Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1803/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(010)-1459/2021 nömrəli qərardadından tələbkar İddiaçı2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X3 vurduqları maddi ziyana görə 60000 manat pulun tutularaq iddiaçı X2 və X4 ödənilməsi, Suraxanı rayon məhkəməsinin 2(010)-76/2017 saylı, 31 may 2017-ci il tarixli qətnaməsinin tam icrası təmin edilənədək, Bakı şəhəri Suraxanı qəsəbəsi A.Rzayev küçəsi 75 saylı evin 20-ci mənzilin İddiaçı2 istifadəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddianın təmin tədbiri barədə ərizə təqdim edərək işin nəticəsi ilə bağlı qətnamənin qanuni qüvvəsini alanadək, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi A.Rzayev küçəsi 75 saylı evin 20 saylı mənzilinin üzərinə həbs qoyulması və həmin mənzilə hər hansı şəkildə müdaxilə edilməsinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, X5 və başqa şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(010)- 1459/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi 75 saylı evin 20 saylı mənzilinin bir hissəsi (3 otaq, y/s-46.87kv.m) üzərinə həbs qoyulmuşdur.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(010)- 1459/2021 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh3 İddiaçı2 məxsus olan (1 ədəd divan 80 manat, 2 ədəd kreslo 100 manat, 1 ədəd Dnepr markalı soyuducu 50 manat və 1 ədəd qab-qacaq dolabı 40 manat) əmlaklara vurulmuş maddi zərərin əvəzi, cəmi 270 manat pulun tutularaq İddiaçı2 verilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2(103)-4764/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(010)- 1459/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun 14 mart 2023-cü il tarixli qərarına əsasən borcun ödənilməsi tam təmin olunduğundan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(010)- 1459/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir.
7. Cavabdeh3 22 oktyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(010)-1459/2021 saylı qərardadına əsasən mənzil üzərinə qoyulmuş həbsin ləğv olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
8. Tələbkar İddiaçı2 əriəzəyə etirazı onunla əsaslandırılmışdır ki, Cavabdeh3 başqa məhkəmə qətnaməsinə əsasən ona borcu vardır, lakin o borcu ödəməkdən yayınır. Hətta Cavabdeh3 məhkəmə qətnaməsini icra etmədiyindən azadlıqdan mərhumetmə cəzasına məhkum olunmuşdur. Buna baxmayaraq o məhkəmə qətnaməsini icra etmək istəmir və qətnamənin icrasından bilərəkdən yayınır. Borclu Cavabdeh3 tərəfindən həmin ev halhazırda kirayəyə verilmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(010)- 1459/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(010)-1459/2021 saylı qərardadı ləğv edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi 75 saylı evin 20 saylı mənzilinin bir hissəsi (3 otaq, y/s46.87kv.m) üzərinə qoyulmuş həbs götürülmüşdür.
10. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə icraat yekunlaşdığından və məhkəmə aktı tam olaraq icra olunduğundan cavabdehin verdiyi ərizə təmin edilməli, mənzil üzərinə qoyulmuş həbs götürülməlidir.
11. İddiaçı2 həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon icra şöbəsinin icraatında yalnız 270 manat deyil, eyni tərəflər arasında 24000 ABŞ dolları və 6107 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə digər icra sənədi mövcuddur. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli, 2(010)-76/2017 saylı qətnaməsinə əsasən İddiaçı2, qardaşı və uşaqları qeyd olunan Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsi 75 saylı evin 20-ci mənzilin bir hissəsindən çıxarılması, həmin mənzilə görə Cavabdeh3 ödədiyi 24000 ABŞ dollar və təmirə sərf etdiyi 6107 manat məbləğin tutulması qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin qərardadına əsasən İddiaçı2 mənzildən çıxarılması hissəsinin, cavabdehdən pulun alınıb ona verilməsi hissəsi ilə eyni vaxtda icra edilməsi qərara alınmışdır. Bu baxımdan 270 manat pul vəsaitinin ödənilməsi ilə bağlı icraata xitam verilməsi aşkar pozuntudur. Nərimanov İcra şöbəsinin icraatında iki icra sənədi mövcuddur, ilkin olaraq 24000 ABŞ dollar və təmirə sərf etdiyi 6107 manat məbləğin tutulması və son olaraq 270 manat pul vəsaitinin ödənilməsi təmin edilməlidir. Üzərinə həbs qoyulmuş mənzilin həbsdə saxlanılması hər iki icra sənədinin təminatıdır.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e- 2(010)-1459/2021 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər Maddə 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Maddə 162.4. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsində icraat və məhkəmənin mövqeyi
15. MPM-nin 162.4.-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Müəyyən olunur ki, iş üzrə icraat yekunlaşmış və məhkəmə aktı tam olaraq icra olunmuşdur. Belə olan halda məhkəmə həmin əmlak üzərindən həbsin götürülməsi ilə bağlı düzgün qənaətə gəlmişdir
16. İş materiallarına əlavə olunmuş Nərimanov rayon İcra Şöbəsinin 14 mart 2023cü il tarixli icraata xitam verilməsi haqqında qərarıdan surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(010)-1459/2021 nömrəli icra sənədi üzrə borcun ödənilməsi tam olaraq təmin olunduğundan icraata xitam verilmişdir.
17. Şikayətin dəlilini o təşkil edir ki, borclu Cavabdeh3 başqa məhkəmə qətnaməsinə əsasən ona borcu vardır, lakin o borcu ödəməkdən yayınır.
18. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, hazırkı qərardad məhz bu mülki iş üzrə qətnaməsinin icrasını təmin etmək məqsədilə tətbiq edilmişdir və eyni şəxslər arasında tamamilə başqa bir icra sənədinə əsasən pul vəsaiti tutulması barədə başqa bir məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlaması üçün əsas deyildir
19. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermədiyi üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
20. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(010)- 1459/2021 nömrəli qərardadından tələbkar İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(010)- 1459/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.