Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1789/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyanın əvəzi kimi cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 14500 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi zamanı orada quraşdırlmış hava təmizləyici sistemlər tamamilə sıradan çıxmış və nəticədə 14500 manat məbləğinə maddi ziyan dəymişdir. Həmin müəssisə xx.xx.2019-cu ildə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbari sığorta edilsə də, bu günə kimi ziyanın ödənilməsi təmin edilməmişdir. Bu barədə dəfələrlə şifahi və yazılı qaydada müraciət edilsə də cavabdeh müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdır. Belə olan halda pozulmuş hüquqularının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilmməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 (yeni qaydalarla: Nizami küçəsi 115) ünvanında yerləşən qeyriyaşayış sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası FHN DYNX Sumqayıt regional Dövlət X1 tərəfindən xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri, 6-cı məhəllədə yerləşən “Park Palace” şadlıq evində baş vermiş yanğın hadisəsi barədə tərtib edilmiş X2 görünür ki, yanğın “Park Palace” şadlıq evinin mətbəxinin damında yerləşən hava təmizləyici qurğuda baş vermişdir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış bildirişdən müəyyən olunur ki, iddiaçı öz müraciətində “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbari sığorta olunmuş “Park Palace” şadlıq sarayında yerləşən hava təmizləyici qurğuda yanğın baş verməsini və yanğın nəticədə qurğunun yararsız hala düşməsini bildirmiş, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən isə yanğın nəticəsində zərərə uğrayan hava təmizləyici qurğunun “İcbari sığortalar haqqında” AR Qanunun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın növünə daxil olmadığı, bu səbəbdən də baş vermiş hadisənin sığorta hadisəsi hesab olunmadığı və sığorta ödənişinin verilməsindən imtina etdiyini bildirilmişdir. İş materiallarında olan BA seriyalı, 990654 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, Sığortaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sığortalı İddiaçı mülkiyətində olan ünvan 2 ünvanında yerləşən “Park Palace” şadlıq sarayı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icbari sığorta edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığorta haqqında” Azərbaycan respublikası Qanunnunu 35.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 35.4-cü maddəsin əsasən daşınmaz əmlakın icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinaya əsasdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “Park Palace” şadlıq evində xx.xx.2019-cu il tarixdə yanğın hadisəsi baş vermiş, yanğın hadisəsi zamanı şadlıq evinin mətbəxinin damında yerləşən hava təmizləyici qurğu yanaraq sıradan çıxmışdır. İş materialarında olan Azərbaycan Respublikası FHN DYNX Sumqayıt regional Dövlət X1 tərəfindənbaş vermiş yanğın hadisəsi barədə tərtib edilmiş X2 görünür ki, yanğın “Park Palace” şadlıq evinin mətbəxinin damında yerləşən hava təmizləyici qurğuda baş vermişdir. Qeyd edilən yanğın nəticəsində isə ziyan daşınmaz əmlaka deyil, daşınar əmlak olan hava təmizləyici qurğuya dəymişdir. Bu səbəbdən ““xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixli, BA seriyalı, 990654 saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsinə və “İcbari sığorta haqqında” Azərbaycan Republikası Qanununun 35.4-cü maddəsinə əsasən yanğın nəticəsində zərərə uğramış hava təmizləyici qurğu daşınmaz əmlakın növünə daxil olmadığından yanğın hadisəsi sığorta hadisəsi hesab edilməmişdir. Bununla da Azərbaycan Respublikası MM-in 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmişdir. Göründüyü kimi, sığorta hadisəsi baş verən zaman icbari sığorta olunmuş daşınmaz əmlaka deyil, daşınar əmlak olan hava təmizləyici qurğuya maddi ziyan dəymişdir. Belə olduğu halda cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti dəymiş ziyana görə məsuliyyət daşımır və məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1789/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1789/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver