Məhkəmə qərarları › İş №2(103)-1788/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1788/2025

21.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1788/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, mülkiyyət hüququnun müvəqqəti məhdudlaşdırılmasına görə kompensasiyanın və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-1677/2025 nömrəli qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, 3-cü Xrebtovı küçəsində yerləşən evlərdən çıxarılaraq, həmin evlərin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, Cavabdeh1 istifadəsində olan evin ona məxsus hissəsinin əvəzinə faktiki yerində müəyyən edilmiş 95 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının C blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 119,70 kv.m. 3 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 600 manat kirayə haqqının ödənilməsi, Cavabdeh3 istifadəsində olan evin ona məxsus hissəsinin əvəzinə faktiki yerində müəyyən edilmiş 233 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının, D blokunun yaşayışın 1-ci mərtəbəsində sahəsi 148,67 kv.m. 3 otaqlı və 130 kv.m 3 otaqlı 2 təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 (iki) il müddətinə verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 800 manat kirayə haqqının ödənilməsi, Cavabdeh2 istifadəsində olan evin ona məxsus hissəsinin əvəzinə faktiki yerində müəyyən edilmiş 95 kv.m. sahəsinə 20% sahə əlavə edilib yeni tikilən 14 mərtəbəli yaşayış binasının C blokunun yaşayışın 2-ci mərtəbəsində sahəsi 119.70 kv.m. 3 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduğu gündən 2 (iki) il müddətinə verilməsi və yeni mənzilin təhvil verildiyi günədək hər ay üçün ona 600 manat kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 1677/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, iddianın icraata qəbul edilib baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadında nümayiş etdirilmiş hüquqi mövqe ondan ibarətdir ki, tələb bir-bir ilə əlaqəsi olmayan 3 cavabdehə qarşı qoyulduğundan və iddia olunan münasibətlərin subyektiv tərkibi fərqli olduğundan eyni iddia ərizəsində baxılması ağlabatan deyildir. Məhkəmə gəldiyi qənaəti qərardada belə sonlamışdır ki, iddiaçı ümumi qaydada cavabdeh(lər)in qeydiyyat ünvanı üzrə müvafiq məhkəmə(lər)ə yenidən müraciət edə bilər. Şikayət olunan qərardadın aid olduğu iddia ərizəsinin yuxarıda qeyd olunan tələb hissəsindən aydın şəkildə görünür ki, iddia tələbi 3 cavabdehə qarşı olsa da, eyni əsaslı və bir ünvanda yerləşən binada mövcud cavabdehlərə məxsus yaşayış sahələrin boşaldılması və onlara kompensasiya ödənilməklə sahədən çıxarılmasından ibarətdir. Mahiyyəti üzrə iddianın predmeti bir-biri ilə bağlı və hüquqi əsası eyni olan tələblə əhatə olunmuşdur. Yəni üç tələb olsa da, bir-biri ilə bağlı olan tələblərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə görə iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Göründüyü kimi, qeyd olunan iddia tələblərinin bir iddia ərizəsində verilməsi Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 149.3-cü maddəsinin tələblərinə tam şəkildə uyğundur. Həmçinin, hazırkı iddianın ayrı-ayrılıqda deyil bir icraatda baxılması, məhkəmələrdə iş yükünün süni şəkildə artırılmasına yol vermir, mübahisənin eyni hüquqi baxımdan yanaşmasından daha obyektiv həllinə xidmət edir. Bundan başqa bu şəkildə iddialarla bağlı artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur və hər bir məhkəmə aktında bu tipdə olan iddiaların bir icraatda baxılmasının daha səmərəli olduğu mövqeyi nümayiş edilmişdir. Belə ki, "xxxx" MMC “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbi ilə bağlı bir neçə (7 nəfərə - X7, X10, X6, X9, X12, X4 və X3) cavabdehə qarşı bir iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin e-2(004)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia icraata qəbul edilmiş və iddianın təmin edilməsi barədə məhkəmə iş üzrə xx.xx.2023-cü il tarixdə qətnamə qəbul etmişdir. Həmçinin, oxşar iddia üzrə "xxxx" MMMC xidmət haqlarının ödənilməsi tələbi ilə bir neçə (8 nəfərə qarşı) cavabdehə qarşı bir iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi “tələb bir neçə cavabdehə qarşı bir iddia ərizəsində verildiyi” əsası ilə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə “tələblərin bir-biri ilə bağlı olduğu” əsası ilə qərardad ləğv edilmiş, iddia icraata qəbul edilib, baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Ona görə də qeyd olunan halla bağlı iddia ərizəsinin geri qaytarılması üçün hüquqi əsas yoxdur. Lakin məhkəmə qərardadı qəbul edərkən, bu halları nəzərə almamış və tətbiq etməli olduğu prosessual hüquq normasının tələblərinə riayət etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 1677/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin halları baxımından ilk növbədə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 27 saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev və A.Abbasov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.3781 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də paylayıcı qaz və elektrik xətləri ilə əlaqədar balansaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Hazırda İddiaçı MMC cavabdehlərə məxsus olan yaşayış sahələrinin Sərəncamda göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini iddia edir və onların boşaldılaraq təhvil verilməsini, əvəzinə həmin ərazidə inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında müəyyən ölçüdə təmirli mənzillərin onlara verilməsini və verilənədək kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Bununla belə, cavabdehlərə məxsus olan daşınmaz əmlaklar eyni ərazidə, qonşuluqda yerləşir. İddiaçı hər üç cavabdehə qarşı (təklif edilən mənzillərin sahəsi və kirayə haqqının məbləği istisna olmaqla) eyni tələblər irəli sürmüşdür. Onların hər birinə eyni binadan (hətta iki cavabdehə eyni girişdən) mənzillər təklif edilir. İddiaçı cavabdehlərin hər birinə qarşı eyni hüquqi və faktiki əsasdan çıxış edir. Hüquqi nəticə və mahiyyət etibarı ilə tələblər biri-biri ilə əlaqəlidir. Bu səbəbdən hazırki iddia bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirildiyi iddia kimi qiymətləndirilə bilməz və bu əsasla geri qaytarıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsi ilə geri qaytarmaqda haqlı olmamışdır. Bu səbəbdən şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-1677/2025 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Hazırki mərhələdə iddia ərizəsinin icraata qəbul edilməsi mümkün olmadığından şikayət bu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 1677/2025 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar