Məhkəmə qərarları › İş №2(103)-1803/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1803/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1803/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1803/2024 (Açar sözlər: aliment miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4822/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-886/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X6 ilə Cavabdeh arasında olan Mingəçevir Şəhər Nikah evində xx.xx.2007ci il tarixdə 343 nömrə ilə qeyd alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqlarının iddiaçı X3 yanında qalması, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat məbləğində aliment tutulub X5 verilməsi qət edilmişdir.

2. İddiaçı uşaqların tələbatlarının artmasını əsas gətirərək tutulan aliment məbləğinin hər uşağa 250 manat olmaqla, cəmi 500 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 və 15 yaşlarında olan oğlan övladlarını normal qaydada böyüməsi üçün Cavabdeh aliment məbləğinin artırılaraq hər uşaq üçün hər ay 250 manat tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə olan nikahları pozulmuşdur. Hal-hazırda oğlanları 14 və 15 yaşlarındadır. Mingəçevir şəhər məhkəməsi tərəfindən təyin olunmuş (hər uşağa 130 manat) aliment məbləği uşaqların heç bir tələbatını ödəmir. Uşaqların orta məktəbdə istifadə olununan dərs ləvazimatı, normal qidalanması, geyimləri və digər zəruri tələbatlarını bu məbləğlə qarşılamaq olduqca çətindir. Onu da əlavə etmək istəyir ki, övladları ilə kirayədə yaşayırlar. Uşaqların atası Cavabdeh ümumiyyətlə övladları ilə maraqlanmır. Oğlanlarının mənəvi ehtiyaclarını (valideyn qayğısı, sevgisi) və maddi ehtiyaclarını iddiaçı tək qarşılayır. Böyüdükcə uşaqların atasının diqqət və qayğısına ehtiyacının artmasına baxmayaraq ata onlara heç bir qayğı və diqqət göstərmir. Hələ bu da azmiş kimi uşaqları özündən tam uzaqlaşdırmaq məqsədilə ona maddi zərər vurduqlarını iddia edərək şər atıb onları məhkəməyə vermişdir. Bu yolla ondan təzminat almaq istəmişdir. Şəki Apellyasiya məhkəməsinin ədalətli qərarı ilə övladlarının günahsızlığı sübut olunmuşdur. Ədalət bərpa olunsa da, bu hadisə uşaqlara ciddi mənəvi zərbə olmuşdur. İddiaçı yeniyetmə yaşında olan oğlanları cəmiyyətdə baş verən arzuolunmaz vərdişlərdən qorumaq məqsədilə onları idman məktəblərinə yazdırmışdır və müəyyən uğurları da var. Bütün bunları yerinə yetirmək iddiaçıya maddi cəhətdən çox çətindir. Əlavə onu da qeyd etmək istəyir ki, Cavabdeh yüksək məvacib almaqla yanaşı həftə sonları toylarda musiqiçi kimi (tarda) iştirak edir, axşamlar da şəxsi maşını ilə taksi işləyir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4822/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddianın qismən təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-886/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulması, miqdarı dəyişdirilmiş alimentlərin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 manat məbləğində pulun iddiaçının xeyrinə və 32 manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 112.1.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırda alimentin artırılması üçün heç bir əsas yoxdur. Belə ki, hazırda yenidən ailə həyatı qurmuşdur, uşaqları yoxdur. İddiaçı isə Mingəçevir şəhər Bülbül adına 2 saylı uşaq musiqi məktəbində musiqi müəllimi işləyir və hər ay 600 manat əmək haqqı alır. Cavabdeh özü də həmin məktəbdə müəllim işləyir və 861 manat əmək haqqı alır ki, bunun da 260 manatı alimentə tutulur. Bundan əlavə iddiaçı Bakı şəhərində kosmetoloq-həkim kimi fəaliyyət göstərir və aylıq qazancı kifayət qədərdir. Alimentin artırılmasına heç bir ehtiyac yoxdur. Hesab edir ki, iddiaçının ailə və maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır, ona görə də alimentin artırılması barədə iddia əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir.

12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

13. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir

14. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

21. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

22. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

24. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Hazırki iş üzrə cavabdeh qətnaməni iddianın qismən təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

36. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-886/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında olan Mingəçevir Şəhər Nikah evində xx.xx.2007-ci il tarixdə 343 nömrə ilə qeyd alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqlarının iddiaçı X3 yanında qalması, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat məbləğində aliment tutulub X5 verilməsi qət edilmişdir.

37. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 362316 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah pozulduqdan sonra qadına Həsənova soyadı verilmişdir

38. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin 51 nömrəli xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2005-ci il tarixdən həmin məktəbdə Tar ixtisası üzrə müəllim işləyir və hesablanmış aylıq əmək haqqı 1076 manatdır, ondan hər ay 260 manat aliment tutulur, ələ çatan əmək haqqı 602 manatdır.

39. Azərbaycan kredit bürosundan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh qalıq məbləğləri 4198,29 manat və 1778,09 manat olmaqla aktiv öhdəlikləri mövcuddur.

40. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.

41. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

42. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

43. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin artırılması ilə bağlı mövqe qanuni və əsaslı olmuşdur. Belə ki, Mingəçevir Şəhər Məhkəməsi 2(051)-886/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan olan Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

44. Kollegiya maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hallar onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir və birinci instansiya məhkəməsi tərəfindən də cavabdehin qeyd etdikləri nəzərə alınaraq alimentin məbləği hər uşaq üçün yaşayış minimumuna uyğun olaraq 220 manat deyil, 180 manat miqdarında müəyyənləşdirilmişdir.

45. Cavabdehin yenidən ailə həyatı qurması səbəbindən alimentin təyin edilməsində bu faktın nəzərə alınması ilə bağlı apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hallar onu hazırki iş üzrə İddiaçı ilə bağlanmış nikahlarından dünyaya gələn övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir və həmin uşaqların layiqli həyat səviyəsində yaşamaları, əvvəlki yaşayış şərtlərinin maksimum həddə qorunması hazırki mübahisənin həlli ilə bağlı ən mühüm məsələdir.

46. Kollegiya ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi miqdarını hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən etmişdir və həmin məbləğin azaldılması üçün əsaslar yoxdur.

47. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

50. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4822/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar