Məhkəmə qərarları › İş №2(103)-1785/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1785/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1785/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil2, İlk iddia üzrə Cavabdeh1 nümayəndəsi Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi Vəkil4 Şirinbala oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və borc tələbinə dair ilk iddiası və Cavabdeh2 İddiaçı qarşı borc tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(009)-464/2020 saylı qətnaməsindən ilk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərhəd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh2 Sərhəd qızı ilə bağlanılmış «X3» markalı, 2003-cü il buraxılışlı, Az **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısına dair 09 yanvar 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsinin ona qaytarılması, cavabdehlərə artıq ödənilən 45400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir tanıdığı, birlikdə təhsil aldığı Cavabdeh1 müəyyən ehtiyaclarını ödəmək məqsədi ilə 21 noyabr 2017-ci il tarixdən başlayaraq 11 avqust 2018-ci il tarixədək müxtəlif vaxtlarda hissə-hissə pul vəsati borc almışdır. Həmin dövrdə hissə-hissə götürdüyü pul vəsaitlərini hissə-hissə də vaxtında sonuncuya qaytarmışdır. Nəticədə, ayrı-ayrı vaxtlarda götürdüyü 110000 manata yaxın pul vəsaitini Cavabdeh1 tam olaraq faizi ilə birlikdə qaytarmışdır. Bunu Cavabdeh1 imzaladığı 15 dekabr 2018-ci il tarixli borcun qaytarılması müqaviləsi tam təsdiq edir. Buna baxmayaraq, Cavabdeh1 borcunu tam qaytardıqdan sonra bildirmişdir ki, bu pulların müəyyən hissəsini cavabdehdən faizlə və tanışı X1 isə borc olaraq alıb ona vermişdir və o həmin pulları bu günə qədər onlara qaytarmamışdır. Götürdüyü bütün borcu ona qaytardığını desə də, Faiq həmin məbləğləri, yəni cavabdehdən götürülən 27200 ABŞ dollarını və X1 götürülən 15000 manatı əvvəllər ondan qəbul etdiyini etiraf etsə də, onları faizə hesabladığını və hazırda isə qeyd olunan məbləğlərin ana borc kimi sonunculara qaytarılmalı olduğunu ona bəyan etmişdir. Uzun müzakirələrdən sonra, cavabdehlərin ona təzyiqi nəticəsində, onların iştirakı və imzası ilə yazılı akt və müqavilələr tərtib edərək, guya 27200 ABŞ dolları pulu əvvəllər tanımadığı və heç vaxt rastlaşmadığı cavabdehə və 15000 manat pulu X2 borclu olduğunu qeyd etmişlər. Qeyd olunan akt və müqavilələr yazılarkən heç bir pul vəsaiti ona verilməmişdir. Həmçinin cavabdehlər ona xəbərdarlıq etmişlər ki, pulları qaytarmadığı təqdirdə ona ciddi problemlər yarada bilərlər. Ailəsinin təhlükəsizliyini düşünərək cavabdehlərin ona göstərdikləri təzyiq nəticəsində mülkiyyətində olan «X3» markalı, Az ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 09 yanvar 2019-cu il tarixdə Cavabdeh2 adına formal alqı-satqı müqaviləsi rəsmiləşdirməklə ona vermişdir. Bundan sonra 28 fevral 2019-cu il tarixdə 12000 ABŞ dolları məbləğində pul düzəldərək şəxsən cavabdehə vermiş və o, pulu almağına dair yazılı qəbz vermişdir. Daha sonra həyat yoldaşına məxsus “Ford Fiesta” markalı avtomobil də Cavabdeh2 adına formal alqı-satqı müqaviləsi rəsmiləşdirilməklə girov qoyulmuşdur. 11 oktyabr 2019 və 20 oktyabr 2019-cu il tarixlərində birini Cavabdeh1 vasitəsilə olmaqla, iki dəfəyə 5000 manat, ümumilikdə 10000 manat pulu cavabdehə vermişdir. Bir müddət keçdikdən sonra böyük çətinliklə 15000 manat pulu kreditə götürərək cavabdehə müraciət etmişdir ki, avtomobillərini geri qaytarmaq şərti ilə həmin pulu ona ödəsin. Lakin sonuncu bu pulun müqabilində maşınları qaytarmayacağını və onun daha böyük məbləğdə pul qaytarmalı olduğunu bildirmişdir. Uzun müzakirələrdən sonra cavabdeh ondan 15000 manat məbləğində pulu alaraq “Ford Fiesta” markalı avtomobili qaytarmışdır. Lakin 8980 manat borcunun qaldığını və bu pulu qaytarmadığı təqdirdə onun adına rəsmiləşdirdiyi «X3» markalı nəqliyyat vasitəsini 31 dekabr 2019-cu il tarixindən satışa çıxaracağını bildirmişdir. Beləliklə, Cavabdeh1 ona borc pul verərək, sonradan ondan aldığı bütün pulları ona qaytarmağına baxmayaraq, faiz kimi ondan əlavə pullar tələb etmiş və cavabdehlər nəticədə ondan borc aldığı məbləğdən daha artıq məbləği akt və müqavilə tərtib etməklə rəsmiləşdirməyə və ondan həmin pulları almağa nail olmuşlar. Bu müqavilələr cavabdehlərin hədə-qorxusu və təzyiqləri altında və başqa (girov) müqaviləni pərdələmək məqsədi ilə rəsmiləşdirilmişdir. Bu səbəbdən həmin akt və müqavilələr əhəmiyyətsizdir. Hesab edir ki, cavabdehlə bağlanılan «X3» markalı nəqliyyat vasitəsinin alqı-satqısına dair 09 yanvar 2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli və nəqliyyat vasitəsi ona qaytarılmalıdır. Həmçinin artıq ödənilən 45400 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 10840 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 10870 manat pulun tutularaq ona ödənilməsi, iddiaçının öhdəliyinin icrasını təmin etmək məqsədilə girov predmetinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçının borcunun və məhkəmə xərclərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya 28 noyabr 2018-ci il tarixdə 27200 ABŞ dolları məbləğində borc pul vermişdir. Qeyd olunan məbləğin verilməsində iddiaçı, onun anası Rəhimova Gülnisə və Rüstəmova Afət iştirak etmişlər və onların hamısının imzaları ilə təsdiq edilmiş akt tərtib olunmuşdur. Həmin akta əsasən imza edənlər, həmçinin iddiaçı da öz imzaları ilə təsdiq etmişlər ki, o, 28 noyabr 2018-ci il tarixdə 27200 ABŞ dolları məbləğində pul vəsaitini onların iştirakı ilə iddiaçıya vermiş, iddiaçı isə ondan 18 noyabr 2018-ci il tarixdə 27200 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. Aktda qeyd olunanlar iddiaçının öz xətti ilə yazılmışdır. Daha sonra iddiaçı yenə öz xətti ilə yazaraq qeyd etmişdir ki, ondan aldığı pulu iki dəfəyə, 28 fevral 2019-cu il tarixdə 12000 ABŞ dolları, 01 may 2019-cu il tarixdə isə qalan məbləği - 15200 ABŞ dollarını tam qaytaracaqdır. İddiaçı bu barədə öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir. İddiaçı ondan aldığı borcdan 12000 ABŞ dollarını qaytarmışdır. İddiaçının ona 15200 ABŞ dolları borcu qalmışdır (15200 ABŞ dolları x 1,7 AZN = 25840 AZN). Daha sonra aldığı borcdan 15000 manat qaytarmış (25840 AZN – 15000 AZN = 10840 AZN) və iddiaçının ona hazırkı borcu 10840 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, İddiaçı borcunu ödəməkdən imtina etmişdir. İddiaçı pulu qaytarmadığı üçün polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəyə baxılarkən iddiaçı izahatında həqiqətən də ona borclu olduğunu və qalan 10840 manat məbləğində pulu qaytaracağını bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(009)-464/2020 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında “X3” markalı, 2003-cü il buraxılışlı, Az ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair 09 yanvar 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 840 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat pulun tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən ilk İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilərək ilkin iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla ədalətsiz qətnamə qəbul etmiş, işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, o, Cavabdeh1 və Cavabdeh2 Sərhəd qızına artıq məbləğdə faizlər ödəsə də, məhkəmə bunları nəzərə almamış, qətnamədə borc müqavilələrində göstərilən pul məbləğlərinin faiz olmaması qeyd olunmuşdur. Halbuki, məhkəmə iclasında təqdim edilmiş sms yazıları və cavabdehin özünün ona göndərdiyi səs yazılarında cavabdeh aşkar şəkildə ona faizlə borc pul verilməsini və hətta faiz şərtlərini etiraf etmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan sübutları iş materiallarına əlavə etsə də, onlara lazımi qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh2 da apellyasiya şikayəti verərək qarşılıqlı iddianın İddiaçı ümumilikdə 10870 manat pul vəsaitinin tutulması hissəsində tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(103)-3402/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(102)- 6196/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli qətnaməsi qismən - ilkin iddia tələbinin təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, Cavabdeh2 kassasiya şikayəti təmin olunmamış, qətnamə qarşılıqlı iddianın pul tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırda apellyasiya baxışının predmetini ilk İddiaçı apellyasiya şikayəti üzrə qətnamənin ilkin iddia tələbinin təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrində yoxlanılması təşkil edir. Qətnamənin ilkin iddia tələbinin təmin olunmayan hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 artıq ödənilən 45400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin olunan hissəsi isə İddiaçı 840 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat pulun tutularaq Cavabdeh2 ödənilməsidir. Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qarşılıqlı iddiaçı Cavabdeh2, onun nümayəndəsi Vəkil4 və Cavabdeh1 nümayəndəsi Vəkil1 isə ilk iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, ilk İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(009)-464/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçıla Cavabdeh2 arasında 28 noyabr 2018-ci il tarixdə 27200 ABŞ dolları məbləğində borc müqaviləsi bağlanmış, İddiaçı həmin borcu hissə ilə 2 dəfəyə, yəni 28 fevral 2019-cu il tarixədək 12000 ABŞ dolları və 01 may 2019-cu il tarixədək qalıq borc olan 15200 ABŞ dolları qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəfindən həmin borc məbləği göstərilən vaxtlarda tam ödənilmədiyi üçün tərəflər arasında İddiaçı məxsus «X3» markalı, 2003-cü il buraxılışlı, Az **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair 09 yanvar 2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin tarixdə Cavabdeh2 İddiaçı aşağıdakı məzmunda qəbz vermişdir ki, o, İddiaçı məxsus olan Az **-LD-*** nömrəli «X3» markalı, 2003-cü ii buraxılışlı maşını ona olan 27200 ABŞ dolları (46.321 AZN) borcunun dediyi vaxtda qaytarılmasını tam təmin etdikdən sonra bu nəqliyyat vasitəsinin geri qaytarılmasına zəmanət verir. Daha sonra Cavabdeh2 yazdığı 10 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı qalıq borc olan 8980 manat pulu ən geci 30 dekabr 2019-cu il tarixədək qaytarmadığı təqdirdə 31 dekabr 2019-cu il tarixdən avtomaşını satışa çıxaracaqdır. Digər tərəfdən, Nərimanov RPİ-nin 18-ci polis şöbəsindən Cavabdeh2 şikayəti əsasında toplanmış təhqiqat materialı tələb olunaraq ona baxış keçirilərək, Cavabdeh2 Nərimanov RPİ-nin rəisinə ünvanlanmış izahatından məlum olmuşdur ki, o, borcun təminatı kimi Muraddan hər hansı bir əmlakının onun adına keçirilməsini istəmiş, Murad isə özünə məxsus «X3» markalı, Az ** LD *** qeydiyyat nişanlı avtomaşının onun adına keçirilməsini təklif etmiş və o buna razı olmuşdur. Qeyd olunan avtomaşının sənədləri onun adına olsa da, o, Murada avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. O, Murada bildirmişdir ki, borcunu ödəməsə, maşını ona qaytarmayacaq. Bununla yanaşı, o, maşını satmaq yox, Muraddan pulunun qaytarılmasını istəyir. Apellyasiya qaydasında təkrarən işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, işə bundan əvvəl baxan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki, ...... iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində təqdim etdiyi sms yazıları və səs yazılarının ümumiyyətlə nəzərə alınmadığını və məhkəmənin həmin sübutları iş materiallarına əlavə etsə də, onlara lazımi qiymət vermədiyini qeyd etmişdir. İddiaçı hesab etmişdir ki, həmin yazılarda cavabdeh aşkar şəkildə ona borc pul verməsini, hətta faiz şərtlərini etiraf etmişdir. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi də eyni prosessual hüquq normalarının pozulmasına yol vermiş, həmin sübutlara və bununla bağlı apellyasiya şikayətinin dəlilinə ümumiyyətlə qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 76-cı maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 95-ci maddəsinə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər. Məhkəmə kollegiyasının iclasında ilk iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə öz tələb və etirazını təsdiq edən sübut qismində mobil telefon vasitəsilə göndərilmiş qısa mesaj mətnlərdən çıxarış və səs yazıları əks etdirən elektron daşıyıcı (flash card) qanunvericilikdə nəzərdə tutulan qaydada tədqiq edilmiş, Azərbaycan Respublikası MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla həmin səs yazılarına tərəflərin iştirakı ilə qulaq asılmışdır. Səs yazılarına qulaq asılarkən tərəflər arasında qaytarılması faizlə şərtləşdirilmiş borc münasibətlərinin olması təsdiqini tapsa da, bu faizlərin hansı borc münasibətləri üzrə olmasını, tələb olunan və qaytarılan faiz borclarının məbləğini, habelə faiz borclarının həqiqətən qaytarıldığını müəyyən etmək mümkün olmamışdır. Nəticə etibarilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 45400 manat məbləğində artıq pul ödədiyini sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi ilk iddianı həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qətnamənin İddiaçı 840 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat pulun tutularaq Cavabdeh2 ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə bu hissədə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, İddiaçıla Cavabdeh2 arasında 28 noyabr 2018-ci il tarixdə 27200 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı verilməsi barədə borc müqaviləsi bağlanmış, İddiaçı həmin borcu hissə ilə 2 dəfəyə, yəni 28 fevral 2019-cu il tarixədək 12000 ABŞ dolları və 01 may 2019-cu il tarixədək qalıq borc olan 15200 ABŞ dolları qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı 27200 ABŞ dolları məbləğində borcdan 28 fevral 2019-cu il tarixdə 12000 ABŞ dolları məbləğini Cavabdeh2 qaytarmış və Cavabdeh2 bu pulu almağına dair yazılı qəbz vermişdir. Nəticədə İddiaçı 15200 ABŞ dolları (15200x1,7=25840 manat) borcu qalmışdır. Daha sonra İddiaçı 11 oktyabr 2019 və 20 oktyabr 2019-cu il tarixlərdə birini Cavabdeh1 vasitəsilə olmaqla iki dəfəyə 5000 manat, ümumilikdə 10000 manat Cavabdeh2 vermişdir ki, Cavabdeh2 həmin pulu aldığını Nərimanov RPİ-nin rəsinin adına yazdığı 17 dekabr 2019-cu il tarixli izahatında etiraf etmişdir. Bundan sonra İddiaçı 10 dekabr 2019-cu il tarixdə qalıq (25840 manat-10000 manat=15840 manat) borcundan 15000 manatı Cavabdeh2 qaytarmış və Cavabdeh2 bu pulu almağına dair yazılı qəbz vermişdir. Nəticədə, İddiaçı Cavabdeh2 840 manat (15840 manat-15000 manat=840 manat) borcu qalmışdır. İddiaçı Cavabdeh2 840 manat borcunun qalması iş materialları ilə sübuta yetirilmiş, İddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-403cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(009)-464/2020 saylı qətnaməsi ilk iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə---ilkin iddia tələbinin təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar