Məhkəmə qərarları › İş №2(103)-1820/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1820/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1820/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(006)-5799/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «X2» Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin aparılması barədə bildirişlərinin etibarsız hesab edilməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(006)- 5799/2022 saylı qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Hazırki iş materiallarından göründüyü kimi “X2” ASC borclu İddiaçı icra qeydinin aparılacağı barədə bildiriş ünvanlamış, lakin icra qeydinin aparılması üçün müvafiq notariat ofisinə müraciət etməmişdir. Beləliklə “X2” ASC tərəfindən icra qeydinin aparılması üçün müvafiq notariat ofisinə müraciət edilmədiyindən, yəni icra qeydi aparılmış tələb mövcud olmadığından hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(006)-5799/2022 saylı qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə bank tərəfindən tələb olunan borcun məbləği ilə razılaşmadığı üçün, «X2» Açıq Səhmdar Cəmiyyətinin ona ünvanlanmış ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi prosedurunun başlanılması barədə bildirişin etibarsızlığını mübahisələndirmişdir. Azərbaycan Respublikası İpoteka haqqında Qanunun 36.4.1-ci maddəsinə görə, Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Göründüyü kimi, İpoteka haqqında Qanunla birbaşa nəzərdə tutulmuşdur ki, tutmanın yönəldilməsi haqqında bildiriş məhkəmə qaydasında mübahisələndirilə bilər və məhkəmə tərəfindən etibarsız sayıla bilər. Burada icra qeydinin aparılıb-aparılmamasına dair hər hansı məcburi göstəriş əks olunmamışdır. Həmin Qanunun 37.1-ci maddəsinə görə, İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı qanunvericiliyin tələblərinə riayət etmiş, «X2» Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanılması və xx.xx.2022-ci il tarixdə notarius tərəfindən icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə bildirişi aldıqdan sonra 21 gün müddətində məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi hazırki iş üzrə tətbiq edilməli olan yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə almamış və yanlış olaraq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələblərinə istinad etməklə, səhv nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, hazırki mübahisəyə məhkəmədə baxılmalıdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti əsaslı olmadığından, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(006)- 5799/2022 saylı qərardadı ləğv edilsin və mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar