Məhkəmə qərarları › İş №2(103)-1814/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1814/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1814/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına, iddiaçı X1 cavabdehlər Cavabdeh2, İddiaçı ASC və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iş üzrə icraat dayandırılsın. İcraatın dayandırılması onunla əsaslandırılıb ki, cavabdeh (ipoteka qoyan) Cavabdeh2 ölüb, onun hüquqi varisi müəyyən edilməyib, hüquq vasrisi müəyyən edilənə qədər icraat dayandırılmalıdır Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsaslıdır. Belə ki, ölüm xx.xx.2020-ci il tarixdə baş verib. Bundan sonra vərəsələr - miras qoyanın arvadı, anası və dörd övladı mirasın qəbulu üçün notariusa müraciət ediblər (cild 2, iş v. 118). O cümlədən vərəsələrdən biri – Nicat Qasımlı ərizə ilə məhkəməyə müraciət edərək özünün və digər vərəsə Bəturə Qasımovanın cavabdeh qimində işə cəlb edilməsini xahiş edib, ərizəni onunla əsaslandırıb ki, mirasın qəbulu üçün notariusa müraciət ediblər (cild 2, iş v. 78). Nəzərə alınmalıdır ki, mirasın qəbulu müddəti 3 aydır, ölüm baş verdikdən sonra vərəsələr vərəsəliyə çağırıldıqlarını biliblər və miras evdə (ipoteka predmetində) yaşamaqda davam ediblər. İcraatın dayandırılması barədə qərardad isə mirasın açılmasından 4 ay 9 gün sonra qəbul olunub. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci tarixli qərarında qeyd olunub: “...vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir”. Ona görə də vərəsəlik şəhadətnaməsinin olmaması hazırkı işə baxılmasına mane olmur. Birinci instansiya məhkəməsi miras qoyanın (ipoteka qoyanın) vərəsələrini işə cəlb etməklə ipoteka predmetinə tutma yönəldilməsi barədə tələbə baxa bilər. Beləliklə, birinci instansiya məhkəməsi Mülki-Prosessual Məcəllənin 254.1.1 və 256.0.1-ci maddələrini düzgün tətbiq etmədiyindən qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar