Məhkəmə qərarları › İş №2(103)-1783/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1783/2025

02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1783/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın və borcun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2722/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrindən aydın olur ki, 77DJ733 dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixli qeydiyyata əsasən və ** UP *** dövlət nömrə nişanlı avtomobil isə xx.xx.2023-cü il tarixli qeydiyyata əsasən İddiaçı mülkiyyətindədir.

2. Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2024-cü il tarixli ödəniş sənədindən, B seriyalı ********* saylı resept blankından, xx.xx.2024-cü il tarixli 1 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı həkim Afiyəddin İsgəndərov tərəfindən müayinə edilmiş, laboratoriya testləri aparılmış, ona müalicə təyin olunmuş, resept yazılmış, iddiaçı tərəfindən laboratoriya xərcləri üçün 77 manat ödəniş edilmişdir. İddiaçı İFCENTER MMCdə psixoloji dəstək (müalicə) almış, bununla bağlı 200 manat ödəniş etmişdir.

3. İnzibati xəta törədilməsi ilə əlaqədar qərarlara dair çıxarışlardan görünür ki, Tosun Ahmet **-UP-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək xx.xx.2023-cü il tarixdə 10 manat (6 manat dəbbə pulu), xx.xx.2023-cü il tarixdə 10 manat (6 manat dəbbə pulu), xx.xx.2023-cü il tarixdə 50 manat (30 manat dəbbə pulu), xx.xx.2023-cü il tarixdə 60 manat (36 manat dəbbə pulu), xx.xx.2023-cü il tarixdə 40 manat (24 manat dəbbə pulu), xx.xx.2023-cü il tairxdə 40 manat (24 manat dəbbə pulu), xx.xx.2023-cü il tarixdə 10 manat (dəbbə pulu 6 manat), xx.xx.2023-cü il tarixdə 80 manat (48 manat dəbbə pulu), xx.xx.2023-cü il tarixdə 20 manat (12 manat dəbbə pulu) olmaqla inzibati qaydada cərimələnmişdir.

4. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Tosun Ahmet adlı şəxsin əvəzinə sonuncunun inzibati cərimələri üzrə (müvafiq inzibati xəta haqqında elektron qərarın nömrəsi göstərilmişdir) xx.xx.2024-cü il tarixdə cəmi 512 manat ödəniş edilmişdir.

5. Firma MMC Setir 1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzə əsasən müvafiq ehtiyat hissələri üçün 110, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 95 manat məbləğində ödəniş edilmişdir.

6. xx.xx.2024-cü il tarixli qaimə-fakturaya əsasən əsasən müvafiq ehtiyat hissələri üçün 80 manat ödəniş edilmişdir.

7. Evakuator AZ MMC-nin xx.xx.2024-cü il tarixli qəbzinə əsasən Toyota markalı 99UP 795 dövlət nömrə nişanlı avtomobilin daşınması üçün 30 manat ödəniş edilmişdir.

8. **-UP-*** dövlət nömrə nişanlı avtomobilə dair elektron portaldan çıxarışdan görünür ki, avtomobilin üzərində yüklülük var.

9. «X12» MMC tərəfindən verilmiş aktdan (giriş xx.xx.2024-çıxış xx.xx.2024) görünür ki, Toyota markalı Prius modelli **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün 695 manat xərc tələb olunur.

10. «X12» MMC tərəfindən verilmiş ilkin qüsur aktından görünür ki, Toyota markalı Prius modelli **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün 1170 manat xərc tələb olunur.

11. 30.04.2023-cü il tarixli (hazırda qüvvədən düşmüş) etibarnamənin surətindən aydın olur ki, İddiaçı mülkiyyətçi kimi **-UP-*** dövlət nömrə nişanlı avtomobili 1 ay müddətinə, xx.xx.2023-cü il tarixədək idarə edilməsi üçün Tosun Ahmetə etibar etmişdir.

12. 17.07.2023-cü il tarixli (hazırda qüvvədən düşmüş) etibarnamənin surətindən aydın olur ki, İddiaçı mülkiyyətçi kimi **-DJ-*** dövlət nömrə nişanlı avtomobili 5 ay 14 gün müddətinə, xx.xx.2023-cü il tarixədək idarə edilməsi üçün X5 etibar etmişdir.

13. 04.02.2024-cü il tarixli (hazırda xitam verilib) etibarnamənin surətindən aydın olur ki, İddiaçı mülkiyyətçi kimi **-DJ-*** dövlət nömrə nişanlı avtomobili 6 ay müddətinə, xx.xx.2024-cü il tarixədək idarə edilməsi üçün X3 etibar etmişdir.

14. 07.08.2024-cü il tarixli (hazırda qüvvədədir) etibarnamənin surətindən aydın olur ki, İddiaçı mülkiyyətçi kimi **-UP-*** dövlət nömrə nişanlı avtomobili 1 il müddətinə, xx.xx.2025-ci il tarixədək idarə edilməsi üçün X4 etibar etmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2024-cü il tarixli 9/5528-8/1901 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlərdən keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrini dəyişdirmədən təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yolnəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə «X12» müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktında 2008-ci il buraxılışlı, qara rəngli «Toyota Prius» markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1.170 manat müəyyən edilir, o cümlədən:- dəyişilməli hissələrin qiyməti 480 manat;-təmirbərpa işlərinin qiyməti 690 manat. Nəzəri hesablama yolu ilə «X12» müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında 2008-ci il buraxılışlı, qara rəngli «Toyota Prius» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 680 manat müəyyən edilir, o cümlədən:- dəyişilməli hissələrin qiyməti 580 manat;- təmirbərpa işlərinin qiyməti 100 manat. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil etmişdir.

16. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə sonuncunu xəbərdar etmişdir.

17. İddiaçı və cavabdeh arasında “Whatsapp” mobil tətbiqi üzərindən aparılmış yazışmalardan görünür ki, iddiaçı cavabdehə ödənilməmiş icarə haqqının, avtomobilin təmiri ilə çəkilmiş xərclərin ödənilməsini tələb etmiş, cavabdeh isə maddi imkanı ilə əlaqədar olaraq hazırda həmin tələbi ödəmək iqtidarında olmadığını bildirmişdir.

18. Cavabdeh tərəfindən təqdim edilmiş Carman.az başlıqlı xx.xx.2023-cü il tarixli qəbzdən **-DJ-*** dövlət nömrə nişanlı avtomobilə yağ dəyişmə, yağ filtri üçün 50 manat, xx.xx.2022-ci il tarixli qəbzdən **-UP-*** dövlət nişanlı avtomobilə sağ yan güzgü, almacıq üçün 70 manat, xx.xx.2023-cü il tarixli qəbzdən **-UP-*** dövlət nişanlı avtomobilə yağ filtri, yağ dəyişmə və s. üçün 238 manat, xx.xx.2023-cü il tarixli qəbzdən **-UP-*** dövlət nişanlı avtomobilə yağdəyişmə və yağ filtri üçün 46 manat, xx.xx.2023- cü il tarixli qəbzdən **-UP-*** dövlət nişanlı avtomobilə şam, qabaq addımlıq üçün 115 manat,xx.xx.2023-cü il tarixli qəbzdən **-UP-*** dövlət nişanlı avtomobilə şam və inverter pompası üçün 125 manat, xx.xx.2023-cü il tarixli qəbzdən **-DJ-*** dövlət nişanlı avtomobilə yağdəyişmə üçün 38,5 manat, xx.xx.2023-cü il tarixli qəbzdən 99-UP795 dövlət nişanlı avtomobilə yağdəyişmə, yağ filtri üçün xərc hesablanması aydın olur.

a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9.539 manat pul vəsaiti və ödənilmiş 115,39 manat dövlət rüsumu olmaqla, cəmi 9.654,39 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan iki avtomobili Cavabdeh icarə müqaviləsi əsasında vermişdir. Həmin şəxs istifadə zamanı avtomobillərinə zərər vurmuş, borclarını ödəməmişdir. Bunun nəticəsində o, əsəb, stres keçirmiş, xəstəxanaya müraciət etmiş, psixoloji dəstək də almışdır. Cavabdeh ona 3.700 manat ödənişi 2023-cü il sentyabr, oktyabr, noyabr ayları ödəniş etməlidir. Belə ki, hər ay üçün 1.200 manat olmaqla, o cümlədən avqust ayından 100 manat ödənişi qalmışdır. Beləliklə, həmin şəxs ona ümumilikdə 3.700 manat ödəniş həyata keçirməlidir. Həmin məbləğdən 500 manat fevral ayında ödənmişdir. Həmin şəxs barəsində cinayət işinin başlanması üçün Yasamal RPİ 27-ci Polis Şöbəsinə müraciət etsə də, xx.xx.2023-cü il tarixdə həmin Polis Şöbəsindən gələn cavabla bildirilmişdir ki, müraciəti mülki xarakter daşıyır və bu səbəbdən də mülki qaydada məhkəməyə müraciət etməlidir. Avtomobilin təmiri üçün FS X11 40 manat, basıcı nasos (farsunka) 60 manat, sveça 80 manat, akkumulyator 45AH 95 manat, təkər 280 manat, qranat anter (qranat pilnik) 20 manat, arxa sol qanad şüşəsi 70 manat, sağ güzgü qapaq 10 manat olmaqla ehtiyat hissələrinin qiyməti ümumilikdə 655 manat, dəmirçi işi 120 manat, rəngsaz işi 400 manat, basıcı nasosların (farsunkaların) yuyulması 40 manat, qapaqların (zaslonkaların) yuyulması 10 manat, balans 20 manat, şinlərin montajı 20 manat olmaqla cəmi təmir işlərinə ümumilikdə 610 manat pul xərcləmişdir. Amortizatora 240 manat, qabaq asqılara (çaşkalara) 240 manat olmaqla ehtiyat hissələrinin qiyməti ümumilikdə 480 manat, amortizatorların dəyişdirilməsi 120 manat, asqıların (çaşkaların) dəyişdirilməsi 50 manat olmaqla cəmi təmir işlərinə ümumilikdə 170 manat pul xərclənməlidir. Bunu iddia ərizəsinə əlavə etdiyi ilkin qüsur aktı və akt da təsdiq edir. Həmçinin iddia ərizəsinə qoşma kimi əlavə etdiyi psixoloji müalicə üçün psixoloq Əfsanə Rüstəmovaya 200 manat, Bakı sağlamlıq mərkəzinin arayışından da göründüyü kimi müalicəsinə ümumilikdə 82 manat pul xərcləmişdir. Bu xərclərdən yalnız ödənmiş 500 manat həddində ödəniş həyata keçirilmişdir. Evakuatora 30 manat məbləğində pul ödənmişdir. Maşının əvvəlki sürücüsü Tosun Ahmetdən 512 manat məbləğində cərimə qalmışdır. Toyota prius (** UP ***) markalı maşın həbs qoyulduğu və təmirdə olduğu müddəti üçün 4 ay, Toyota prius (** DJ ***) markalı maşın təmirdə olduğu üçün 2 ay ümumilikdə fəaliyyətsiz müddəti üçün 6 ay müddətinə 3.600 manat ödəniş edilməmişdir. Belə ki, cavabdeh tərəfindən hal-hazırda ona 9.539 manat məbləğində ödəniş edilməlidir.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2722/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 3200 (üç min iki yüz) manat icarə haqqı, dəymiş zərərə görə 1850 (min səkkiz yüz əlli) manat, 30 (otuz) manat evakuator xərci, ödənilmiş cərimələrə görə 512 (beş yüz on iki) manat, psixoloji dəstək (müalicə) üçün sərf edilmiş 200 (iki yüz) manat, 2400 (iki min dörd yüz) manat əldən çıxmış fayda olmaqla cəmi 8192 (səkkiz min yüz doxsan iki) manatın və ödənilmiş 115,39 (bir yüz on beş manat, otuz doqquz qəpik) manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X2, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 11.1, 11.2, 14.1, 21.1, 21.2, 21.3, 385.1, 386.1, 390.1, 442, 443.1, 443.2, 448.1, 448.2, 680.1.1, 683.3, 684.1, 685.2.1, 685.2.2, 700.1, 700.2, 700.3, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 52.2, 88, 119.1, 119.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçının ümumiyyətlə subyektiv hüququ olmadan məhkəmədə iddia qaldırmış, məhkəmə isə işi mahiyyəti üzrə araşdırmadan iddia ərizəsini təmin etmişdir. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Qətnamədən və iş materiallarından görünür ki, iddiaçı fərdi sahibkar deyil və qeyri-qanuni fəaliyyət göstərib, çünki VÖEN-ni yoxdur, yəni rəsmi dövlət reyesterində qeydə alınmayıb. Belə olan halda onun subyektiv hüququ yaranmayıb, çünki avtomobili icarəyə vermək, mənfəət götüməsi ixtiyarı yoxdur, məhkəmədə belə iddia qaldıra bilməzdi, məhkəmə iddia tələbini rədd etməlidir. Məhkəmə qətnaməsi maddi hüquq normasına ziddir. Mülki hüquqlar və vəzifələr mülki qanunvercilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvercilikdə nəzərdə tutulmasa da, mülki qanunverciliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İddiaçının belə hüquqları olmadığı halda məhkəmədə iddia qaldırmış ,məhkəmə isə tam araşdırmadan qətnamə qəbul edərək hüquqlarını pozmuşdur. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki işdən və qətnamədən görünür ki, onunla iddiaçı arasında heç bir nə şifahi, nə də ki, rəsmi müqavilə olmayıb. Məhkəmə qətnaməsi bu maddi hüquq normasına ziddir. Hakim bütün hallarda prosesin çəkişmə prisipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi ,dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə onu dinləməmiş, iddiaçıya və şahidə suallar verilməsinə şərait və imkan yaratmamışdır. Məhkəmə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübut etməyə imkan verməmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilməli, iddia tələbi münkün hesab edilməməklə rədd edilməlidir. Nəsimi Rayon Məhkəməsi iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim etməyi halda iddia ərizəsini təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İşə baxılarkən maddi və prossesual hüquq normaları kobudcasına pozulmuş ,birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş,iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Məhkəmə qətnaməsi dəlillərə və sübutlara əsasən qəbul edilməyib .Məhkəmə kiməsə məxsus səs yazısı üzrə heç bir ekspertiza keçirilmədən, səsinin kimə məxsus olmasını müəyyən etmədən, səsin ona məxsus olması qənaətinə gəlmişdir. Ona görə də səs yazısı mülki iş materiallarından xaric edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

26. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, iddia tələbini 3200 manat icarə haqqının tutulması hissəsində qəbul edir və iddia tələbini digər təmin edilən hissələrində mübahisələndirməklə həmin hissələrdə qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş edir.

27. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

30. Maddə 21.3 zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

31. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 390.1 fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

34. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

36. Maddə 443.2 zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

37. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

39. Maddə 680.1 kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1-ci maddəsinə əsasən binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri;

40. Maddə 683.3 istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır.

41. Maddə 684.1 əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

42. Maddə 685.2 kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2-ci maddəsinə əsasən ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

43. Maddə 700.1 icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

44. Maddə 700.3 əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

45. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

46. Maddə 1096.2 delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

47. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

55. Hazırki halda, qətnaməni iddiaçı mübahisələndirmədiyindən, cavabdeh isə iddia tələbinin dəymiş zərərə görə 1850 (min səkkiz yüz əlli) manat, 30 (otuz) manat evakuator xərci, ödənilmiş cərimələrə görə 512 (beş yüz on iki) manat, psixoloji dəstək (müalicə) üçün sərf edilmiş 200 (iki yüz) manat, 2400 (iki min dörd yüz) manat əldən çıxmış fayda olmaqla 4992 (dörd min doqquz yüz doxsan iki) manat pulun tutulmasının təmin edilməsi hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2722/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

58. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

59. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

60. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçının ödənilməmiş icarə borcunun iddiaçının iddia tələbində qeyd etdiyi kimi 3200 manat məbləğ təşkil etməsi işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbinin 3200 manat məbləğində icarə haqqının ödənilməsinin işin faktiki halları ilə əsaslı olaraq sübuta yetməsi və cavabdehin etirafı nəzərə alınaraq qətnamə həmin hissədə yoxlanılmır.

61. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, iddia tələbinin tərəflər arasında razılaşmaya əsasən aylıq icarə haqqının məhz bir avtomobilə münasibətdə 600 manat məbləğində razılaşdırılmasını nəzərə alaraq Toyota Prius markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobilin zədələnmiş halından və habelə üzərində olan yüklülük olması səbəbindən həmin avtomobildən faydalanması mümkün olmadığından iddiaçıya zərər dəyməsi aydın olur. Belə ki, iddiaçının irəli sürdüyü dəlillərə əsasən Toyota Prius markalı **-DJ-*** dövlət nömrə nişanlı avtomobildən 2 ay müddətində və eyni markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobildən isə 4 ay müddətində fayda götürə bilməmişdir. Bununla bağlı cavabdeh həmin avtomobillərin yararsız vəziyyət olmasını təkzib etsə də, buna dair sübutlarını təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan və həmçinin dindirilmiş şahid ifadəsindən aydın olur ki, avtomobilləri faktiki icarəyə götürmüş Cavabdeh həmin avtomobilləri saz və yararlı vəziyyətdə mülkiyyətçiyə təhvil verməmişdir. Təqdim edilmiş sübutlardan Toyota Prius markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobildən iddiaçının 4 ay, yəni noyabr ayından fevral ayınadək faydalanmasının mümkünsüzlüyü tam aydın olsa da, digər Toyota Prius markalı **-DJ-*** dövlət nömrə nişanlı avtomobildən 2 ay ərzində faydalanmasının mümkünsüzlüyü ilə bağlı təsdiq edici sübutlar təqdim edilməmişdir. Bunu nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya məhz Toyota Prius markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobildən faydalana bilməməsi ilə əlaqədar maddi ziyan vurulmasının əsaslı olması qənəatinə gəlmişdir.

62. Eyni zamanda, cavabdeh avtomobillərdən istifadə etdiyi müddətdə onların saz vəziyyətdə saxlanmasını təmin etməmiş və mülkiyyətçiyə də onların ən az işlək vəziyyətdə deyil, yararsız vəziyyətdə çatmasına səbəb olmuşdur. Avtomobillərin yararsız vəziyyətə düşməsində təqsirli olmamasına dair sübutlarını cavabdeh məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə bəzi qəbzlər təqdim edilmişdir ki, cavabdeh həmin avtomobillərin onun istifadəsində olduğu müddətdə həmin avtomobillərə xərc çəkməsini göstərmişdir. Lakin təqdim edilmiş qəbzlərdən aydın olmuşdur ki, həmin xərclər avtomobillərin yağ filtrinin, yağdəyişməsinin həyata keçirilməsindən ibarət xərclərdir ki, bu xərclərdə yanacaq xərci kimi avtomobilin məhz zəruri istifadəsini təmin edən xidmətlərə görə çəkilən xərclərdir və qanunvericilik də bu xərclərin əmlakdan istifadə edən şəxsin çəkdiyi və kirayəyə verən tərəfindən əvəzlənməsi nəzərdə tutulmayan xərclərə aid etmişdir. Avtomobillərin yararsız vəziyyəti düşməsində Cavabdeh təqsiri məlumdur.

63. Həmçinin avtomobillərin mülkiyyətçinin sərəncamına keçməsindən sonra mülkiyyətçi həmin avtomobilləri olduqları yerdən təmir olunan müəssisənin olduğu yerə daşınmasına görə evakuatora ödəniş etmək məcburiyyətində qalmış və 30 manat məbəğində daşınma xərci ödəmişdir.

64. Kollegiya iddianın digər dəlilinə münasibətdə bildirir ki, iddiaçı mülkiyyətində olanda avtomobili məhz cavabdehlə olan şifahi razılaşmasına əsasən Tosun Ahmetin idarə etməsinə vermişdir. Tosun Ahmetin həmin avtomobili etibarnamə əsasında idarə edərək yol hərəkəti qaydalarını pozmuş, nəticə də isə iddiaçı inzibati cərimələri ödəmişdir. Bu baxımdan ödənilmiş inzibati cərimələrin cəmi məbləğini təşkil edən 512 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir.

65. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilən hallarla bağlı iddiaçı əsəb gərginliyi, stress keçirmiş, ruhi tarazlığı pozulmuş, bu səbəbdən həkimə müraciət edərək müalicə almış, bununla əlaqədar olaraq 200 manat pul vəsaiti xərcləmişdir. Məhkəmə haqlı olaraq iddiaçının mənəvi sarsıntısı ilə əlaqədar olaraq psixoloji dəstək alması üçün ödədiyi xərcin cavabdehdən tutulmasını əsaslı hesab etmişdir.

66. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Məhkəmə kollegiyası izah edir ki, iddiaçının apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissə 5000 manatdan az olduğundan (1850+30+512+200+2400=4992) Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2722/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar