Məhkəmə qərarları › İş №2(103)-1790/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1790/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1790/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Ekspert Rüstəmzadə Ramil Yasin oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Əsgərov Elnar Arif oğlu və Əsgərov Arif Nəriman oğluna qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-59/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Əsgərov Elnar Arif oğlu və Əsgərov Arif Nəriman oğluna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Əsgərov Elnar Arif oğlu və Əsgərov Arif Nəriman oğlundan ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 68431,23 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 20193,62 ABŞ dolları faiz, 855,39 ABŞ dolları cərimə, ümumilikdə 89480,24 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əsgərov Elnar Arif oğlu ilə “xxxx” ASC arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli 1075/6 saylı “Kredit kartının verilməsi vəistifadəsi üzrə” müqaviləyə əsasən “xxxx” ASC tərəfindən visa gold tipli kart vasitəsilə illik 23 faizlə 12 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 30 mart 2017-ci il tarixli əlavə sazişlə həmin müqaviləyə dəyişiklik edilərək 1075/6 saylı müqavilə üzrə qalıq qalmış 89355 ABŞ dolları məbləğində borc 15 % dərəcəsi ilə 30 ay müddətinə kreditə çevrilmişdir. Borcun təminatı olaraq Əsgərov Arif Nəriman oğlu ilə 30 mart 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2017-ci ilin oktyabrın 31-dək Əsgərov Elnar Arif oğlunun banka 25 noyabr 2015-ci il tarixli 1075/6 saylı müqavilə və 30 mart 2017-ci il tarixli əlavə saziş üzrə 86026.53 ABŞ dolları əsas borc, 6595,37 ABŞ dolları faiz borcu, 429 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 93050,90 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 25.11.2015-ci il tarixli, 1075/6 saylı kredit kartı müqaviləsi və 01 saylı, 30 mart 2017-ci il tarixli saziş üzrə 67548.87 ABŞ dolları əsas borc, 8312,20 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 76361.07 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 26 manat məbləğində hissəsinin müştərək qaydada cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi, qalan hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyərinin 59,49 manat hissəsinin iddiaçıdan, 375,51 manatının isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı bankın ləğvedicisinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin əsassız olaraq ekspert rəyinə əsaslanaraq əsas və faiz borcunun azaltması, cərimə məbləğini tənasübsüz şəkildə azaltmış olması arqumenti ilə əsaslandırmışdır. Qətnamədən, həmçinin, cavabdehlər birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, şikayətlərini məhkəmənin ödənişləri nəzərə almaması və ekspert rəyində göstərilən məbləğlərin əsassız olması arqumentləri ilə əsaslandırmışlar. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ekspert Ramil Rüstəmzadə ərizə təqdim edərək bildirmişdir ki, tərəfindən verilmiş 9/1518 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuş 2941,18 ABŞ dolları məbləğində əlavə ödəniş texniki səhv nəticəsində yazılmış və işin nəticəsinə heç bir təsir göstərməmişdir. Borclu tərəfindən sonuncu ödəniş 30.08.2019-cu il tarixdə olunub. Bu tarixdən sonra ödəniş olunmayıb. Cavabdehin 30.09.2019-cu il tarixə olan borcu, əsas borc üzrə 76,118,83 ABŞ dolları, faiz borcu isə 951,49 ABŞ dolları təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin olunaraq qətnamə cavabdehlərdən faiz və cərimə borcunun tutulması hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə borcalan Əsgərov Elnar Arif oğlu arasında bağlanan 25 noyabr 2015-ci il tarixli, 1075/6 saylı Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən və müqaviləyə əlavədən görünür ki, bank müştəriyə 50000 ABŞ dolları məbləğində, illik 23% olmaqla, 25 noyabr 2015-ci il tarixdən 2 noyabr 2016-cı il tarixədək kredit xətti açır. Kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Kredit xətti üzrə faizlər faktiki kredit xəttinin qalığına hesablanır. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 46 %. Aylıq isə 3,83 % hesablanır. Limitdən artıq istifadə edilən məbləğə, məbləğ əmələ gələn gündən başlayaraq ilk 10 gün ərzində illik 23 %, qalan müddətdə isə 46 % dərəcəsi ilə faiz hesablanır. İş materiallarında olan “xxxx” ASC ilə borcalan Əsgərov Elnar Arif oğlu arasında bağlanan 30 mart 2017-ci il tarixli, 1075/6 saylı, 25 noyabr 2015-ci il tarixli kredit kartı müqaviləsi üzrə 01 saylı əlavədən görünür ki, tərəflər arasında 1075/6 saylı, 25 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə dəyişlik edilməsi barədə razılıq əldə olunmuşdur. Sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 75693,08 ABŞ dolları əsas borc, 13086,09 ABŞ dolları faiz məbləği və 575,83 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 89355 ABŞ dolları təşkil edir. Sazişin 1.2-ci bəndinə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən 30 sentyabr 2019-cu il tarixinədək uzadılır. Kredit üzrə faiz dərəcəsi dəyişdirildikdə aşağıdakı qaydada 1.3-cü bənd əlavə edilir. Sazişin 1.3-cü bəndinə əsasən kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilir. Sazişin 1.4-cü bəndinə əsasən bu saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir. Sazişin 2.1-ci bəndinə əsasən əlavə saziş imzalandığı tarixdən qüvvəyə minir. İş materiallarında olan 30 mart 2017-ci il tarixli, 01 saylı zaminlik müqaviləsinə əsasən “xxxx” ASC ilə Əsgərov Arif Nəriman oğlu arasında “xxxx” ASC ilə Əsgərov Elnar Arif oğlu arasında bağlanmış 25.11.2015-ci il tarixli, 1075/6 nömrəli kredit müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin “xxxx” ASC ilə Əsgərov Elnar Arif oğlu arasında bağlanmış 25.11.2015-ci il tarixli, 1075/6 nömrəli kredit kartı müqaviləsi üzrə və 01 saylı 30 m art 2017-ci il tarixli əlavə saziş üzrə borcalanla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağını öz üzərlərinə götürmüşdür. İddiaçı tərəfindən Əsgərov Elnar Arif oğlu və Əsgərov Arif Nəriman oğluna ünvanlanmış 20 oktyabr 2017-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə kredit müqaviləsinə xitam verilməsi və borcun məcburi qaydada tutulması məsələsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir; İş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, bank ilə Əsgərov Elnar Arif oğlu arasında bağlanmış 30 mart 2017-ci il tarixli müqavilə üzrə əsas borc 68431.23 ABŞ dolları,21409.23 ABŞ dolları faiz borcu,16720.82 ABŞ dolları cərimə borcu,3562.5 ABŞ dolları illik 5 faizlə hesablanan faiz borcu, ümumilikdə 110123.78 ABŞ dolları borc vardır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20016 saylı, 08 avqust 2020-ci il tarixli ekspert rəyinə əsasən Əsgərov Elnar Arif oğlu 14 noyabr 2017-ci il tarixədək “xxxx” ASC-yə 3600 ABŞ dolları məbləğində ödəniş etmişdir ki, ödənişlərin 2594,76 ABŞ dolları əsas borca, 1005,24 ABŞ dolları faiz borcuna silinmişdir. 14 noyabr 2017-ci il tarixə Əsgərov Elnar Arif oğlunun “xxxx” ASC-yə əsas borc üzrə 86760,24 ABŞ dolları, faiz borcu üzrə 7121,57 ABŞ dolları borcu qalmışdır. İş materiallarında 25 noyabr 2015-ci il tarixli 1075/6 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Əsgərov Elnar Arif oğluna cərimə hesablanmamışdır. Qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı Əsgərov Elnar Arif oğlu tərəfindən 14 noyabr 2017ci il tarixindən 2820 ABŞ dolları məbləğində ödəniş aparılmış, lakin ekspert rəyi verilərkən həmin ödəniş nəzərə alınmamışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28099 saylı, 21 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən Əsgərov Elnar Arif oğlu 30 sentyabr 2019-cu il tarixinədək “xxxx” ASC-yə ümumilikdə 5370,00ABŞ dolları məbləğində ödəniş etmişdir ki, 2594,76 ABŞ dolları əsas borca, 2775,24 ABŞ dolları isə faiz borcuna silinmişdir. 30 sentyabr 2019-cu il tarixə Əsgərov Elnar Arif oğlunun “xxxx” ASC-yə 86760,24 ABŞ dolları əsas borcu, 28739,04 ABŞ dolları faiz borcu qalmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1533 saylı, 30 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən Əsgərov Elnar Arif oğlu 30 iyun 2020- ci il tarixədək “xxxx” ASC-yə ümumilikdə 47402,37 ABŞ dolları məbləğində ödəniş etmişdir ki, ödənişlərin 15194,14 ABŞ dolları əsas borca, 32208,23 ABŞ dolları faiz borcuna silinmişdir. 30 iyun 2020-ci il tarixə Əsgərov Elnar Arif oğlunun “xxxx” ASC-yə əsas 74160,86 ABŞ dolları əsas borcu, 8312,20 ABŞ dolları faiz borcu qalmışdır. İş materiallarında 25 noyabr 2015-ci il tarixli 1075/6 nömrəli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə cavabdeh Əsgərov Elnar Arif oğluna cərimə hesablanmamışdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 145 manatdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin sadalanan müddəalarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Elnar Əsgərovun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya, birinci instansiya məhkəməsinin digər cavabdeh Arif Əsgərovla bağlı gəldiyi nəticəni də qanuni hesab edir. Belə ki, Arif Əsgərov zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağlamışdır və buna görə də kredit borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması qanunvericiliyin mənasına uyğundur. Mülki Məcəllənin 500.1ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə kollegiya faiz borcunun şişirdilməsi ilə bağlı cavabdehlərin dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, 30.09.2019-cu il tarixinə qədər cavabdehlərə hesablanmalı olan faiz borcunun 951,49 ABŞ dolları təşkil etdiyi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur; bu isə o deməkdir ki, faiz borcunun 8312,20 ABŞ dolları təşkil etməsi qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi səhvə yol vermişdir. İddiaçı bankın apellyasiya şikayətində irəli sürülən “birinci instansiya məhkəməsinin faiz borcunu əsassız olaraq müqavilə müddətinin bitdiyi tarixə hesablaması” ilə bağlı arqumentini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Bankın təqdim etdiyi sənədləri ekspert rəyləri ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, müvafiq rəylərlə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və faiz borcu məbləğini Konstitusiya Məhkəməsinin göstərilən qərarındakı hüquqi mövqeyə uyğun olaraq müqavilə müddətinin bitdiyi tarixədək hesablanmalıdır. Hər iki apellyasiya şikayətində irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyatorlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə, keçirilmiş ekspertiza tədqiqatı ilə müvafiq məbləğlər müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya məhkəmənin cərimə borcunun məbləğinə dair gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə bu nəticəyə gələrkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; bu isə o deməkdir ki, dəbbə pulunun (cərimənin) müqavilə müddətinin bitdiyi tarixə qədər hesablanmalı olması qənaətinin hüquqi əsası mövcud deyildir. Əksinə, qanunun mənasından göründüyu kimi cərimə, məhz öhdəliyin icra olunmaması halında (olunmadığı dövr üçün) tətbiq oluna bilən maliyyə sanksiyasıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 67548,87 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 855,39 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir və həmin hissədə iddia tələbi tam təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətlərii qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-59/2020 saylı, 19 oktyabr 2020ci il tarixli qətnaməsi “25.11.2015-ci il tarixli, 1075/6 saylı kredit kartı müqaviləsi və 01 saylı, 30 mart 2017- ci il tarixli saziş üzrə 8312,20 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcunun cavabdehlər Əsgərov Elnar Arif oğlu və Əsgərov Arif Nəriman oğlundan müştərək qaydada tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə verilməsi” hissəsində dəyişdirilsin. Əsgərov Elnar Arif oğlu və Əsgərov Arif Nəriman oğlundan müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 951,49 (doqquz yüz əlli bir dollar 49 sent) ABŞ dolları və cərimə borcunun məbləği 855,39 (səkkiz yüz əlli beş dollar 39 sent) ABŞ dolları müəyyənləşdirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özlərinə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın, 50 (əlli) manatı ləğv prosesində olan “xxxx” ASC-dən, qalan 50 (əlli) manatı isə cavabdehlər Əsgərov Elnar Arif oğludan və Əsgərov Arif Nəriman oğlundan müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar