Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3520/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliyin icrası) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilə üzrə öhdəliyin icrası tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-136/2023 nömrəli 23 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK ilə X6 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 53 saylı müqaviləyə əsasən X6 ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10cu mərtəbə ümumi sahəsi 160 kv.m olan 3 otaqdan ibarət 58 nömrəli mənzili mənzili 160.000 manat dəyərində almaq üçün müraciət etmiş və tərəflər arasında müqavilə bağlanılmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışına görə mənzilin dəyəri olan 160.000 manat X6 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. xx.xx.2019-cu il tarixli kassa mədaxil orderi qəbzinə görə X6 tərəfindən kassaya 160.000 manat məbləğində pul mədaxil edilmişdir.
2. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 20 saylı müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbə ümumi sahəsi 150 kv.m olan 4 otaqdan ibarət mənzili 187.500 manat dəyərində almaq üçün müraciət etmiş və tərəflər arasında müqavilə bağlanılmışdır. Maliyyə arayışına görə mənzilin dəyəri olan 187.500 manat İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
3. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurları Zamiq Kazımov, Elizamin İsayev, hal şahidləri Elnurə Ağamirzəyeva, Murad Tağıyev və tələbkarın nümayəndəsi Cabir Süleymanlılının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin MTT(005)-159/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1- ci giriş 10-cu mərtəbə ümumi sahəsi 150 kv.m olan 4 otaqdan ibarət mənzilə baxış keçirilmişdir. Mənzildə giriş qapısının quraşdırıldığı müəyyən olunmuşdur. Özünü komendant kimi təqdim edən Rövşən Hacıyev tərəfindən qapının açılması təmin olunmuş, mənzilin təmirsiz olması müəyyən olunmuşdur. İcra sənədi üzrə mənzildə təmir işlərinin qadağan edilməsi R.Hacıyevə elan olunmuşdur.
4. 20.11.2019-cu il tarixli etibarnamə ilə Cavabdeh MTK-nin adından X8 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Nümayəndə2 etibar etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-891/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh MTK-nın təsisçisi və rəhbəri Nümayəndə2 barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan 4 otaqlı mənzilin ona təhvil verilməsi və mənzildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində girişdən sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan 4 otaqlı mənzili 20 iyun 2019-cu il tarixdə 20 saylı müqavilə əsasında dəyərini tam ödəməklə almışdır. Mənzilə görə tərəfindən Cavabdeh MTK-nə hər kv.m üçün 1.250 manat olmaqla, cəmi 150 kv.m sahə üçün 187.500 manat pul ödənilmişdir. Bir müddət əvvəl MTK-dan mənzil alan şəxslər arasında narazılıqların olduğu, eyni mənzillərin bir-neçə nəfərə satıldığı halları baş verməyə başlamış, onun da aldığı mənzilin qapısının dəyişdirildiyini görmüşdür. Cavabdehə müraciət etdikdə, maliyyə problemləri olduğunu deyib, bütün problemləri tezliklə həll ediləcəklərini bildirmişlər. Lakin cavabdeh bu günə kimi verdiyi sözü, beləlikə də müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin mənzilin girişində dəmir qapı qoyulub. Həmin mənzil dəhlizin lap başında yerləşir. Özünü üçüncü şəxsin oğlu kimi təqdim edən şəxs qapının açarlarını unutduğundan, həmin qapını dəmir vasitəsilə açdıqdan sonra içəri daxil olmaq mümkün oldu. Mənzilə daxil olduqdan sonra müəyyən olundu ki, mənzilin içərisində kərpicdən arakəsmə divarlar hörülüb, mənzil təmirsizdir. Həmin mənzildə ümumilikdə 4 pəncərə vardır, arakəsmələrdən görünür ki, mənzil 3 otaqlıdır. Üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 qeyd etdi ki, mənzildə aparılan kiçik təmir işləri onun təmsil etdiyi şəxsə aiddir. Mənzilə dəmir qapı da onun tərəfindən qoyulmuşdur.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 fevral 2023-cü il tarixli 2(005)-136/2023 nömrli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə təcrübəsində analoji mübahisələr məhz Mülki Məcəllənin 452-ci maddəsinin müddəaları əsasında həll olunur. Belə olan halda, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə" anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl A.Təhməzova ilə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsinə verilmişdir. A.Təhməzova tərəfindən mənzildə təmir işlərinə başlanılmışdır. Bu hal yerli baxış zamanı da təsdiq olunmuşdur. İddiaçı A.Təhməzovanın mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452-ci maddəsinə uyğun həll edilməli, iddia təmin edilməməli, eyni zamanda, iddiaçıya vurulmuş ziyanın ödənilməsi tələbinə dair MTK-ya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqi izah edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 404, 452, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022- ci il tarixli aktdan görünür ki, mübahisəli mənzilin açarları icra məmuruna komendant tərəfindən təqdim edilir. Əgər aktın tərtib edildiyi zaman mübahisəli mənzilin sahibi həqiqətən də A.Təhməzova idisə və mənzilin giriş qapısı A.Təhməzova tərəfindən qoyulmuşdursa açarlar niyə komendantda olub? Yox əgər üçüncü şəxs desə ki, açarı özü komendanta təqdim etmişdir, onda akt tərtib edilərkən komendant niyə icra məmuruna mənzilin İddiaçı yox, A.Təhməzova məxsus olduğunu bildirməmiş və açarın məhz A.Təhməzova tərəfindən ona saxlanca verilməsini qeyd etməmişdir. Görünən odur ki, həmin vaxt komendant ümumən A.Təhməzovanı tanımamış və mənzilin giriş qapısının açarlarını ona A.Təhməzova və ya onun yaxını təqdim etməmişdir. Bundan əlavə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da üçüncü şəxs mübahisəli mənzilin giriş qapısının açarlarını guya unutduğu üçün təqdim edə bilmir. Bu isə ona əsaslı şübhə yaradır ki, ümumən həmin açarlar onda yoxdur. Məhkəmə iclasları zamanı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdən və üçüncü şəxs tərəfindən Whatsapp tətbiqi vasitəsi ona göndərilmiş müqavilənin şəklindən görünür ki, ilkin olaraq A.Təhməzova tərəfindən ona göndərilmiş müqavilənin tarix hissəsində düzəliş olmuşdur. Belə ki, müqavilənin ilində qələm ilə düzəliş edilmiş və 2019 yazılmışdır. Bununla bağlı üçüncü şəxsə irad bildirildikdən sonra o, məhkəməyə artıq digər müqaviləni təqdim etmişdir. Lakin ikinci müqaviləni ilk müqaviləyə tam ideintik formada hazırlaya bilməmişlər. Belə ki, üçüncü şəxs tərəfindən Whatsapp tətəbiqi vasitəsi göndərilmiş müqavilədə ALİCİ kimi “X10 q” yazılmış, lakin onlar tərəfindən məhkəməyə təqdim edilmiş digər müqavilədə isə ALİCİ kimi “X6” qeyd edilmişdir. Bu isə mübahisəli mənzilə dair üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənin etibarsızlığına əsaslı şübhələr yaradır. Həmçinin MTK-nın sahibi Nümayəndə2 də iştirakı ilə aparılmış videogörüntülərdən də görünür ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş müqavilənin tarix hissəsində düzəlişlər edilib və müqavilənin arxa hissəsində “95.000-50.000=45.000 xx.xx.2021” qeydi vardır, yəni mənzilin dəyəri həmin tarixdə ödənilib. Qeyd edilən maddəyə görə əmlak üçüncü şəxsə təhvil verilmədiyi halda üstünlük öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. İş materiallarından görünür ki, əmlak heç kəsə təhvil verilməmişdir. Belə ki, mənzilin giriş qapısının açarı binanın komendantında olmuşdur. Üçüncü şəxsdə açar olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş videoçəkilişdən və sənədlərdən görünür MTK-nın faktiki sahibi olan Nümayəndə2 mənzilin ilkin alıcısının İddiaçı olmasını təkzib etmir, hətta üçüncü şəxsin əlində olan müqavilədəki düzəlişlərə dair iradları da qəbul edir. Üçüncü şəxsə aid olan müqavilənin arxa hissəsində olan “95.000- 50.000=45.000 xx.xx.2021” qeydi sübut edir ki, mənzilin dəyəri 2021-ci ildə hissə-hissə ödənilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Üçüncü şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz ünvanlayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, mübahisəli mənzili İddiaçı 2020-ci ilin fevral-mart ayında X2 almışdır, sonuncu isə mənzili xx.xx.2019-cu ildə MTK-dan almışdır. Onunla müqavilə bağlanarkən X5 ilə müqavilə ləğv olunmuş və onunla eyni tarixli yeni müqavilə bağlanmışdır. Həmin vaxt binanın aşağı mərtəbələrinin tikintisi aparılırdı.
17. Üçüncü şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
22. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
30. Kollegiya tərəfindən iddiaçının nümayəndəsi-vəkili (eyni zamanda iddiaçının etibarnamə üzrə nümayəndəsinin) və üçüncü şəxsin oğlunun iştirakı ilə mübahisəli mənzilə yerli baxış keçirilmişdir. Mənzilin açarları üçüncü şəxsin oğlu tərəfindən təqdim edilmişdir. Mənzil təmirsiz olmaqla, yalnız arakəsmə divarlar hörülmüşdür. İddiaçı tərəf həmin işlərin üçüncü şəxs tərəfindən aparıldığını təsdiq etdi.
31. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək bildirir ki, mübahisəli mənzil əvvəlcə xx.xx.2019-cu il tarixli 20 saylı müqavilə ilə X1, sonuncu da 2020-ci ilin fevralmart ayında ona satmış, onunla da eyni tarixli müqavilə bağlanmış, həmin vaxt binanın yalnız aşağı mərtəbələri tikilmiş, üçüncü şəxslə isə həmin mənzilə dair müqavilə 2021-ci ildə bağlanmış, lakin sonradan müqavilənin tarixi xx.xx.2019-cu ilə dəyişdirilmişdir.
32. Üçüncü şəxs isə mübahisəli mənzili məhz xx.xx.2019-cu il tarixdə, yəni iddiaçıdan əvvəl aldığını, mənzilə giriş qapısı qoyduğunu və arakəsmə divarları inşa etdiyini, bununla da mənzilə sahibləndiyini bildirir.
33. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxsin həm müqaviləsi daha əvvəl bağlanıb, həm də o, mənzilə faktik olaraq sahiblənib. Məhkəmənin qənaətinə görə, analoji mübahisələrin Mülki Məcəllənin 452-ci maddəsinin müddəaları əsasında həll olunduğu nəzərə alındıqda, həmin normada “mülkiyyət hüququ ilə verilmə" anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Odur ki, həmin maddənin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl A.Təhməzova ilə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsinə verilmişdir. A.Təhməzova tərəfindən mənzildə təmir işlərinə başlanılmışdır. Bu hal yerli baxış zamanı da təsdiq olunmuşdur. İddiaçı A.Təhməzovanın mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir.
34. Kollegiya göstərilən qənaətlə razılaşmır.
35. İşin mübahisəsiz halıdır ki, Cavabdeh MTK eyni mənzilə dair həm iddiaçı, həm də üçüncü şəxslə müqavilə bağlamışdır. Mülki Məcəllənin 178.8-ci maddəsinin mənasına görə, hər iki müqavilə podrat müqaviləsi hesab olunur, yəni satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır.
36. Birinci instansiya məhkəməsi tərəfindən də tədqiq edilmiş iddiaçının təqdim etdiyi Nümayəndə2 iddiaçının özünə və kürəkəninə verdiyi açıqlamalardan, habelə üçüncü şəxsə aid müqavilənin ilkin variantından müəyyən olunur ki, mübahisəli mənzilə dair üçüncü şəxslə müqavilə 11 may 2021-ci il tarixdə bağlanmışdır. Nümayəndə2 açıq şəkildə bildirir ki, üçüncü şəxsin müqaviləsinin tarixi 11 may 2021-ci ildir. Müqavilənin nömrəsinin də “53” olması da onu göstərir ki, iddiaçı ilə 20 iyun 2019-cu il tarixdə bağlanmış müqavilənin nömrəsi “20” olduğu halda, ondan daha əvvəl bağlanmış müqavilənin nömrəsi daha aşağı sıra nömrəsi ilə ifadə olunmalı idi.
37. Üçüncü şəxs tərəfindən Whatsapp tətbiqi vasitəsi iddiaçı tərəfə göndərilmiş müqavilədə ALİCİ kimi “X10 q” yazıldığı halda, sonradan məhkəməyə təqdim edilmiş digər müqavilədə ALİCİ kimi “X6” qeyd edilmişdir. Həmçinin üçüncü şəxsə aid müqavilələrin sonunda tərəflərin “rekvizitləri” hissəsində də göstərilən məlumatlar da fərqlidir. Eləcə də əvvəl təqdim olunmuş müqavilənin arxa hissəsində “95.000-50.000=45.000 xx.xx.2021” qeydi vardır.
38. Nümayəndə2 birinci instansiya məhkəməsində qeyd olunan səsin və görüntünün ona məxsus olduğunu etiraf etmişdir.
39. Beləliklə, aşkar şəkildə müəyyən olunur ki, üçüncü şəxslə müqavilə 11 may 2021-ci il tarixdə, yəni iddiaçının müqaviləsindən təxminən 2 il sonra bağlanmışdır. Yəni, mübahisəli mənzili iddiaçı daha əvvəl əldə etmişdir.
40. Məhkəmənin də istinad etdiyi Mülki Məcəllənin 452-ci maddəsinə münasibətdə isə Kollegiya aşağıdakıları qeyd edir.
41. Normanın birinci dispozisiya şərtinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.
42. Buradan belə aydın olur ki, mübahisəli mənzilin iddiaçının mülkiyyətinə vermək öhdəliyi icra edilmədikdə iddiaçı həmin əmlakın MTK-nın əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.
43. İkinci şərt ondan ibarətdir ki, bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır.
44. Buradan da belə aydın olur ki, əgər əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilibsə, kreditorun (iddiaçının) bu hüququ aradan qalxmış olur. Yəni, belə vəziyyətdə kreditor artıq həmin əmlakı tələb edə bilməz.
45. Nəhayət, üçüncü şərtə görə, əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
46. Buradan isə belə aydın olur ki, əmlak hələ üçüncü şəxsə verilməyibsə, onda öhdəlik daha əvvəl müqavilə bağlamış şəxsin xeyrinə icra olunmalıdır.
47. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir, belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl üçüncü şəxslə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsinə verilmiş, onun tərəfindən mənzildə təmir işlərinə başlanılmışdır.
48. Halbuki apelyasiya baxışında mübahisəli mənzilə dair podrat (alqı-satqı) müqaviləsinin daha əvvəl iddiaçı ilə bağlandığı müəyyən edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, səhv nəticəyə gəlmişdir.
49. Mübahisəli mənzilin mülkiyyət hüququ ilə üçüncü şəxsə verilməsi də müəyyən olunmur. Belə ki, təkcə giriş qapısının quraşdırılması və arakəsmə divarlarının hörülməsi bu nəticəyə gəlmək üçün kifayət etmir. Müəyyən edilmişdir ki, binanının tikintisi başa çatmamışdır və hazırki vəziyyətdə orada yaşamaq qeyri-mümkündür. Digər sakinlər kimi üçüncü şəxsin də qeyd olunan işləri görməkdə məqsədi mülkiyyətçi hüquqlarını həyata keçirmək yox, mübahisəli mənzili mümkün iddialardan yayındırmaq məqsədini güdür. Binada heç kəs yaşamır və buna heç şərait də yoxdur. Bina MTK-nın nəzarəti altındadır. Yəni, mənzilin üçüncü şəxsin sahibliyində və istifadəsində olması müəyyən olunmur, çünki o, hazırki vəziyyətdə həmin hüquqlarını həyata keçirə bilməz.
50. Belə olan vəziyyətdə mübahisənin həlli Mülki Məcəllənin 452-ci maddəsinin üçüncü dispozisiya şərti daxilində həll olunmalıdır, yəni öhdəlik iddiaçının xeyrinə daha əvvəl əmələ gəldiyinə görə, üstünlük də ona verilməlidir.
51. Beləliklə, apelyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi təmin edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-136/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20 saylı alqısatqı müqaviləsinə əsasən ünvan 2 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan 4 otaqlı mənzil iddiaçıya təhvil verilsin və mənzildən istifadəyə maneələrin törədilməsi Cavabdeh MTK-ya qadağan edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.