Məhkəmə qərarları › İş №2(103)-1798/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1798/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1798/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-557/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin (əvvəlki “İddiaçıbank” ASC) xeyrinə xx.xx.2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsi və ona xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən 29803,29 avro əsas borc, 6145,39 avro hesablanmış faiz borcu, pul öhdəliyinin gecikdirilməsinə görə vurulmuş zərərin əvəzi olaraq 6296,94 avro olmaqla, ümumilikdə 42245,62 avro məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətindən (indiki İddiaçı BOKT ASC) xx xxxx 2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsinə əsasən evin təmiri məqsədi ilə illik 24 faizlə 12 ay müddətinə 30000 avro məbləğində kredit almışdır. xx xxxx 2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Müqavilə müddətinin sonuna Cavabdeh xx xxxx 2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsi və ona xx.xx.2014-cü il tarixli 01 №-li əlavəyə əsasən İddiaçı BOKT ASC-yə (əvvəlki “İddiaçıbank” ASC) 29803,29 avro əsas borc, 6145,39 avro hesablanmış faiz borcu vardır. Bundan əlavə, müqavilə müddətinin bitdiyi tarixdən bu günə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla cavabdehin banka 6296,94 avro məbləğində borcu yaranmışdır. Cavabdeh nümayəndəsi Vəkil iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-557/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2016-cı ildə başa çatdığı halda, cavabdeh tərəfindən ödənişlər edilməmiş və müqavilə üzrə borc yaranmışdır. İddiaçı bank borcun qaytarılması barədə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixində Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş materialları geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2019-cu il tarixində rəsmi qaydada İddiaçı BOKT ASC tərəfindən qəbul edilmiş, xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət edildiyi üçün iddia müddətinin axımı dayanmışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı iddiaçı banka xx.xx.2019-cu ildə daxil olduğu üçün iddia müddətinin axımı xx.xx.2019-cu ilə kimi dayanmış hesab edilməlidir. Çünki həmin qərardaddan iddiaçı bankın şikayət etmək hüququ omuşdur. Bank bu qərardaddan şikayət etməmiş və xx.xx.2019-cu il tarixində təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia məhkəməyə xx.xx.2019-cu ildə verildiyi üçün iddia müddətinin başa çatmasına 12 gün qalırdı (xx.xx.2019-cu il tarixinə kimi). xx.xx.2019-cu il tarixli qərardaddan şikayət vermə müddəti xx.xx.2019-cu ildə başa çatdığı üçün iddia müddətinin axımı qeyd etdikləri kimi xx.xx.2019-cu ildən başlayır. Odur ki, hesab edirlər ki, onlar iddia müddətini buraxmamış və məhkəmənin gəldiyi nəticə qanunvericiliyin tələbinə ziddir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılan cavabdehin nümayəndəsi Vəkil tərəfindən məhkəmə iclasının təxirə salınması barədə ərizə daxil olmuş, lakin məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 557/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddia müddətinin keçməsinə əsaslanmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəməyə müraciət olunarkən iddia müddəti buraxılmamışdır. Belə ki, iddiaçı bank xx xxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin dövlət rüsumu hökumət ödəniş portalı vasitəsilə edilmədiyindən, məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, qərardadda göstərilən nöqsan aradan qaldırılaraq təkrarən xx xxxx 2019-cu il tarixdə iddiaçı bank tərəfindən məhkəməyə müraciət edilmişdir. İlk iddia xx xxxx 2019-cu ildə verilərkən iddia müddətinin başa çatmasına 12 gün qalırdı. Məhkəməyə ilk dəfə müraciət edilərkən iddia müddətinin axımının kəsildiyini, iddiaçı bankın iddia ərizəsinin geri qaytarılmasına dair qərardadı xx xxxx 2019-cu il tarixdə əldə etdiyini və həmin qərardaddan şikayət vermə müddətinin xx xxxx 2019-cu il tarixdə bitdiyini nəzərə aldıqda, məhkəmə kollegiyası hesab edir ki, bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddia müddəti buraxılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qanunla müəyyən edilmiş qaydada iddia qaldırılması o deməkdir ki, iddiaçı iddia qaldırılması ilə bağlı qanunvericilikdə qoyulmuş qaydalara---aidiyyət qaydalarına, iddianın verilməsi şərtlərinə (o cümlədən iddia ərizəsinin forma və məzmunu, dövlət rüsumunun ödənilməsi), prosessual qanunvericiliklə nəzərdə tutulan başqa tələblərə əməl etməlidir. İddia ərizəsinin qəbulundan imtina edildikdə Mülki Məcəllənin 381-ci maddəsində göstərilən nəticələr baş verir. Məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etdikdə iddia ərizəsi müəyyən edilmiş qaydalara əməl edilməklə məhkəməyə verildiyi gündən müddətin axımı kəsilir. İddia ərizəsinin qaytarılması barədə qərardadın ləğv edilməsinə dair qərardadda göstərilən tələbləri iddiaçı vaxtında icra etdikdə iddia ərizəsinin verildiyi ilk gündən müddətin axımı kəsilir. Beləliklə, iddiaçı bank qanunla müəyyən edilmiş iddia müddətini ötürmədən təkrarən xx xxxx 2019-cu il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə görə iddia müddətinin buraxılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır. İş materiallarına əlavə olunmuş “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh evin təmiri üçün illik 24 faiz olmaqla 12 ay müddətinə 30000 avro məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsinə 1 №-li əlavə və dəyişiklikdən görünür ki, “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 0180/14/PB №-li kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı BOKT ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT ASC-yə 29803,29 avro əsas borc, 6145,39 avro hesablanmış faiz borcu olmaqla, cəmi 35948,68 məbləğində borcu vardır. Birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/523 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx xxxx 2014-cü il tarixli 0180/14/PB saylı kredit müqaviləsinin şərtlərini nəzərə alaraq, Cavabdeh İddiaçı BOKT ASC-yə xx.xx.2016-cı il tarixə əsas borcu 28041,46 avro, faiz borcu 1081,96 avro, xx.xx.2019-cu il tarixə əsas borcu 28041,46 avro, faiz borcu 5234,50 avro müəyyən edilmişdir. Rəydə qeyd edilir ki, ekspert qarşısında qoyulmuş suala əsasən, kredit müqaviləsi üzrə faiz borcu xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 5% dərəcəsi ilə hesablanmışdır. Beləliklə, ekspert rəyində də göstərildiyi kimi Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə xx.xx.2016-cı il tarixə əsas borcu 28041,46 avro, faiz borcu 1081,96 avro, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 5% dərəcəsi ilə hesablanaraq 4152,54 avro olmaqla, cəmi 33276,96 avro təşkil edir. Həmin borcun 1081,96 avro hissəsi kredit müqaviləsi üzrə faiz borcu, 5234,50-1081,96=4152,54 avro hissəsi isə müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən iddia qaldırıldığı xx.xx.2019-cu il tarixədək 5 faiz dərəcəsi ilə hesablanmış borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən maddi hüquq normalarını pozmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 28041,46 avro məbləğində əsas borc, 1081,96 avro məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən iddia qaldırıldığı xx.xx.2019-cu il tarixədək 5 faiz dərəcəsi ilə hesablanmış 4152,54 avro məbləğində faiz borcu olmaqla cəmi 33275,96 avro məbləğində borc ödəniş gününə avronun Azərbaycan manatına nisbətən məzənnəsi ilə manat hesabı ilə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia qismən təmin olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 24 manatı və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı BOKT ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-557/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı BOKT ASC-nin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixinə yaranmış 28041,46 avro məbləğində əsas borc, 1081,96 avro məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən iddia qaldırıldığı xx.xx.2019-cu il tarixədək 5 faiz dərəcəsi ilə hesablanmış 4152,54 avro məbləğində faiz borcu olmaqla cəmi 33275,96 avro məbləğində borc ödəniş gününə avronun Azərbaycan manatına nisbətən məzənnəsi ilə manat hesabı ilə tutulsun. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 24 manatı və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar