Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1806/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evin boşaldılaraq təhvil verilməsi və pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus evin cavabdeh tərəfindən boşaldaraq ona təhvil verməsi və cavabdehdən 6.140 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə uzun müddətdir tanıdığı cavabdehin evinin yaxınlığında torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikmişdir. Cavabdeh spirti içki düşkünü olduğu üçün cavabdeh övladları tərəfindən evdən qovulmuşdur. Cavabdeh qalmağa yeri olmadığından cavabdeh iddiaçıya müraciət edərək iddiaçının evinin bir otağının ona kirayə verməsini xahiş etmişdir. Cavabdehin heç nəyi olmadığı üçün ilkin olaraq belə razılığa gəlmişlər ki, cavabdeh kommunal xərcləri ödəyəcək, maliyyə vəziyyəti yaxşılaşdıqdan sonra isə evdə qalası olsa hər ay iddiaçıya 85 manat kirayə haqqı ödəyəcəkdir. Cavabdeh 2 il 6 ay iddiaçının evində kirayə qalmış və ancaq kommunal ödənişləri ödəməkdə iddiaçıya köməklik etmişdir. 2017-ci ildə cavabdeh yenidən qalmağa yeri olmadığı üçün iddiaçıdan evdə kirayədə qalmasını xahiş etmişdir. İddiaçı və qızı bununla razılaşmamış, lakin cavabdeh yalvar-yaxar edərək aşağıdakı “anbarı” boşaltmasını və orada qalmasını xahiş etmişdir. Tərəflər yenə razılaşmışlar ki, cavabdeh buna görə iddiaçıya hər ay 85 manat kirayə haqqı ödəyəcək. Buna baxmayaraq cavabdehin imkanı olmadığından ancaq kommunal xərcləri ödəməyə başlamış, maliyyə vəziyyəti yaxşılaşdıqdan sonra isə kirayə haqqını da ödəyəcəyinə söz vermişdir. İddiaçı bu dəfə də cavabdehə mərhəmət göstərərək həyətindəki tikiliyə buraxmış və onun istifadəsinə özünə məxsus olan xalça, divan, stol, qab-qacaq vermişdir. Bir müddət keçdikdən sonra cavabdeh iddiaçıya elektrik enerjisinə görə 50 manat pul vermişdir ki, elektrik enerjisinə görə borcu olmasın. Sonradan cavabdeh iddiaçıdan xahiş etmişdir ki, kirayə haqqının əvəzi kimi həyətdə hamam-tualet tikilməsinə icazə versin. İddiaçı buna etiraz etməmişdir. Ustaların və cavabdehin yemək, içmək xərcləri iddiaçıdan olmaqla evin qabağında mətbəx və hamam-tualet tikilmişdir. Bundan sonra cavabdeh pulu olanda kommunal haqları ödəyir, olmayanda isə onun əvəzindən iddiaçı ödəyirdi. İddiaçı səhhətində problemlərin olmasına və maddi cəhətdən həddindən artıq çətinlik çəkməsinə baxmayaraq cavabdehdən kirayə haqqını istəmirdi. Fikirləşirdi ki, uzun müddətdir tanışdırlar, bir yerdə işləmişlər, yəqin imkanı olanda verər. Sonralar cavabdeh ümumiyyətlə kommunal xərclərini də ödəməkdən yayınmışdır. Belə olan halda iddiaçının qızı narazılığını bildirərək demişdir ki, əziyyətlə, zülmlə işləyib əmək haqqı alır, onun da yarısını kommunal xərclərə ödəyir. İddiaçı cavabdehdən heç olmasa 20 manat su pulu ödəməsini xahiş etmişdir. Cavabdeh ödəyəcəyini bildirsə də su pulunu ödəməmişdir. İddiaçı bunun səbəbini soruşduqda pulunun olmadığını bildirmişdir. İddiaçı pulunun nə vaxt olacağını soruşduqda isə cavab olaraq demişdir ki, 5 ildən sonra olacaq. İddiaçı cavabdehə bildirmişdir ki, 7 ildir ki, evində qalır, ən aşağı qiymətdən 85 manatdan hesablasa 7.140 manat pul edir. Hamam və mətbəxə olan 2.000 manat xərcləri çıxılsa, 5.140 manat, əvəzinə ödədiyi kommunal xərclər görə 500 manat, iddiaçıya olan borcu isə 500 manatdır. Ümumilikdə 6.140 manat borcu var, iddiaçı isə bunun əvəzində hələ ki, yalnız 20 manat istəyir. Bununla da münasibətləri pozulmuş və 2023-cü ilin iyul ayında qızı evdən gedərək iddiaçını tək qoymuşdur. Belə olan halda iddiaçı cavabdehdən borcunu ödəməyi və evi boşaltmağı tələb etmişdir, cavabdeh isə yoldaşı ilə birlikdə iddiaçını hədələyərək evi boşaltmayacağını bildirmişdir. Bir həftədən sonra iddiaçını polis bölməsinə dəvət etmişlər və cavabdehin ondan polisə şikayət etdiyini bildirmişlər. Ərizə ilə tanış olduqda iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçını əxlaqsızlıqda günahlandırır. Araşdırma zamanı cavabdehin dediklərinin şər və böhtan xarakterli olduğu məlum olmuşdur. Bununla yanaşı cavabdeh kirayə və kommunal haqları ödəməməsinin səbəbi kimi bildirmişdir ki, o həmin otağı iddiaçıdan 3.000 manata almışdır. Polisin həmin alğı-satqının hansı şəraitə, kimin yanında pulun verilməsi sualına cavabdeh tərəfindən cavab verilə bilmədi və pulun verilməsinində yalan olduğu aydın olmuşdur. Belə olan halda iddiaçı məcbur olub suyu və qazı ayırmalı olmuşdur. Qaza 185 manat borcu tam ödəyərək bağlamış, suya isə 385 manat borcu qalmışdır. Cavabdeh hal-hazırda iddiaçının 6.140 manat borcunun qaytarılması və evi boşaltmağa dair tələblərinə məhəl qoymur, tam əksinə olaraq əlavə səs-küy salmaqla iddiaçını narahat edir. b) birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin izahatları barədə məlumat
3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli evin tikildiyi torpaq sahəsi dövlət tərəfindən bir İ Qarabağ Müharibəsinin qazisinə verilmiş və həmin şəxs iddiaçıya həmin torpaq sahəsinə dair etibarnamə vermişdir.
4. Cavabdeh verdiyi izahatında bildirmişdir ki, 2012-ci ildə arvadı hələ sağ imiş və onlar birlikdə başqa yerdə yaşayırmış. 2016-cı ildə arvadı vəfat etmiş və o, həmin evdə artıq yaşaya bilməmişdir. Eyni zamanda tək yaşamaq cavabdehə çətin olduğuna görə 2017-ci ildə dostunun baldızını Ucar rayonundan gətirmişdir ki, bir yerdə yaşasınlar. Bundan sonra uzun illər tanıdığı iddiaçının yanına getmiş və orada ətrafda uyğun qiymətə evin satılıb-satılmamasını soruşmuşdur. İddiaçı ondan nə qədər pulunun olduğunu soruşmuş, o isə iddiaçıya bildirmişdir ki, pulu azdır. İddiaçı ona bir daxma göstərərək oranı təmir edərək yaşaya bilib-bilməyəcəyini soruşmuş, o isə qiymətdə razılaşacaqları təqdirdə yaşaya biləcəyini demişdir. O, 4.000 manat pulunun olduğunu demiş, iddiaçı da razılaşmışdır. Bundan sonra o, iddiaçıdan daxmanın qarşısında sanitar qovşağı tikməsi üçün 2 metr yer istəmişdir. İddiaçı razılaşmış və onu arxayın salmışdır ki, polisdən narahat olmasın, heç kim onun tikintisinə mane olmayacaq, 100 manat xərci var. O, evi alarkən iddiaçıya notariusa getməyi təklif etmiş, lakin iddiaçı adına heç bir sənəd olmadığını bildirmişdir. İddiaçı 1990-cı illərin ortalarında, sonra da 2012-ci ildə insan alverinə görə tutulmuşdur. Ona görə də, o, pulu verməmişdən əvvəl iddiaçıdan köhnə əməllərindən əl çəkib-çəkməməsini soruşmuş, iddiaçı da onu əmin etmişdir ki, bununla bağlı heç bir narahatçılığı olmayacaq. Amma belə olmamışdır. İddiaçının evində daim səs-küy, dava olur, evlərində qızlar saxlayırmış, adamlar gəlib-gedirmiş. Giriş-çıxışları və həyətləri ayrı olsa da, bu dözülməz imiş. O, 2023-cü ilin yay fəslinədək dözmüş, bundan sonra artıq dözə bilməmiş və polisə müraciət etmişdir. Aralarında kirayə haqqı ilə əlaqədar heç vaxt söhbət olmamış, cavabdeh iddiaçıya 4.000 manat pulunu verərək evini almışdır. Onun yeganə səhvi o olmuşdur ki, pulu qurtardığına görə sayğacları ayıra bilməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda iddiaçının boşaldılıb təhvil verilməsini tələb etdiyi tikiliyə və ya tikilinin yerləşdiyi torpaq sahəsinə hər hansı hüququnun olması iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa, iddiaçı cavabdehdən 6.140 manat pul tələb edilməsini əsaslandıra biləcək hər hansı sübut təqdim etməmiş və tələbin hansı əsaslarla 8 ildən çox müddət keçdikdən sonra irəli sürülməsinin ağlabatan səbəbini izah edə bilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Belə ki, mübahisəli evə və onun yerləşdiyi torpaq sahəsinə dair ilkin sənədlərin mövcud olmasına baxmayaraq, ev öz başına tikilidir. Evin yerləşdiyi torpaq sahəsi də hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. İddiaçının evdə qeydiyyatda olmasına dair Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin arayışı və evin baş planı onun evə hüququnun olduğunu təsdiq edir. İddiaçının mülkiyyət hüququ qeydə alınmasa da evə öz əmlakı kimi sahiblik etmişdir. Odur ki, əldə etmə müddəti ilə əlaqədar əmlaka mülkiyyət hüququ əldə edənə qədər onu əmlaka hüququ olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Bundan başqa, cavabdeh də iddiaçının sahiblik hüququnu tanıyaraq ona hissə-hissə kirayə haqqı ödəmiş, iddiaçıya qalmaq şərti ilə hamam-tualet tikmişdir. Bu səbəbdən Rayon Məhkəməsinin 8 ildən çox müddət keçdikdən sonra iddia verilməsi ilə bağlı yanlış qənaətə gəlmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat
9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. İşə apellyasiya qaydasında baxılmanın iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
11. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
13. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən edilir ki, mübahisəli tikilinin inşa edildiyi torpaq sahəsi İ Qarabağ Müharibəsi əlili X2 ayrılmış və o, xx.xx.2008-ci il tarixdə iddiaçıya torpaq sahəsinə dair onun adından hərəkət etmək və sərəncam vermək səlahiyyətlərinə dair 1 il müddətinə etibarnamə vermişdir. Hazırda həmin torpaq sahəsində inşa edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evi iddiaçının, həmin evin bir otağı isə cavabdehin sahiblik və istifadəsindədir.
14. İddiaçı cavabdehin mübahisəli tikili üzərində sahibliyini qanunsuz hesab edərək əmlakın onun qanuni sahibliyinə qaytarılmasını tələb edir.
15. Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli evə dair hər hansı hüququ olmadığından hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Çünki MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərmişdir ki, ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
16. İddiaçı isə apellyasiya şikayətində Rayon Məhkəməsinin bu mövqeyinə etiraz edərək, evin onun tərəfindən inşa edildiyini, onun evdə sahiblik hüququnun olduğunu, evə uzun müddətdir öz əmlakı kimi sahiblik etdiyini, iddiaçının evdə qeydiyyatda olmasına dair Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin arayışı və evin baş planının bu faktı təsdiq etdiyini, lakin Rayon Məhkəməsi tərəfindən həmin sübutların nəzərə alınmadığını bildirir.
17. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 3378 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən də Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yeni Y/M, Binəqədi yolu, döngə 11 küçəsində yerləşən 62 saylı evdə qeydiyyatdadır.
18. "xxxx" MMC tərəfindən mübahisəli ünvanda yerləşən evə dair tərtib edilmiş və evin baş planını özündə əks etdirən sənəddən isə görünür ki, həmin sənəd iddiaçının sifarişi əsasında tərtib edilmişdir.
19. Qeyd edilən sübutlar mübahisəli evin iddiaçının sahibliyində olduğunu təsdiq edir. Lakin evin iddiaçı tərəfindən tikilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
20. İddiaçı bildirir ki, mübahisəli tikili olan 1 otağı şifahi razılaşma əsasında əvəzli qaydada cavabdehə kirayəyə vermişdir. Cavabdeh uzun müddətdir kirayə kimi qaldığı 1 otağın kirayə haqqını lazımi qaydada ödəməmiş, otağı isə tərk etməkdən imtina edir. Cavabdeh isə mübahisəli tikilinin dəyərini 4.000 manat ödəməklə iddiaçıdan aldığını bildirir.
21. Cavabdeh mübahisəli tikiliyə görə 4.000 manat ödədiyini təsdiq edən sübut təqdim edə bilməmiş, iddiaçı tərəfindən bu fakt təkzib olunmuşdur.
22. Bununla belə işin hallarından müəyyən edilir ki, mübahisəli tikili cavabdehdən əvvəl iddiaçının istifadəsində və sahibliyində olmuş, həmin tikilini cavabdehə məhz iddiaçı təhvil vermişdir. Cavabdeh mübahisəli tikilini faktiki olaraq dəyərini ödəməklə aldığını sübuta yetirə bilməmiş, iddiaçı isə evi cavabdehə kirayəyə verdiyini sübut edə bilməmişdir.
23. İddiaçının evdə qeydiyyatda olması, onun evdə qanuni əsasla yaşadığını, evin iddiaçının yaşayış yeri olduğunu təsdiq edir. Cavabdeh isə evdən qanuni əsasla istifadə etdiyini təsdiq edən hər hansı sübut təqdim etməmiş, həmçinin evin cavabdeh tərəfindən tikilməməsi işin mübahisəsiz halıdır.
24. Belə olan halda müəyyən edilir ki, cavabdehin evdən istifadəsi iddiaçının iradəsi və razılığı ilə həyata keçirilmişdir. Hazırda isə cavabdeh iddiaçının iradəsinin ziddinə olaraq evdən istifadə etməkdə, iddiaçının tələbinə baxmayaraq evi boşaltmaqdan imtina etməkdədir.
25. Qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisəli 1 otağı cavabdehin istifadəsinə verən şəxs kimi iddiaçının mübahisəli tikilinin boşaldılaraq ona geri təhvil verilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4.).
26. Lakin Rayon Məhkəməsi evin boşaldılaraq təhvil verilməsi tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı iş üzrə səhv nəticəyə gələrək əsassız olaraq iddianı müzakirə edilən hissədə rədd etmişdir. Apellyasiya şikayətinin evin boşaldılaraq təhvil verilməsi ilə bağlı dəlilləri əsaslıdır.
27. Məhkəmə iddiaçının pul tələbi ilə bağlı bildirir ki, iddiaçı cavabdehdən 6.140 manat pul ödəməsini tələb edir. Həmin məbləğin 5.140 manat hissəsi ödənilməmiş kirayə haqqı kimi, 500 manat hissəsi cavabdehin əvəzindən ödənilmiş kommunal xidmət haqlarının əvəzi kimi, 500 manat isə cavabdehə verilmiş borcun əvəzi kimi tələb edilir.
28. Cavabdeh iddianı etiraf etmədiyi üçün öz tələbinin əsaslılığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı nə mübahisəli tikilinin cavabdehə aylıq 85 manat müqabilində kirayəyə verildiyini, nə cavabdehin əvəzindən kommunal xidmət haqqı ödəməsini, nə də ki cavabdehə 500 manat borc verdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
29. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
32. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
33. Hazırkı cavabdehin onun qarşısında pul öhdəliyi daşıdığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddianı pulun ödənilməsi hissəsində sübuta yetirilməməsi əsası ilə rədd etməklə Rayon Məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin həmin hissədə dəlilləri formal mülahizə xarakteri daşımaqla əsassızdır. g) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi barədə məlumat
35. Belə olan halda qəbul edilməlidir ki, iddia tələbi qismən, yəni evin boşaldılaraq təhvil verilməsi hissəsində əsaslı, bu tələbin həmin hissədə rədd edilməsi ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhv, apellyasiya şikayətinin bu nəticəyə aid dəlilləri əsaslıdır.
39. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
40. Qalan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Həmin nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır.
41. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393. 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2023-cü il tarixli qətnamə qismən, yəni evin boşaldılaraq təhvil verilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilsin. Bakı şəhəri, Biləcəri qəsəbəsi, Yeni Y/M, Binəqədi yolu, döngə 11 küçəsində yerləşən 62 saylı fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2023-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırki qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.