Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1812/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh Mirzə qızının iştirakı ilə, İddiaçı Cavabdeh Mirzə qızına qarşı şərəf və ləyaqətin müdafiəsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(008)-2323/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mirzə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirzə qızı tərəfindən X1 rəhbərliyinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizədə əks etdirilən məlumatların yalan məlumat kimi tanınması, X2 təkzib məktubu göndərməklə İddiaçı yazılı qaydada üzr istəməsi vəzifəsinin Cavabdeh Mirzə qızının üzərinə qoyulması, İddiaçı şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, o cümlədən İddiaçı şəxsi və ailə sirrini təşkil edən məlumatların Cavabdeh tərəfindən kütləvi yayılması nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 30000 manat məbləğində kompensasiya məbləğinin tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Mirzə qızı onun barəsində həkim oftalmoloq işlədiyi X1 rəhbərliyinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli ərizəsində həqiqətə uyğun olmayan və şərəf və ləyaqətini ləkələyən məlumatlar verməklə işlədiyi kollektivdə onu nüfuzdan salmışdır. Belə ki, Cavabdeh həmin ərizəsində onu heyvanların gözlərində cərrahiyyə əməliyyatı aparmaqda, insanların etibarından istifadə etməkdə, həkim adına ləkə gətirməkdə, plastik əməliyyatlar aparmaqla icazəsiz tibbi fəaliyyətlə məşğul olmaqda, əczaçılıq şirkətlərinin dərmanlarını qanunsuz olaraq reklam etməkdə, keçmiş həyat yoldaşına xəstəxananın əməkdaşı ilə xəyanət etməkdə ittiham etmiş, onun keçmiş həyat yoldaşına vəkillik etməklə bağlı ona məlum olan ailə və şəxsi xarakterli məlumatlarını, o cümlədən ərindən boşandığı, ərindən aliment tələb etməsini, keçmiş əri ilə münasibətləri barədə məlumatları tanımadığı insanlarla paylaşmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, o, İddiaçı keçmiş əri Pərviz Cəlilova vəkil kimi hüquqi yardım göstərdiyinə görə hazırkı iddianı qaldırmaqla İddiaçı ondan qisas almaq istəmiş, onun barəsində polis orqanlarına və Vəkillər Kollegiyasına əsassız şikayətlər etmişdir. İddiaçı əsassız şikayətlərinin və qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə o, İddiaçı işlədiyi tibb müəssisəsinin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Onun şikayət ərizəsində qeyd etdiyi boşanma və alimentlə bağlı məlumatlar açıq məhkəmə iclaslarının mövzusu olmuş, həmin məlumatlar şəxsi və ailə sirri daşıyan məlumatlar olmamışdır. Şikayət ərizəsində göstərilən İddiaçı ərinə xəyanət etməsi barədə məlumat iddiaçının keçmiş ərinin verdiyi məlumata əsasən bildirilmiş, ərizədə də məlumatın istinad mənbəyi kimi İddiaçı keçmiş əri qeyd olunmuşdur. İddiaçı müvafiq lisenziya almadan qanunsuz tibbi fəaliyyətlə məşğul olması, plastik əməliyyatlar etməsi və özəl əczaçılıq şirkətlərinin dərmanlarını satmaqla məşğul olması barədə ərizədə qeyd edilənlər də onun şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Belə ki, o, İddiaçı qarşı olan məhkəmə işləri ilə əlaqədar müxtəlif mənbələrdən bu məlumatları əldə etmiş, lakin bu məlumatları kütləvi şəkildə yaymamış, bu məlumatların araşdırılaraq İddiaçı barəsində tədbir görülməsi üçün buna səlahiyyəti olan orqanlara məlumat vermişdir. Hesab edir ki, bu zaman o, “Vətəndaşların müraciətləri haqqında” Qanunda nəzərdə tutulmuş müraciət hüququndan istifadə etmişdir. Bu məlumatlar kütləvi şəkildə yayılmadığına görə o bu məlumatların həqiqiliyini sübut etmək vəzifəsi daşımır. Bundan əlavə, o bu məlumatları qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi ərizədə verdiyinə görə həmin məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilə bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(008)- 2323/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını pozmuş, işin hallarını düzgün araşdırmamış, faktlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən onun barəsində yayılan məlumatların onun şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması sübuta yetirildiyi halda, məhkəmə əsassız olaraq bu qənaətə gəlmişdir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Halbuki, Cavabdeh məlumatları yayan şəxs kimi onların doğruluğunu sübut etməyə borclu idi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(008)-2323/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh Mirzə qızı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili olmuşdur. O, iddiaçının keçmiş əri Pərviz Cəlilovun vəkili olmaqla ona hüquqi yardım göstərmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə X1 baş həkimi Hüseyn Şahmalıyevə şikayət ərizəsi ilə müraciət edərək həmin xəstəxananın poliklinikasının həkimi İddiaçı onun barəsində əsassız şikayətlər etməsini, İddiaçı xüsusi razılıq olmadan özəl tibbi fəaliyyətlə məşğul olmasını, plastik əməliyyatlar etməsini və özəl əczaçılıq şirkətlərinin dərmanlarını satmaqla məşğul olmasını bildirmiş və bu fəaliyyətin qarşısının alınması üçün qanuni tədbir görülməsini xahiş etmişdir. Eyni zamanda həmin məktubda İddiaçı heyvanların gözlərində əməliyyat aparması, insanların etibarından istifadə etməklə, həkim adına ləkə gətirməklə icazəsiz tibbi fəaliyyətlə məşğul olması, keçmiş həyat yoldaşına xəstəxananın əməkdaşı ilə xəyanət etməsi barədə məlumat vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il yarixli Qərarında qeyd olunur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Şikayət ərizəsində verilən məlumatların yalnız biri, yəni İddiaçı keçmiş ərinə xəyanət etməsi, şərəf və ləyaqətin pozulması kimi qiymətləndirilə bilər. Lakin ərizənin məzmunundan da göründüyü kimi, bu halı da cavabdeh onun keçmiş ərindən bilmiş, keçmiş əri məhkəmədə buna dair şahid qismində ifadə verərək təsdiq etmişdir. Cavabdeh isə bu halın yalan olmadığını sübut etməyə çalışmışdır. Şikayət ərizəsində göstərilən digər məlumatlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Mirzə qızı “Vətəndaşların müraciətləri haqqında” Qanunda nəzərdə tutulmuş hüquqlarından istifadə etməklə İddiaçı barəsində onun işlədiyi tibb müəssisəsinin rəhbərliyinə şikayət ərizəsi yazmışdır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 3.0.5-ci maddəsinə əsasən şikayət pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Həmin Qanunun 3.0.8-ci maddəsinə əsasən müraciətə baxan subyektin vəzifəli şəxsi müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər hesab edilir. Həmin Qanunun 12.5-ci maddəsinə əsasən müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır. Bundan əlavə işin hallarından görünür ki, qanunvericiliyin tələbinə əsasən Cavabdeh Mirzə qızının qanunsuz hesab etdiyi hallar barədə şikayət ərizəsi vermək hüququ olmuş, X1 baş həkimi Hüseyn Şahmalıyevin isə, ona ünvanlanmış müraciətlərə baxmaq səlahiyyəti və həmin məlumatları yaymamaq vəzifəsi olmuş, qeyd edilən məlumatlar baş həkim tərəfindən heç kimə yayılmamışdır. İddiaçı iddia ərizəsində onun şərəf və ləyaqətini ləkələyən məlumatların Cavabdeh tərəfindən onun iş kollektivi arasında yayılmasını və onun barəsində yazılanların işlədiyi kollektivdə, dostları və rəhbərliyi qarşısında haqqında mənfi rəy yaratmasını qeyd etsə də, məhkəmə iclasında izahat verərək, baş həkim tərəfindən həmin məlumatların heç kimə yayılmamasını göstərmişdir. Qanunvericiliyin tələbinə əsasən başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, iddiaçı onun şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasını sübut etməli idi. Cavabdeh Mirzə qızı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə X1 baş həkimi Hüseyn Şahmalıyevə ünvanlanmış şikayət ərizəsində olan məlumatlar xəstəxananın baş həkimindən başqa heç kimə yayılmamış, Xəstəxanasının baş həkimi Hüseyn Şahmalıyev isə “Vətəndaşların müraciətləri haqqında” Qanunun 12.5-ci maddəsinə əsasən müraciətə baxan subyekt kimi həmin məlumatları gizli saxlamışdır. Bu baxımdan müraciətə baxmaq səlahiyyəti olan vəzifəli şəxsə ünvanlanmış bir müraciətin məzmununda hər hansı bir məlumatın olmasından, həmin məlumatın öz təsdiqini tapıb-tapmamasından asılı olmayaraq, bu məlumatı verən şəxsin üzərinə həmin məlumatı sübut etmək və ya yalan məlumat kimi təkzib etmək vəzifəsinin qoyulması yolverilməzdir və belə bir vəzifənin qoyulması şəxsin müraciət etmək hüququnun pozulması kimi qiymətləndirilə bilər. Bundan əlavə iddiaçının şəxsi və ailə sirrini təşkil edən məlumatlar (boşanma, aliment, keçmiş əri ilə olan münasibətlər barədə məlumatlar) açıq məhkəmə iclasında əldə edilmiş məlumatlar olduğuna görə və bu məlumatlarla əlaqədar aparılmış məhkəmə baxışlarının qapalı keçirilməsinə dair İddiaçı vəsatəti olmadığına görə Cavabdeh həmin məlumatlara İddiaçı şəxsi həyat və ailə sirrini təşkil edən məlumatlar kimi yanaşmamaqda haqlı olmuşdur. Qanunvericilikdə isə, şəxsi həyat və ailə sirrini təşkil edən məlumatların təsnifatı göstərilməmiş, iddiaçı bu məlumatların gizli saxlanılması barədə niyyətini açıqlamamış, sonradan isə, bu məlumatlara özünün şəxsi həyat və ailə sirri kimi istinad etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(008)- 2323/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1812/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1812/2021
16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver