Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1782/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə borcun tutulması tələbinə dair 2(004)-3437/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada x xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3543,36 ABŞ dolları əsas, 1570,46 ABŞ dolları faiz, xx xxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 740,85 ABŞ dolları faiz, 1377,16 ABŞ dolları cərimə, cəmi 7231,83 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxx 2015-ci il tarixli kredit və zaminlik müqaviləsinə əsasən “xxxx” İKB ASCdən illik 28 faizlə 24 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin müqaviləyə zaminlər Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 bank qarşısında öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərlərinə götürmüşlər. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmışlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 3543,36 (üç min beş yüz qırx üç ABŞ dolları otuz altı sent) ABŞ dolları əsas borc, 1570,46 (min beş yüz yetmiş ABŞ dolları qırx altı sent) ABŞ dolları faiz borcu, xx xxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 740,85 (yeddi yüz qırx ABŞ dolları səksən beş sent) ABŞ dolları faiz borcu və 138 (yüz otuz səkkiz) ABŞ dolları cərimə borcu olmaqla, ümumilkdə 5992,67 (beş min doqquz yüz doxsan iki ABŞ dolları altmış yeddi sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) kredit borcunun və 24,90 (iyirmi dörd manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbi təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilə ilə Zaminin Bank qarşısında olan hüquq və vəzifələri, həmçinin də zaminlik üzrə münasibətlərə xitam verilməsi müəyyən edilmişdir. Əksinə birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəhclə iddianı zaminlərə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyatı olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və iş üzrə həmin hissədə iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-dən xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqaviləsinə əsasən 24 ay müddətinə illik 28% olmaqla 7000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Daha sonra tərəfindən müxtəlif vaxtlarda kreditin ödənilməsi məqsədilə ödəniş olmuşdur. Son zamanlarda maddi vəziyyəti pisləşdiyindən kreditin ödənilməsində problemlər yaranmışdır. Lakin onun banka olan borcu iddiaçının qeyd etdiyi kimi və qətnamədə göstərildiyi kimi şişirdilmiş məbləğdən qat-qat azdır. Bir daha qeyd edir ki, iddiaçı bankla xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmış və həmin müqavilənin müddəti isə xx.xx.2017-ci il tarixində bitir. İddiaçı isə həmin müqavilədən irəli gələn kredin borcunun tələbinə dair məhkəməyə 2020-ci ilin may ayında müraciət etmişdir. Buradan isə aydın olur ki. iddiaçı bank iddianın verilməsi üçün nəzərdə tutulan 3 illik iddia müddətini ötürmüşdür. Bununla bağlı tərəfindən birinci məhkəmə baxışında məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmişdir. Məhkəmə isə işi araşdıracağı və bununla bağlı ona məlumat veriləcəyini qeyd etmişdir. Lakin daha sonra onun məlumatı olmadan, ona xəbər verilmədən məhkəmə keçirilmişdir. Bu səbəbdən də, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi iddia müddətinin tətbiq edilməsi ilə iddia rədd edilməli idi. Həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi yalnız iddiaçı "İddiaçı’’ tərəfindən təqdim edilən sənədlərə əsaslanaraq, heç bir ekspertiza keçirmədən və həqiqəti araşdırmadan qətnamə qəbul etmişdir. Lakin məhkəmə iclasının vaxtı barədə ona məlumat verilmədiyindən məhkəmə iclaslarında iştirakı təmin olunmamış və məhkəmədə iştirak edən tərəflərin çəkişmə prinsipinə riayət etmədən, tələsik iddiaçı bankın xeyrinə qətnamə qəbul etmişdir. Məhkəmə hazırki iş üzrə sübutlara qərəzli şəkildə iddiaçının mənafeyini güdərək münasibət bildirmiş, qətnamədə göstərilən halları heç bir halda əsaslandıra bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş və iddianın təmin olunmamış hissələrində qanuniliyi və əsaslılığı yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bank ilə Cavabdeh1 arasında bağlanılmış x xxxxx 2015 il tarixli kredit müqaviləsinə əsasən, borcalan “xxxx” İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 7000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında xx xxxxx 2015 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, borcalanın xx.xx.2020-ci il tarixə, 3543,36 ABŞ dolları əsas, 1570,46 ABŞ dolları faiz, xx xxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 740,85 ABŞ dolları faiz, 1377,16 ABŞ dolları cərimə, cəmi 7231,83 ABŞ dolları kredit borcu hesablanmışdr. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741, 442, 445.7, 442, 443.1, 443.5, 462.1, 467 və 477.0.4-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsnin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, borcalan Cavabdeh1 tərəfindən tutulan borc məbləğinin şişirdildiyi, az olması barədə dəlilini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. İddiaçının iddia müddətini ötürməsi barədə cavabdehin dəlili də əsaslı sayıla bilməz. Belə ki, iş materiallarında olan İddiaçı ASC-in xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin kredit borcu üzrə xx.xx.2019-cu il tarixdə ödəniş edilmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Kollegiya hesab edir ki, borcalan kredit müqaviləsinə uyğun olaraq üzərinə götürdüyü müqavilələri lazımınca və vaxtında yerinə yetirmədiyinə görə kredit borcunun tutulmasına dair hissədə məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Bundan başqa, kredit müqaviləsindən görünür ki, müqavilədə zaminliyin verilmə müddəti təyin edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı bank zaminlərə qarşı iddianı Mülki Məcəllənin 477.0.4.-cü maddəsi ilə müəyyən olunmuş müddət ötürülməklə, yəni zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı bitdiyi gündən üç il sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verildikdən sonra ona qarşı Bank iddia ilə məhkəməyə müraciət etdiyindən onlara qarşı iddianın təmin olunmamasına dair hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə apelyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3437/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş və iddianın təmin olunmamış hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1782/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1782/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver