Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1789/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-19/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400.000 manat mənzillərə görə, 80.000 manat 40 kv.m-lik obyektə görə və 90.000 manat kredit müqaviləsi üzrə, cəmi 575.000 manat məbləğində vəsaitin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra İddiaçı1 məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı 400.000 manat mənzillərə görə, 80.000 manat 40 kv.m-lik obyektə görə tələbini baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(001)-19/2020 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanmışdır. X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 40.000 manatın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb belə əsaslandırılmışdır ki, tərəflər arasında 03 oktyabr 2014-cü il tarixdə, Abşeron rayon 1 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanmış, iddiaçı, cavabdehə 4 ay müddətinədək hər ay 10.000 manat qaytarması şərti ilə 40.000 manat məbləğində borc pul vermişdir. Lakin kredit müqaviləsinin bağlanmasından 6 il keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamış, borcunu ödəməkdən qəsdən yayınmışdır. İddiaçı tərəfindən cavabdehə borcunu ödəməsi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu hələ də ödəməmişdir. Cavabdeh X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla X3 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, 2014-cü ildə X1 əri – İddiaçı1 ona bildirmişdir ki, özünün xüsusi mülkiyyətində olan fərdi yaşayış evini və həmin evin ətrafındakı heç bir hüquqi sənədi olmayan 30 sota yaxın sahəsini satmaq istəyir. O, həmin torpaq sahəsini sənədləşdirmiş, həmçinin müştəri taparaq ev qeyri-rəsmi, torpaq sahəsini isə rəsmi olaraq satmışdır. Lakin sonradan iddiaçı müxtəlif bəhanələr gətirərək, evini və torpağını geri istəmiş, müxtəlif orqanlara onun barəsində şikayətlər etmiş və onu şantaj etməyə başlamışdır. O, da evə görə aldığı pulu müştəriyə geri qaytarmışdır. İddiaçı1 evini özü satacağını bildirmiş, 10 sot torpaq sahəsini də ona qaytarmasını tələb etmişdir. O, aralarındakı qohumluq münasibətlərinə görə razılaşmış və razılaşmanın təminatı kimi aralarında formal olaraq 40.000 manatlıq borc müqaviləsi bağlanmışdır. Lakin əslində bu müqavilə 10 sot torpaq sahəsinin qaytarılması üçün bağlanmış və ona qeyd edilən məbləğdə borc pul verilməmişdir. 13 oktyabr 2014-cü il tarixdə bağlanmış AN-1, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən şərtləşdikləri kimi 0.1 ha torpaq sahəsini X4 mülkiyyətindən X1 adına rəsmiləşdirmişlər. Həmçinin İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini sataraq pulunu almışdır. Bununla da onlar arasında olan maddi anlaşmazlıqlar sona çatmış, İddiaçı1 notarial qaydada ərizə verərək, ona dəymiş ziyanın tam ödənilməsini və bununla bağlı gələcəkdə ona qarşı heç bir iddiası olmayacağını qeyd etmişdir. Buna baxmayaraq, onlar, yenidən həmin borc müqaviləsini əsas götürüb pul tələb edir. Həmin vaxt borc müqaviləsi bağlanan zaman İddiaçı1 şikayət əsasında onun barəsində Abşeron rayon Polis İdarəsində araşdırılma aparılmış, ondan pul tələb edilmişdir. Həmin vaxt isə X1 ona borc pul verməsi mümkün deyildir. Ona görə də, qeyd edilən kredit müqaviləsi əslində 10 sot torpaq sahəsinin X1 adına rəsmiləşdirilməsinin təminatı kimi bağlandığına görə, həmin borc müqaviləsi yalan əqddir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-19/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə Kəmalə Məmmədovanın iddiasının təmin edilməsi, 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 40000 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı X1 xeyrinə tutulması, Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi və dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Qarşılıqlı iddia ilə bağlı cavabdeh 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, cavabdeh həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüş, müqavilə imzalandığı tarixdən iki ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3780/21 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-19/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qismən - ilkin iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv edilərək, ilkin iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5705/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3780/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qət edilmişdir. Həmin qərarda göstərilmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Baxılan işdə Kəmalə Məmmədova notarial kredit müqaviləsinə əsaslanaraq 40.000 manat pulun tutulmasını, Cavabdeh isə həmin kredit müqaviləsinin ilkin iddiaçının əri İddiaçı1 olan borcunun təminatı olaraq İddiaçı2 adına rəsmiləşdirilməsinə istinadən müqavilənin yalan əqd kimi etibarsız sayılmasını tələb edir, borcu da qaytardığını bildirir. Tərəflərin bildirdiyi hallar nəzərə alındıqda ilkin iddianın qanuni əsası kimi Mülki MMin 739.1-ci, qarşılıqlı iddianın hüquqi əsası kimi MM-in 340.2-ci maddələri nəzərdən keçirilə bilər. Borc müqaviləsinə dair normanın məzmunundan göründüyü kimi (§ 25), borc müqaviləsi üzrə münasibətlərin tərəfləri borc verən və borc alandır. Borc müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Sadə yazılı və ya notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə istinad edən kreditor, borc verdiyini sübutetmə yükündən azad olur, buna müvafiq olaraq borcu qismən və ya tam ödədiyini iddia edən borclu, borcunu qaytardığını sübuta yetirmək yükünü daşıyır. Yalan əqddə isə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, sözügedən kredit müqaviləsi Cavabdeh qohumu İddiaçı1la aralarında olan pul öhdəliyi ilə bağlı sonuncunun alacağının təminatı kimi rəsmiləşdirilmiş və müqavilədə kreditor kimi Kəmalə Məmmədova qeyd olunmuşdur. Adları çəkilən şəxslər məhkəmə araşdırmaları zamanı bu halları təsdiq etmişlər. Belə olan halda Kollegiya hesab edir ki, kredit müqaviləsinin yalan əqd kimi etibarsız olması barədə qarşılıqlı iddiaçının mövqeyi əsaslı deyil. Ona görə ki, həmin əqdin bağlanmasında tərəflərin xarici aləmə əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünmək, yaxud üçüncü bir şəxsi aldatmaq niyyətləri mövcud olmamışdır. Bununla belə, tərəflərin Cavabdeh İddiaçı1 olan borcunu sənədləşdirmək düşüncəsi ilə hərəkət etmiş olduqları, bu məqsədlə kreditorla əmlak birliyinə malik olan (arvadı) Kəmalə Məmmədovanın adına borc müqaviləsi rəsmiləşdirmək niyyətləri nəzərə alınarsa işin həmin hallarına tətbiq edilən hüquq müzakirə oluna bilər. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi bağlanarkən əslində pul vəsaitinin alınmaması, bununla mövcud borcun sənədləşdirilməsi sübuta yetirilirsə bu hallar əqdin etibarsız sayılmasına deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, mövcud borc kredit müqaviləsi kimi sənədləşdirildikdə tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilə mücərrəd borcun etirafı kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, müqavilə təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, habelə müqaviləyə qədərki və ondan sonrakı danışıqlar, hərəkətlər, qarşılıqlı münasibətlərdə yaranmış praktika və işgüzar adətlər nəzərə alınır. Buna baxmayaraq məhkəmələr mübahisə predmeti olan 03.10.2014-cü il tarixli əqdin mücərrəd borcun etirafına dair müqavilə kimi təfsir olunması imkanını müzakirə etməmişlər. Kollegiya vurğulayır ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar şəkildə). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz bu səbəbdəndir ki, Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Beləliklə, borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədəki məbləğdə alacağın olmasını sübut etmək yükündən azaddır. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 03 oktyabr 2014-cü il tarixli müqavilə bağlandıqdan sonra İddiaçı1 16 oktyabr 2014-cü il tarixdə Abşeron rayon 1 saylı notariat kontoruna ərizə verərək bildirmişdir ki, “Cavabdeh tərəfindən mənə dəymiş ziyan tamamilə ödənilmiş bununla bağlı heç bir iddia və tələbim yoxdu. Gələcəkdə heç bir məhkəmə mübahisəm olmayacaq”. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə Kəmalə Məmmədova ilə birgə əmlak rejimində olan əri İddiaçı1 verdiyi bu ərizənin 03.10.2014-cü il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası barədə sənəd sayılıb-sayılmayacağına müvafiq hüquqi qiymət verməmişlər. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları və maddi hüquq normalarını nəzərə almamış, bu barədə apellyatorun dəlillərinə, habelə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı1 və onun vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Sonuncu məhkəmə iclasında tərəflər məhkəmə iclasında iştirak etmədilər və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə qismən ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın təmin edilməyən hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissələr isə yoxlanılmamalıdır. İlkin iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin ilkin iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilkin iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin 528, 529.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Çünki, öhhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilmişdir. Yəni, borclunun tələbi ilə kreditor icranı tamamilə qəbul etdiyini təsdiqləyən sübutu məhkəməyə təqdim etmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Belə ki, kassasiya instansiyası məhkəməsinin də göstərdiyi kimi borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici(MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. İlkin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə ilkin iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib. İlkin iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Tərəflər arasında 03 oktyabr 2014-cü il tarixli müqavilə bağlandıqdan sonra İddiaçı1 16 oktyabr 2014-cü il tarixdə Abşeron rayon 1 saylı notariat kontoruna ərizə verərək bildirmişdir ki, “Cavabdeh tərəfindən mənə dəymiş ziyan tamamilə ödənilmiş bununla bağlı heç bir iddia və tələbim yoxdu. Gələcəkdə heç bir məhkəmə mübahisəm olamayacaq”. Bu sübutu da Cavabdeh məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə Kəmalə Məmmədova ilə birgə əmlak rejimində olan əri İddiaçı1 verdiyi bu ərizənin 03.10.2014-cü il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası barədə sənəd saymamış, başqa sözlə bu sübuta hüquqi qiymət verməmişdir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı haqqında yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə, yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə, əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə hər hansı bir məbləğdə borcu olmadığını yaxud hazırki işdə olduğu kimi tələb edilən öhdəliyi icra etdiyini bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında 03 oktyabr 2014-cü il tarixli müqavilə bağlandıqdan sonra İddiaçı1 16 oktyabr 2014-cü il tarixdə Abşeron rayon 1 saylı notariat kontoruna ərizə verərək bildirmişdir ki, “Cavabdeh tərəfindən mənə dəymiş ziyan tamamilə ödənilmiş bununla bağlı heç bir iddia və tələbim yoxdu. Gələcəkdə heç bir məhkəmə mübahisəm olamayacaq”. Göründüyü kimi, bu ərizədən sonra 03 oktyabr 2014cü il tarixli müqavilə üzrə öhdəliyin icra edilməməsinə dair dəlillər inandırıcı və ağlabatan ola bilməz. Başqa sözlə ilkin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halları yaxud şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi artıq Cavabdeh üzərinə düşsə də, o, bunu təqdim etdiyi İddiaçı1 16 oktyabr 2014-cü il tarixdə Abşeron rayon 1 saylı notariat kontoruna verdiyi ərizə ilə sübuta yetirmişdir. Qeyd olunan İddiaçı1 verdiyi bu ərizənin 03.10.2014-cü il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası barədə sənəd olmadığını sübut etmək yükü isə artıq ilkin iddiaçı tərəfin üzərinə düşürdü ki, həmin tərəf də buna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Başqa sözlə İddiaçı1 verdiyi bu ərizənin 03.10.2014-cü il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası barədə sübut deyil, hər hansı bir başqa öhdəliyin icrası ilə bağlı sübut olduğunu ilkin iddiaçı tərəf sübuta yetrməli idi. Ancaq edə bilmirlər. Bununla yanaşı, apelllyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ilə bağlı kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan göstərişlərini də nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət nəticə etibarı ilə düzgün olmuşdur. Çünki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Hazırkı iş üzrə ilkin iddiaya yuxarıda hüquqi qiymət verilərkən də müəyyən olundu ki, mübahisələndirilən kredit müqaviləsi Cavabdeh qohumu İddiaçı1la aralarında olan öhdəliklə bağlı təminatı kimi rəsmiləşdirilmiş və müqavilədə kreditor kimi Kəmalə Məmmədova qeyd olunmuşdur. Bu halları tərəflər məhkəmə tədqiqi zamanı da təsdiq etmişlər və hər hansı formada mübahisələndirmirlər. Buna görə də həmin kredit müqaviləsinin yalan əqd kimi etibarsız olması barədə qarşılıqlı iddiaçının yanaşması əsaslı ola bilməz. Çünki, tərəflər Cavabdeh İddiaçı1 olan borcunu sənədləşdirmək niyyəti ilə hərəkət etmiş, bu məqsədlə kreditorla əmlak birliyinə malik olan (arvadı) Kəmalə Məmmədovanın adına borc müqaviləsi rəsmiləşdirmək niyyətləri nəzərə alınmaqla kredit müqaviləsi bağlanarkən əslində pul vəsaitinin alınmaması, bununla mövcud borcun sənədləşdirilməsi sübuta yetirilirsə bu hallar əqdin etibarsız sayılmasına deyil, müqavilənin təfsir edilməsinə əsas olmalıdır. Başqa sözlə, mövcud borc kredit müqaviləsi kimi sənədləşdirildikdə tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilə mücərrəd borcun etirafı kimi qiymətləndirilir. Ona görə də mübahisə predmeti olan 03.10.2014-cü il tarixli əqd mücərrəd borcun etirafına dair müqavilə kimi təfsir olunduğundan yalan əqd hesab edilə bilməz. Məhz buna görə də qarşılıqlı iddianın rədd edilməsinin ləğv edilməsinə dair şikayətin dəlilləri əsaslı və təmin ola bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 19/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilən hissəsində ləğv edilməli, X1 Cavabdeh qarşı 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 40000(qırx min)manatın onun xeyrinə tutulması barədə iddiası təmin edilməməli, qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-19/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilən hissəsində ləğv edilsin. X1 Cavabdeh qarşı 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 40000(qırx min)manatın onun xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1789/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1789/2022
28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver