Məhkəmə qərarları › İş №2(103)-1780/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1780/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1780/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2892,02 manat dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı 300 manat xərc, 30 manat dövlət rüsumu olmaqla, cəmi 3222,02 manatın məcburi qaydada tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh 131.3 manat borc, hüquqların bərpası məqsədilə çəkilən 100 manat xərc olmaqla, ümumilikdə 231.3 manatın və 10 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehin yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək, təbii qazın verilməsi dayandırılmış, bu səbəbdən də itirilmiş qazın dəyərinə görə 3222,02 manat hesablanaraq abonentdən tələb edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh İddiaçı Bakı X5 Departamentində qeydiyyatda olmaqla xx.xx.2019-cu il tarixli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X5ı Departamenti tərəfindən **********00000 abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən, Cavabdeh məxsus fərdi yaşayış evində xx.xx.2017-ci il tarixində İTRİ-in 1602-0306 №-li rəyinə görə qaz sayğacının hesablanma mexanizminin qoruyucu örtüyü üst hissədən deşilmişdir. Akt, İddiaçı İB-nin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2017-ci il tarixli qərarına əsasən, itirilmiş qazın həcmi 1313 m3 müəyyən edilmiş və itirilmiş qazın dəyəri kimi 262,60 manat borc hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən isə, Cavabdeh məxsus fərdi yaşayış evində “İddiaçı İB və İTRİ-nin MSK 29/1710-00333-1 saylı rəyinə gör, qaz sayğacının hesablama mexanizmi üst hissədən deşilib. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Akt, yalnız İddiaçı İB-nin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən, itirilmiş qazın həcmi 9720 m3 müəyyən edilmiş və itirilmiş qazın dəyəri kimi 1944 manat borc hesablanmışdır. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş halları araşdıraraq belə qənaətə gəlmişdir ki, cavabdehin qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı ilk dəfə xx.xx.2017-ci il tarixində aşkar edilmişdir. Daha sonra yenidən eyni faktla əlaqəli xx.xx.2018-ci il tarixində akt tərtib edilmişdir. Odur ki, yenidən qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Ona görə də, cavabdehdən qeyri-qanuni olaraq qazdan istifadə etməsi ilə bağlı xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsas götürülməli və həmin akt üzrə hesablanma İddiaçı İB Tarif Şurasının qiyməti nəzərə alınmaqla 1 kubmetr üçün 0.10 qəpik hesablanaraq 131.3 manat məbləğində müəyyən edilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq, apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işdən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli akt Cavabdeh tərəfindən imzalansa da, xx.xx.2018-ci il tarixli aktı onun iştirakı olmadan tərtib edilmiş və aktın surəti abonentə təqdim olunmamışdır. Bu isə ona dəlalət edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli akta əsasən sayğacda yaranmış qüsurun onun təqsiri ucbatından yarandığını qəbul etdiyindən, bu işin mübahisəsiz halıdır. xx.xx.2018-ci il tarixli akt isə abonentin iştirakı olmadan tərtib edildiyindən cavabdehə məxus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğacda yaranan problemə görə onun məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilmiş müdaxilədə abonentin təqsirinin olması sübuta yetirilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya, qeyd olunan normaların tələblərini və iş materiallarını nəzərə alaraq, məhkəmə xərclərinin (vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və dövlət rüsumu) ödənilməsi hissəsində də rayon məhkəməsinin qənaəti və əsaslandırması ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3287/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar