Məhkəmə qərarları › İş №2(103)-1806/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1806/2022

23.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1806/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Əlibəndə oğlunun Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-376/2021 saylı iş üzrə qəbul etdiyi 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Əlibəndə oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Əlibəndə oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəyən maddi zərərin – 1994 manat maddi zərər, qiymətləndirmə aktının tərtibi üçün ödənilmiş 100 manat, verilən iddia ilə əlaqədar ödədiyi 30 manat olmaqla, cəmi 2124 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşın onun mülkiyyətindədir. X4 19.02.2019-cu il tarixdə saat 14:50-də etibarnamə əsasında idarə etdiyi «X7» markalı **-DG-*** dövlot qeydiyyat nömrəli avtomaşınla svetoforun qırmızı işığında gözləyərkən, Cavabdeh idarə etdiyi VAZ 21214 markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomaşınla gələrək maşının sol arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə, o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmiş və haqqında inzibati tənbeh tədbiri görülmüşdür. Yol-nəqliyyat hadisəsi zamanı ona maddi ziyan dəymişdir. Sığorta şirkətinin verdiyi kiçik məbləğlə razılaşmadığından, X4 «Vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 06.09.2019-cu il tarixli saylı qətnaməsi ilə iddianın sığorta şirkətinə qarşı yönəldilməli olmasını əsas gətirərək, iddia tələbini təmin etməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə Bakı şəhər Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Məhkəmənin 26.11.2019-cu il tarixli 2(103)-13787/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qətnaməsi ləğv edilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, iddianın sığorta şirkətinə qarşı yönəldilməli olması ilə razılaşmadıqlarını və əsas mülkiyyətçi tərəfindən eyni iddia tələbi ilə məhkəməyə müraciət edilməsi izah edilmişdir. "xxxx" MMC-nin avtoeksperti Əlövsət Rəhimov «X7» markalı **-DG-*** dövlot qeydiyyat nömrəli avtomaşına baxış keçirmiş, 25.04.2019-cu il tarixli Qiymətləndirmə Aktı tərtib etmiş və sıradan çıxmış ehtiyat hissələrinin adları, qiymətləri və ümumi məbləği, təmir ilə bir yerdə-ümumilikdə ona 1994 manat ziyan dəyməsini müəyyənləşdirmişdir. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-376/2021 saylı iş üzrə qəbul etdiyi 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 802 manat dəymiş ziyan və 100 manat avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi olmaqla, cəmi 902 (doqquz yüz iki) manat pul məbləği və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 13 (on üç) manat dövlət rüsumunun Cavabdeh İddiaçı Əlibəndə oğlunun xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 100 (yüz) manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tələb olunan məbləği mübahisələndinnəmiş, lakin yapışdırmaqla ehtiyat hissələrinin bərpa edilməsinin mümkün olduğunu bildirdiyindən, iddia tələbi ilə razılaşmadığını bildirmişdir. Qeyd edir ki, onun avtomaşınının bütün ehtiyat hissələri orijinal olmıışdur. Cavabdehin təqsiri üzündən orijinal ehtiyat hissələrinin tamlığı pozulmuşdur. Hansı səbəbdən cavabdehin təqsiri üzündən tamlığı pozulan avtomaşınının ehtiyat hissələri yapışdırılmalı və ya yamaq vurulmalı idi. Məhkəmə qətnamədə avtomaşınına dəymiş ziyanın məbləğinə açıq-aşkar əsassız şübhə yaratmış və iddianı qismən təmin etmiş, zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi qət edilməmişdir. Cavabdehin təqsirli olmasını sübut edən DYP-dən alınmış sənədləri dəymiş maddi ziyanı əks etdirən qüsur aktını məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda, ehtimallara və əsassız şübhəsinə əsaslanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı Əlibəndə oğlunun nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə cavabdehin təqsiri üzündən ziyan dəyməsi mübahisəsiz olaraq müəyyən edilmiş, lakin birinci instansiya məhkəməsi ziyanın məbləği hissəsində səhv nəticəyə gəlmişdir, belə ki təqdim etdikləri qüsur aktında dəymiş ziyanın məbləği real olaraq göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus avtomobilə böyük ziyan dəyməmiş, sadəcə avtomobilin ön buferi çatlamış, həmçinin dəymiş ziyan “Toyota” servis tərəfindən də müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertiza ilə müəyyən edilmiş 1626 manat isə işin hallarına uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışı qətnamənin iddianın qismən təmin edilərək “Cavabdeh tərəfindən «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 802 manat dəymiş ziyanın İddiaçı Əlibəndə oğlunun xeyrinə tutulması” ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması məzmunlu şikayəti əsasında başlanılmış, qətnaməni cavabdeh mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin qismən təmin edilməsi hissəsində iddiaçıya münasibətdə yoxlanılır. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan 25.04.2019-cu il tarixli Toyota Bakı Mərkəzinin qiymətləndirmə aktından görünür ki, «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş zərərin endirimli qiymətlə ümumi həcmi 1794,60 manat təşkil edir. İş materiallarında olan 25.04.2019-cu il tarixli Toyota Bakı Mərkəzinin hesabfakturasından görünür ki, İddiaçı Əlibəndə oğlu «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş ziyanı qiymətləndirilməsi üçün 100 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 19.02.2019-cu il tarixli İXP ******* nömrəli X6 Protokoldan görünür ki, Cavabdeh idarə etdiyi «VAZ 21214» markalı **-KK-*** dövlət qeydiyyat nömrəli avtomaşın İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan AC 820097 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 21214» markalı **-KK-*** dövlət qeydiyyat nömrəli avtomaşın Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 18.03.2019-cu il tarixli 063943 nömrəli sığorta aktından görünür ki, 14.03.2019-cu il tarixdə nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi zamanı «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş ziyanın ümumi məbləği 250 manat təşkil edir. İş materiallarında olan Atəşgah Sığortanın sifarişi ilə müstəqil ekspert tərəfindən icra olunmuş Qüsur aktından görünür ki, «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəyən zərbə arxa tərəfdən dəymişdir. Zərbə nəticəsində avtomobilin arxa buferi və qazan deformasiyaya uğramış və təmirə yararlıdır. Avtomobilin tam sökülüb yığılmasına təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri cəmi 245 manat təşkil edir. Atəşgah Sığorta Şirkətinin 10.02.2021-ci il tarixli məktubuna əsasən 245 manat avtomobilə dəyən zərər faydalanan şəxsə ödənilmişdir. İş materiallarında olan 31.03.2021-ci il tarixli, 9/876 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilı, "xxxx" ASC-nin təqdim etdiyi qüsur aktında məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 484 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 25.04.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il tarixli «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci, ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1626 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi iddia tələbi qismən təmin etməklə belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC-nin və "xxxx" ASC-nin avtomobilə dəymiş ziyanın hesablanmasında fərq olduğundan, həmçinin ekspert rəyi nəzərə alınaraq, rəydə qeyd olunan 484 manat və 1620 manat dəymiş ziyanın təxmini xərclərini toplayaraq orta ağlabatan məbləğ müəyyən edilməlidir. Yəni ki, 484 manat + 1620 manat = 2104 manat / 2 = 1052 manat. Həmçinin iş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 250 manat köçürülmüşdür. Bu səbəbdən həmin məbləği 1052 manatdan çıxılmalı (1052 – 250 = 802) 802 manat hissədə iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin təqdim etdiyi qüsur aktında məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 484 manat müəyyən edilmişdir. Həmin rəydə həmçinin nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 25.04.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il tarixli «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci, ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1626 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə müəyyən edilmiş məbləğləri toplamaqla alınan məbləği də iki yerə bölərək dəymiş ziyanı müəyyən etməsi işin faktiki halları baxımından düzgün olmamışdır. Belə ki, «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilinin ehtiyyat hissələrinə məhz köhnəlmə faizi tətbiq edilməklə əldə edilmiş məbləğ işin faktiki hallarını əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, avtomaşına dəymiş maddi zərərin məbləği ekspert rəyinə əsasən 1626 manat əsas götürülməklə həmin məbləğdən də faydalanan şəxsə ödənilmiş 245 manat çıxılmaqla 1381 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı dəymiş ziyanın məbləğinin 1994 manat olmasını qeyd etsə də birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 25.04.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il tarixli «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci, ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1626 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - avtomaşına dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməklə, iddiaçıya vurulmuş ziyanın məbləği 1381 manat müəyyən edilməklə, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı Əlibəndə oğluna aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmçinin qeyd edilməlidir ki, iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1994 manat olduğundanhazırki qətnamədən kassasiya şikayəti verilə bilməz, belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Əlibəndə oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-376/2021 saylı iş üzrə qəbul etdiyi 15 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən - avtomaşına dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. «X7» markalı **-DG-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş maddi zərərin məbləği 1381 (bir min üç yüz səksən bir) manat Cavabdeh İddiaçı Əlibəndə oğlunun xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı Əlibəndə oğluna aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar