Məhkəmə qərarları › İş №2(103)-1781/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1781/2025

21.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1781/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, e-2(002)-3010/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayəti üzrə işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinin əvəzi olaran 5.000 manat pul vəsaiti və 70 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra mətndə – birinci instansiya məhkəməsi) 14 oktyabr 2024-cü il tarixli, e-2(002)-3010/2024 nömrəli qətnaməsi ilə (hakim K.Əsədov) iddia tələbi təmin edilərək, cavabdehdən 5000 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh ərizəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)-3010/2024 saylı qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Lakin apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verməmiş, müddəti buraxmışdır. Bu, sağlamlıq vəziyyəti və digər obyektiv səbəblər üzündən baş vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(002)-3010/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin buraxılmasının üzürlü hesab edilərək həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardad belə əsaslandırılmışdır ki, şəxsin 1 il öncə sağlamlıq durumunun qeyriqənaətbəxş olması hazırda mübahisələndirilən qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilməsinə hər hansı şəkildə maneə yaratmır. Cavabdehin qətnamədən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə yanaşı, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək imkanları olmuşdur. Bu imkanı məhdudlaşdıran heç bir üzürlü, yaxud əsaslı hesab edilə biləcək hal mövcud olmamışdır. Həmin qərardaddan cavabdeh şikayət vermiş, birinci instansiya məhkəməsi 07 yanvar 2025-ci il tarixli qərardad qəbul edərək, şikayəti təmin etməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti mümkün hesab edərək, icraata qəbul etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, iş materiallarını və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM-in) 233.1-ci maddəsindən müəyyən olunur ki, məhkəmə qətnaməsi, əgər ondan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 135.2 və 135.5-ci maddələrinin mənasına görə məhkəmə sənədləri o halda rəsmi qaydada təqdim edilmiş sayılır ki, həmin sənədlər məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilsin. İş materiallarında olan (57-ci səhifə) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi 21 oktyabr 2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yüklənilmişdir Qətnamə 26 noyabr 2024-cü il tarixdə, yəni cavabdehə rəsmi qaydada təqdim olunduqan 1 ay 5 gün sonra icra olunması üçün Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə göndərilmişdir. Belə olan halda qətnamə üzrə Qanunla müəyyən edilmiş 1 ay müddət keçdiyi üçün prosessual hərəkətləri etmək hüququ, yəni qətnamədən apellyasiya şikayəti vermək hüququ da keçmiş olur. Çünki MPM-in 130.1-ci maddəsinin tələblərinə görə Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ da keçmiş olur. Həmin Məcəllənin 133.1, 133.2 və 133.5-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxs əgər prosessual müddəti buraxmışsa, həmin müddətin bərpasına dair prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə ərizə verir. Məhkəmə isə işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti o halda bərpa edir ki, müddətin buraxılmasının səbəbini üzürlü hesab etsin. Səbəblər məhkəmə tərəfindən üzürlü hesab edilmədikdə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun buraxılmış müddətin üzürlü hesab edilməsinə dair hüquqi mövqeyi belədir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X1 şikayəti ilə əlaqədar 08 may 2008-ci il tarixli qərarı). Cavabdeh isə şikayət ərizəsinə tibbi sənədlər təqdim edərək, sağlamlıqla bağlı qayğıları olduğundan qətnamədən şikayət vermə müddətini üzürlü səbəbdən ötürdüyünü bildirmişdir. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin tibbi sənədlərin əksəriyyəti iddiaçı "xxxx" ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəlki dövrə aiddir. Birinci istansiya məhkəməsi icraatı zamanı və iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonrakı dövrə isə yalnız 2 sənəd (xx.xx.2024-cü il tarixli resept və xx.xx.2024-cü il tarixli MRT müayinəsi nəticələri) əlavə etmişdir ki, həmin dəlillərin iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsinə necə maneə törətdiyini və ya məhdudiyyət yaratdığını sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2024-cü il tarixdən etibarən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur. Lakin apellyator elektron kabinet vasitəsi ilə də apellyasiya şikayətininin verilə bilməməsinin üzrlü hesab edilməsinə dair mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi prosessual qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyə əsaslanaraq qeyd olunan səbəbləri üzürlü saymamaqda haqlı olmuşdur. Nəticədə kollegiya hesab edir ki, şikayətdə göstərilən hallar formal mülahizələrdən ibarətdir, birinci instansiya məhkəməsi isə qərardadını qanunamüvafiq əsaslarla qəbul etmişdir. Göstərilənlərə əsasən və MPM-in 10.8-1, 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r v e r d i: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(002)- 3010/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar