Məhkəmə qərarları › İş №2(103)-1818/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1818/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1818/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 saylı iş üzrə qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korperasisiyası” Açıq Səhmdar Cəmiyyətindən 20271 (iyirmi min iki yüz yetmiş bir) manat maddi ziyanın, ödənilmiş dövlət rüsumu 30-manatın, nümayəndə və vəkil üçün ödənilmiş 71 manat 50 qəpik pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 saylı iş üzrə qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4.673,28 (dörd min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) manat məbləğində maddi ziyan, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, hüquqi xidmətə görə 71,50 (yetmiş bir manat, əlli qəpik) məbləğində pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Nəirimanov Rayon Məhkəməsindən 26 noyabr 2021-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə qəbul edilmiş qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 saylı iş üzrə qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş apellyasiya baxışından çıxarılmış və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinin MülkiProsessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli məktubu ilə hazırki mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 saylı iş üzrə qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, qətnamə cavabdeh tərəfindən 18 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. (iş v. 81) Belə olan təqdirdə, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü cavabdehə münasibətdə 18 noyabr 2021-ci il tarixi hesab edilir. Lakin cavabdeh tərəfindən apellyasiya şikayəti 19 noyabr 2021-ci il tarixdə elektron kabinetə yüklənilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş cavabdeh Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının apellyasiya şikayətini və mülki iş materiallarını nəzərdən keçirib, ona münasibətdə apellyasiyanın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti MPM-nin tələblərinə uyğun olaraq tərtib edilmiş, apellyasiya şikayəti buna hüququ olan şəxs tərəfindən və qanunda nəzərdə tutulmuş müddətdə verilmişdir. İşə iddiaçının apellyasiya şikayətinə münasibətdə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Belə olan halda hesab edilməlidir ki, apellyasiya icraatı iddiaçının apellyasiya şikayətinə münasibətdə mümkün olsa da, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyri-mümkündür. Apellyasiya cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyri-mümkün olduğundan işin apellyasiya baxışına təyin edilməsi hazırki mərhələdə mümkün deyil. Buna görə də, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, bu qərardadda göstərilən nöqsan cavabdeh tərəfindən aradan qaldırıldıqdan sonra və yaxud nöqsan aradan qaldırılmadığı halda şikayətin qaytarılması barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra iş, İddiaçı aid hissədə apellyasiya şikayətinə əsasən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyan” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 saylı iş üzrə qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti cavabdehə qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar