, cərimələrə məruz qalmışdır. Həmçinin nəqliyyat vasitəsinin sığortası olmadığı üçün əlavə cərimələnmişdir. Bir müddət keçdikdən sonra müqavilənin 3.1 və 4.3-cü maddələrinin tələblərini pozaraq nəqliyyat vasitəsinə baxış keçirmək adı altında avtomobil ondan geri alınmışdır. Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. O, pretenziya qaydasında cavabdehin ünvanına həm məktub, həm də teleqram ünvanlamış, lakin cavabdeh həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq orda faktiki yaşamadığına görə geri qaytarılmışdır. Hazırda məhkəməyə müraciət edərək cavabdehin təqsiri ucbatından ona dəymiş 3.000 manat maddi ziyanın tutulmasını tələb edir.

6. İlkin iddia ərizəsi üzrə Cavabdeh “alqı-satqı müqaviləsinin ləğv edilməsi və öhdəliyin yerinə yetirilməməsinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə xitam verilməsini və müqavilə öhdəliyi üzrə ödənilməmiş 1.810 manat, avtomobilə dəymiş 4.000 manat ziyanın və qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumunun, eləcə də əldən çıxmış faydaya görə 4.000 manat məbləğin, ümumilikdə 10.000 manatın qarşılıqlı iddia ərizəsi üzrə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə görə o, ödənilməmiş qalan 26.500 manatı hər ay ona 736 manat notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödəmək öhdəliyini götürmüşdür. Lakin müqavilə şərtlərinə baxmayaraq o, bir ayın (sentyabr) ödənişini etmiş və sonrakı dörd ay üçün müxtəlif bəhanalərlə ödəməkdən boyun qaçırmışdır. Bundan başqa avtomobil İddiaçı olduğu müddətdə onun icbari sığorta ödənişi bitmiş və onun səhlənkarlığına görə 600 manata kimi cərimə yazılmışdır. Lakin o, cərimə məbləğlərini ödəməmiş və bu səbəbdən avtomobil Azərbaycan Respublikası DYPİ-nin əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Eyni zamanda sözügedən avtomobil İddiaçı tərəfindən yararsız vəziyyətə salınmış və hazırda avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün 4.000 manat məbləğində xərc tələb olunur. Bundan başqa İddiaçı müqavilə öhdəliyinin şərtlərini pozaraq dörd ay ödəməli olduğu 3.000 manat puldan hazıradək cəmi 1.110 manat ödəniş etmiş və onun Cavabdeh müqavilə üzrə 1.890 manat borcu yaranmışdır. Göstərilənlərlə yanaşı tərəflər arasında müqavilə bağlanan zaman müqavilə predmetini təşkil edən “Toyota Prius” markalı avtomobilin satış qiyməti hazırki bazar qiymətləri ilə müqayisə edildikdə görünür ki, hazırda oxşar markalı avtomobillərin satış qiymətləri xeyli yüksəkdir. Odur ki, qeyd olunan hal nəzərə alınmaqla, ona 4.000 manat əldən çıxmış faydaya görə ziyan dəymişdir.

8. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1526/2022 saylı qərardadına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 07 sentyabr 2021-ci il tarixli hər ay 736,11 manat ödəniş etməklə 3 il müddətinə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə görə nəqliyyat vasitəsinin ümumi dəyəri 27.000 manata razılaşdırılmışdır. Həmin məbləğin 500 manatı isə ilkin ödəniş olaraq "xxxx" ASC vasitəsilə Cavabdeh hesabına köçürmüşdür. Müqavilə tərəfi Cavabdeh olmasına baxmayaraq, onunla bütün danışıqları Cavabdeh oğlu Kamran və qohumu Turalla aparmışdır. Ümumi razılığa əsasən o aylıq ödənişləri bank vasitəsilə etməli idi. Müqavilə bağlandığı tarixdən növbəti ay üçün Cavabdeh "xxxx" ASCdə olan hesabına 610 manat ödəniş etmişdir. Daha sonra Tural ona zəng edərək bildirmişdir ki, bank hesabından pul vəsaitinin çıxarılmasında çətinlik yarandığından aylıq ödənişləri Turala məxsus kart hesabına köçürsün. O etiraz etməmiş və təkliflə razılaşmışdır. Lakin sonradan aylıq ödənişləri həyata keçirməkdə çətinlik çəkdiyinə görə özü qarşı tərəfə təklif etmişdir ki, ödənişlər gündəlik həyata keçirilsin. Beləliklə o, hissəhissə avtomobilə görə ilkin ödəniş daxil olmaqla 3.000 manat ödəniş həyata keçirmişdir. Yəni, onun avtomobildən istifadə etdiyi 4 aya görə borcu qalmamışdır. Buna baxmayaraq sonuncu dəfə 2022-ci ilin yanvar ayında Tural ona zəng edərək təkid etmişdir ki, nəqliyyat vasitəsinə baxış keçirmək istəyir. Nəqliyyat vasitəsinə baxış adı ilə Tural adlı şəxs maşının açarlarını ondan alıb nəqliyyat vasitəsini aparmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən ona verilmiş etibarnamənin ləğv edilməsi səbəbilə ayrı-ayrı vaxtlarda DYPİ-nin müvafiq qərarları ilə 2 dəfə 100 manat olmaqla cərimə edilmiş, eyni zamanda nəqliyyat vasitəsinin texniki baxış və icbari sığorta müddətinin bitməsi səbəbilə müxtəlif vaxtlarda cərimə edilmişdir. O cavabdehdən həmin cərimələrin ödənilməsini tələb etməsinə baxmayaraq qarşı tərəf tələbini yerinə yetirməmiş nəticədə isə onun nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmışdır. O, avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə əldə etməsinə baxmayaraq, istifadə edə bilməmiş və fayda götürmədiyindən aylıq ödənişlərini həyata keçirə bilməmişdir. Bundan sonra o, kredit ödənişlərini həyata keçirməkdən imtina etmişdir. O, aylıq ödənişlərinə dair məhkəməyə qəbzlər təqdim etmişdir.

10. Verilmiş suallara əsasən İddiaçı bildirmişdir ki, hazırda nasaz vəziyyətdə olan avtomobilə dəymiş zərər onun təqsiri ilə bağlı olmamışdır. Belə ki, cavabdeh qərəzli olaraq maşını toz-torpaq içində saxlayıb, təkərlərini boşaldaraq onun barəsində dələduzluq fakti üzrə şikayətçi olmaq niyyətində olmuşdur. Halbuki, avtomobil ona ilkin olaraq təhvil verildikdə vurulmuş vəziyyətdə olmuşdur. Hətta cavabdeh ona təklif etmişdir ki, yavaşyavaş özü təmir etdirər. Nəqliyyat vasitəsinin yararsız vəziyyətdə olan fotoşəkilləri təqdim edildikdə isə o, avtomobilin buferinin tanış ustada saxlanıldığını, avtomobilin şüşəpəncərələrinin onun istifadəsində olduğu müddətdə yararsız vəziyyətə salındığını və rənglənmə işinin də onun öhdəsində olmasını etiraf etmişdir. O, həmin nasazlıqlarının onun özü tərəfindən gələcəkdə aradan qaldırılacağını və təmir üçün xeyli miqdarda xərc tələb olunmadığını bildirmişdir. Göstərilənlərə əsasən, İddiaçı ilkin iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

11. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, ilkin İddiaçı izahatında göstərilən xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, 07 sentyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı texniki cəhətdən saz vəziyyətdə olan 2008-ci il buraxılışlı, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil verilmişdir. Müqavilədə nəqliyyat vasitəsində gələcəkdə qüsurla bağlı pretenziya irəli sürülməsi üçün müddət müəyyən edilməsinə baxmayaraq bu müddət ərzində heç bir etiraz daxil olmamışdır. Daha sonra İddiaçı öz öhdəliklərindən qəsdən boyun qaçıraraq razılaşdırılmış ödənişləri yubatmış, telefon zənglərinə cavab verməmiş və görüşdən imtina etmişdir. Bu səbəbdən Cavabdeh onun tərəfindən verlmiş etibarnaməni ləğv etmişdir. Yalnız bundan sonra İddiaçı onunla əlaqə yaratmış və vaxtlı vaxtında ödənişlər edəcəyini vəd etmişdir. Buna baxmayaraq o, yenə də öz vədlərinə əməl etməmiş və mütamadi olaraq ödənişləri gecikdirmişdir. İddiaçı nəqliyyat vasitəsi 4 ay onun istifadəsində olduğu müddət ərzində 2.944,44 manat ödəməli olmasına baxmayaraq, 4 ay üçün hazıradək cəmi 1.110 manat ödəniş etmişdir. Həmçinin daxil olmuş SMS məlumatları əsasında müəyyən edilmişdir ki, İddiaçı nəqliyyat vasitəsi onun istifadəsində olduğu dövrdə texniki baxış və icbari sığorta müddətinin bitməsinə baxmayaraq bu öhdəliyini də yerinə yetirmədiyinə görə xeyli miqdarda cərimə edilmişdir. Bu səbəbdən Aynurun qohumu olan və bilavasitə danışıqlarda iştirak edən Tural Ramazanov təkid etmişdir ki, nəqliyyat vasitəsinə baxış keçirmək istəyir. Yalnız bundan sonra aşkar edilmişdir ki, Təhmasib nəqliyyat vasitəsini Sumqayıt şəhərində hansısa evin həyətindəki ağacın altında yararsız vəziyyətdə saxlamışdır. Həmin vaxt nəqliyyat vasitəsinin qabaq ön buferi və bamperi, arxa baqaj salonu yerində olmamış, şüşəsi qırılmış, təkərləri isə boşalmış vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsi ümumilikdə paslanmış vəziyyətə düşmüşdür. Yəni nəqliyyat vasitəsi idarə etmək üçün yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən Tural Ramazanov sözügedən nəqliyyat vasitəsini evakuator vasitəsilə daşıyaraq mülkiyyətçi Cavabdeh təhvil vermişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərilən xüsusatları təsdiq edən yəni “TOYOTA PRİUS HİBRİD” minik markalı, 77-CE248 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı təhvil verilməmişdən öncəki saz vəziyyəti və onun tərəfindən yarasız vəziyyətə salınmış hazırki vəziyyətinə dair fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Həmçinin bildirmişdir ki, nəqliyyat vasitəsi hazıradək təmir edilməmişdir. Verilmiş suallar əsasında qarşılıqlı iddiaçının vəkili Nümayəndə dəqiqləşmə verərək bildirmişdir ki, ilkin iddiaçı tərəfindən 4 aylıq ödənişlər üzrə hazıradək 1575 manat ödəniş etmiş və 1369,44 manat ödənilməmiş borcu qalmışdır. Həmçinin avtomobilə vurulan ziyanı 4.000 manat dəyərləndirmişlər və 19 sentyabr 2022-ci il tarixli 9/4645 saylı ekspert rəyi ilə sözügedən məbləğ 3.927 manat müəyyən edilmişdir. Buradan da aydın görünür ki, qarşılıqlı iddia tələbi əsaslı olmuşdur. Bundan başqa qeyd edir ki, iş materiallarında olan ödəniş çeklərinə əsasən özləri də hesablama aparmış, bu zaman məlum olmuşdur ki, ödəniş aylar üzrə kəsrlərlə edilmiş, gündəlik ödəniş etməli olduğu halda bəzən günlərlə ödəniş edilmədiyi üçün borc yaranmışdır. İlkin ödədiyi 500 manatdan sonra iddiaçı pulun ödənilməsini gecikdirmişdir. Odur ki, göstərilənlərə əsasən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıq iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasında şahid qismində X5 izahatında bildirmişdir ki, İddiaçı ilə əsasən danışıqlar onun tərəfindən aparılmışdır. Belə ki, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh oğlu Kamran onun həm dostu, həm də müdiridir. Bu səbəbdən də Kamranın bütün işlərini faktiki olaraq o idarə edir. Danışıqlar zamanı İddiaçı ilk gündən başlayaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, ilkin ödəniş 1.200 manat ödənilməli olmasına baxmayaraq imkanının olmamasını əsas gətirdiyinə görə 800 manat ilkin ödəniş üçün razılaşmışlar. Lakin notariusda müqavilə bağlanarkən Təhmasib 800 manat deyil, 500 manatının olduğunu bildirdiyinə görə ona köməklik etmək üçün 500 manata razılaşmışdır. Müqavilə bağlandıqdan sonra ilkin ödəniş olan 500 manat "xxxx" ASC vasitəsilə Cavabdeh hesabına köçürülmüşdür. 1-ci ayın ödənişi 736 manat olmasına baxmayaraq İddiaçı 610 manat vəsaiti Cavabdeh bank hesabına köçürmüşdür. Həmin pulun çıxarılmasında çətinlikyarandığına görə ümumi şifahi razılıq əsasında aylıq ödənişlərin onun kart hesabına köçürülməsi razılaşdırılmışdır. Bundan sonra Təhmasib ödənişləri gecikdirmiş və dəfələrlə onun zənginə cavab verməmişdir. Uzun müddət sonra əlaqə saxlandıqda isə Təhmasib özü təklif etmişdir ki, birdəfəlik aylıq ödəniş etməyə çətinlik çəkir ona görə də gündəlik ödənişlər etmək istəyir. O, İddiaçı bu təklifi ilə də razılaşmışdır. Lakin İddiaçı yenə də öz vədinə əməl etməmiş və ödənişləri yubatmışdır. İddiaçı nəqliyyat vasitəsi 4 ay onun istifadəsində olduğu müddət ərzində 2944,44 manat ödəməli olmasına baxmayaraq, hazıradək ilkin ödəniş 500 manat Cavabdeh bank hesabına köçürmüş, 1-ci ay üçün 610 manatı bank hesabına köçürmüş, bundan sonra onun kart hesabına hissə-hissə olmaqla 1000 manata yaxın pul ödəmişdir. X2 həmçinin qeyd etmişdir ki, nəqliyyat vasitəsi müqavilə bağlandıqdan sonra İddiaçı təhvil verildikdə saz vəziyyətdə olmuş həmçinin texniki baxış və icbari sığorta müddəti bitməmişdir. Danışıqlara əsasən sonrakı dövr üçün texniki baxışdan keçirmək və icbari sığorta etdirmək İddiaçı üzərinə düşürdü. Lakin Təhmasib bu öhdəliyi yerinə yetirmədiyinə görə nəqliyyat vasitəsinə DYPİ tərəfindən cərimələr və gecikdirilmiş faizlər yazılmışdır. Bu səbəbdən o, narahat olaraq Təhmasibə təkid etmişdir ki, avtomobili görmək istəyir. O, Təhmasibin iştirakı ilə nəqliyyat vasitəsini Sumqayıt şəhərində hansısa evin həyətindəki ağacın altında yararsız vəziyyətdə aşkar etmişdir. Həmin vaxt nəqliyyat vasitəsinin qabaq ön buferi və bamperi, arxa baqaj salonu yerində olmamış, şüşəsi qırılmış, təkərləri isə boşalmış vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsi ümumilikdə paslanmış vəziyyətə düşmüşdür. Eyni zamanda aşkar etmişdir ki, nəqliyyat vasitəsinə yararsız yağ mayesi boşaldılmış və içinə selofan tıxanmışdır ki, bu hal nəqliyyat vasitəsi üçün xeyli zərərlidir. Avtomobilin şüşəsi qırıq vəziyyətdə olduğundan daxili salonu da keyfiyyətsiz hala düşmüşdür. Dolayısıyla nəqliyyat vasitəsi idarə etmək üçün tam yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən o, evakuator xidmətinə müraciət edərək nəqliyyat vasitəsini oradan daşımış və mülkiyyətçisi Cavabdeh təhvil vermişdir. Nəqliyyat vasitəsi hazıradək təmir edilməmişdir.

13. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı ərizə üzrə cavabdeh Babayev X4 Aynur Kərim qızının nümayəndəsi Nümayəndə və şahid qismində dindirilmiş X3 izahatında göstərilənlərlə bağlı bildirmişdir ki, həqiqətən də nəqliyyat vasitəsinin qabaq ön buferi və bamperi, eləcə də, arxa baqaj salonu üzərində olmamış, şüşəsi isə qırılmış vəziyyətdə olmuşdur. O, qeyd etmişdir ki, həmin ehtiyat hissələri hazırda onun ustasında saxlanılır və göstərilən qüsurların təmiri qarşılıqlı iddiaçının göstərdiyi kimi 4000 manat deyil, 100-200 manat təşkil edir ki, o həmin ehtiyat hissələrini təmirini, eyni zamanda qırılmış şüşənin təmirini və avtomobilin ümumi olaraq rənglənməsi xərcini öz üzərinə götürür, avtomobilin isə ona geri qaytarılmasını xahiş etmişdir.

14. İddiaçı mülki iş üzrə məhkəmə baxış iclası təyin edildikdən sonra iddia tələbinin həcminin artırılmasına ərizə təqdim edərək müqavilə münasibətlərinin davam etdirilməsi və mübahisə predmeti olan avtomobilin ona təhvil verilməsini tələb etməsinə baxmayaraq, ərizə MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1526/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) ilkin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, tərəflər, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2021-ci il tarixdə 6 saylı Notariat ofisində bağlanmış və reyestrdə 3M-1833 nömrə ilə qeydə alınmış nisyə alqı-satqı müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 1.369,44 manat, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3.927 manat və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 73 manat olmaqla, ümumilikdə 5.369,44 (beş min üç yüz altmış doqquz manat qırx dörd qəpik) manat İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 425.1, 427.3, 442, 448.1, 571.1, 600.1, 600.4, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən ilkin iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini, ilkin iddianın tam təmin edilməsini və qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuzdur və tam olaraq ləğv edilməli, iddiaları əsaslı hesab edilməklə təmin edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Məhkəmə tərəfindən işaraşdırılarkən nəzərə alınmalı əsas məqam cavabdehin müqaviləyə xitam verməklə əlaqədar iddia hüququnun yaranmaanını müəyyən etmək olmalı idi. Belə ki, Tərəflərar asında bağlanılmış 07 sentyabr 2021- ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən Mülkiyyətçinin müqaviləyə xitam vermək hüququ iddiaçının ilk 3 ay ərzində ödəniş həyata keçirmədiyi halda yarana bilər. İş materiallarından da görünür ki, cavabdehin adından bütün danışıqları onun əməkdaşı X6 aparmışdır. Qarşı tərəf bu məsələ ilə razılığını bildirmişdir. Əlimizdəolan və məhkəməyə təqdim edilən qəbzlərdən görünürki, iddiaçı 1110 azn vəsaiti cavabdehin,1890 Azn vəsaiti isə Ramazanov Turalın kartına mədaxil etmiş və 600 AZN vəsaiti isə nağd qaydada vermişdir. Şəxslərin izahatından da görünürki, hissəvi ödəniş qaydası tərəflər arasında razılaşdırılmışdır. Yəni MM-nin 386 və 404-cü maddələri ilə əlaqəli halı təfsir edərkən cavabdehin məhkəməyə iddia vermək hüququ yaranmamışdır. Yəni cavabdeh öz öhdəliyini pozaraq avtomobili almış və iddiaçıya maddi ziyan vurmuşdur. Mülki Məcəllənin öhdəliyin icrası və icraedilməməsinə görə məsuliyyət müddəalarınaəsasən Borclu kreditor qarşsıında müqavilədən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə yaranan tələbə görə cavabdehdir. Yəni iddiaçı qəsdən və ya ehtiyatsızlıqdan elədiyi hərəkətlərə görə cavabdeh qarşısında qarşılıqlı iddia üzrə cavabdeh ola bilərdi. Məhkəmə sənədlərinə əlavə olunmuş müvafiq qəbzlərdən göründüyü kimi iddiaçı cavabdehə 4 ay üçün 1110 azn Aynur xanıma, 1890 azn isə Ramazanov Nicata qəbz vasitəsilə və 600 azn nağd qaydada Ramazanov Nicata ödənilməklə ümumilikdə, 3600 AZN vəsait ödəmişdir. İlk 3 ay üçün isə aylıq məbləğ 736,11azn olmaqla cəmi 2208,33 AZN məbləğində vəsait edir ki, sənədlərdən göründüyü kimi iddiaçı bu məbləği artıqlaması ilə cavabdehə ödəmişdir və müqavilə şərtlərinə riayət etmişdir. Yəni cavabdehin müqaviləyə xitam vermək hüququ qeyd edilən an üzrə yaranmamışdır. Bu xitamı özündə ehtiva edən müvafiq hərəkət olan avtomobilin iddiaçıdan alınmasını isə özbaşına etmişdir və bu hərəkəti etmək üçün hüquqi əsası olmamışdır. Halbuki tərəflərin özaralarında ödəniş qaydasını dəyişməyə dair razılığı olmuş və bu heç bir tərəfdən məhkəmə prosesində mübahisələndirilməmişdir. Yəni Cavabdehin və onun nümayəndəsinin qanunsuz hərəkətləri nəticəsində İddiaçıya ziyan dəymiş, faydası əldən çıxmış və avtomobilə gələcəkdə yaranmasıehtimal olunan mülkiyyət hüququ əldən çıxmışdır. Cavabdeh Müqavilə və Mülki Məcəlləilə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və tələb hüququ üçün müəyyən edilmiş şərt iddiaçı tərəfindən yerinə yetirilsə də belə, tələb hüququnun icra mexanizmi kimi göstərilən məhkəmə qaydasında həll yoluna getməyərək, müvafiq avtomobili iddiaçının istifadəsindən qeyriqanuni yollarla almışdır. Məhkəmədə əsas qiymət verilməli olan yuxarıdakı məqamlarar aşdırılmamışdır. Müvafiq araşdırılma aparılacağı təqdirdə qarşılıqlı iddianın heç bir əsası olmadığı, qəbzlər vasitəsilə müvafiq ödənişlərin öztəsdiqini tapdığını və cavabdehin müqavilə üzrə öhdəliklərini pozaraq avtomobili İddiaçının istifadəsindən almaqla ona əhəmiyyətli ziyan vurduğunun təsdiqi tapılardı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilkin iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22. Maddə 600.1 alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Maddə 600.4 əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Maddə 571.1 əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.

25. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

27. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 421.1 müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

30. Maddə 421.2 tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

31. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 425.2 öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 121.1 məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

37. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırki halda, ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin bötövlükdə ləğv edilməsi, ilkin iddianın təmin qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etsə də, qarşılıqlı iddia təmin edilməyən hissədə mübahisələndirilmədiyindən, qətnamə yalnız ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1526/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yaranmış mübahisə ilə bağlı “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə notarial qaydada verilmiş ƏN-V seriyalı 787977 nömrəli etibarnaməyə əsasən həmin vaxtdan 4 ay müddətində İddiaçı istifadəsində olmuş, 2022-ci il yanvar ayından hazıradək isə avtomobil Cavabdeh faktiki sahibliyindədir və texniki cəhətdən nasaz vəziyyətdə olmaqla təmirə ehtiyacı vardır.

45. Hazırda ilkin İddiaçı ilkin Cavabdeh müqavilə üzrə ödənilmiş 3.000 manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb edir. Həmçinin işin faktiki hallarında görünür ki, onun ilkin tələbi nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq ona geri qaytarılması olmuşdur.

46. Belə ki, ilkin İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli pretenziya qaydasında verilmiş və ilkin iddia ərizəsi üzrə Cavabdeh ünvanlanmış ərizədən müəyyən edilmişdir ki, o, öhdəliklərin pozulması səbəbiylə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin pozulmasını və tərəfindən ödənilmiş 3.000 manat maddi ziyanın ona ödənilməsini tələb etmişdir.

47. Eyni zamanda ilkin İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli teleqramdan müəyyən edilir ki, o, Cavabdeh bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsini, tərəfindən ödənilmiş 3.000 manat maddi ziyanın ona ödənilməsini tələb etmiş və əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

48. İlkin iddia ərizəsi üzrə Cavabdeh ilkin iddia tələbinə etiraz edərək bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə xitam verilməsini və müqavilə öhdəliyi üzrə ödənilməmiş 1.810 manat, avtomobilə dəymiş 4.000 manat ziyanın və qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumunun, eləcə də əldən çıxmış faydaya görə 4.000 manat məbləğin, ümumilikdə 10.000 manatın qarşılıqlı iddia ərizəsi üzrə cavabdehdən tutularaq ona ödənilməsi tələb etmişdir.

49. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, tərəflər hər biri ayrı-ayrılıqda öz şərtləri daxilində müqavilənin ləğv edilməsinə razıdır.

50. Bundan başqa işin faktiki hallarından müəyyən edilir ki, kreditor olan Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı kredit borcunun qaytarılması ilə bağlı müraciətlər olunmuşdur. Qeyd olunan müraciəti məhkəmə haqlı olaraq müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş təklifə bərabər tutur.

51. Odur ki, məhkəmə qarşlıqlı iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsində haqlı olaraq hesab etmişdir ki, bu hissədə qarşılıqlı iddia tələbi təmin edilməlidir.

52. İşin mübahisəli hallarından biri, tərəflərin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin lazımınca və vaxtında yerinə yetirilməməsidir.

53. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra edərək, mülkiyyətində olan və texniki cəhətdən saz vəziyyətdə olan “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı təhvil vermişdir.

54. İddiaçı mübahisə predmeti olan avtomobilin alqı-satqı müqaviləsi bağlandıqdan sonra ona nasaz vəziyyətdə təhvil verilməsi iddia etməsinə baxmayaraq o, buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, müqavilənin 4.2-ci maddəsində birbaşa olaraq nəzərdə tutulmuşdur ki, avtomobili qəbul edərkən onun texniki sazlığını, görünüşün zədəsiz və qüsursuz olmasını, əla vəziyyətdə olduğuna dair sertifikatlaşdırma sənədini yoxlamaq hüququ vardır. Lakin İddiaçı bununla bağlı pretenziyasını qarşı tərəfə bildirməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, o, öz izahatında mübahisə predmeti olan avtomobilin onun faktiki istifadəsində olduğu 4 ay müddətində buferinin çıxarılaraq tanış ustasında saxlanıldığını, avtomobilin şüşə-pəncərələrinin qırıldığını, o cümlədən təkərləri boşalaraq onun istifadəsində olduğu müddətdə yararsız vəziyyətə salındığını və rənglənmə işinin də onun öhdəsində olmasını etiraf etmişdir. O, həmin nasazlıqlarının onun özü tərəfindən gələcəkdə aradan qaldırılacağını və təmir üçün xeyli miqdarda xərc tələb olunmadığını bildirmişdir.

55. Cavabdeh vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sözügedən avtomobilin fotoşəkilləri tədqiq edilərkən müəyyən edilmişdir ki, onun iddia etdiyi nöqsanlar mövcuddur. İddiaçı buna dair münasibəti öyrənildikdə isə o, həmin nöqsanların onun istifadə müddətinə təsadüf etdiyini etiraf etmiş və özü tərəfindən qüsurların aradan qaldırıla biləciyini bildirmişdir.

56. Beləliklə, İddiaçı faktiki istifadəsində olduğu 4 ay müddət ərzində mübahisə predmeti olan avtomobilə maddi zərər vurulması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır.

57. Lakin dəymiş zərərin dəyəri ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Eyni zamanda ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizə üzrə cavabdeh İddiaçı izahatında etiraf etmişdir ki, həqiqətən də o, nəqliyyat vasitəsinin qabaq ön buferini və bamperini, eləcə də, arxa baqaj salonunu özündə saxlamış həmçinin nəqliyyat vasitəsi onun istifadəsində olduğu müddətdə şüşəsi qırılmış, təkərləri isə boşalmış vəziyyətdə olmuşdur. O, qeyd etmişdir ki, həmin ehtiyat hissələri onun ustasında saxlanılır və göstərilən qüsurların təmiri qarşılıqlı iddiaçının göstərdiyi kimi 4.000 manat deyil, 100-200 manat təşkil edir. Avtomobilə dəymiş zərərin dəyəri ilə bağlı tərəflər arasında mübahisə olduğundan məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

58. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktından müəyyən edilmişdir ki, 2008-ci il buraxılışlı, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşağıdakı əvəz olunmalı ehtiyat hissələri: arxa baqajın obifkası 285 manat, arxa baqajın knopkasının plasması 65 manat, akkumlyatorun üstünün plasması 25 manat, stopların plasması 30 manat, jalüz 80 manat, arxa sağ qapının şüşəsi 70 manat, arxa sol stopda çat var, qabaq bufer 300 manat, 4 təkər datçiki 130 manat, qabaq təkərlər 140 manat, tormoz mayesi 22 manat, motor yağı 90 manat, antifriz 70 manat, 1 və 14-cü batareyka (zəifdir) 50 manat, motorun arxa salniki 35 manat, motorun qabaq salniki 35 manat, su pompası 80 manat, arxa sol stupica 145 manat, qabaq sağ stupica 125 manat, təmir işləri: armatur işçilik 660 manat, malyar işi (arxa buferdə çat, arxa sol qapıda batıq, qabaq sol qapıda batıq və qabaq sol krıloda batıq var, sağ-sol ayaqaltı, arxa sol krılo paslıdır, arxa qabaq sağ qapılarda cızıq var) 2.200 manat olmaqla, ümumilikdə 4.637 manat təşkil edir.

59. Məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/4645 saylı ekspert rəyindən isə görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3.927 manat müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəyə əsasən həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

61. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/4645 saylı ekspert rəyini iş üzrə digər sübutlarla birgə tədqiq edib haqlı olaraq hesab etmişdir ki, ekspert rəyi mötəbər sübut olaraq qəbul edilməlidir.

62. Göründüyü kimi, ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuş və müqavilənin şərtlərinə əməl etməmişdir.

63. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı tərəfindən cəmi 1575 (bir min beş yüz yetmiş beş) manat ödəniş həyata keçirilmişdir. Həmin ödənişlərdən 500 manat müqavilə bağlandığı tarixdə, yəni xx.xx.2021-ci il tarixdə və 610 manat xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin 4 saylı filialı vasitəsilə, 170 manat xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə 100 manat “E-Manat” ödəmə terminalları vasitəsilə həyata keçirilmişdir. Qalan vəsait isə müxtəlif tarixlərdə müəyyən vaxt intervalları ilə 25, 50, 70, 75 manat olmaqla ödənilmişdir.

64. Göründüyü kimi, İddiaçı avtomobil onun istifadəsində olduğu 4 ay müddətində hər ay üçün 736,11 manat olmaqla 2944,44 manat ödəməli olduğu halda, hazıradək 1575 manat ödəmişdir. O, həmçinin bu məbləği müəyyən vaxt intervalları ilə cüzi ödənişlər etməklə həyata keçirmişdir. Hazırda onun Cavabdeh 1369,44 (min üç yüz altmış doqquz manat qırx dörd qəpik) borcu yaranmışdır. Bununla da o, öhdəliyin icrasını gecikdirmişdir.

65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqa zidd əməl dedikdə, qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. İlkin İddiaçı cavabdeh və Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət etsə də, ona qarşı dəymiş hər hansı maddi ziyanın olduğu məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bununla da, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilkin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası əsassız olduğundan rədd edilməlidir.

66. Həmçinin ilkin iddia ərizəsi üzrə Cavabdeh “alqı-satqı müqaviləsinin ləğv edilməsi və öhdəliyin yerinə yetirilməməsinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2021-ci il tarixdə 6 saylı Notariat ofisində bağlanmış və reyestrdə 3M-1833 nömrə ilə qeydə alınmış nisyə alqı-satqı müqaviləsinə xitam verilməlidir.

67. Öhdəliyin icra edilməməsinə görə İddiaçı tərəfindən avtomobildən istifadə etdiyi 4 ay müddətinə ödəməli olduğu 2944,44 manatdan 1575 manat hissəsi ödənildiyindən qalıq qalan 1369,44 manat borc ödəməlidir. Odur ki, qarşılıqlı iddianın öhdəliyin yerinə yetirilməməsinə görə dəymiş ziyanın ödənilməsi hissəsində qarşılıqlı iddia tələbi qismən təmin edilməli və müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 1.369,44 manat borc İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.

68. Qarşılıqlı iddia tələbi üzrə avtomobilə dəymiş ziyana görə tələb olunan 4.000 manat ziyan isə ekspert rəyinə əsasən müəyyən edilmişdir. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3.927 manat İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd, qarşılıqlı iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1526/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar