Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1781/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 Əbdürəhim oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əbdürəhim oğlu və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın lbərpa edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2(008)- 6190/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 Əbdürəhim oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Əbdürəhim oğlu ilə Cavabdeh2 arasında bağlanmış 1 noyabr 2013-cü il tarixli AN-İ ******* nömrəli Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 65-66 nömrəli 0,099685 ha bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş 22 noyabr 2013-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydin və çıxarışın ləğv edilməsini, əri X9 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 15.12.2011-ci il tarixli qeydin və ******* nömrəli çıxarışın bərpa edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23 iyul 1986-cı ildə X17 ilə ailə qurmuş və bu nikahdan iki qızı olmuşdur. Eyvaz Əhmədov “Bakı Maşınqayırma” zavodunda işləmişdir. Zavodda işlədiyi müddətdə işçilərə, eləcə də Eyvaz Əhmədova Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində bağ sahəsi ayrılmış və bununla bağlı üzvlük kitabçası da verilmişdir. 15 dekabr 2011-ci il tarixdə həmin torpaq sahəsinə 19 iyul 2011ci il tarixli torpaq sahəsinin Plan və ölçüsü əsasında əri Eyvaz Əhmədovun mülkiyyət hüququ qeydə alınmışdır. Əri ilə birlikdə həmin torpaq sahəsinə getmiş və baxmışdır. 29 yanvar 2012-ci ildə Eyvaz Əhmədov dünyasını dəyişdikdən sonra o, sənədləri toplayıb notariat kontoruna təqdim etdi və hazırda yaşadığı ev onun adına rəsmiləşdirildi. O, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 65-66 nömrəli 0,099685 ha bağ sahəsini də öz adına rəsmiləşdirmək istəsə də, sənədləri tapa bilmədi. 2013-cü ildə əri Eyvaz Əhmədovun iş yoldaşı Cavabdeh1 ona yaxınlaşıb hansısa notariat kontoruna gedib sənəd imzalamalı olduğunu və bunun qarşılığında ona 200 manat pul verəcəyini bildirdi. O, bu təklifi qəbul etmədi. Bundan qısa müddət sonra Cavabdeh1 yenidən ona yaxınlaşıb 2000 manat təklif edərək hansısa notariat kontoruna gedib sənəd imzalamalı olduğunu bildirsə də, o, bunu rədd etdi. Bundan sonra başı ailə işlərinə qarışdığından torpaqla bağlı maraqlana bilmədi. Torpaq sahəsinin sənədlərini tapa bilmədiyindən 19 iyul 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə müraciət etdi. 26 iyul 2019-cu il tarixli cavab məktubundan məlum oldu ki, əri Eyvaz Əhmədovun 29 yanvar 2012-ci ildə dünyasını dəyişməsinə baxmayaraq, qeyd edilən torpaq sahəsi 01 noyabr 2013-cü il tarixli alqı - satqı müqaviləsinə əsasən 22 noyabr 2013-cü ildə özgəninkiləşdirilmişdir. O, ümumi mülkiyyətlərində olan torpaq sahəsinin qanunsuz olaraq satıldığı qənaətinə gəlib prokurorluq orqanlarına müraciət etdi. Şikayəti əsasında 29 aprel 2020-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 308.1 və 320.1-ci maddələri ilə cinayət işi başlandı. Suraxanı rayon prokurorluğunun 08 iyul 2020-ci il tarixli qərarından görünür ki, istintaq zamanı müəyyən edilmişdir ki, Məcidov X10 Əhmədov tərəfindən ona verilmiş 25 fevral 2011-ci il tarixli etibarnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 65-66 nömrəli 0,099685 ha bağ sahəsinə sonuncunun adına 15 dekabr 2011-ci il tarixli ******* nömrəli çıxarış alınmış, 07 fevral 2012-ci ildə Eyvaz Əhmədovun ölməsindən istifadə edib şəxsiyyət vəsiqəsində ailəli vəziyyətində subay olmasına dair qeyd edib saxtalaşdırmaqla və Bakı şəhəri 37 saylı notariat kontoruna bu barədə yalan məlumatlar qeyd etdiyi ərizə təqdim edib 01 noyabr 2013-cü il tarixli alqısatqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Suraxanı rayon prokurorluğunun 08 iyul 2020-ci il tarixli qərarı ilə cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə hissəvi xitam verilmiş və istintaq davam etdirilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. Suraxanı RPİ-nin İŞ-nin 1 noyabr 2020-ci il tarixli qərarı ilə müddət keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki və Ailə Məcəlləsinin tələblərinə əsasən ər-arvadın birgə mülkiyyəti üzərində tərəflərdən birinin sərəncam verməsi üçün digər tərəfin razılığı tələb olunur. İşin qeyd olunan hallarından göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 65-66 nömrəli 0,099685 ha bağ sahəsi faktiki olaraq onunla ərinin birgə nikahı dövründə əldə olunmuş və əri Eyvaz Əhmədovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Əri dünyasını dəyişəndən sonra onun xəbəri olmadan Cavabdeh1 Əbdürəhim oğlu tərəfindən saxta sənədlər əsasında dələduzluq yolu ilə satılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.3, 33.4, Mülki Məcəlləsinin 225.1, 337.1, 337.4, 337.5, 365.1.7-ci maddələrinə əsasən hesab edir ki, iddiası təmin edilməli, qeyd edilən alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2(008)-6190/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin bütün hallarını araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Konkret halda iradə ifadəsi mövcud deyil. Şəxsin ölümündən sonra daşınmaz əmlak səlahiyyəti olmayan şəxs tərəfindən saxtakarlıq edilməklə cinayət yolu ilə özgəninkiləşdirilmişdir. Məhkəməyə müraciət etmək müddətinin ötürülməsindən söhbət gedə bilməz, çünki işin faktiki hallarından göründüyü kimi iddiaçı subyektiv hüququn həyata keçirilməsi üçün hərəkətsiz qalmamışdır, 2021-ci ilin iyul ayında Suraxanı RPİ-nin İŞ-nə müraciət edildikdən sonra iş materialları ilə tanış ola bilmiş və həmin vaxt Suraxanı RPİ-nin İŞ-nin 1 noyabr 2020-ci il tarixli qərarı ona təqdim edilmişdir. Qərarla tanış olarkən ona aydın olmuşdur ki, Cavabdeh1 Əbdürəhim oğlu saxtakarlıq etməklə 01 noyabr 2013cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciəti əsasında həmin orqanın ona verdiyi 26 iyul 2019-cu il tarixli cavab məktubuna əsasən məsələnin mahiyyəti aydın olsaydı, yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sənədləri əldə etmək üçün cavab almaq məqsədi ilə və daha sonra prokurorluq orqanına müraciət etməzdi. Bundan əlavə qeyd edir ki, bağ sahəsi verilərkən o, əri ilə birlikdə qeyd edilən zavodda işləmiş və həmin vaxt bağ sahəsi onlara ailə təsərüfatı üçün verilmişdir. Bağçılıq kitabçasında bağ sahəsi ayrılan şəxsin ailə üzvlərinin adları qeyd edilən qrafa mövcuddur, lakin iş materiallarına yalnız kitabçanın birinci vərəqi əlavə edilmişdir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bundan başqa, qətnamədə qeyd edilmişdir ki, məhkəmə Cavabdeh2 hazırki iş üzrə üzrə vicdanlı əldə edən kimi qiymətləndirir və hesab edir ki, o mübahisəli bağ sahəsini əldə edərkən mülki qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Cavabdeh2 12 may 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, torpağı Ələkbər adlı şəxsdən sotu 1800 manat və ümumilikdə 15 sot olmaqla 27000 manata almışdır. Həmin puldan Oqtaya nə qədər verilməsini bilmir. Ələkbər adlı şəxs torpağın Oqtaya məxsus olmasını deyib. Ona ümumilikdə 15 sot torpaq sahəsi satılıb. Həmin torpağın 10 sotunun Oqtaya məxsus olduğunu bilib. Həmin gün Oqtayı notariusda görməyib və alqı-satqı müqaviləsini onunla birlikdə imzalamamışdır. Sənədləri oxumadan imzalamış, müqavilədə 27.000 əvəzinə 8.000 manat yazılmasına fikir verməmişdir. Notariusun yanına Ələkbər adlı şəxslə birlikdə daxil olub. İfadəsinə əsasən Cavabdeh2 torpaq sahəsini sahibindən deyil, buna səlahiyyəti olmayan şəxsdən əldə etdiyi müəyyən edilir. Cavabdeh2 torpaq sahəsini onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etdiyini bilmiş və alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş sənədlərə oxumadan imza etməklə buna göz yummuşdur. Bu halda Cavabdeh2 vicdanlı alıcı olması istisna edilir. Cavabdeh1 səlahiyyəti olmadığını bildiyi halda saxtakarlıq etməklə cinayət yolu ilə əmlakı özgəninkiləşdirmişdir. Eyvaz Əhmədovun ölümü ilə qeyd edilən etibarnamənin qüvvəsinə xitam verilmişdir. Cavabdeh1 daşınmaz əmlakı müqavilə olmadan rəsmiləşdirməsi ilə bağlı gəlinmiş nəticə mülki qanunvericiliyin tələblərinə ziddir. Daşınmaz əmlakın ərizə əsasında istifadəyə, icarəyə verilməsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Qətnamədə həmçinin göstərilmişdir ki, işin araşdırılmış hallarına əsasən Cavabdeh1 əldə etdiyi torpaq sahəsinə dair X9 adına Çıxarış əldə etsə də, sonuncunun vəfatından sonra o torpaq sahələrinin onun mülkiyyəti olması ehtimalı ilə həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Əmlakın mülkiyyətdə olması ehtimalı ilə alqı-satqı həyata keçirilməsi ilə bağlı hakimin gəldiyi nəticə absurddur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 Əbdürəhim oğlu, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan: - nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X7 arasında nikah 23.06.1986-cı ildə qeydə alınmış, nikah bağlanandan sonra arvadın soyadı Əhmədova olmuşdur. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 29.01.2012-ci ildə vəfat etmişdir. - 25.02.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, X15 ona məxsus Bakı şəhəri, Nardaran qəsəbəsi, 66 saylı sahədə yerləşən 0,1 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, özəlləşdirməyi, torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşdirməsinə dair arayış almağı, satmağı, bağışlamağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə bağlı digər hüquqlarını Cavabdeh1 Əbdürəhim oğluna etibar etmişdir. Etibarnamə 30 il müddətinə verilmişdir. - X8 Bakı Maşınqayırma zavodunun bağçılıq yoldaşlığının sədri R.Ş.Eyvazova ünvanladığı 03 mart 2006-cı il tarixli ərizəsinin həmin tarixdə notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Nardaran qəs. ərazisində ona məxsus olan 66 saylı torpaq sahəsini könüllü olaraq X3 istifadə verir və xahiş edir ki, bu barədə müvafiq sənədləşdirmə aparılsın. - R.İ.İbrahimovun Bakı Maşınqayırma zavodunun bağçılıq yoldaşlığının sədri R.Ş.Eyvazova ünvanladığı 13 aprel 2006-cı il tarixli ərizəsinin həmin tarixdə notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Nardaran qəs. ərazisində ona məxsus olan 65 saylı torpaq sahəsini könüllü olaraq X3 istifadə verir və xahiş edir ki, bu barədə müvafiq sənədləşdirmə aparılsın. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya MA №0312112 saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 bağ sahəsi 15.12.2011-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır. - X21 kitabında 19.07.2011-ci il tarixdə 27146 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsü adlanan sənədin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, torpaq sahəsinin plan və ölçüsü Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində X9 adına Bakı şəhəri, XDS İK-nin 21.07.1989-cu il tarixli 6/255 saylı qərarı və «Bakı maşınqayırma zavodu»nun b/y-nın 28.09.1989-cu il tarixli 1 saylı,14.03.1995-ci il tarixli 4 saylı Protokolları ilə 1000 kv.m sahəsi olan 65-66 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmşidir. - X9 adına verilmiş 495572 saylı bağçılıq üzvlük kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 16.05.1976-cı ildən Kirov adına zavodda şöbə rəisi vəzifəsində işləyir və 01 saylı protokola əsasən yoldaşlığı üzvlüyünə qəbul edilmişdir. Nardaran qəs. 66\65 saylı bağ sahəsində olan torpağın ölçüsü 1000 kv.m-dir - «BMZ» Bağçılıq yoldaşlığının sədri R.A.Qasımovun imzalıdığı Bakı maşınqayırma zavodunun (keçmiş S.M.Kirov adına zavod) Bağçılıq yoldaşlığı üzvlərinin 01 saylı 28.09.1989-cu il tarixli və 04 saylı 14.03.1995-ci il tarixli iclaslarının protokollarından çıxarışın lazımi qayada təsdiq edilmiş surətindən görünür ki, zavodun ümumi iclasının 01 saylı 28.09.1989-cu il tarixli iclasının qərarına əsasən iclas qərara almışdır ki, X18 zavodun nəzdində yaradılmış Bağçılıq yoldaşlığına üzv qəbul edilmiş, zavoda Bağçılıq yoldaşlığı üçün ayrılmış ərazinin 66 saylı torpaq sahəsi onun istifadəsinə verilsin. Bağçılıq yoldaşlığı üzvlərinin 04 saylı 14.03.1995-ci il tarixli iclasının qərarına əsasən X4 məxsus olan 65 saylı torpaq sahəsi istifadəsiz qaldığından X2 verilsin. Bağçılıq yoldaşlığı üzvlərinin 04 saylı 14.03.1995-ci il tarixli iclasının qərarına əsasən X11 məxsus torpaq sahəsi 66+65 olmaqla 1000 kv.m müəyyən edilsin. - 01.11.2013-cü il tarixdə Bakı şəhəri 37 saylı notariat ofisində xüsusi notarius Q.Süleymanov tərəfindən mülkiyyət hüquqlarının bir çıxarış əsasında qeydə alındığı 65 və 66 saylı 0.099685 ha bağ sahəsinin E.Əhmədovun etibarnamə üzrə nümayəndəsi tərəfindən Cavabdeh2 satılması haqqında müqavilənin surətindən görünür ki, torpaq sahəsi sonuncuya 8000 manata satılmışdır. Müqavilənin satıcı hissəsində etibarnaməyə əsasən Cavabdeh1 Əbdürəhim oğlu imza etmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəməyə ünvanladığı 19.10.2021-ci il tarixli **********50 saylı cavab məktubundan görünür ki, arxiv materiallarına əsasən ünvan 2 ünvanda yerləşən 0.099685 ha bağ sahəsi “Bakı maşınqayırma” zavodu bağçılıq yoldaşlığı üzvlərinin 01 saylı 28.09.1989-cu il tarixli və 04 saylı 14.03.1995-ci il tarixli iclaslarının protokoldan çıxarışı, 22.08.2000-ci il tarixli üzvlük kitabçası və 19.07.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 15.12.2011-ci il tarixdə dövlət reyetrində ilkin qeydiyyata alınmışdır. - Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Nizami Məhərrəmovun qəbul etdiyi «Cinayət işi üzrə icraata xitam verilməsi barədə 01.11.2020-ci il tarixli qərar»ın surətindən görünür ki, Cavabdeh1 Əbdürəhim oğlunun Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilsə belə, həmin cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan Azərbaycan Respublikası CM-nin 71-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Buna görə də cinayət işi üzrə icraata xitam verilməlidir. - «Cinayət işi üzrə icraata xitam verilməsi barədə 01.11.2020-ci il tarixli qərar»da əksini tapmış Cavabdeh1 Əbdürəhim oğlunun izahatından görünür ki, o, mərhum X12 1980-ci ilin ortalarından tanımış, o, Eyvazla keçmiş Zabrat maşınqayırma zavodunda birlikdə işləmişdir. Eyvazla münasibətləri iş yoldaşı kimi həmişə normal olmuş, aralarında dostluq münasibətləri olmuşdur. 1980-ci ilin ortalarında zavod öz işçilərinə, ona, o cümlədən Eyvaz Əhmədova Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 5 sot (500 kvadrat metr) olmaqla 66 nömrəli torpaq sahəsi ayırmışdır. Eləcə də iş yoldaşı olan Ramazan İbrahimovun da adına zavodun nəzdində yaradılmış bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən eyni ünvanda 5 sot (500 kvadrat metr) olmaqla 65 nömrəli torpaq ayrılmışdır. Eyvazla Ramazanın torpaqları bir-birinə bitişik yerləşmişdir. Sadəcə həmin ərəfələrdə Nardaran qəsəbəsinin sakinləri tərəfindən kənd ərazisinə kənar şəxslərin giribçıxmalanna maneələr yaradıldığından, nə o, nə də ki, digər zavod işçiləri torpaqlarına gedib baş çəkə bilməmiş, həmin torpaq sahələrində hər-hansı bir tikintiquraşdıma işləri apara bilməmişlər. 2006-cı ilin əvvəllərində Eyvaz Əhmədov ona yaxınlaşaraq özünə məxsus Nardaran qəsəbəsində yerləşən 66 nömrəli torpaq sahəsi ilə maraqlanmağa, eləcə də orada hər hansı bir tikinti-quraşdırma işlərini aparmağa maddi imkanının olmadığım bildirib həmin sahəni ona sata biləcəyini demişdir. O, Eyvazla razılaşmış və həmin torpaq sahəsi ilə bağlı ilkin ödəniş olaraq Eyvaza 500 ABŞ dolları məbləğində pul vermişdir. Pulun verilməsi ilə bağlı onunla Eyvazın arasında heç bir sənədləşmə aparılmamiş və 03 mart 2006-ci il tarixdə o, qardaşı Ceyhun Məcidovla birlikdə Zabrat qəsəbəsində yerləşən 39 nömrəli notariat kontorunda Eyvaz Əhmədovla görüşmüşdür, onun şəxsiyyət vəsiqəsi üzərində olmadığından Eyvaz Əhmədov notariat kontorunda Bakı maşınqayırma zavodu TASC-nin bağçılıq yoldaşlığının sədri R.Süleymanovun adına ərizə yazaraq özünə məxsus 66 nömrəli torpaq sahəsini könüllü olaraq qardaşı Ceyhun Məcidovun istifadəsinə vermiş, həmin ərizə notariat kontorunda təsdiq edilmişdir. Elə həmin ərəfələrdə 65 nömrəli torpaq sahəsinin sahibi olan Ramazan İbrahimov da eyni səbəblərə görə özünə məxsus torpaq sahəsindən istifadə edə bilməyəcəyini deyib Eyvaz kimi ona müraciət edərək həmin torpağı ona sata biləcəyini bildirmişdir, o, Ramazanla da razılaşıb sonuncuya torpaq sahəsinin əvəzində hazırda xatırlamadığı məbləğdə pul vermişdir. Eyni aydada Ramazanla da 13 aprel 2006- ci ildə Zabrat qəsəbəsində yerləşən 39 nömrəli notariat kontorunda görüşmüş və Ramazan özünə məxsus 65 nömrəli torpaq sahəsinin onun istifadəsinə verilməsi ilə bağli Bakı maşınqayırma zavodu TASC-nin bağçılıq yoldaşlığın sədri R.Süleymanovun adına ərizə yazmışdır. Həmin ərizə də notariat kontorunda təsdiq edilmiş, bir neçə il sonra, o, hər iki torpaq sahəsini adına rəsimləşdirmək məqsədilə müəyyən dövlət qurumlarına müraciət etmiş və məlum olmuşdur ki, bununla bağlı ona həmin torpaq sahələrindən istənilən birinin əvvəlki sahibi tərəfindən etibarnamə veriləcəyi təqdirdə o, hər iki torpaq sahəsinə bir çıxarış edə edə bilər. Bununla bağlı o, Eyvaz Əhmədova müraciət etmiş, sonuncu buna etiraz etməmiş, 25 fevral 2011- ci il tarixdə o, Eyvazla bir yerdə 39 nömrəli notariat kontoruna gəlmiş və Eyvaz 66 nömrəli torpaq sahəsinin istifadə və sənədləşmə işlərinin görülməsi ilə bağlı ona etibarnamə vermişdir, o, razılaşmaya əsasən Eyvaza 2.500 nanat məbləğində pul vermişdir. Bundan sonra o, 65 və 66 nömrəli torpaq sahələrinin sənədləşməsi işləri ilə məşğul olmağa başlamış, hətta bununla bağlı özü də müəyyən məbləğdə vəsait sərf etmişdir. Sənədləşmə işləri təxminən 6-7 ay davam etmiş, hər iki torpaq sahəsi ilə bağlı Eyvaz Əhmədovun adına çıxarış hazırlanmış və etibarnamə əsasında o, həmin çıxarışı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən götürmüşdür. 2012- ci ilin yanvar ayında Eyvaz Əhmədov xəstəliklə bağlı vəfat etmiş, o, bir dost kimi sonuncunun yas mərasimində də iştirak etmişdir. Bundan bir müddət sonra o, Nardaran camaatının çətin insanlar olduğunu, kəndlərində başqa yerdən olan insanlarin yaşamalarına etiraz etdiklərini görüb həmin torpaq sahələrini satmaq qərarına gəlmiş, müştəri axtarmağa başlamış və adını xatırlamadığı bir müştəri tapmiş, 65 və 66 nömrəli torpaq sahələrini 2013-cü ilin sonlarinda həmin müştəriyə hazırda xatırlamadığı notariat kontorunda 8.000 manata satmışdır. O, izahatında torpaq sahəsinin satılması ilə bağlı İddiaçı ilə heç vaxt görüşmədiyini, sonuncuya nə 200, nə də ki, 2000 manat məbləğində pul təklif etmədiyini, sonuncu dəfə İradəni 2013-cü ilin əvvəllərində qızının toyunda gördüyünü, təxminən bir ay bundan öncə axşam saatlarında mobil telefonuna zəng olunduğunu, bir nəfər qadının özünü təqdim etmədən onu söyüb təhqir edərək “sən kimsən ki, yetimin payını yeyirsən? gör sənin başına nə oyun açacağam və.s.” bu kimi sözlər dediyini, həmin qadından kim olmasını soruşduqda İradənin bacısı olduğunu bildirdiyini, cavabında həmin qadina təhqirlə danışmamağı bildirib İradənin ona zəng etməsini xahiş etdiyini, telefon danışığı zamanı X20 məxsus torpaq sahəsinin alqı-satqı ilə bağlı heç bir söz demədiyini, həmin torpaq sahəsinin alqı satqısında, eləcə də bununla bağlı tərtib olunmuş sənədləşmə işlərində tək olduğunu bildirmişdir. - «Cinayət işi üzrə icraata xitam verilməsi barədə 01.11.2020-ci il tarixli qərar»da əksini tapmış Bakı şəhəri 37 saylı notariat ofisində xüsusi notarius Qulu Süleymanovun ilkin araşdırma dövründə verdiyi izahatında bildirmişdir ki, 01.11.2013-cü il tarixdə X15 tərəfindən verilmiş 25.02.2011 -ci il tarixli sərəncamvermə haqqında etibarnamə ilə Cavabdeh1 Əbdürəhim oğlu işlədiyi notarial kontoruna müraciət edərək E.Əhmədova etibar edilmiş ünvan 2 ümumi sahəsi 0.099685 ha olan bağ sahəsinin ünvan 4 ünvanında yaşayan Cavabdeh2 satmasına dair alqı-satqı müqaviləsinin bildirmişdir. Həmin vaxtı Cavabdeh1 tərəfindən ona etibarnamənin əsli, bağ sahəsinə dair 15.12.2011 -ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın əsli, daşınmaz əmlka dair dövlət reystrindən arayış, torpaq sahəsinin planı və ölçüsünün surəti verilmişdir. Bundan sonra o, Cavabdeh1 Eyvaz Əhmədovun evli olub-olmaması müəyyən edilməsini bildirdikdə, sonuncunun adından ərizə ilə müraciət edərək E.Əhmədovun rəsmi nikaha daxil olmadığını, subay olduğunu bildirirb ərizəyə imza etmişdir. Həmin ərizə Cavabdeh2 tərəfindən də imzalanmış, sənədlərdə, eləcə də müraciət edənlərin davranışında ondan hər-hansı bir şübhə yaranmadığı üçün tərəflər arasında alqı-satqı müqaviləsini tərtib etmiş və imzalamışdır. O, izahatında Cavabdeh1 alqı-satqı zamanı ona Eyvaz Əhmədovun ölməsi barədə heç bir söz demədiyini, həmin dövrdə Azərbaycan Respublikası Nazirlət Kabinetinin 11.09.2000-ci il tarixli 167 nömrəli Azərbaycan Respublikasında noratial hərəkətlərinin aparılma qaydaları haqqında təlimata əsasən alqı-satqı zamanı şəxsin evli olubolmamasını müəyyən edilməsi üçün şəxsin ərizəsinin kifayət etməsinin notarial hərəkətlərinin aparılması üçün kifayət etdiyini, sonuncunun evli olub-olmamasını həmin dövr üçün onun tərəfindən müəyyən etmək texniki cəhətdən mümkün olmadığım, Eyvaz Əhmədovun şəxsiyyət vəsiqəsinin surəti digər sənədlərlə birlikdə ona təqdim olunduğunu, şəxsiyyət vəsiqəsinin alqı-satqı üçün heç bir əhəmiyyət kəsb etmədiyini də bildirmişdir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 25.02.2011-ci il tarixdə X15 ona məxsus Bakı şəhəri, Nardaran qəsəbəsi, 66 saylı sahədə yerləşən 0,1 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, özəlləşdirməyi, torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşdirməsinə dair arayış almağı, satmağı, bağışlamağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə bağlı digər hüquqlarını Cavabdeh1 Əbdürəhim oğluna 30 il müddətinə etibar etmiş, ünvan 2 bağ sahəsi 15.12.2011-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır. X18 29.01.2012-ci ildə vəfat etmişdir. 01.11.2013-cü il tarixdə Bakı şəhəri 37 saylı notariat ofisində xüsusi notarius Q.Süleymanov tərəfindən mülkiyyət hüquqlarının bir çıxarış əsasında qeydə alındığı 65 və 66 saylı 0.099685 ha bağ sahəsinin E.Əhmədovun etibarnamə üzrə nümayəndəsi tərəfindən Cavabdeh2 satılması haqqında müqavilə təsdiq edilmişdir. İddiaçı mərhum əri X11 məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 65-66 nömrəli bağ sahələrinin əri öldükdən sonra ərinin tanışı Cavabdeh1 Əbdürəhim oğlu tərəfindən qanunsuz olaraq satılmasi barədə şikayətləri əsasında Baki şəhər prokurorluğunda fakta görə başlanmış cinayət işi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Əbdürəhim oğlu tanışı X18 tərəfindən ona verilmiş 25.02.2011-ci il tarixli etibarnamə əsasında sonuncunun istifadəsində olmuş Baki şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Bakı maşınqayırma zavodu”nun b/y-nin 65-66 saylı ümumi sahəsi 0,1 ha olan bağ sahəsinə dair 15.12.2011-ci il tarixdə onun adına MA seriyali ******* №-li çixarış aldıqdan sonra 07.02.2012-ci il tarixdə Eyvaz Əhmədovun ölməsindən istifadə edib ona aid şəxsiyyət vəsiqəsinin surətini saxtalaşdırmaqla ailə vəziyyətində “subay” olmasına dair qeyd düzəldərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində fəaliyyət göstərən 37 sayli notariat ofisinin xüsusi notariusu X1 həyatda olması və subay olması barədə onun adından bilə-bilə yalan məlumatları əks etdirən ərizə təqdim etməklə Eyvaz Əhmədovun mülkiyyətində olmuş 0,1 ha ölçülü bağ sahəsini qeyd olunan xüsusi notariusun bağladığı 01.11.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə 8000 (səkkiz min) manata Cavabdeh2 satmaqla sənədləri saxtalaşdıraraq özgəyə məxsus xeyli miqdarda əmlaka dair hüquqlari qəsdən əldə etmişdir. İşin materiallarından görünür ki, Suraxanı rayon prokurorluğunun böyük müstəntiqi Atəş Şahverdiyevin 08.07.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri 37 saylı notariat ofisində xüsusi notarius Qulu Süleymanovun barəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikasi CPM-nin 215-ci maddəsinin tələbinə əsasən istintaq aidiyyəti üzrə Suraxanı RPİ-nin İŞ-ə göndərilmişdir. Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-də davam edən istintaq zamanı müəyyən edilmişdir ki, müqavilə təsdiqi zamanı notariat ofisinə Cavabdeh1 Əbdürəhim oğlu tərəfindən E.Əhmədovun saxtalaşdırılmış şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmuş və həmin sənəddə sonuncunun subay olması qeyd edilmişdir. Bu səbəbdən notarius Q.Süleymanov mülkiyyətçinin arvadının özgəninkiləşdirməyə razılığını almamış, etibarnamə üzrə nümayəndəsinin onun subay olmasına dair ərizəsini təsdiq etmişdir. Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Nizami Məhərrəmovun qəbul etdiyi «Cinayət işi üzrə icraata xitam verilməsi barədə 01.11.2020-ci il tarixli qərar»la Cavabdeh1 Əbdürəhim oğlunun Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq edilsə də, həmin cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan Azərbaycan Respublikası CM-nin 71-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilməli olması qərara alınmışdır. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçının mərhum əri X11 Ləhiş bağ massivində 66 saylı 0,05 ha torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsini 03.03.2006-cı ildə yazdığı notarial qaydada təsdiq edilmiş ərizə əsasında Cavabdeh1 Əbdürəhim oğlunun istifadəsinə vermiş, bu torpaq sahəsinə dair onun adından hərəkət etmək üçün Cavabdeh1 25.02.2011-ci il tarixdə 30 il müddətinə etibarnamə vermişdir. Həmin torpaq sahəsinə dair X9 mülkiyyət hüquqları 15.12.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetrində ilkin qeydiyyata alınmışdır. X18 29 yanvar 2012-ci ildə ölmüş, lakin cavabdeh Məcidov X10 Əhmədovun ona verdiyi etibarnamədən istifadə edərək və sonuncunun öldüyünü notariat orqanından gizlədərək həmin torpaq sahəsini 01 noyabr 2013-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə digər cavabdeh olan Cavabdeh2 satmış, sonuncunun həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları 22 noyabr 2013-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinin 2013-cü ildə özgəninkiləşdirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ona verdiyi 26 iyul 2019-cu il tarixli cavab məktubu ilə məlumatlı olmuş, bundan sonra hüquq mühafizə orqanlarına müraciət etmiş və faktla əlaqədar cinayət işi başlanmış, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Bakı şəhəri Suraxanı RPİ-nin 01 noyabr 2020-ci il tarixli qərarı ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan sonra İddiaçı 03 avqust 2021ci il tarixdə hazırkı iddia ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət hüququ buraxıldığından onun iddia tələbi Cavabdeh1 Əbdürəhim oğlu ilə Cavabdeh2 arasında bağlanmış 1 noyabr 2013-cü il tarixli AN-İ ******* nömrəli Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 65-66 nömrəli 0,099685 ha bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Həmçinin, məhkəmə Cavabdeh2 hazırki iş üzrə üzrə vicdanlı əldə edən kimi qiymətləndirmiş və hesab etmişdir ki, o, mübahisəli bağ sahəsini əldə edərkən mülki qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.3, 33.4, Mülki Məcəlləsinin 225.1-ci maddələrinin tələbləri baxımından mübahisəli bağ sahəsinin onunla mərhum ərinin birgə mülkiyyətləri sayılması, ər-arvadın birgə mülkiyyəti üzərində tərəflərdən birinin sərəncam verməsi üçün digər tərəfin razılığı tələb olunması və Cavabdeh2 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.6-cı maddəsinin tələblərinə əsasən vicdanlı alıcı sayıla bilməməsinə dair irəli sürdüyü dəlilləri əsassızdır. Belə ki, mərhum E.N.Əhmədova mübahisəli bağ sahəsi dövlət tərəfindən əvəzsiz qaydada verildiyi üçün bu onun iddiaçı ilə birgə mülkiyyəti kimi deyil, özünün əmlakı kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını ətraflı araşdıraraq düzgün qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2) Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Əbdürəhim oğlu ilə Cavabdeh2 arasında mübahisələndirilən müqavilə 01.11.2013-cü il tarixdə bağlanmışdır. İddiaçı isə ilk dəfə 19 iyul 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciəti əsasında həmin orqanın ona verdiyi 26 iyul 2019-cu il tarixli cavab məktubundan məlumatlı olmuş, bununla bağlı Bakı şəhər Prokurorluğuna müvafiq qaydada şikayət ərizəsi ilə müraciət etmiş, şikayəti əsasında 2020-ci ilin aprel ayında qaldırılmış cinayət işinin icraatına 01.11.2020-ci ildə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə 03.08.2021-ci ildə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş bir illik müddəti ötürmüşdür. İddiaçının mübahisəli torpaq sahəsinin Cavabdeh1 tərəfindən 2013-cü ildə qanunsuz satılmasından yalnız 01 iyul 2021-ci ildə cinayət işinin materialları ilə tanış olduqdan sonra xəbər tutması ilə bağlı dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı öz iddia ərizəsində iddianın dəlili kimi göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26 iyul 2019-cu il tarixli cavab məktubundan ona məlum olmuşdur ki, mərhum ərinə məxsus torpaq sahəsi onun dünyasını dəyişməsinə baxmayaraq, 01 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Göründüyü kimi, iddiaçı torpaq sahəsinin qanunsuz özgəninkiləşdirilməsindən 26 iyul 2019-cu ildə məlumatlı olmasına baxmayaraq, yalnız 03 avqust 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir (həmin hüquqa xitam verilir). Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ikinci Cavabdeh2 Bakı şəhəri 37 saylı notariat ofisində qeyd alınmış 01.11.2013-cü il tarixli AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən vicdanlı davranmış, bu müqavilənin bağlanması zamanı onun hərəkətlərində mülki qanunvericiliyin tələblərinin hər hansı pozuntusu aşkarlanmamışdır. Ona görə də, hazırkı iddianın təmin edilməsi mübahisəli əmlakın hazırkı mülkiyyətçisi kimi Cavabdeh2 hüquqlarının pozulmasına səbəb ola bilərdi. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin, X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən, əmlakın əvəzli surətdə əldə edilməsi, mülkiyyətçinin və ya sahibin hökmranlığından yuxarıda göstərilən səbəblər ucbatından çıxmaması (əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olması və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxması, əmlakın əvəzzis əldə edilməsi) əldə edənin isə əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə «mövcud mülki qanunvericiliyə əsasən, mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-nin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.» Kollegiya mübahisəli torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinin dəlillərinə münasibətdə qeyd edir ki, AR Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli Plenum qərarı) Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya dəlilləri əsaslı hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2(008)-6190/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1781/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1781/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver