Məhkəmə qərarları › İş №2(103)-1815/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1815/2025

11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1815/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1815/2025 (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7060/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ seriyalı 396144 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X3r.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aylıq qazancının dörddə bir hissəsində alimentin onun xeyrinə tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün onun xeyrinə tutulan aliment miqdarının artırılması və Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin və 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün dörddə bir hissəsində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda 2024-cü il üçün yaşayış minimumu 235 manat olduğundan alimentin artırılmasının ehtiyac olduğunu bildirmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 dekabr 2024-cü il tarixli 2(008)-7060/2024 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-3399/2023 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh, mediasiya xərci olaraq ödənilmiş 60 manat məbləğində pul tutularaq İddiaçı verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda cavabdehin ödədiyi aliment məbləği hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan azdır və uşağın tələbatını ödəmir. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 76.2, 78.1, 112.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119, 216-220 və 360-cı maddələrinə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, o, “Zəm-zəm” restoranında xadimə işləyir. Aylıq əmək haqqım 345 manatdır. Maddi cəhətdən çox çətin bir vəziyyətdədir. Lakin bütün bu çətinliklərə baxmayaraq, o, iddiaçı ilə birgə nikahdan olan övladı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 3399/2023 nömrəli qətnaməsi ilə müəyyən edilən aylıq qazancının 1/4 məbləğində, yəni 87,5 manat aliment göndəyir. Lakin həmin məbləğdən artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Belə bir vəziyyətdə ondan tutulan aliment məbləğinin artırılması onu çıxılmaz bir vəziyyətə salır. Bundan əlavə İddiaçı iddia ərizəsində alimentin məbləğinin artırılaraq 235 manat olmasını tələb etsə də, bu tələb əsaslandırılmamışdır. Eləcə də onun aylıq qazancı və maddi vəziyyəti nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak eədn cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. O, izahatında qeyd etdi ki, “Zəmzəm” restoranında aşpaz köməkçisi işləyir. Aylıq əmək haqqı 350 manat təşkil edir. Kirayə mənzildə yaşayır. Hər ay mütəmadi olaraq əmək haqqından 87,5 manat aliment tutulur.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, usta işləyir, ev təmiri ilə məşul olur. Rəngsaz, kafel-metlax işlərini icra edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

13. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.

24. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin sabit pul məbləğində – hər ay üçün 235 manat tutulmasını tələb edir.

25. Göründüyü kimi, iddia tələbi alimentin sabit pul məbləğində tutulmasından ibarət olsa da, faktiki olaraq tələb alimentin artırılmasını ehtiva edir.

26. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

28. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən edilir ki, cavabdeh xadimə vəzifəsində işləyir və 350 manat əmək haqqı alır. O, izahatında qeyd etmişdir ki, “Zəm-zəm” restoranında əvəllər xadimə işləmiş, hazırda isə aşpaz köməkçisi işləyir, əmək haqqında dəyişiklik yoxdur.

29. İddiaçı isə izahatında qeyd edir ki, usta işləyir, evlərin təmiri ilə məşğul olur. Usta kimi rəngsaz, kafel-metlax işləri görür.

30. Kollegiya qeyd edir ki, hazırki vəziyyətdə qanunvericiliyin tələbinə uyğun olaraq alimentin artırılmasına imkan verən hal, yəni cavabdehin maddi vəziyyətinin yaxşılaşması yönündə dəyişiklik baş verməsi müəyyən edilməmişdir. Ona görə də alimentin artırılması əsasları yaranmamışdır.

31. Qeyd edilən halları təsdiq edən sübutlar iddiaçı tərəfindən də təqdim edilməmişdir.

32. Eləcə də nəzərə almaq lazımdır ki, uşaqlarını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir.

33. Kollegiya onu qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır.

34. İddia tələbi təmin edilmədiyindən 60 manat mediasiya rüsumu iddiaçının özünə aid edilməlidir.

35. Məhkəmə kollegiyası işin hallarını, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7060/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar