Məhkəmə qərarları › İş №2(103)-1792/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1792/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1792/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-6175/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2010-cu il təvəllüdlü X3 valideynləridir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5591/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 9766/2015 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləğinin artırılması, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 108 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-6051/2015 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 150 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.

4. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(102)-605/2016 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 220 manat, 2022-ci və 2023-cü ilin səkkiz ayı üçün əlavə 576 manat məbləğində alimentin, hüquqi yardıma görə 500 manatın Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, və cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 valideynləridirlər. Cavabdehlə ayrı yaşayırlar, uşaq isə onunla birlikdə yaşayır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən hər ay 103 manat alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6051/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixindən başlayaraq hər ay 150 manat məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdən bu günə kimi cavabdeh hər ay ona 175 manat aliment ödəyir. Bu fakt "xxxx" QSC-nin “Azadlıq” filialının xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli məxaric qəbzləri ilə sübut olunur. Lakin Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. xx.xx.2023-cü il tarixindən etibarən isə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Beləliklə, həm 2022-ci ildə, həm də 2023-cü ilin keçən dövründə cavabdeh qanunla müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumundan az məbləğdə aliment ödəmişdir. Eyni zamanda, xx.xx.2023-cü il tarixindən etibarən cavabdehdən 220 manat məbləğində aliment tutulmalıdır. Beləliklə, 2022-ci ildə cavabdeh qanunla tələb olunandan 216 ((193-175)* 12=216) manat az məbləğdə alimenti ona ödəmişdir. Eyni zamanda, 2023-cü ilin 8 ayı ərzində cavabdeh 360 ((220-175)*8=360) manat az məbləğdə alimenti ona ödəmişdir. 2022-ci il və 2023-cü ilin səkkiz ayı üçün cavabdehdən əlavə 576 (360+216) manat aliment tutulmalıdır. Məhkəməyə müraciət etməkdən əvvəl o, cavabdehə mediasiya təklifi göndərmiş və daha sonra mediasiya sessiyasının keçirilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru X2 verdiyi xx.xx.2023-cü il tarixli MŞB/9/2023-01515 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışa əsasən cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən yayınmışdır. O, ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya təşkilatına 50 manat rüsum ödəmişdir.

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, övladı yetkinlik yaşına çatana kimi qətnamə qanuni qüvvəsini alandan sonra 220 manat aliment ödəməyə etiraz etmir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 6175/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6051/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumunun anoloji işlərlə bağlı qərarlarında formalaşdırdıqları hüquqi mövqeləri, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, həmin hissədə iddia təmin edilməlidir.

10. Məhkəmə, 2022-ci və 2023-cü ilin səkkiz ayı üçün əlavə 576 manat məbləğində alimentin, hüquqi yardıma görə 500 manatın tutulması hissələrində iddia tələbini əsassız hesab etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2022-ci ildə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmiş, hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2023cü il tarixdə daxil olmuşdur ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işə baxılaraq yekun məhkəmə aktı çıxarılır və artırılmış alimentin miqdarı iddia ərizəsi məhkəməyə daxil olan tarixdən deyil, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.

12. Bundan başqa, iddiaçı hüquqi yardıma görə ödədiyi 500 manat xərcin cavabdehdən tutulmasını tələb etsə də, həmin xərcə dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 19-cu maddələrinə, 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2, 8.12, 8.14-cü bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 112.1.3, 119.1, 119.2, 217.4, 218.3, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 220 manat, 2022-ci və 2023-cü ilin səkkiz ayı üçün əlavə 576 manat məbləğində alimentin, hüquqi yardıma görə 500 manatın Cavabdeh tutularaq İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti cavabdeh tərəfindən iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin bildirilmişdir ki, birinci instansiya məhkəməsinə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manatın qəbzi təqdim edilməmişdir. Bunun səbəbi ondan ibarət olmuşdur ki, qəbz itirilmişdir və sonradan həmin qəbzi tapmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbayan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı: Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia qismən təmin olunduğundan, qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğlə bağlı iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırda iddiaçının tələblərindən biri onunla bağlıdır ki, o, xx.xx.2023-cü il tarixdən alimentin artırılması ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, qətnamə ilə alimentin tutulması tarixi xx.xx.2023-cü il tarixindən başlayaraq hesablansın, həmçinin 2022-ci ildə və 2023-cü ilin 8 ayı ərzində cavabdehin ödədiyi aliment qanunla tələb olunan məbləğdən az olduğundan əlavə 576 manat aliment tutulsun.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır.

27. Göründüyü kimi, birinci instansiya məhkəməsinin alimentin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən tutulmasına dair qənaəti əsaslı olmuşdur.

28. Həmçinin, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı 2022-ci il və 2023-cü ilin 8 ayı üçün alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir.

29. Məhkəmə kollegiyası hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manatın cavabdehdən tutulması tələbini qismən əsaslı hesab edərək qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğin 250 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. İşdən görünür ki, iddia ərizəsi vəkil tərəfindən tərtib edilmiş və vəkilin orderi ərizəyə əlavə edilmişdir. İşdə olan məhkəmə iclaslarının protokollarından görünür ki, işə baxan hakim tərəfindən Mülki Prosessual Məcəlləsinin 167.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya vəkilə ödənilmiş xidmət haqqı ilə bağlı sənədi təqdim etməyi təklif etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzə əsasən vəkilin xidmətlərinə görə onun tərəfindən 500 manat məbləğində xidmət haqqı ödənilmişdir.

31. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-6175/2023 nömrəli qətnaməsi hüquqi yardıma görə ödənilmiş 500 manat tələblə bağlı iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul etməklə hüquqi yardıma görə ödənilmiş vəsaitin 250 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 6175/2023 nömrəli qətnaməsi hüquqi yardıma görə ödənilmiş xərclə bağlı iddianın təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş vəsaitin 250 manatı Cavabdeh tututlaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar