Məhkəmə qərarları › İş №2(103)-1787/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1787/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1787/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: pulun tutulması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2596/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********25514 saylı kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 16.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 47 saylı mənzilin alınması məqsədilə bank tərəfindən cavabdehə 300 ay müddətinə, illik 10 % ödənilmək şərti ilə 56.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq bağlanmış xx.xx.2014cü il tarixli, **********25514/1 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən həmin mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-794/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 53.584,18 manat əsas, 3.241,31 manat faiz, 0,55 manat cərimə borcu, ödənilmiş 60 manat dövlət rüsumu, 22 manat xidmət haqqı olmaqla cəmi 56.908,04 manat məbləğində borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 77.500 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh 56.908,04 manat borcun "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay müddətində Cavabdeh, X5 və Sultanov Sənan Əmirbəy oğlunun həmin mənzildən çıxarılması, "xxxx" ASC-yə borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 6101/2019 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

3. "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışına və hesabdan çıxarış məlumatlarına əsasən həmin müqavilə üzrə xx.xx.2018-ci il tarixə 53.584,18 manat məbləğində əsas borc mövcud olmuş və yuxarıda göstərilən qətnamənin icrası qaydasında bu məbləğ xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 159 manat və xx.xx.2021-ci il tarixdə 52.425,18 manat olmaqla, xx.xx.2021-ci il tarixdə tam ödənilmişdir. xx.xx.2018-ci il tarixdən əsas borcun tam ödənilməsi, yəni xx.xx.2021-ci il tarixədək illik 10 faiz dərəcəsi ilə hesablama aparılmaqla cavabdehin 17.518,87 manat məbləğində faiz borcu yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixdən kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2021-ci il tarixə qədər illik 10 faiz dərəcəsi ilə hesablanmış 17.518,87 manat məbləğində əldən çıxmış faydanın əvəzinin və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 142,56 manat məbləğində çəkilmiş xərcin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə məhkəməyə müraciət edilmiş və yekun məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Buna baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə bank qarşısında borcu qalmışdır. Belə ki, əmlak alınması məqsədləri üçün Bank hesabına (iddiaçı) verilmiş ipoteka kreditləri üzrə orta faiz dərəcəsinin miqdarı illik 10 % faiz təşkil edir. Qeyd olunana əsasən Bank xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixədək əldən çıxmış faydanın hesablanmasında həmin faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 17.518,87 manat təşkil edir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2596/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 8.759,43 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 70 manat hissəsinin Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X6).

7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bundan sonra məhkəmə qətnaməsi ilə 53.584,18 manat əsas, 3.241,30 manat faiz və 0,55 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 445.7-ci və 449.1cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq, hesab etmişdir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8.759,43 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Məhkəmə, həmçinin, iddia qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 445ci, 448-ci, 449-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 88-ci, 119-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2023-cü ildə eyni məzmunlu iddia tələbi bank tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsində irəli sürülmüşdür. Həmin iddia tam əsassız olaraq qismən təmin olunmuş və nəticədə, ümumlikdə “kredit” müqaviləsi üzrə 13.569,12 manat məbləğində faiz borcunun tutulması, eləcə də 131,99 manat dövlət rüsumunun 129,22 manatı, həmçinin məhkəmə ekspertiza xərci qismində 100 manatın 98,35 manat pulun ondan tutularaq bankın xeyrinə ödənilməsi qət edilmişdir. Xərclərin digər hissəsi isə iddiaçının özünə aid edilmişdir. Həmin qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi tamamilə ləğv olunmuş və iddianın rədd edilməsi barədə 2(103)-3021/2024 saylı, xx.xx.2024-cü il tarixli yeni qətnamə çıxarılmışdır. Beləliklə, açıq-aşkar görünür ki, iddiaçı əvvəlki verdiyi iddiaya dair eyni əsaslarla, eyni predmet üzrə irəli sürdüyü iddianın təmin olunmaması haqqında qanuni qüvvəyə minmiş qətnamə ola-ola yenidən eyni tələb və eyni predmetlə ona qarşı iddia irəli sürmüş və iş üzrə tam qanunsuz olaraq iddianın qismən təmin olunması haqqında qətnamə çıxarılmışdır. Halbuki, bu iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsində qaldırılan iddianın əsası da eynidir. Bundan başqa, iddiaçının müraciət etdiyi əvvəlki məhkəmə işi zamanı (yəni, Bakı şəhəri Səbail Rayon Məhkəməsindəki olan icraat) o, gecikdirdiyi pul öhdəliyi üzrə ümumilikdə 3.600 manat pul ödəmişdir. Beləliklə də, iddiaçı ilə cavabdeh arasında olan kredit müqaviləsi üzrə bütün mübahisələrə son qoyulmuşdur. Maraqlısı odur ki, hazırki iddia tələblərində sadəcə məbləğ dəyişdirilərək, faktiki olaraq eyni tələb və predmet üzrə yenidən iddia tələbləri irəli sürülmüşdür. Hüquqi əsas və predmet eynidir. 2021-ci ildə ipoteka predmeti olan mənzil onun tərəfindən 70.000 manat satılmış və bu pulun 62.000 manat hissəsi iddiaçıya ödənilmişdir. Məhz bu şərtlə iddiaçı mənzilin açıq hərracda yox (hərrac keçirilməsinə baxmayaraq, mənzil satılmamışdır, ona alıcı tapılmamışdır), məhz onun tapdığı müştəriyə satılmasına yazılı razılıq vermişdir. O, qətnamə ilə ödənilməli olan puldan da artıq, yəni 53.584.18 + 3.241.31 = 56.825,49 manat ödəməli olduğu halda, banka 60.000 manatdan artıq pul ödəmişdir. İndi isə 7 il vaxt keçdikdən sonra iddiaçı yenidən olaraq, uydurma əsaslar gətirərək mövcud olmayan faiz pulu hesablayaraq onun ödənilməsini tələb edir. Halbuki, bu iddiaya baxılmalı deyildir və icraata xitam da verilə bilərdi. Digər tərəfdən isə, iddiaçı qarşısında onun öhdəlikləri tam həcmdə icra olunmuş və heç bir faiz borcu da qalmamışdır. Bundan başqa, o, ümumiyyətlə bu işdən xəbərdar olunmamış və ona hər hansı bir bildiriş gəlməmişdir. İşə baxan məhkəmə işə tələm-tələsik cəmi 1 hazırlıq və 1 baxış iclasları keçirilərək qətnamə çıxarılmışdır. Məhkəmə qüvvədə olmamış kredit müqaviləsinə, eləcə də iddiaçının faizlər haqqında arayışa və onun əsasında çıxarılmış ekspert rəyinə əsaslanaraq bu qanunsuz qətnamə çıxarmışdır. Nəticədə, o, irəli sürülmüş iddia tələblərinə qarşı öz əsaslı etiraz və dəlillərinmi bildirə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 19.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarıına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş edilsə də, hüquqi nəticə etibarilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə mübahisələndirilən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilin alınması məqsədi ilə 300 ay müddətinə, illik 10 % ödənilmək şərti ilə 56.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq həmin mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh həmin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən onların arasında məhkəmə mübahisəsi yaranmış və iddiaçının iddiası üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-794/2018 nömrəli qətnaməsi ilə 53.584,18 manat əsas, 3.241,31 manat faiz və 0,55 manat cərimə borcu, ödənilmiş 60 manat dövlət rüsumu, 22 manat xidmət haqqı olmaqla cəmi 56.908,04 manat məbləğində borcun ipoteka predmetinə yönəldilərək, bu əmlakın açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra sənədinin icrası qaydasında ipoteka predmeti satılmış və satışdan əldə edilmiş vəsait hesabına xx.xx.2021-ci il tarixdə müəyyən edilmiş borc məbləğinin, o cümlədən 53.584,18 manat əsas borcun ödənilməsi tam (xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 159 manat ödənilməklə) təmin edilmişdir.

24. Hazırda iddiaçı yuxarıda göstərilən məhkəmə mübahisəsi çərçivəsində həmin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış əsas borcun tələb edildiyini, bu borcun isə tam olaraq xx.xx.2021-ci il tarixdə ödənildiyini iddia edir və bu müddət üçün (xx.xx.2018-xx.xx.2021) illik 10 faiz dərəcəsi ilə faiz hesablama aparılmaqla 17.518,87 manat məbləğində faiz borcunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.

25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, qeyd edir ki, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbindən irəli gələn mübahisə üzrə xx.xx.2018-ci il tarixə hesablanmış borc məbləği, o cümlədən faiz borcu tələb edilmişdir. Hüquqi nəticə etibarı ilə müqavilə üzrə 53.584,18 manat məbləğində əsas borcun yaranması və bu məbləğin ipoteka predmetinin satılması nəticəsində əldə edilmiş vəsait hesabına tam şəkildə məhz xx.xx.2021-ci il tarixdə ödənilməsi öz təsdiqini tapmışdır. Tərəflər arasında yaranmış kredit müqaviləsindən irəli gələn münasibətlərin təminatı qismində əmlakın çıxış etməsi (ipoteka predmetinin mövcudluğu) isə bu məbləğin ödənilməsi öhdəliyini aradan qaldırmış olmur. Hər bir halda, aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürmüş öhdəliyə əsasən cavabdeh iddiaçıya yaranmış kredit borcunu vaxtında ödəməli idi. Məhz tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisəsi də həmin öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı olmuşdur.

26. Bununla belə, cavabdeh kredit borcunun ödənilməsi öhdəliyinin icrasını gecikdirmiş və bu borcun ipoteka predmetinin satılması yolu ilə yalnız xx.xx.2021-ci il tarixdə ödənilməsi nəticəsində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdən (iddiaçının nümayəndəsi də məhkəmə iclasında faiz borcunu məhz bu tarixdən hesablamaqla tələb etdiklərini bildirir) xx.xx.2021-ci il tarixədək müddət ərzində faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Qeyd edilənlər öz növbəsində iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu yaratmış olur ki, bu məbləği də cavabdeh ödəməyə borcludur.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, kredit borcunun ödənilməsinin gecikdirildiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 3 il 3 ay 11 gün müddət üçün vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə cavabdehdən illik beş faiz dərəcəsi ilə pul tutulmalıdır.

28. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi əsas borc məbləğinin 53.584,18 manat, illik faiz dərəcəsinin 5 faiz, ümumi müdətin isə 3 il 3 ay 11 gün olmasını nəzərə alıb, qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə (53.584,18 x 5 / 100 = 2.679,20 – 1 il, 2.679,20 / 12 ay = 223,26 – 1 ay, 223,26 / 30 = 7,44 – 1 gün /// (2.679,20 x 3 il = 8.037,60) + (223,26 x 3 ay = 669,78) + (7,44 x 11 gün = 81,84) = 8.789,22) 8.789,22 manat məbləğində pul vəsaiti tutulmalıdır. Birinci instansiya məhkəməsi isə bu məbləğdən də az məbləğdə faiz borcu tutmuşdur. Lakin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə qətnaməni dəyişdirə bilməz.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktının qanuni qüvvəsini alması, hazırki işə mahiyyəti üzrə baxılmasına hər hansı maneə yaratmır. Belə ki, iddiaçı həmin icraat çərçivəsində cavabdehin qeyd edilən müqavilə üzrə 13.796,39 manat məbləğində adi faiz borcunun və müqavilənin 6,2-ci bəndinin tələblərinə uyğun olaraq illik 15 faiz dərəcəsi ilə hesablanmış 227,26 manat məbləğində penya borcunun yarandığını iddia edərək, məhz bu məbləğlərin tutulmasını tələb etmişdir. Hazırda isə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq faiz formasında zərərin əvəzinin ödənilməsi tələb edilir.

30. Məhkəmə kollegiyası qətnamənin cavabdeh tərəfindən mübahisələndirilməsini nəzərə alıb, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq tutulan məbləğlə də razılaşır (reallıqda daha yüksək məbləğdə dövlət rüsumu tutulmalı idi).

31. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-2596/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar