Məhkəmə qərarları › İş №2(103)-1791/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1791/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1791/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1791/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3972/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 28 fevral 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh "xxxx" ASC-nin balansında olan yüksək gərginlikli elektrik naqilinin qırılması nəticəsində iddiaçıya məxsus olan bir baş inək tələf olmuşdur və iddiaçı hazırda inəyin tələf olması ilə bağlı dəymiş ziyanın ödənilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onların kəndində evlərinə gedən torpaq yolunun üstündə olan yüksək gərginlikli elektrik xətti bir neçə ildir ki, bərbad vəziyyətdə idi və hər an insan həyatı üçün təhlükə ola bilərdi. Onlar bu barədə dəfələrlə Azərişığın struktur bölməsi olan Füzuli rayon Elektrik Şəbəkəsi İdarəsinə məlumat verdiyinə baxmayaraq həmin idarə təhlükəni aradan qaldırmayıb problemi qulaq ardına vururdu. Nəhayət, evinə gedən yolda 12 iyun 2023-cü il tarixdə həmin elektrik xətti qırılmış və xoşbəxtlikdən inəkləri örüşdən gətirən şəxsin üzərinə deyil, inəyin üstünə düşmüşdür. İnəyin ölməsi nəticəsində ona 2000 manat ziyan dəymişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3972/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən vurulmuş maddi ziyana görə 2000 AZN məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097 və 1108-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini cavabdeh belə əsaslandırmışdır ki, delikt dedikdə təqsirli əməl və bu əməl ilə vurulmuş ziyan arasında səbəb nəticə əlaqəsinin olması başa düşülür. Məhkəmə öz qətnaməsində cavabdeh "xxxx" ASC-nin ərazidə yerləşən elektrik transformatorunun saz vəziyyətdə saxlanılmadığını, həmçinin aidiyyəti qurğularla bağlı texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulmasını əsas gətirsə də, tərəfimizdən konkret hansı təhlükəsizlik qaydalarının tələblərinin pozulmasını və bu tələblərin pozulması ilə ilə iddiaçıya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh "xxxx" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir. Hazırki iş üzrə məhkəmənin sübut qismində qəbul etdiyi xx.xx.2023cü il tarixli X6, X5, X9, İddiaçı, Bala Bəhmənli kənd İcra X1 tərəfindən tərtib edilmiş akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Belə ki, həmin akt hadisə baş verdikdən bir gün sonra tərtib edilmiş və aktı imzlayan şəxslər aktda konkret olaraq hadisənin hansı şəraitdə, günün hansı vaxtında baş verdiyini bildirməmişlər. Lakin qeyd edilən aktın həqiqiliyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən aktı imzalayan şəxslərin şahid qismində işə cəlb edilməsini təmin edilməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin Rayon Baytarlıq İdarəsinin mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən müvafiqyarılma aktı da iddiaçı tərfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı həmçinin tələf olduğunu iddia etdiyi mal-qaranın onun təsərrüfatına aid olmasına dair Kənd İcra nümayəndəliyinin arayışını məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, məhkəmə sübutların qiymətləndiriməsini düzgün aparmamış, yuxarıda adı çəkilən 13 iyun 2023-cü il tarixli aktını iş üçün əhəmiyyəti olan halları sübut edən mötəbər dəlil kimi qəbul etməklə prossesual pozuntuya yol vermiş və bu hal öz növbəsində məhkəmə tərəfindən əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı iddiaçının etiraz ərizəsi daxil olmuşdur.

9. Apellyasiya şikayətinə etirazın dəlilləri iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

d) Proses iştirakçılarının izahatı

10. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

15. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırki apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının və qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Bala Bəhmənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışın surətindən görünür ki, İddiaçı Füzuli rayonu, Araz Dilağarda kəndində yaşayır.

25. xx.xx.2014-cü il tarixli Dövlət qaçqınkom tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür və Füzuli rayonunda müvəqqəti məskunlaşmışdır.

26. xx.xx.2023-cü il tarixli X6, X5, X9, İddiaçı, Bala Bəhmənli kənd İcra X1 tərəfindən tərtib edilmiş və imzalanmış Aktdan görünür ki, Füzuli rayonu Araz Dilağarda kənd sakini İddiaçı yaşadığı evə gedən yolda onun bir baş sağmal inəyini elektrik cərəyanı vurub öldürmüşdür.

27. Tam ortaqlı “Şamil Firması” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 05 nömrəli Qüsur aktından görünür ki, İddiaçı onlara təqdim etdiyi 13 iyun 2023-cü il tarixli Bala Bəhmənli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzinin təsdiqi ilə verilmiş akt sənədi eləcə də bir baş sağmal inəyə məxsus olan şəkillərə əsasən Respublikanın bir çox mal bazarı və mal-qara satılan yerlər ilə qiymətlərində aparılmış, araşdırmanın nəticəsi olaraq, şəkilləri ilə qeyd olunan inəyin bazar qiyməti 2000 manat müəyyən olunmuşdur.

28. 07 noyabr 2023-cü il tarixli, 13-13/2-1/16-9872/2023 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi rayon Məhkəməsinə ünvanladığı sorğuya cavab məktubunda bildirilmişdir ki, Füzuli rayonu Araz Dilağarda kəndində yerləşən qeyd olunan torpaq sahəsinin yaxınlığından keçən 0,4 kv-luq elektrik verilişi xətti "xxxx" ASC-nin balansındadır.

29. İddia tələbindən görünür ki, iddiaçı ona məxsus olan bir inəyin tələf olması ilə bağlı dəymiş ziyanın ödənilməsini tələb edir və hesab edir ki, dəymiş ziyana görə "xxxx" ASC məsuliyyət daşıyır.

30. Kollegiya işdə olan sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olması və təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

32. Hazırda iddiaçının təssərüfatına aid olan inəyin cavabdeh müəssisənin sahibliyində olan elektrik naqilinin qırılmasından törəyən cərəyan nəticəsində ölməsi və iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz hallarıdır. Kollegiya qeyd edir ki, "xxxx" ASC ərazidə yerləşən elektrik naqillərinin saz vəziyyətdə saxlanılmasına, həmçinin onların texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə görə məsuliyyət daşıyır. Bu səbəbdən iddiaçı Mülki Məcəllənin 1108-ci maddəsinin tələbindən irəli gələrək cavabdeh "xxxx" ASCdən sonuncunun balansında olan yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

33. Tələb olunan maddi ziyanın məbləğinə münasibətdə isə kollegiya iş materiallarında olan aktda göstərilmiş inəyin bazar qiymətini iddiaçıya dəyən maddi ziyanın məbləği kimi qəbul edir və hesab edir ki, iddiaçıya tələf olmuş inəyə görə dəymiş ziyanın əvəzi olaraq 2000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

34. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

35. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, cavabdeh işin hallarına münasibətdə əksini sübut edəcək heç bir sənəd məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə işin faktiki hallarını təkzib etməyə yönəlik dəlillər irəli sürmüşdür.

37. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3972/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar