Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1794/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh İsmayılov Elgiz Gündüz oğlunun və onun vəkili Musayev Zaur Xəlil oğlunun, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Sərdarova Nərgiz Xəqani qızının iştirakları ilə, İddiaçı Hüseynov Hümbət Əhməd oğlunun cavabdehlər “xxxx” MMC-yə və İsmayılov Elgiz Gündüz oğluna qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-482/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İsmayılov Elgiz Gündüz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Hüseynov Hümbət Əhməd oğlu cavabdehlər “xxxx” MMC-yə və İsmayılov Elgiz Gündüz oğluna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 9300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayılov Elgiz Gündüz oğlu xx xxxxxx 2019- cu il tarixində mülkiyyət hüququ ilə “xxxx" MMC-yə mənsub idarə etdiyi İsuzu markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Baki Şəhəri Heydər Əliyev Prospektində Hava Limanı istiqamətində yük aparan zaman hərəkətdə olan mülkiyyət hüququ ilə ona mənsub olan və oğlu Hüseynov Fərid Hümbət oğlu tərəfindən idarə olunan Audi A8 MİNİK markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vermiş və avtomobilinin alt hissəsi tamamilə zədələnmişdir. Polis Kapitanı K.Əhmədli tərəfindən tərtib edilmiş AYP N041506 nömrəli Nəqliyyat vasitələrinin zədələnməsi barədə Arayışda avtomobilə dəymiş göstərilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilin alt hissəsi böyük deformasiyaya uğrayaraq sıradan çıxmışdır. European Cars LTD-nin (Audi Mərkəzi) mütəxəsisləri tərəfindən avtomobilə texniki baxış keçirilmiş və dəymiş ziyanın miqdarı müəyyən edilmişdir. xx xxxxxx 2019- cu il tarixində European Cars LTD-nin mütəxəsisləri tərəfindən Qüsur Aktı tərtib etdilmiş və Qüsur Aktında dəymiş ziyanın ümumi məbləğinin 9300 manat olduğu qeyd edilmişdir. Beləliklə cavabdehlər dəymiş ziyanın ödənilməsi üçün məsuliyyət daşıyır və bu ödəməni könüllü şəkildə icra etməkdən boyun qaçırdıqları üçün məhkəməyə müraciət etməyə məcburdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-482/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, İsmayılov Elgiz Gündüz oğlundan dəymiş maddi zərərə görə 8500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Hüseynov Hümbət Əhməd oğlunun xeyrinə tutulması, İsmayılov Elgiz Gündüz oğlundan 120 manat ekspertiza xərcinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Elgiz İsmayılov onun iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclaslarında onun iştirakını təmin etməmişdir. Həmçinin, bildirmişdir ki, o “xxxx” MMC-nin işçisi olmuş və avtomobili icarə müqavilə əsasında idarə etməmişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən 5-6 gün sonra şirkətin rəhbərliyi onu çağıraraq bundan sonra icarə müqaviləsi əsasında işləyəcəklərini bildirmiş və o oxumadan icarə müqaviləsini imzalamışdır. İcarə müqaviləsində tarix qeyd edilməmiş, sonradan müqaviləyə köhnə tarix qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Elgiz İsmayılov, həmçinin onun vəkili Zaur Musayev apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nərgiz Sərdarova apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, cavabdehlə icarə müqaviləsi bağlanmış və ona yol vərəqəsi verilmişdir. Sürücü təhlükəsizlik qaydalarına əməl etməmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Heç kəs onu icarə müqaviləsi imzalamağa məcbur etməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünkü, cavabdeh yalnız həmin hissədə qətnaməni mübahisələndirmiş, iddiaçı isə onu ümumiyyətlə mübahisələndirməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan AC seriyalı, 248521 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Hyundai İX-35” minik markalı, AZ90-UV906 qeydiyyat nişanlı avtomobil Məmmədov Məhərrəm Mustafa oğlunun mülkiyyətindədir. İş materiallarında olan Nəqliyyat vasitəsinin zədələnməsi barədə AYP seriyalı № 041506 saylı arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 17:00-da Bakı şəhəri, Heydər Əliyev prospektinin Hava Limanı istiqamətində nəqliyyat hadisəsində ** FA *** dövlət qeydiyyat nişanlı AUDİ A8 minik markalı avtomobilin zədələnməsi qeydə alınmışdır. İş materiallarında olan AD № 525576 saylı, xx.xx.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** FA *** dövlət qeydiyyat nişanlı AUDİ A8 minik markalı avtomobil Hümbətov Hüseyn Əhməd oğlunun mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, Europen Cars LTD qüsur akrından görünür ki, ** FA *** dövlət qeydiyyat nişanlı AUDİ A8 minik markalı avtomobilə 9300 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən “xxxx” MMC və icarəyə götürən Elgiz İsmayılov arasında bağlanmış müqaviləyə əsasən icraəyə verən icarəçiyə istifadəsində olan İsuzu markalı, ** JR *** dövlət qeydiyyat nişanlı evakuator tipli nəqliyyat vasitəsini icarəyə verir. Müqavilə xx.xx.2019-cu il tarixdə qüvvəyə minir və xx.xx.2019-cu il tarixinədək qüvvədədir. İş materiallarında olan Bakı İnzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, TP ******* saylı qərardan görünür ki, Elgiz İsmayılov xx.xx.2019-cu il tarixdli İXP ******* nömrəli protokola əsasən yük daşıma qaydalarının pozulmasına görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 32243 saylı rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan AUDİ Servis Bakı “xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Audi A8” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8500,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, sözügedən hadisədə Elgiz İsmayılovun təqsiri qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq İsmayılov Elgiz Gündüz oğlundan maddi ziyanın əvəzini tutmuşdur. Kollegiya digər cavabdeh “xxxx” MMC-yə münasibətdə iddia tələbini Mülki Məcəllənin 1108-ci maddəsinin tələbləri baxımından əsassız hesab edir. Belə ki, iş materialları ilə sübuta yetir ki, “xxxx” MMC tərəfindən Elgiz İsmayılova “İsuzu” markalı **- JR-*** dövlət qeydiyyat nişanlı avtomobil icarə müqaviləsi əsasında istifadəyə verilmişdir. Həmin müqavilə qeyd olunan hadisə baş verən vaxt qüvvədə olmuşdur. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yuxarıda sadalananlardan göründüyü kimi, “xxxx” MMC “İsuzu” markalı 90- JR-030 dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla E.İsmayılova vermiş, beləliklə də yüksək təhlükə mənbəyi onun sahibliyindən hüquqa zidd götürülməmişdir. Kollegiya cavabdehdən tutulmuş olan maddi ziyann məbləği ilə da razılaşır. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən zərərin əvəzi qismində 8500 manat cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Apellyasiya şikayətinin icarə müqaviləsinin olmaması arqumenti ilə bağlı kollegiya qeyd ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Əksinə birinci instansiy məhkəməsinin təyin etdiyi ekspertiza əsasında avtomobilə dəymiş zərərin məbləği müəyyənləşdirilmişdir.Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-482/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1794/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1794/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver