Məhkəmə qərarları › İş №2(103)-1777/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1777/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1777/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-5791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ASC ("xxxx" İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3142,42 manat əsas borc, 1023,36 manat faiz borcu, 135,69 manat cərimə, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 924,60 manat əldən çıxmış fayda olmaqla, cəmi 5226,07 manat məbləğində borcun və 72,26 manat dövlət rüsumunun tutulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-5791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3142,42 manat əsas borc, 1023,36 manat faiz borcu, 135,69 manat cərimə, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 924,60 manat əldən çıxmış fayda olmaqla, cəmi 5226,07 (beş min iki yüz iyirmi altı manat 07 qəpik) manat borc və 72,26 (yetmiş iki manat 26 qəpik) manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili ondan ibarət olmuşdur ki, onun hazırkı məhkəmə mübahisəsindən məlumatı olmamış, bu səbəbdən iddia tələbinə etirazlarını məhkəməyə təqdim edə bilməmişdir, belə ki, onun heç bir kredit müqaviləsindən məlumatı olmamışdır. Bununla bağlı kredit müqaviləsindəki imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə xətşünaslıq ekspertizası keçirilməlidir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyaiya şikayətini müdafiə edərək, sənədlərin əsllərinin olmadığı halda ekspertiza keçirilməsinə ehtiyac olmadığını qeyd edərək, bildirdi ki, 2018-ci ildə iddia qaldırılıb, baxılmamış saxlanılmışdır. Birincisi, müqavilədəki imzalar cavabdehə aid deyil, onun adına kredit götürülüb. Bununla bağlı ekspertiza keçirilsə də, həmin sənədlərin əsli bank tərəfindən təqdim edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən 3 illik iddia müdəti ötürülmüşdür. Bu səbəbdən, hazırda elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddia müddətinin tətbiqinə dair ərizə verdiklərini, iddia müddəti tətbiq edilməklə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi G.Sadıqsoy apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, kreditin götürülməsi ilə bağlı məxaric orderinin əsli təqdim edilib, həmin orderdəki imza əsasında imzanın cavabdehə məxsus olub-olmaması üçün xətşünaslıq ekspertizası keçirilməsini xahiş etdi. Hesabdan çıxarış məlumatlarından görünür ki, pul bankdan çıxıb. Axırıncı dəfə 2017-ci ildə ödəniş olunmuşdur. 2019-cu ildə Prezidentin fərmanı ilə kompensasiya köçmüşdür və tərəf istifadə etmişdir. İddia müddəti ilə bağlı bildirdi ki, müddətin ötürülməsi məhkəmə qərarı ilə müəyyən oluna bilər və bu halda bankın tələb etmə hüququ məhdudlaşır, yəni tərəfin öhdəliyi icra etməsi məhdudlaşmır. Müqavilə və sənədlərin əsllərinin təqdim edilməməsi səbəbinin filialların iki dəfə bağlanması və köçürülmə nəticəsində sənədlərin tapılmaması ilə bağlı olduğunu bildirdi. Qeyd edilənlənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

6. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka borcu 3142,42 manat əsas borc, 1023,36 manat faiz borcu, 135,69 manat cərimə, kredit müqaviləsi üzrə xx.xx.2017- ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 924,60 manat əldən çıxmış fayda olmaqla, cəmi 5226,07 manat təşkil edir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1777/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazıkı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır.

8. Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 4/658 nömrəli ekspert vəsatəti ilə Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanılmış 2-Y-2- 0-1052-14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin əslinin təqdim edilməsi xahiş olunmuşdur.

9. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflər ekspert vəsatəti barədə məlumatlandırılmış, İddiaçı ASC-dən bir neçə dəfə vəsatətin icra edilməsi istənilsə də, vəsaətət ica olunmamışdır.

10. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-ci il tarixli, 4/658 nömrəli ekspertizanın aparılmasından imtina barədə məktubu Məhkəməyə daxil olmuşdur.

11. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə ərizə təqdim edilərək, iddia müddətinin ötürülməsi səbəbindən, iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

12. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

13. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində hazırkı kredit müqaviləsinə imza etmədiyini bildirmiş, iş üzrə xətşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1777/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazıkı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 4/658 nömrəli ekspert vəsatəti ilə Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanılmış 2-Y-2- 0-1052-14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin əslinin təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı ASC həmin müqavilənin əsli təqdim edilmədiyindən Məhkəmə Ekspertiza Mərkəzi tərərfindən ekspertizanın aparılmasından imtina olmuşdur.

15. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə ərizə təqdim edilərək, iddia müddətinin ötürülməsi səbəbindən, iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

16. İddiaçının hazırkı iddia tələbində istinad etdiyi Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 29 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 13000 manat məbləğində kredit vermişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

18. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin tətbiqi zamanı ilkin şərt müddətin axımının başlandığı günün müəyyən edilməsindən ibarətdir. Çünki həmin gün müəyyən olunmadan müddətin bitməsinin müəyyən edilməsi mümkünsüzdür.

19. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

20. Hazırkı halda tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 12 ay müddətinə olmaqla bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2015-ci ildə bitmişdir.

21. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixdən üç illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmək imkanına xx.xx.2018-ci il tarixədək malik olmuşdur.

22. İddiaçı cavabdehə qarşı müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmək imkanına xx.xx.2018-ci il tarixədək malik olsa da, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

23. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.

24. Məhkəmə kollegiyası, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).

26. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).

27. Qeyd olunan normanın tələbindən də aydın olur ki, iddia müddətinin tətbiqinə dair ərizə məhkəmə aktı – qətnaməsi çıxarılanadək verilməlidir. Bu isə o deməkdir ki, həmin ərizə birinci instansiya məhkəməsində təqdim olunmalıdır. Hazırkı işdə cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəni apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir.

28. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası barədə cavabdehə ünvanlanmış məhkəmə bilirişləri poçt vasitəsilə cavabdehin məhkəməyə məlum olan ünvanına göndərilmiş, lakin zərf “tələb edilməyib” qeydi ilə geri qayıtmışdır (i/v 45, 58).

29. Belə olan halda, cavabdeh həmin ərizəni apellyasiya icraatı zamanı verməsi gecikmiş kimi qiymətləndirilə bilməz, çünki o birinci instansiya məhkəməsində aparılan icraatdan məlumatsız olmuş və iştirak etməmişlər, bu səbəbdən də Məhkəmə tərəfindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi qəbul edilmişdir. Nəticə:

30. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi hüquq normasının tətbiq və təfsirində səhvə yol verildiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müddəti tətbiq olunmaqla iddia tələbi təmin edilməməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-5791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar