Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1776/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Qürbət Ağa oğlu Əsgərov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(005)- 2594/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “İddiaçı ASC” arasında bağlanmış kredit müqaviləsi üzrə 1.255 manat əsas borc, 966,44 manat cərimə, 183,43 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2.405,84 (iki min dörd yüz beş manat, səksən dörd qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 877 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz 24% ödənilmək şərti ilə 3.150 AZN (üç min yüz əlli) məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş pul borcu 1.255 manat əsas borc, 966,44 manat cərimə, 183,43 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2.405,84 manat məbləğində borcu mövcuddur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(005)- 2594/2020 nömrəli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2594/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsinin nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin icra müddətinin bitdiyi xx.xx.2013-cü il tarixdən hesablanması və iddia tələblərinin rədd edilməsinin düzgün olmadığını qeyd etmişdir. Bu zaman məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli, xx xxxxxx 2014-cü il tarixli və xx xxx 2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin hakimi iddia müddəti ilə bağlı ərizəni alaraq, elə həmin məhkəmə prosessində iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Bu isə işə bərabərlik prinsiplərinin və obyektivliyin pozulması ilə baxılması deməkdir. Çünki hakim işin tam obyektiv araşdırılası üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Belə ki, iddia müddətinin tətbiqi məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququnun pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İddia müddəti tətbq edilən müqavilələrdən birini MM-nin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Birinci instansiya məhkəməsi tələbini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulub-pozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 3150 manat kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit üqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Məhkəmə isə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsi həyata keçirməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 877 saylı kredit müqaviləsinə əsasən borcverən illik 26% dərəcəsi ilə 24 ay müddətinə qaytarmaq şərti ilə 3150 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı, kreditə görə hesablanacaq faizləri, habelə ödənişlərin gecikdirilməsinə görə hesablanacaq cərimələri borcverənə ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 877 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək hər ay 169,71 manat ödəməli idi; xx.xx.2011-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, 3150.00 AZN məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh verilmişdir; xx.xx.2011-ci il tarixli, 877 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, həmin kredit müqaviləsi üzrə borc xx.xx.2016-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövru əhatə edir. Hesabdan çıxarışa əsasnə sonuncu ödəniş Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə həyata keçirilmişdir; xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh LPO İddiaçı ASC-yə xx.xx.2011-ci il tarixli, 877 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 1255,97 manat məbləğində əsas, borcun gecikdirildiyinə görə 966,44 manat cərimə, 183,43 manat gecikdirilmiş vaxt üçün faiz borcu, müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 0.17 manat məbləğində faiz, cəmi 2405,84 manat məbləğində borcu var; LPO İddiaçı ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu" tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə kredit müqaviləsindən irəli gələn borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu" Cavabdeh qarşı qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərardadın surətindən müəyyən olunur ki, İddiaçı ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 877 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 24 ay müddətinə illik 26% olmaqla 3150 manat məbləğində kredit vermişdir. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş, lakin götürdüyü kredit üzrə əsas və faiz borcunu, habelə öhdəliyi vaxtında icra etmədikdə hesablanmış cərimə borcunu kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə ödəməsi barədə öhdəlik götürsə də, bu öhdəliyini icra etməmiş, nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin icrası müddəti xx.xx.2013- cü il tarixdə bitmişdir. Cavabdeh son dəfə xx.xx.2016-ci tarixdə ödəniş etmişdir. İddiaçı ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu" cavabdehə qarşı hazırki iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2011-cü il tarixli kredit müqavilə üzrə öhdəliyin icrası müddəti isə xx.xx.2013-cü il tarixdə bitmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Bununla belə, hazırki kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx xxxxx 2016cü il tarixdən başlanmış və müddət etibarı ilə kredit müqaviləsinin icrası müddətinin bitdiyi, yəni xx.xx.2013-cü il tarixdən təxminən 7 ildən artıq müddət keçdikdən sonra hazırki iddia qaldırılaraq öhdəliklərin icrası tələb edilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 12 iyun 203-cü il tarixdə bitmiş, həmin müqavilə üzrə son ödəniş isə xx.xx.2016-ci il tarixdə olmuşdur. Bununla belə, həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 2016-ci ilin aprel ayından başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(005)- 2594/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1776/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1776/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver