Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1775/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Anar Ağayevin, Cavabadeh Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair 2(006)- 112/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT-un adından çıxış edən törəmə müəssisəsi olan “X1 Edilməsi Agentliyi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14.06.2013-cü il tarixli, 221G saylı kredit müqaviləsinə əsasən əsas borcu 9932,61 (doqquz min doqquz yüz otuz iki manat, 61 sent) manat, faiz üzrə 3485,65 (üç min dörd yüz səksən beş manat, 65 qəpik) manat məbləğində, ümumilikdə 13418,26 (on üç min dörd yüz on səkkiz manat, 26 qəpik) manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" QSC-nin xeyrinə ödənilməsi, kredit borcunu Cavabdeh2 mülkiyyətində olan “X2-5” minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə (buraxılış ili 2013, Ban-LGWDBE176DC645106, rəngi gümüşü) yönəldərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitinin İddiaçı QSC BOKT-un hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehlərdən tutulub İddiaçı QSC BOKT-un hesabına ödənilməsinə dair qətnamə çıxarılmasına xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə “X1 Edilməsi Agentliyi” MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-ninproblemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında S-AVK-1439 saylı, 24.11.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh2 kredit müqaviləsinə dair sənədlər təhvil-təslim aktına əsasən “X1 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. "xxxx" ASC-nin “Nizami” filialı ilə Cavabdeh2 arasında 14.06.2013-cü il tarixli, 221G saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 15130 (on beş min bir yüz otuz) manat məbləğində kredit verilmişdir. 04.06.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan “X2-5” minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili (buraxılış ili 2013, Ban- LGWDBE176DC645106, rəngi gümüşü) ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 14.06.2013-cü il tarixli, AA seriyalı, 089793 №-İi «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. "xxxx" ASC-nin “Nizami” filialı ilə Cavabdeh1 14.06.2013-cü il tarixdə, 221 G nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış 14.06.2013-cü il tarixdə, 221 G nömrəli kredit müqaviləsinə əsasən 15130 (on beş min bir yüz otuz) manat məbləğində 36 (otuz altı) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banlardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18%-lə hesablanır. Cavabdeh2 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan kredit müqavləsi üzrə əsas borcu 9932,26( doqquz min doqquz yüz manat, 26 qəpik) manat faiz üzrə 3485,65 (üç min dörd yüz səksən beş manat, 65 qəpik) manat məbıəğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi, iddianın Cavabdeh2 münasibətdə qismən təmin edilməsi, əsas borc üzrə 9932,61 manat, faiz borcu üzrə 2507,28 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatın, cəmi 12.467,89 manatın Cavabdeh2 tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus **-ER-*** dövlət qeydiyyat nişanlı, «X2-5 minik» markalı (buraxılış ili 2013, ban - LGWDBE176DC645106, rəngi- gümüşü) avtomobilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 16000 manat məbləğində müəyyən edilməklə açıqhərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2İddiaçı QSC BOKT-a olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan məbləğin Cavabdeh2 qaytarılması, iddianın Cavabdeh2 münasibətdə digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manatın 10 manatının İddiaçı QSC BOKT-dan, 135 manatının isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmidir. Qəbul edilən qətnamənin nəticə hissəsində iddia tələbinin “satışdan əldə edilən vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qalıq məbləğin cavabdehlərdən ümumi qaydada tutulması” hissəsinə münasibət bildirmədiyindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli əlavə qətnaməsi ilə iddia tələbinin həmin hissədə təmin edilməsi, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh2 İddiaçı QSC BOKT-un xeyrinə ümumi qaydada tutulması qət edilmişdir. İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində qismən dəyişdirilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)-112/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 məxsus **-ER-*** dövlət qeydiyyat nişanlı, “X2-5 minik” markalı, (buraxılış ili 2013, ban – LGWDBE176DC645106, rəngi – gümüşü) avtomobilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 16000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, məhkəmə tərəfindən sözügedən avtomobilin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticə düzgün deyildir. Ona görə ki, mütəxəssis rəyində qeyd olunan avtomobil qiyməti real bazar qiymətlərinə uyğun deyil və avtomobil bazar qiymətindən yüksək məbləğdə müəyyən edilmişdir. Bundan başqa rəy tərtib edilərkən avtomobilə vizual baxış keçirilməmiş, anologiya tətbiq edilməklə rəy verilmişdir. Lakin işə baxan məhkəmə tərəfindən sübutların mötəbərliyi yoxlanılmamış, eyni zamanda atomobilin istismara yararlı müddətinin keçməsini nəzərə almamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatdırılmasına baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasında təmsil edilməmiş, bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.06.2013-cü il tarixli, 221G saylı kredit müqaviləsi və ona uyğun tərtib edilmiş kredit cədvəlinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 18% ödəmək şərti ilə 15130 manatı məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişlər. Hazırda İddiaçı QSC BOKT borcun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət etdiyi məbləğ əsas borcu 9932,61 (doqquz min doqquz yüz otuz iki manat, 61 qəpik) manat, faiz üzrə 3485,65 (üç min dörd yüz səksən beş manat, 65 qəpik) manat, ümumilikdə 13418,26 (on üç min dörd yüz on səkkiz manat, 26 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5417 №-li, 31.08.2021-ci il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehlərin banka 14 iyun 2016-cı il tarixə olan borcu 9932,62 manat əsas borc, 2507,28 manat faiz borcu olmaqla, cəmi 12.439,90 manat məbləğində hesablanmışdır. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.06.2013-cü il tarixli, 221G saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus «Wingle5-minik” markalı avtomobil (buraxılış ili 2013, ban LGWDBE176DC645106, rəngigümüşü) öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edilmişdir. Bu müqavilə 14.06.2013cü il tarixli, 221G saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman ipoteka predmeti olan nəqliyyat vasitəsinin qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli, H/09-PLS saylı hesabatından görünür ki, nəqliyyat vasitəsinə baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən avtomobilin internet resurslarına, bu sahədə nəşr edilən qəzet, jurnal və s. daşınar əmlak bazarındakı vəziyyəti xarakterizə edən anoloıi bazar məlumatlarına, etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad edilərək qiymətləndirməsi aparılmış və **-ER-*** dövlət qeydiyyat nişanlı «X2-5 minik” markalı avtomaşının hazırda mövcud olan likvid qiyməti 16000 (on altı min) manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 309.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, ipoteka predmeti olan nəqliyyat vasitəsinin real vəziyyəti araşdırılmadan onun ilkin satış qiyməti müəyyən edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)- 112/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(006)-112/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə - avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1775/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1775/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver