Məhkəmə qərarları › İş №2(103)-1781/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1781/2020

10.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1781/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil Cəfər Rəhmanovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5463/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin mübahisəsiz halları ondan ibarətdir ki, “Kia Mohave” markalı, 12E320-10 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur. xx.xx.2016-cı il tarixdə saat təxminən 01:00 radələrində X1 (bundan sonra – üçüncü şəxs) yol vərəqəsi əsasında 24 saylı marşrut xətti üzrə idarə etdiyi, Cavabdeh (bundan sonra – cavabdeh) məxsus “Daewoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla Naxçıvani küçəsi ilə K.Rəhimov küçəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olan zaman idarəetməni itirmiş, idarə etdiyi avtobus hərəkət hissəsinin sol tərəfindəki mişar daşından olan hasara çırpılmış, hasarın uçması nəticəsində iddiaçıya məxsus avtomobil zədələnmişdir. Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin müstəntiqi Eldar Abdullayevin xx.xx.2016cı il tarixli qərarı ilə X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və sonucunun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis idarəsi Dövlət yol polisi şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə üçüncü şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus avtomaşına vurulmuş ziyana görə 30105 manat, çəkdiyi əlavə xərclərə görə 7290 manat, mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 42395 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsindən dərhal sonra özünü cavabdehin işçisi kimi təqdim etmiş Sərvər adlı şəxs problemin tezliklə həll olunacağını bildirsə də ona dəymiş ziyan hazıradək ödənilməmişdir. xx.xx.2017-ci ildə bununla bağlı cavabdehə xəbərnaməli müraciət ünvanlayıb, əcnəbi olduğunu, yollarda çıx əziyyət çəkdiyini, maşının Azərbaycan bir ay qalmasına icazə olduğu halda 9 ay qaldığını, bununla bağlı cərimə ödəməli olduğunu bildirərək, kömək istəmişdir. Cavabdeh məktubu xx.xx.2017-ci il tarixdə almış, lakin heç bir tədbir görməmişdir. Nəticədə, çətinliklə maşınını təmir etdirib 2018-ci ilin fevral ayında (gəldiyindən 14 ay sonra) Azərbaycandan çıxarmışdır. Maşının bərpası üçün usta xərcləri ilə birlikdə 30105 manat xərc çəkmişdir. Habelə, hadisədən əvvəl maşınının bazar qiyməti 120000 manat olduğu halda, təmirdən sonra 30000 manata düşmüşdür. Maşının təmiri üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixədək olan dövrdə dəfələrlə Azərbaycana gəlib-getmək məcburiyyətində qalmış və ümumilikdə 43 gün Azərbaycanda olmuş və bu müddət ərzində ən azı 7290 manat, o cümlədən 1000 manat viza üçün, 800 manat gömrük haqqı, 480 manat gömrük sığortası, 2150 manat otel xərcləri (1 günlük nömrənin qiyməti 50 manat x 43 gün=2150 manat), yemək xərci 860 manat (gündəlik yemək xərci 20 manat x 43 gün=860 manat), maşınla gəldiyi vaxtlarda yanacaq üçün 1500 manat, maşınsız gəldiyi vaxtlarda taksi xidmətləri üçün 500 manat pul xərcləmişdir. Digər tərəfdən, hadisə ilə bağlı cavabdehin bir insan kimi ona və başına gələnlərə yuxarıda göstərilən etinasız və biganə münasibəti nəticəsində ona mənəvi zərər də vurulmuşdur. Belə ki, onun yuxarıda göstərilən hərəkətləri nəticəsində davamlı olaraq, yəni 14 ay ərzində əsəb hissləri, sarsıntı və psixoloji gərginlik keçirmişdir. İddiaçı sübut qismində məhkəməyə “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qüsur aktı təqdim etmişdir. Aktda iddiaçıya məxsus avtomobilə ehtiyat hissələrin dəyəri 25955 manat, təmir işlərinin dəyəri 4150 manat olmaqla, ümumilikdə 30105 manat ziyan dəydiyi qeyd edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 19255 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan məlumatlara əsasən, 2011-ci il buraxılışlı, “Kia Mohave” markalı, 12E320-10 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 27142,00 manat müəyyən edilmişdir. Həmçinin işə baxılarkən iddiaçı ərizə təqdim edərək, cavabdehin mülki məsuliyyətinin sığortaçısı tərəfindən iddiaçıya 4100 manat sığorta ödənişi edildiyini bildirmiş və qətnamə çıxarılan zaman həmin halın nəzərə alınmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən maddi ziyanın əvəzi kimi 23042 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi olmaqla, cəmi 23057 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, ekspertiza tədqiqatının dəyərinin 60 manat hissəsi cavabdehə, 60 manat hissəsi iddiaçıya aid edilmişdir. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İddiaçı apellyasiya şikayətini iddianın dəlillərinə uyğun əsaslandırmış, əlavə xərclərə görə 7290 manat, mənəvi zərərə görə 5000 manat tələbinə aid hissədə qətnamənin ləğv edilərək, iddianın həmin hissələrdə də təmin olunmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsinin törədilməsində üçüncü şəxs təqsirli bilinmişdir. Bu mənada zərərvuran şəxs olmadığından iddianın ona qarşı təmin edilməsi qanunsuz və əsassızdır, zərər üçüncü şəxs tərəfindən ödənilməlidir. Bundan əlavə iddiaçı avtomobilə dəymiş zərəri həddindən artıq göstərmiş, ekspert rəyində bu rəqəm şişirdilmişdir. Cavabdeh məhkəmədən təkrar ekspertiza keçirilməsini xahiş etsə də, vəsatəti təmin olunmamışdır. Qətnaməyə əsasən iddiaçıya ödənilməli olan məbləğ iddiaçının avtomobilinin real dəyərindən artıqdır. Ona görə də qətnamə ləğv olunmalı, iddia rədd edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi cavabdehin şikayətinə yazılı etiraz təqdim edərək və təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 7290 manat əlavə xərclərlə bağlı sorğularına cavab ala bilməyib. Ona görə də hazırda bununla bağlı sübutları yoxdur. Lakin hesab edir ki, həmin xərclərin çəkilməsi labüddür. Məhkəmə sübutlar təqdim olunmasa belə ağlabatan məbləği tutmalıdır. Hadisə baş verən dövrdə iddiaçı Azərbaycanda yaşayan qardaşının evində qonaq olub. Hal-hazırda İrandadır və yayılmış epidemiya səbəbindən Azərbaycana gələ bilmir. Nümayəndə iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd olunmalıdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına 1097.1 və 1099.1-ci maddələrini tətbiq etməklə, həmçinin iş üzrə verilmiş ekspert rəyini nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə 23042 manat pulun tutulması hissəsində qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin məbləğin tutulmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızıdır. Belə ki, yol-nəqliyyat hadisənin törədilməsində təqsirli olan şəxs həmin hadisəni cavabdehin mülkiyyətində olan avtomobili sonuncunun işçisi kimi yol vərəqəsi ilə sürücü qismində idarə edərkən törətmişdir. Bu baxımdan Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən üçüncü şəxsin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti cavabdeh daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Eyni zamanda avtomobilə dəymiş zərərin məbləği ekspert rəyi ilə müəyyən edilmişdir. Rəy kifayət qədər əsaslandırılıb, rəy verilərkən ehtiyat hissələrinin köhnəlmə əmsalı nəzərə alınıb. Rəyin məlumatlarını şübhə altına almaq üçün əsas yoxdur. Cavabdeh hadisə nəticəsində iddiaçıya daha az zərərin dəydiyi barədə heç bir sübut təqdim etməmiş, səbəbi barədə məlumat vermədən apellyasiya baxışı iclasında iştirak etməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı təkrar ekspertiza keçirilməsi barədə vəsatət verdiyini bildirsə də, iş materialları ilə rəy verildikdən sonra cavabdehin ümumiyyətlə məhkəmə iclasında iştirak etmədiyi müəyyən olunur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 7290 manat əlavə xərc tələbinin təmin olunmaması hissəsində də iddianı təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iddiaçı həmin xərclərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki mənəvi zərərdən fərqli olaraq maddi zərərlə bağlı iddia tələbi yalnız bunu təsdiq edən mötəbər sübutlar əsasında müəyyən edilə bilər və məhkəmə bu zaman ağlabatan məbləğə istinad edə bilməz. Digər tərəfdən iddiaçının həqiqətən də iddia ərizəsində bildirdiyi kimi xx.xx.2017xx.xx.2018-ci il tarixlərində ümumilikdə 43 gün Azərbaycan Respublikasında olduğu, bunun üçün viza, gömrük, qalmaq, qidalanmaq və nəqliyyat xərcləri çəkdiyi müəyyən olunsa belə, iddiaçı bütün səfərlərin məhz yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqəsinin olduğunu əsaslandıra bilməmişdir. İddiaçının nümayəndəsi də apellyasiya baxışı zamanı verdiyi izahatında iddiaçının Azərbaycanda qardaşının yaşadığını bildirmişdir. Bu baxımdan hər hansı mötəbər sübutlar olmadan iddiaçının Azərbaycana istənilən səfəri üzrə bütün xərclərin cavabdehdən tutulması üçün qanuni əsaslar yoxdur. Eyni zamanda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin təmin olunmaması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin həmin hissədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə həmin hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda qeyd olunduğu kimi bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Baxılan iş üzrə yol-nəqliyyat hadisəsi xx.xx.2016-cı il tarixdə baş vermiş, əcnəbi olan və həmin dövrdə Azərbaycan Respublikasına turist kimi gəlmiş iddiaçının avtomobili yararsız vəziyyətə düşmüşdür. İddiaçı zərərlə bağlı ona yardım edilməsi üçün xx.xx.2017ci ildə cavabdehə yazılı müraciət etmiş, cavabdeh məktubu xx.xx.2017-ci il tarixdə almış, lakin hadisənin üzərindən 3 ildən artıq müddətin keçməsinə baxmayaraq bu günədək zərərin ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı əcnəbi olduğundan yolnəqliyyat hadisəsinin nəticələrini aradan qaldırmaq üçün onun daha artıq səy göstərdiyi və çoxsaylı inzibati prosedurlara məruz qaldığı hamıya bəlli olan və sübuta ehtiyacı olmayan hallardır. Hadisə nəticəsində iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur. Heç şübhəsiz ki, bütün bunların nəticəsində iddiaçı ciddi mənəvi sarsıntı və iztirablar keçirmişdir. Məhkəmə kollegiyası işin sadalanan hallarını, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 1000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Göstərilənlərə əsasən və MPM-in 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5463/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mənəvi ziyanın tutulması tələbinin təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Mənəvi zərərə görə 1000 (min) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdehin apellyasiya şikayəti təmin olunmasın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar