Məhkəmə qərarları › İş №2(103)-1796/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1796/2024

09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1796/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyəti olan vəzifəli şəxsi MMC-nin adından cavabdehə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixə hesablanmış borcun əvəzi olaraq 24.330 manat, qətnamə icra olunan günə kimi hər ay 500 manat məbləğində saxlama haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 163 manat məbləğində pulun tutularaq ona ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun cavabdehdən tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9065/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası zamanı həmin icra sənədi üzrə tələbkar olan hazırki iş üzrə Cavabdeh MMC-nin “Çağrı Mərkəzi”nə müraciət edərək, icra sənədində qeyd edilən yaşayış sahəsindən çıxarılan əşyaların yük maşınları ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşınılmasını sifariş etmişdir. Onun sifarişi qəbul edilmiş və həmin ünvana yük maşınları ilə getmiş MMC-nin əməkdaşları həmin yaşayış sahəsində olan əşyaları maşınlara yükləyərək təyinat nöqtəsinə çatdırmış, lakin Cavabdeh daşınma haqqını ödəməyərək yükləri qəbul etməmiş və nəticədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yüklərin bir hissəsi MMC tərəfindən saxlanc anbarına götürülmüşdür. Daha sonra MMC borc tələbi ilə bağlı Rəşada Əliyevə qarşı məhkəməyə müraciət etmiş və iddia Səbail Rayon Məhkəməsinin 2(009)-395/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehdən iddiaçı MMC-nin xeyrinə yük daşıma ilə əlaqədar 1.830 manat əsas, 500 manat anbar haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2.360 manat məbləğində pul vəsaitinin MMC-yə ödənilməsi qət edilmiş və sonradan sözügedən icra sənədi üzrə borclu tərəfindən MMC-yə 2.000 manat məbləğində (anbar üzrə 170 manat) pul vəsaiti ödənilmişdir. Yükün təyinat ünvanına çatdırılmasına dair 004341, 003127, 002240, 001851, 003484 seriyalı təhvil-təslim aktına əsasən sifarişçi olan Cavabdeh sifariş etdiyi yüklər MMC tərəfindən xx.xx.2019-cu il tarixdə təhvil alınmış və xx.xx.2019-cu il tarixdə bütün yüklər boşaldılaraq Cavabdeh təhvil verilmişdir. Anbara yüklərin təhvil-təsliminə dair xx.xx.2019-cu il tarixli akta əsasən 50 adda olan müxtəlif növ əşyalar MMC-nin anbarına təhvil verilmişdir. Əşyaların xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdən anbar haqqı üçün müəyyən edilmiş saxlama haqqının aylıq 500 manat təşkil etdiyi Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(009)-395/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. xx.xx.2019-cu il tarixdən etibarən cavabdeh malları MMC-yə məxsus anbardan götürmədiyindən xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh şirkətə olan borcunun 24.330 manat təşkil etdiyi müəyyən edilmişdir. b) cavabdehin iddia tələbinə münasibətləri barədə məlumat

3. Məhkəmə iclasında izahatı alınmış cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, əmlak ona məxsus deyil. O, əmlakların daşınması ilə bağlı sifariş də verməmişdir. Əsassız olaraq iddiaçı daşıma xərclərini ondan tələb etmiş, məhkəmə qətnamə qəbul etmişdir. Hazırda məcburiyyət qarşısında qalıb, həmin pulu ödəmişdir. İddiaçı indi ondan əsassız olaraq başqasına məxsus saxladığı əmlaklara görə pul tələb edir. Əmlaklar onun deyil. Sifariş də həmin əmlakların hər hansı bir ünvana çatdırılması üçün verilmişdir. İddiaçı əsassız və qanunsuz olaraq o əmlaklarından bir hissəsini öz anbarında saxlayır. Bütün əmlaklar çatdırılma yerinə təhvil verilməlidir. Ona aid olmayan əmlaka görə ondan pul tələb edilməsi əsassızdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh anbarda saxlanılan əmlakların mülkiyyətçisi olmadığından, həmin əmlakların anbarda saxlanılmasına dair sifariş vermədiyindən, bununla iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan şəxsə, yəni Cavabdeh qarşı yönəldiyindən, həmin şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız nəticəyə gəlmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

8. Apellyasiya baxışında iştirak etmiş iddiaçı MMC-nin nümayəndəsi şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. İş üzrə cavabdeh apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9065/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını həyata keçirən icra məmurları, həmin icra sənədi üzrə tələbkar olduğu üçün onu da icra yerinə dəvət etmişlər. İcra hərəkətləri yerinə yetirilən zaman icra məmuru ona “yükdaşıma xidmətinin” telefon nömrəsini verərək, ünvana yük maşınlarının çağırılmasını xahiş etmişdir. O, icra məmurunun xahişini yerinə yetirmiş, həmin nömrəyə zəng vurmuşdur. Bir müddətdən sonra “yükdaşıma xidmətinin” işçiləri gələrək, sahəni boşaltmış və əşyaları yük maşınlarına yükləyərək, icra sənədi üçün borclu olan şəxsin ünvanına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, icra sənədi üzrə borclu olan şəxs yükün bir hissəsini qəbul etsə də, qalan əşyaları qəbul etməmiş, bu səbəbdən də, “yükdaşıma xidmətinin” əmakdaşları həmin əşyaları anbara boşaltmışlar. Bu mülki mübahisənin yaranmasında onun təqsiri yoxdur. İddiaya ya həmin borclu şəxs və ya icra qurumu cavab verməlidir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-395/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə iddiaçı MMC-nin hazırki iş üzrə Cavabdeh qarşı irəli sürdüyü “pul tələbi barədə” iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin xeyrinə yük daşıma ilə əlaqədar 1.830 manat əsas, 500 manat dəymiş əlavə ziyan xərci və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2.360 manat məbləğində pulun tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

12. Səbail Rayon İcra Şöbəsinin icra məmuru T.Aşurovun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Səbail Rayon Məhkəməsinin 2(009)-395/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi tam icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir.

13. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışından” görünür ki, “Sifarişçi” olan Cavabdeh xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən yüklərin mənzildən boşaldılaraq, Nərimanov rayonu ərazisində yerləşən əraziyə daşınılmasını sifariş etmiş, lakin sonradan malları qəbul etmədiyindən “Sifarişçi”yə məxsus mallar xx.xx.2019-cu il tarixdə MMC-yə məxsus anbara yerləşdirilmişdir. “Sifarişçi”yə məxsus malların aylıq saxlama haqqı 500 manat olaraq hesablanmışdır. Mallar anbara yerləşdirildiyi gündən bu günə qədər Cavabdeh tərəfindən saxlama haqqı olaraq MMC-yə 170 manat məbləğində ödəniş edilmişdir. Sistem üzərindən çıxarışdan göründüyü kimi, “Sifarişçi” Cavabdeh xx.xx.2023-cü il tarixə 49 ay gecikməsi mövcuddur və bu əsasla saxlama haqqı hər ay 500 manat hesablanmaqla MMC-yə olan borcu 24.330 manat təşkil edir.

14. Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9065/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən iddiaçı Cavabdehlər X7, X2, X4 və X5 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiasının təmin edilməsi, cavabdehlər X9, X6 və ailə üzvləri ünvan 1 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin cavabdehlərin öz hesabına boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi, cavabdeh X8 və ailə üzvləri ünvan 5 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin cavabdehin öz hesabına boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Həmin icra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş, icra sənədi üzrə icraata başlanılmış və bu barədə “Tələbin könüllü icrası haqqında” bildiriş üzrə borclu tərəfə göndərilmişdir. İcra sənədinin icrası iş üzrə borclular tərəfindən könüllü qaydada icra edilmədiyi üçün tərəflərdən icra hərəkətləri xx.xx.2019-cu il tarixə təyin edilmiş və həmin tarixdə aparılan icra hərəkətləri zamanı mübahisə predmeti olan mənzillərdən iş üzrə borclular Hüseyn Məmmədov, Nigar Məmmədova və digərləri onlara məxsus ev əşyaları ilə birlikdə çıxarılmış və mənzillər boş vəziyyətdə Cavabdeh təhvil verilməklə akt tərtib edilmişdir. Əlavə olaraq bildirirlər ki, həmin mənzillərdə Cavabdeh məxsus ümumiyyətlə heç bir əşya olmamış və tərəflərdən çıxarılmış bütün ev əşyaları iş üzrə borclular X7 və X4 məxsus olduğu üçün, icra zamanı həmin əşyaların bir qismi yük xidməti tərəfindən onların kirayə yaşadıqları ünvana göndərilmiş, digər qismini isə borclular götürməkdən imtina etdikləri üçün yük xidmətinin saxlancında qalmışdır.

15. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Hüseyn Məmmədov və başqalarının Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 49, mənzil 9 ünvanında yerləşən mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin cavabdehlərin öz hesabına boşaldılaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə aparılan icra hərəkətləri zamanı mübahisə predmeti olan mənzillərdən borclular ev əşyaları ilə birlikdə çıxarılmış və mənzillər boş vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İcra zamanı borclulara məxsus əşyalar qeyd edilən icra sənədi üzrə tələbkar, hazırki tələb üzrə Cavabdeh sifarişi əsasında iddiaçı MMC tərəfindən borcluların ünvanına daşınmış, daşınma xərci onu sifariş edən Cavabdeh tərəfindən ödənilmədiyi üçün əmlakların bir qismi anbarda saxlanılmışdır. Tərəflər arasında razılığa əsasən tarif cədvəlinə uyğun olaraq MMC tərəfindən Cavabdeh sifarişinə əsasən 1.830 manat məbləğində yükdaşıma xidməti göstərilmişdir. Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə MMC məhkəməyə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh MMC-nin xeyrinə yük daşıma ilə əlaqədar 1.830 manat əsas, 500 manat dəymiş əlavə ziyan xərci (1 ay müddətində anbarda əmlakların saxlanılması ilə əlaqədar) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2.360 manat məbləğində pulun tutulması qət edilmişdir.

16. Hazırda MMC-nin anbarında saxlanılan əmlaklar Binəqədi Rayon Məhkəməsinin 2(001)-9065/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu olan Hüseyn Məmmədova və başqalarının məxsus əmlaklardır. Həmin icra sənədi üzrə tələbkar olan hazırki iş üzrə Cavabdeh tərəfindən Bakı şəhəri, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 7 və 9 saylı mənzillərində həmin şəxslərə məxsus əmlakların Nərimanov rayonu ərazisində yerləşən həmin şəxslərə yaşadığı mənzilə daşınması barədə MMC-yə sifariş verilmiş, onun sifarişi təmin edilmiş, lakin daşınma xərcləri Cavabdeh tərəfindən ödənilmədiyindən MMC daşıdığı əmlaklardan 50 adda əmlakı girov kimi öz anbarında saxlamışdır.

17. İddiaçı MMC hazırki tələblə 50 adda əmlakın anbarda saxlama xərcini həmin əmlakların daşınmasını sifariş edən şəxsdən tələb edir. Halbuki əmlaklar Cavabdeh məxsus deyil, eyni zamanda Cavabdeh həmin əmlakların digər ünvana daşınması barədə sifariş vermiş, onların anbarda saxlanılmasına göstəriş verməmiş, iddiaçı özü heç bir göstəriş olmadan 50 adda əmlakı girov kimi öz anbarında saxlama qərarına gəlmişdir.

18. İddiaçı MMC-nin dəlillərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 860.1-ci maddəsinə görə, daşıyıcı ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malikdir. Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin 182-ci maddəsinin müddəaları şamil edilir. Yük göndərənin yükün mülkiyyətçisi olmadığı, lakin həmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da yükə girov hüququ əldə edilir.

19. İddiaçı MMC ilə Cavabdeh arasında yükdaşıma xidmətinin göstərilməsi ilə bağlı razılaşma olmuş, iddiaçı MMC yükün daşınmasına görə xidmət haqqının ödənilməməsinə görə daşıdığı yükə girov hüququndan istifadə edərək onları özündə saxlamışdır. Cavabdeh tərəfindən daşınması nəzərdə tutulan yükün iddiaçı MMC-nin anbarında saxlanması ilə bağlı hər hansı razılaşma olmamışdır. Əşyaların girov kimi saxlanmasında məqsəd ödənilməli olan pulun həmin girov predmetinə yönəldilməklə icrasına nail olmaqdır. Lakin iddiaçı MMC girovsaxlayan kimi borcun girov predmetinə yönəldilməsi ilə bağlı hər hansı addım atmamış, ödənilməli olan borcu məhkəmə qaydasında Cavabdeh tələb etmişdir. İddiaçı MMC əşyaları girov saxlamadan da həmi öhdəliyin icrasını Cavabdeh tələb etmək hüququna malik olmuşdur.

20. Həmin əmlakların anbara boşaldılması və əmlakların anbarda saxlanılması ilə bağlı iddiaçı MMC ilə Cavabdeh arasında razılaşmanın olması sübuta yetmir.

21. Belə olan halda, cavabdehin anbarda saxlanılan əmlakların mülkiyyətçisi olmadığını, həmin əmlakların anbarda boşaldılaraq anbarda saxlanılmasına dair sifariş vermədiyinini, bununla iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan şəxsə, yəni Cavabdeh qarşı yönəldiyindən, həmin şəxsin hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməməsini nəzərə almış Rayon Məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

22. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

23. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı MMC tərəfindən yükdaşıma xidmətinin göstərilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olmuşdur. Məhkəmə qətnaməsi Azərbaycan Respublikasının adından çıxarılır və icra edilməsi məcburidir. Qətnamənin icrasını həyata keçirmək icra məmurlarının vəzifəsidir. İşin bu xarakteri mübahisəli yükdaşımanı digər yükdaşımalardan fərqləndirir. xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu olan yüklərin sahibləri Hüseyn Məmmədov və başqası onlara məxsus yükləri qəbul etməkdən imtina etdikləri halda MMC bu barədə icra məmuruna müraciət etməli və əmlakın saxlanması üçün müəyyən şəxsin təyin olunmasını tələb etməlidir. İcra sənədi üzrə borcluların öz yüklərini qəbul etməməsi, bu anlama gəlmir ki, həmin yükləri icra sənədi üzrə tələbkar, yəni hazırki iş üzrə Cavabdeh qəbul etməli, yerləşməsini təmin etməli və ya buna görə dəymiş ziyanın əvəzini ödəməlidir. g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, iddiaçının özünə aid edilməlidir.

28. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İddiaçı MMC apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olduğundan MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar