Məhkəmə qərarları › İş №2(103)-1774/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1774/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1774/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə pulun vərəsədən tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3437/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Allahverdiyev Arif Talıb oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank sonuncuya illik 23 faiz olmaqla, 35 ay müddətinə 6839 manat məbləğində kredit vermişdir. Allahverdiyev Arif Talıb oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Cavabdeh sonuncunun qanun üzrə vərəsəsi kimi tanınaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonuncu anasından qalan miras əmlakı qəbul etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 16585.23 manat (əsas borcu - 6839 (altı min səkkiz yüz otuz doqquz) manat, faiz borcu - 9746.23 (doqquz min yeddi yüz qırx altı.23) manat) məbləğin və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Allahverdiyev Arif Talıb oğlu arasında xx.xx.2016-cı il tarixli 45-xx-xx-078878 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Allahverdiyev Arif Talıb oğluna 35 (otuz beş) ay müddətinə, illik 23 (iyirmi üç) % olmaqla 6839 (altı min səkkiz yüz otuz doqquz) manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 45-xx-xx-078878 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu - 6839 (altı min səkkiz yüz otuz doqquz) manat, faiz borcu - 9746.23 (doqquz min yeddi yüz qırx altı.23) manat, ümumilikdə 16585.23 (on altı min beş yüz iyirmi səkkiz.23) manat məbləğində borc təşkil edir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, Allahverdiyev Arif Talıb oğlunun vərəsəsi Cavabdehdur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3437/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia qismən təmin edilmiş, Cavabdeh (xx.xx.2016-cı il tarixli, 45-16-11- 078878 saylı müqavilə üzrə) 3520 (üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı qarşısında, atasının banka olan borcu üzrə, sonuncudan miras qalmış əmlakın dəyəri həcmində borcludur, odur ki, iddia qismən təmin edilməli, Cavabdeh (xx.xx.2016-cı il tarixli, 45-xx-xx- 078878 saylı müqavilə üzrə) 3520 (üç min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

6. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 1306.1ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdırmamışdır. Məlum olduğu kimi iddiaçı tərəfindən vəfat etmiş borclu Allahverdiyev Arif Talıb oğlunun vərəsəsi kimi Cavabdeh qismində məhkəməyə verilmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan xx.xx.2022-ci il tarixli notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi qətnamə qəbul edilərkən məhkəmə tərəfindən qiymət verilməmiş və münasibət bildirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

17. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

21. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

23. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

AR Mülki Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin ilə Allahverdiyev Arif Talıb oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank sonuncuya illik 23 faiz olmaqla, 35 ay müddətinə 6839 manat məbləğində kredit vermişdir. Allahverdiyev Arif Talıb oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

29. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 16585.23 manat (əsas borcu - 6839 (altı min səkkiz yüz otuz doqquz) manat, faiz borcu - 9746.23 (doqquz min yeddi yüz qırx altı.23) manat) məbləğin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5594 saylı rəyinə əsasən, Allahverdiyev Arif Talıb oğlunun banka əsas borc üzrə 6839 manat, faiz borcu üzrə 4087.83 manat borcunun olduğu müəyyən edilmişdir.

30. Eyni zamanda müəyyən edilmişdir ki, və Cavabdeh kredit müqaviləsi üzrə borclu Allahverdiyev Arif Talıb oğlunun qanun üzrə vərəsəsi kimi tanınaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, sonuncu atasından qalan miras əmlakı qəbul etmişdir.

31. Miras əmlak Şabran şəhərində yerləşən 0.02 ha torpaq sahəsindən ibarət olmuşdur.

32. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2022-ci il tarixli, YDQM saylı, 004-091/2022 saylı rəyinə əsasən cavadbehə atasından miras qalmış Şabran şəhərində yerləşən 0.02 ha torpaq sahəsinin bazar qiyməti 3520 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən qiymətləndirmə rəyini tərəflər mübahisələndirməmişlər.

33. İddiaçı hesab edir ki, Cavabdeh mərhum atası Allahverdiyev Arif Talıb oğlunun vərəsəsi olaraq, onun bank qarşısında olan öhdəliyi üzrə tam həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən ondan kredit müqaviləsi üzrə mövcud borc məbləği tam həcmdə bankın xeyrinə tutulmalıdır.

34. Cavabdeh isə hesab edir ki, o, miras əmlak olaraq mərhum atasın məxsus olmuş 0,02 ha torpaq sahəsini vərəsə kimi qəbul etdiyindən, həmin torpaq sahəsinin qiyməti həcmində də borcu ödəməlidir.

35. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mülki Məcəllənin 1306.1-ci maddəsinə istinad etməklə bu qənaətə gəlmişdir ki, cavabdeh miras qoyan atasının borc öhdəliyinə görə yalnız miras əmlakın dəyəri həcmində məsuliyyət daşıyır.

36. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşaraq hesab edir ki, mübahisənin bu qaydada həlli mülki qanunvericiliyin tələblərindən irəli gəlir.

37. Belə ki, cavabdeh, qeyd edildiyi kimi mərhum atasından miras qalmış Şabran şəhərində yerləşən 0,02 ha torpaq sahəsini vərəsə olaraq qəbul etmişdir. Allahverdiyev Arif Talıb oğluna hər hansı digər əmlakın məxsus olması və onun cavabdeh tərəfindən miras kimi qəbul edilməsi müəyyən edilməmişdir.

38. Belə olduğu halda, cavabdeh mərhum atasının vərəsəsi olaraq, onun kreditorları qarşısında yalnız qəbul edilmiş miras əmlakın dəyəri həcmində məsuliyyət daşıyır.

39. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin miras kimi qəbul etdiyi əmlakın dəyəri 3520 manat təşkil etdiyindən, iddianın məhz həmin məbləğdə olmaqla, qismən təmin edilməsi düzgün olmuşdur.

40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3437/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar