Məhkəmə qərarları › İş №2(103)-1809/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1809/2024

01.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1809/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: “sübutlar, sübutların qiymətləndirilməsi, məhkəmə aktının əsaslandırılması”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-136/2023 saylı, 23 fevral 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra – cavabdeh və ya MTK) ilə X4 (bundan sonra - üçüncü şəxs) arasında bağlanmış, tarixi “xx.xx.2019-cu il”, nömrəsi “53” qeyd edilmiş müqaviləyə əsasən, üçüncü şəxs ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində ümumi sahəsi 160 kvadrat metr olan 3 otaqdan ibarət 58 nömrəli mənzili 160.000 manata almışdır. Üçüncü şəxsə qeyd olunan məbləğin tam ödənildiyi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı və kassa mədaxil orderi təqdim edilmişdir

2. MTK ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış, tarixi “xx.xx.2019-cu il”, nömrəsi “20” qeyd edilmiş müqaviləyə əsasən, iddiaçı ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzili 187.500 manata almışdır. İddiaçıya qeyd olunan məbləğin tam ödənildiyi barədə tarixi göstərilməyən maliyyə arayışı verilmişdir.

3. xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən, MTK-nın adından X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Nümayəndə2 etibar etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-891/2022 saylı, xx.xx.2022- ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş MTK-nın təsisçisi və rəhbəri Nümayəndə2 barəsində həbs qətimkan tədbiri seçilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MTK-ya qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kvadrat metr olan 4 otaqlı mənzilin (bundan sonra – mübahisəli mənzil) ona təhvil verilməsi və mənzildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili 20 iyun 2019-cu il tarixdə 20 saylı müqavilə əsasında dəyərini tam ödəməklə almışdır. Mənzilə görə tərəfindən cavabdehə hər kvadrat metr üçün 1250 manat olmaqla, cəmi 150 kvadrat metr sahə üçün 187.500 manat pul ödənilmişdir. Bir müddət əvvəl cavabdehdən mənzil alan şəxslər arasında narazılıqların olduğu, eyni mənzillərin bir neçə nəfərə satıldığı halları baş verməyə başlamış, onun da aldığı mənzilin qapısının dəyişdirildiyini görmüşdür. Cavabdehə müraciət etdikdə, maliyyə problemləri olduğunu, bütün problemləri tezliklə həll ediləcəklərini bildirmişlər. Lakin cavabdeh bu günə kimi verdiyi sözü və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.

7. Üçüncü şəxs işə baxılarkən öz ərizəsi ilə işdə iştirak etməyə cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı təmsil etdiyi şəxsə məxsus olan mənzili mübahisələndirir. İddiaçının iddia etdiyi mənzilə üçüncü şəxsin xx.xx.2019-cu il tarixli 53 saylı müqaviləsi, maliyyə arayışı, kassa mədaxil orderinin qəbzi və MTK üzvlərinin ümumi iclasının 53 saylı protokolundan çıxarışı vardır. Sonuncu, mübahisəli mənzili dəyərini tam şəkildə ödəməklə almış, mənzildə ilkin təmir işləri apararaq mənzilə dəmir-seyf giriş qapısı qoymuşdur. İddiaçının müqaviləsi xx.xx.2019-cu il tarixdə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış (bu müqaviləni bağlayan Nofəl adında şəxsin MTK-nın adından, MTK-nın sədri Talış Məmmədovun adından hər hansı bir müqavilə bağlamaq hüququ olmamış, ona belə bir hüquq yalnız Bakı şəhəri 53 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş etibarnamə əsasında verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 20 nömrəli müqavilədə isə müqavilənin tarixi xx.xx.2019-cu ildir. Göründüyü kimi, hal-hazırda məhkəməyə şahid qismində gətirilməsi istənilən şəxs dələduzluq əməli ilə bağlı təqsirləndirilir və onun heç bir səlahiyyəti olmadan fiziki şəxs qismində başqasının adından belə bir müqavilə bağladığı iddia edilirsə, şəxsən özü iddiaçının qarşısında məsuliyyət daşıyır, ona görə də cavabdeh şəxs kimi onun özü iddiaçının qarşısında cavab verməlidir. Bundan başqa, mənzilin nömrəsi göstərilməmiş, ilk səhifəsinə imza edilməmiş, qeydiyyatdan keçməmiş, faktiki 3 otaq olduğu halda 4 otaq kimi qeyd edilmiş, iddiaçı kassa mədaxil orderinin qəbzi olmayan ödənişə istinad etməklə mötəbər olmayan sübutlara əsaslanır. Həmçinin, Nümayəndə2 barəsində davam edən cinayət işi üzrə üçüncü şəxs deyil, iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu bir daha onu göstərir ki, üçüncü şəxs ilə bağlanmış müqavilə üzrə sonuncuya satılmış mənzil mübahisələndirilmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İşə baxılarkən Bakı İstintaq Təcridxanasında saxlanılan MTK-nın nümayəndəsi Nümayəndə2 izahat vermək üçün məhkəməyə gətirilmişdir. Sonuncu iddia tələbini qismən qəbul edərək, belə mənzillərin satılması ilə bağlı çoxsaylı halların olduğunu, hazırda bütün zərərçəkmişlərin siyahısının hazırlandığını və onlara dəymiş ziyanın ödəniləcəyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, onun müqavilə imzalamaq səlahiyyəti olmuşdur, belə ki, MTK-nın sədri tərəfindən onun adına etibarnamə verilmişdir. Bundan başqa, blokdan girəndə sol tərəfdə yerləşən mənzillərin sahəsi daha böyük olur, yəni 160 kv.metr, sağda yerləşən isə 150 kv.metr təşkil edir. Üç otaqlı mənzillər yalnız dəhlizin lap başında yerləşənlərdir.

9. Birinci instansiya məhkəməsinin ünvan 3 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kvadrat metr olan 4 otaqlı mənzilin özgəninkiləşdirilməsi və mənzildə təmir işlərinin qadağan edilməsi barədə xx.xx.2022-ci il tarixli müvəqqəti təminat tədbiri üzrə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurları və tələbkarın nümayəndəsi C.Süleymanlının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1- ci giriş, 10-cu mərtəbəsində ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzilə baxış keçirilmiş, özünü komendant kimi təqdim edən R.Hacıyev tərəfindən qapının açılması təmin olunmuş, mənzildə giriş qapısının quraşdırıldığı və mənzilin təmirsiz olduğu müəyyən edilmiş, icra sənədi üzrə mənzildə təmir işlərinin qadağan edilməsi R.Hacıyevə elan olunmuşdur.

10. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin mənzilin girişində dəmir qapı qoyulub. Həmin mənzil dəhlizin lap başında yerləşir. Özünü üçüncü şəxsin oğlu kimi təqdim edən şəxs qapının açarlarını unutduğundan, həmin qapını dəmir vasitəsilə açdıqdan sonra içəri daxil olmaq mümkün oldu. Mənzilə daxil olduqdan sonra müəyyən olundu ki, mənzilin içərisində kərpicdən arakəsmə divarlar hörülüb, mənzil təmirsizdir. Həmin mənzildə ümumilikdə 4 pəncərə vardır, arakəsmələrdən görünür ki, mənzil 3 otaqlıdır. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 qeyd etdi ki, mənzildə aparılan kiçik təmir işləri onun təmsil etdiyi şəxsə aiddir. Mənzilə dəmir qapı da onun tərəfindən qoyulmuşdur.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-136/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə təcrübəsində analoji mübahisələr məhz Mülki Məcəllənin 452-ci maddəsinin müddəaları əsasında həll olunur. Belə olan halda, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə" anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl A.Təhməzova ilə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsinə verilmişdir. A.Təhməzova tərəfindən mənzildə təmir işlərinə başlanılmışdır. Bu hal yerli baxış zamanı da təsdiq olunmuşdur. İddiaçı A.Təhməzovanın mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452-ci maddəsinə uyğun həll edilməli, iddia təmin edilməməli, eyni zamanda, iddiaçıya vurulmuş ziyanın ödənilməsi tələbinə dair MTK-ya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqi izah edilməlidir.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404, 452, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3520/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi və mənzildən istifadəyə maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi qət olunmuşdur.

16. Məhkəmə tərkibi tərəfindən iddiaçının nümayəndəsi və üçüncü şəxsin oğlunun iştirakı ilə mübahisəli mənzilə yerli baxış keçirilmişdir. Mənzilin açarları üçüncü şəxsin oğlu tərəfindən təqdim edilmişdir. Mənzil təmirsiz olmaqla, yalnız arakəsmə divarlar hörülmüşdür. İddiaçı tərəf həmin işlərin üçüncü şəxs tərəfindən aparıldığını təsdiq etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, cavabdeh eyni mənzilə dair həm iddiaçı, həm də üçüncü şəxslə müqavilə bağlamışdır. Mülki Məcəllənin 178.8-ci maddəsinin mənasına görə, hər iki müqavilə podrat müqaviləsi hesab olunur, yəni satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş iddiaçının təqdim etdiyi Nümayəndə2 iddiaçının özünə və kürəkəninə verdiyi açıqlamalardan, habelə üçüncü şəxsə aid müqavilənin ilkin variantından müəyyən olunur ki, mübahisəli mənzilə dair üçüncü şəxslə müqavilə 11 may 2021-ci il tarixdə bağlanmışdır. Nümayəndə2 açıq şəkildə bildirir ki, üçüncü şəxsin müqaviləsinin tarixi 11 may 2021-ci ildir. Müqavilənin nömrəsinin də “53” olması da onu göstərir ki, iddiaçı ilə 20 iyun 2019-cu il tarixdə bağlanmış müqavilənin nömrəsi “20” olduğu halda, ondan daha əvvəl bağlanmış müqavilənin nömrəsi daha aşağı sıra nömrəsi ilə ifadə olunmalı idi. Üçüncü şəxs tərəfindən Whatsapp tətbiqi vasitəsi ilə iddiaçı tərəfə göndərilmiş müqavilədə ALİCİ kimi “X7 q” yazıldığı halda, sonradan məhkəməyə təqdim edilmiş digər müqavilədə ALİCİ kimi “X4” qeyd edilmişdir. Həmçinin, üçüncü şəxsə aid müqavilələrin sonunda tərəflərin “rekvizitləri” hissəsində göstərilən məlumatlar da fərqlidir. Eləcə də əvvəl təqdim olunmuş müqavilənin arxa hissəsində “95000-50000=45000 xx.xx.2021” qeydi vardır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Nümayəndə2 birinci instansiya məhkəməsində qeyd olunan səsin və görüntünün ona məxsus olduğunu etiraf etmişdir. Beləliklə, aşkar şəkildə müəyyən olunur ki, üçüncü şəxslə müqavilə 11 may 2021-ci il tarixdə, yəni iddiaçının müqaviləsindən təxminən 2 il sonra bağlanmışdır. Yəni, mübahisəli mənzili iddiaçı daha əvvəl əldə etmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 452-ci maddəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin normanın birinci dispozisiya şərtinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Buradan belə aydın olur ki, mübahisəli mənzili iddiaçının mülkiyyətinə vermək öhdəliyi icra edilmədikdə iddiaçı həmin əmlakın MTK-nın əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. İkinci şərt ondan ibarətdir ki, bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Buradan da belə aydın olur ki, əgər əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilibsə, kreditorun (iddiaçının) bu hüququ aradan qalxmış olur. Yəni, belə vəziyyətdə kreditor artıq həmin əmlakı tələb edə bilməz. Nəhayət, üçüncü şərtə görə, əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Buradan isə belə aydın olur ki, əmlak hələ üçüncü şəxsə verilməyibsə, onda öhdəlik daha əvvəl müqavilə bağlamış şəxsin xeyrinə icra olunmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir, belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl üçüncü şəxslə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsinə verilmiş, onun tərəfindən mənzildə təmir işlərinə başlanmışdır. Halbuki apellyasiya baxışında mübahisəli mənzilə dair podrat (alqı-satqı) müqaviləsinin daha əvvəl iddiaçı ilə bağlandığı müəyyən edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, səhv nəticəyə gəlmişdir Mübahisəli mənzilin mülkiyyət hüququ ilə üçüncü şəxsə verilməsi müəyyən olunmur. Belə ki, təkcə giriş qapısının quraşdırılması və arakəsmə divarlarının hörülməsi bu nəticəyə gəlmək üçün kifayət etmir. Müəyyən edilmişdir ki, binanın tikintisi başa çatmamışdır və hazırki vəziyyətdə orada yaşamaq qeyri-mümkündür. Digər sakinlər kimi üçüncü şəxsin də qeyd olunan işləri görməkdə məqsədi mülkiyyətçi hüquqlarını həyata keçirmək yox, mübahisəli mənzili mümkün iddialardan yayındırmaq məqsədini güdür. Binada heç kəs yaşamır və buna şərait də yoxdur. Bina MTK-nın nəzarəti altındadır. Yəni, mənzilin üçüncü şəxsin sahibliyində və istifadəsində olması müəyyən olunmur, çünki o, hazırkı vəziyyətdə həmin hüquqlarını həyata keçirə bilməz. Belə olan vəziyyətdə mübahisənin həlli Mülki Məcəllənin 452-ci maddəsinin üçüncü dispozisiya şərti daxilində həll olunmalıdır, yəni öhdəlik iddiaçının xeyrinə daha əvvəl əmələ gəldiyinə görə, üstünlük də ona verilməlidir.

Kassasiya instansiyası məhkəməsində icraat

18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 (nümayəndəsi və vəkili Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4303/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərarı ilə 3-cü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3520/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərtnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tələb etdiyi mənzili dəyərini ödəməklə almışdır. İddiaçı istinad etdiyi müqavilənin surətini məhkəməyə təqdim etmişdir. Lakin apellyasiya baxışında iddiaçının nümayəndəsi mübahisəli mənzili 2020-ci ilin fevral-mart ayında X1 aldığını, sonuncunun isə mənzili xx.xx.2019-cu ildə MTK-dan aldığını bildirmiş, X3 ilə bağlanmış müqavilənin birinci səhifəsinin kserosurətini məhkəməyə təqdim etmişdir. MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı səbəbdən bu hala yalnız apellyasiya baxışı zamanı istinad etdiyini, həmin halı və ona dair sübutu hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim etmədiyini aydınlaşdırmamış və qəbul etdiyi qətnamədə bu məsələ ilə bağlı mövqeyini əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin müqaviləsinin daha sonra bağlandığı barədə mövqeyini iddiaçının qohumunun MTK-nın sədri ilə danışıqlarının səs yazısı və həmin şəxsin telefonuna göndərilmiş müqavilənin şəkli ilə əsaslandırmışdır. Məhkəmə həmin məlumatları mötəbər sübut kimi qiymətləndirərkən nəzərə almamışdır ki, Nümayəndə2 birinci instansiyası məhkəməsinin iclasında MTK-nın nümayəndəsi qismində iştirak etmiş və izahatında binada mənzillərin satılması ilə bağlı çoxsaylı halların olduğunu, hazırda bütün zərərçəkmişlərin siyahısının hazırlandığını və onlara dəymiş ziyanın ödəniləcəyini bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırkı işin halları baxımından mübahisənin yaranmasına səbəb olmuş, barəsində cinayət işi başlanmış və həbs qətimkan tədbiri seçilmiş MTK rəhbərinin məhkəmədən kənar qaydada iddiaçının qohumuna bildirdiyi məlumatın (izahatın) mötəbər sübut kimi qəbul olunması və həmin sübut əsasında işin halının müəyyən olunması MPM-in 106.1-ci maddəsinin tələblərinin pozulmasını əks etdirir. Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin sadalanan tələblərini nəzərə almadan, iddiaçını qohumunun telefonuna Whatsapp tətbiqi vasitəsi ilə göndərilmiş müqavilə şəklini mötəbər yazılı sübut kimi qəbul etmiş və həmin sübut əsasında üçüncü şəxslə MTK arasında bağlanmış müqavilənin tarixinin təhrif olunduğu barədə qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi giriş qapısının quraşdırılması və arakəsmə divarlarının hörülməsini mübahisəli mənzilin mülkiyyət hüququ ilə üçüncü şəxsə verilməsi kimi qiymətləndirməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “binanın tikintisi başa çatmamışdır və hazırki vəziyyətdə orada yaşamaq qeyri-mümkündür. Binada heç kəs yaşamır və buna şərait də yoxdur. Bina MTK-nın nəzarəti altındadır. Yəni, mənzilin üçüncü şəxsin sahibliyində və istifadəsində olması müəyyən olunmur, çünki o, hazırkı vəziyyətdə həmin hüquqlarını həyata keçirə bilməz”. Buna baxmayaraq məhkəmə özünün gəldiyi qənaətə zidd olaraq, mənzilin mövcud vəziyyətdə iddiaçıya təhvil verilməsi və mənzildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi barədə iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi MTK ilə üçüncü şəxs arasında müqavilənin ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində ümumi sahəsi 160 kvadrat metr olan 3 otaqdan ibarət 58 nömrəli mənzilə, iddiaçı ilə isə eyni mərtəbədə ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzilə dair bağlandığını, yerində müayinə zamanı mübahisə predmeti olan mənzilin 3 otaqlı olduğunu müəyyən etsə də, qəbul etdiyi qətnamədə qeyd olunan ziddiyyətli hallara aydınlıq gətirməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmiş və şikayətində göstərmişdir ki, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən mübahisəli mənzilin açarları icra məmuruna komendant tərəfindən təqdim edilmişdir. Əgər aktın tərtib edildiyi zaman mübahisəli mənzilin sahibi həqiqətən də üçüncü şəxs idisə və mənzilin giriş qapısı üçüncü şəxs tərəfindən qoyulmuşdursa, açarlar niyə komendantda olub? Əgər üçüncü şəxs desə ki, açarı özü komendanta təqdim etmişdir, onda akt tərtib edilərkən komendant niyə icra məmuruna mənzilin iddiaçıya yox, üçüncü şəxsə məxsus olduğunu bildirməmiş və açarın məhz üçüncü şəxs tərəfindən ona saxlanca verilməsini qeyd etməmişdir. Görünən odur ki, həmin vaxt komendant ümumiyyətlə üçüncü şəxsi tanımamış və mənzilin giriş qapısının açarlarını ona üçüncü şəxs və ya onun yaxını təqdim etməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da üçüncü şəxs mübahisəli mənzilin giriş qapısının açarlarını guya unutduğu üçün təqdim edə bilməmişdir. Bu isə əsaslı şübhə yaradır ki, ümumən həmin açarlar onda yoxdur. Məhkəmə iclasları zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdən və üçüncü şəxs tərəfindən Whatsapp tətbiqi vasitəsi ona göndərilmiş müqavilənin şəklindən görünür ki, ilkin olaraq üçüncü şəxs tərəfindən ona göndərilmiş müqavilənin tarix hissəsində düzəliş olmuşdur. Belə ki, müqavilənin ilində qələm ilə düzəliş edilmiş və 2019 yazılmışdır. Bununla bağlı üçüncü şəxsə irad bildirildikdən sonra o, məhkəməyə artıq digər müqaviləni təqdim etmişdir. Lakin ikinci müqaviləni ilk müqaviləyə tam identik formada hazırlaya bilməmişlər. Belə ki, üçüncü şəxs tərəfindən Whatsapp tətbiqi vasitəsi ilə göndərilmiş müqavilədə ALİCİ kimi “X7 q” yazılmış, lakin onlar tərəfindən məhkəməyə təqdim edilmiş digər müqavilədə isə ALİCİ kimi “X4” qeyd edilmişdir. Bu isə mübahisəli mənzilə dair üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənin etibarsızlığına əsaslı şübhələr yaradır. Həmçinin, MTK-nın sahibi Nümayəndə2 də iştirakı ilə aparılmış videogörüntülərdən görünür ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş müqavilənin tarix hissəsində düzəlişlər edilmişdir və müqavilənin arxa hissəsində “95000-50000=45000 xx.xx.2021” qeydi vardır, yəni mənzilin dəyəri həmin tarixdə ödənilmişdir. Məhkəmənin istinad etdiyi maddəyə görə əmlak üçüncü şəxsə təhvil verilmədiyi halda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. İş materiallarından görünür ki, əmlak heç kəsə təhvil verilməmişdir. Belə ki, mənzilin giriş qapısının açarı binanın komendantında olmuşdur. Üçüncü şəxsdə açar olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş videoçəkilişdən və sənədlərdən görünür ki, cavabdeh MTK-nın faktiki sahibi olan Nümayəndə2 mənzilin ilkin alıcısının iddiaçının olmasını təkzib etmir, hətta üçüncü şəxsin əlində olan müqavilədəki düzəlişlərə dair iradları da qəbul edir.

b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

22. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

23. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının tələb etdiyi mənzilin ümumiyyətlə 3-cü şəxsə aidiyyəti yoxdur. Hazırki mübahisə iddiaçı və cavabdeh arasındadır. 3-cü şəxsin hazırki mübahisə üzrə heç bir öhdəliyi yoxdur.

24. Məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh MTK-nın nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə tərkibi MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

28. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

30. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

31. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

32. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

33. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik 3-cü şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

34. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.

35. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın təmin edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.

36. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

37. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində tələbini -xx.xx.2019-cu il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kvadrat metr olan 4 otaqlı mənzilin ona təhvil verilməsi və mənzildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi kimi qeyd etməsi iddianın yalnız MTK-nın iddiaçı qarşısında olduğunu əsas götürüb təmin olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərir (MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Bu mənada işin mübahisəsiz halıdır ki, iddiaçının və üçüncü şəxsin MTK ilə bağladıqları müqavilələrdə mənzillərin rekvizitləri, o cümlədən ölçüsü və otaqların sayı fərqli olsa da onlar eyni mənzilə iddia edirlər. Yəni, iddiaçının və üçüncü şəxsin iddia etdiyi və əldə etməyə çalışdığı mənzil eyni olduğuna görə iddianın əsaslılığı üzrə hüquqi dəyərləndirmə də bu aspektdən aparılmalıdır. Buna baxmayaraq, hazırki iddianın təmin edilibedilməməsindən asılı olaraq MTK-nın iddiaçı yaxud üçüncü şəxs qarşısında yaranmış öhdəliyi qalacaqdır.

38. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.

39. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər (MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqli olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.

40. İşdən görünür ki, İddiaçı birinci instansiya məhkəməsində Cavabdeh MTK ilə arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 20 saylı müqaviləyə əsasən ünvan 5 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbə ümumi sahəsi 150 kv.m olan 4 otaqdan ibarət mənzilin ona təhvil verilməsini tələb edib və istinad etdiyi müqavilənin surətini məhkəməyə təqdim etmişdir. Ancaq apellyasiya baxışında iddiaçının nümayəndəsi mübahisəli mənzili 2020-ci ilin fevral-mart ayında X1 alındığını, sonuncunun isə mənzili xx.xx.2019-cu ildə MTK-dan aldığını bildirmiş, X3 ilə bağlanmış müqavilənin birinci səhifəsinin kserosurətini məhkəməyə təqdim etmişdir. İddiaçı hansı səbəbdən bu hala yalnız apellyasiya baxışı zamanı istinad etdiyini, həmin halı və ona dair sübutu hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim etmədiyini ciddi arqumentlərlə məhkəmə tərkibinin diqqətinə çatdıra bilmədi.

41. Göründüyü kimi, hazırki halda əgər iddiaçı mübahisəli mənzilin ona məxsus olduğunu iddia edirsə, bu hal ilk növbədə tərəflər arasındakı mülki münasibətlərin yaranma əsası olan müqavilə ilə təsdiq edilə bilər. Ona görə də iddiaçı tələbini əsaslandırmaq üçün həmin müqavilənin əslini məhkəməyə təqdim etməli idi.

42. Apellyasiya məhkəməsi həmçinin qeyd edir ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM.m.452.1, 452.2). Mübahisə predmeti olan mənzil fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçı, həm də üçüncü şəxslə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarlı olmadığı qanuni yanaşma deyildir. Çünki, məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş mənzil o vaxt verilə bilər ki, həmin mənzil digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, MTK mənzili əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə vermişdirsə, onda daha əvvəl bağlanmış müqavilə tərəfinin bu mənzili tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər (MM.m.443,452.2, 448). Lakin hazırki iş üzrə mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi və onun sahibliyində olması mötəbər sübutlarla təsdiq edilmir. Əksinə bundan əvvəl apellyasiya baxışı zamanı işə baxan məhkəmə tərkibi tərəfindən iddiaçının nümayəndəsi və üçüncü şəxsin oğlunun iştirakı ilə mübahisəli mənzilə yerli baxış keçirilmiş, mənzilin açarları üçüncü şəxsin oğlu tərəfindən təqdim edilmiş, mənzil təmirsiz olmaqla, yalnız arakəsmə divarlar hörüldüyü, iddiaçı tərəfin həmin işlərin üçüncü şəxs tərəfindən aparıldığını təsdiq etmişdir (bax Ali Məhkəmənin 2(102)- 4303/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərarı, paraqraf 16). Hazırki apellyasiya baxışı zamanı da iddiaçı tərəf mənzilin 3-cü sahibliyində və istifadəsində olmasını inkar etmədi. Deməli, üçüncü şəxsin mübahisəli mənzilə giriş qapısı qoyması və arakəsmə divarlar hörməsi həmin mənzilin ona təhvil verildiyini təsdiq edir. Bu cür vəziyyətdə iddiaçının Mülki Məcəllənin 452-ci maddəsinin tələblərini özünə uyğun şəkildə təfsir etməsi, əlbətdə ki, iddiasının əsaslı olması demək deyildir. Çünki, mübahisəli mənzillə bağlı müqavilənin ilkin olaraq üçüncü şəxslə bağlanması, yəni MTK-nın öhdəliyinin ilkin olaraq onun qarşısında yaranması, hətta öhdəlik ilkin olaraq üçüncü şəxsin qarşısında yaranmasa da faktiki olaraq mübahisəli mənzilin onun sahibliyində və istifadəsində olması mübahisə doğurmur.

43. Bundan əlavə, MTK ilə üçüncü şəxs arasında müqavilənin ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində ümumi sahəsi 160 kvadrat metr olan 3 otaqdan ibarət 58 nömrəli mənzilə, iddiaçı ilə isə eyni mərtəbədə ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzilə dair bağlandığı işin mübahisəsiz halıdır. Həm birinci, həm bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yerində müayinə zamanı mübahisə predmeti olan mənzilin 3 otaqlı olduğu müəyyən edilmişdir. Bu faktı iddiaçı tərəf də təkzib etmir. Demək bu hal da işin mübahisəsiz halına çevrilib. Deməli, yalnız bu fakt kifayət edir ki, iddiaçının məhz mübahisə predmeti olan mənzilə dair iddiası əsaslı və keçərli olmasın. Çünki iddiaçı MTK ilə 4 otaqlı mənzilə dair müqavilə bağlamış və sonuncunun ona 4 otaqlı mənzili təhvil vermək öhdəliyi yaranmışdır. Ancaq iddiaçı MTK-nın üçüncü şəxslə bağladığı müqavilədə nəzərdə tutulan 3 otaqlı mənzilə iddia edir ki, bu da iddianın mübahisə predmeti olan mənzillə bağlı əsasının olmadığına dəlalət edir. Ona görə də qeyd olunan faktın özü iddiaçının mübahisə predmeti olan mənzilə dair iddiaının təmin edilməməsi üçün müstəqil əsas sayılırdı.

44. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-136/2023 saylı, 23 fevral 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-136/2023 saylı, 23 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar