Məhkəmə qərarları › İş №2(103)-1801/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1801/2022

01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1801/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərər görə sığorta haqqının ödənilməsi tələbinə dair” 2(009)-1974/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1866,55 manat maddi zərərin, 90 manat qüsur aktına görə ödənilən pulun və 30,40 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 iyun 2021-ci il tarixdə cavabdeh şirkətdə icbari qaydada sığortalı olan “SHACMAN” yük markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus və hadisə baş verən anda hərəkətsiz vəziyyətdə dayanan “Honda Accord” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilə ön hissəsindən vuraraq maddi ziyan yetirmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı Binəqədi rayon DYPŞ tərəfindən 22 iyun 2021-ci il tarixli inzibati tənbeh haqqında qərar qəbul olunmuş və həmin qərara əsasən “SHACMAN” yük markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Qüsur aktına əsasən iddiaçıya məxsus avtomaşına dəymiş ziyan 1866,55 manat dəyərində qiymətləndirilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus “Honda Accord” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci kimi 1,866 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdeh "xxxx" ASCdən alınıb İddiaçı ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə cavabdeh "xxxx" ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edərək 650 manat məbləğində xərcin və ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspertiza keçirilərkən, tərəflərin iştirakı təmin olunmamışdır. Elə bu səbəbdəndir ki, ekspert iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktına əsaslanaraq rəy vermişdir. Cavabdeh tərəfindən məhkəməyə avtomobilin qəzadan dərhal sonrakı vəziyyətini əks etdirən fotoşəkilləri təqdim olunmuşdur. Həmin fotoşəkillərdən aydın görünür ki, avtomobilin ön sol qanadı təmir olunacaq haldadır, lakin ekspert həmin detalın dəyişdirilməsini qeyd etmişdir. Bundan başqa iki detalın rəngləməsini ekspert tərəfindən 390 manat məbləğində müəyyən olunmuş, halbuki, 2 detalın rəngləməsinin orta bazar qiyməti maksimum 240 manat təşkil edə bilərdi. Bundan başqa ekspert rəy verərkən yeni detalların qiymətini əsas götürmüşdür. Nəzərə alınmalıdır ki, “Honda Accord” markalı, 99HV582 dövlət qeydiyyat nişanlı avtomobil 2008-ci ildə istehsal olunmuşdur və bu səbəbdan köhnəlmə əmsalı tətbiq olunmalı idi. Məhkəmə bütün qeyd olunanlara əhəmiyyət verməmiş, dəymiş zərərlə bağlı səhv nəticəyə gəlmişdir. Hesab edilir ki, "xxxx" ASC-nin tərtib etdiyi zərər aktı “Honda Accord” markalı 99HV582 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri obyektiv olaraq əks etdirir. Məhkəmə məhz həmin məbləğin tutulması ilə bağlı qətnamə çıxarmalı idi. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində yoxlanılır. İş materiallarından görünür ki, nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinə əsasən “Honda Accord” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarına əlavə edilmiş Binəqədi rayon DYPŞ-nin 22.06.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və həmin tarixli, TP4443804 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, “SHACMAN yük” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 19.06.2021-ci il tarixdə yol verdiyi inzibati xəta hadisəsinə görə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28.06.2021-ci il tarixli zərər aktından görünür ki, “Honda Accord” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissələrinin və təmir xidmətinin dəyəri daxil olmaqla ümumilikdə 1866,55 manat məbləğində pul vəsaiti tələb olunur. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun internet portalından çıxarışda qeyd olunmuşdur ki, “SHACMAN yük” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də mülki məsuliyyətin icbari sığortası üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 29.06.2021-ci il tarixli zərər aktında qeyd olunur ki, “Honda Accord” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissələrinin və təmir xidmətinin dəyəri daxil olmaqla ümumilikdə 650 manat məbləğində pul vəsaiti tələb olunur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25.10.2021-ci il tarixli, 9/5902 nömrəli rəyindən görünür ki, “Honda Accord” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1,866 manat müəyyən edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, 2008-ci il buraxılışlı, “Honda Accord” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə, onların qiymətləndirinə köhnəlmə faizi tətbiq edilmir. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, sığorta hadisəsi mövcuddur, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir. İşin mübahisəli halı olan vurulmuş zərərin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan məbləğ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli, 9/5902 saylı ekspert rəyində 1866 manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. Qeyd edilən Qanunun 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Qeyd edilən Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi məqamların əsaslı olmasına dair hər hansı sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizanın rəyini şübhə altına alan sübutlar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli, 2(009)-1974/2021 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar